Bakıda III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu işə başlayıb
Azərbaycan Prezidenti İlham
Əliyev Forumun rəsmi açılışında
iştirak edib
Mayın 18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz.
Çox şadam ki, bu gün Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Bu, yaxşı göstərici və ənənədir. Biz üçüncü dəfədir ki, bu qlobal Forumu təşkil edirik. Bu, mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir.
Bu gün yüzdən artıq dövlətin nümayəndələri Bakıdadır. Bu isə bir daha belə müzakirələrin vacibliyini təsdiqləyir. Əminəm ki, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün Forumun keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək. Azərbaycan bu sahədə öz səylərini hər zaman göstərir və xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışır.
Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün.
Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.
Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var.
Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə etməliyik. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi.
Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki,
siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların,
qeyri-hökumət təşkilatlarının və
medianın bu məsələdə məsuliyyəti
artmaqdadır. Bildiyimə görə, Forumun
mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin
məsuliyyətinə həsr edilib. Biz bəzi hallarda
görürük ki, dini nifrət süni şəkildə
yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində
etnik və dini zəmində zorakılığın
şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə
təsir edə bilən insanların məsuliyyəti
artır. Düşünürəm ki, bu səbəbdən
multikulturalizm dəyərlərini birgə səylərlə
təşviq etməliyik. Bilirəm ki, bununla bağlı
müxtəlif fikirlər və bəzən də pessimist
ideyalar var. Lakin
multikulturalizmin müsbət nümunələri də var və
Azərbaycan onlardan biridir. Hesab edirəm ki,
multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim
etmək təhlükəlidir, əksinə səylərimizi
dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək.
Bu səbəbdən artıq dünyada
multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan
kimi ölkələrin nümunəsi yaxşı göstəricidir
ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri
stimullaşdırmalıyıq. Bunun
alternativi nədir? Təcridolunma,
ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli
amillərdir ki, onlar artıq bəşəriyyət tarixində
sivilizasiyaların və xalqların fəlakətinə səbəb
olub.
Dərin multikulturalizm köklərinə malik ölkə
və xalq kimi, biz qlobal arenada bu müsbət dəyərlərin
təşviqində müvafiq rol oynamağa
çalışırıq. Azərbaycan müsəlman
dünyasına mənsub olan ölkədir, ancaq eyni zamanda,
onun Avropa ilə güclü bağlılığı var.
Müsəlman dünyasının ilk demokratik respublikası
1918-ci ildə Azərbaycanda yaradılıb və dərhal
qadınlara seçki hüququ verilib. Bu da
bir sıra Avropa ölkələrindən əvvəl baş
tutub. Beləliklə, bizim etnik və mədəni
özünəməxsusluğumuz, habelə Avropanın təsiri
cəmiyyətimizdə xüsusi ab-hava yaradıb. Əsrlər boyu biz dəyərlərimizi qoruya
bilmişik. Biz fərqli siyasi və ictimai
şəraitdə yaşamışıq, müxtəlif
dövlət və imperiyaların tərkibində olmuşuq.
Artıq biz müstəqilik, ancaq bu müsbət
meyil davam edir və bu dəyərlərin təşviqi məsələsinə
sadiqik.
Mədəni müxtəliflik və mədəniyyətlərarası
dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə
ki, təhsildir. Biz təhsilə böyük diqqət
yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq
100 faizə bərabərdir. Təhsil gələcəyin,
inkişafın yoludur. Elə inkişaf
etmiş ölkələr var ki, onlar tərəqqini təbii
sərvətlərlə deyil, təhsil, elm və
texnologiyaların inkişafı sayəsində təmin ediblər.
Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə,
fundamentalizmə, terrorçuluğa qarşı təminatdır.
Bu, müasir həyatın təhlükəli
elementlərinə qarşı sığortadır. Bildiyimə görə, bu mövzu ətrafında
müzakirələr Forumun diqqət mərkəzində olacaq
və hesab edirəm ki, Azərbaycanın təcrübəsi də
maraq doğuracaq. Çünki biz də bu
gün təhsil sistemimizi transformasiya edirik və onu beynəlxalq
standartlara çatdırırıq. Biz məmnunuq
ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli
yerlərini tutmaq və ölkənin potensialını
gücləndirmək üçün daha çox öyrənmək,
qabiliyyətlərini artırmaq arzusundadırlar. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir.
Vətənpərvərlik insanların ölkəsini
sevməsi deməkdir. Habelə bu, dövlətlər
və xalqlar arasında birliyi gücləndirən amildir.
Biz hər zaman hesab edirik ki, ölkəyə,
xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə
və dəyərlərinə hörmətdən
başlayır. Yalnız bu yolla uğura nail olmaq
mümkündür.
Təəssüflər olsun ki, bu gün biz daha çox
bu haqda danışmalı oluruq. Çünki biz bu
gün dünyanın müxtəlif yerlərində etnik,
dini, məzhəb zəminində ayrı-seçkiliyi
görürük. Bu da faciəvi bir
haldır. Biz bunu öz qonşuluğumuzda
görürük. Biz, həmçinin
neofaşizm hərəkatı kimi təhlükəli meyillərin
şahidi oluruq. Beynəlxalq ictimaiyyət,
onun liderləri bu məsələyə çox ciddi şəkildə
yanaşmalıdırlar. Çünki biz
bu döyüşdə qalib gəlməliyik və bunu
yalnız birgə səylərimizlə edə bilərik.
Bu səbəbdən bu gün burada təşkil
etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər
çox əhəmiyyətlidir. Hesab edirəm
ki, Bakı bu gün belə məsələlərin
müzakirə edildiyi məkandır.
Müstəqil Azərbaycan nisbətən gənc
dövlətdir, yalnız 24 ildir ki, müstəqildir. Lakin bu illər
islahat, transformasiya, inkişaf illəri olub. Biz dövlətimizi qurmaq fürsəti əldə
etdik. Biz ənənələr və mədəniyyət
ölkəsiyik. Siz Bakının abidələrini
görürsünüz. Ölkəmizin
digər yerlərinə səyahət etsəniz
xalqımızın memarlıq, tarixi və dini abidələrini
görərsiniz. Bu da bizim mədəni
irsimizin bir hissəsidir. Ancaq müstəqil
ölkə kimi biz gəncik və biz dövlətimizi, siyasi
sistemimizi qurmalı idik. Hesab edirəm, qısa bir zamanda
bizim ölkəmizin təcrübəsi onu nümayiş
etdirib ki, inkişafa, tərəqqiyə sadiqlik, cəmiyyətin
dəstəyi varsa, transformasiya uğurlu ola
bilər.
Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin
nüfuzlu üzvüdür, regional müstəvidə
çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz
regional əməkdaşlığın gücləndirilməsinə
istiqamətləndirilib. Enerji təhlükəsizliyi
ilə bağlı siyası və iqtisadi məsələlər
diqqət mərkəzindədir. İrəli
sürdüyümüz təşəbbüs və layihələr
regionun hüdudlarını aşıb. Bu
layihələr ölkələri və qitələri birləşdirir.
Enerji təhlükəsizliyi məsələsinə
nəzər saldıqda aydın görünür ki, Azərbaycan
burada artıq Avropanın enerji təhlükəsizliyi
üçün mühüm rol oynayır. Nəqliyyat infrastrukturuna gəldikdə, biz bu gün
tarixi İpək Yolunu bərpa edirik. Asiya
və Avropa arasında yeni dəmir yolu əlaqəsini
yaradırıq. Biz təkcə iqtisadi
inkişafa və daha təkmil nəqliyyat infrastrukturuna deyil,
xalqlararası təmaslara sərmayə yatırırıq.
Tarixi İpək Yolu Azərbaycandan
keçmişdir. Biz bu gün onu müasir
texnologiyaların tətbiqi və qonşu dövlətlərin
iştiraki ilə bərpa edirik. İqtisadi
və sosial inkişafla bağlı bütün layihələrimiz
regional əməkdaşlığı, xalqlar və ölkələr
arasında qarşılıqlı anlaşmanı gücləndirir.
Bununla yanaşı, beynəlxalq arenada
oynadığımız rol dünya ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir. Biz fəxr edirik ki, müstəqilliyimizin
bərpasından ötən qısa müddət ərzində
Azərbaycan 155 dövlətin dəstəyi ilə ən
mötəbər beynəlxalq qurum olan BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin
mütləq əksəriyyəti bizi dəstəkləmişdir.
Səmimi deyə bilərəm ki, bizim heç
də bu 155 dövlətin hər biri ilə fəal əlaqələrimiz
yoxdur. Lakin düşünürəm ki,
müstəqilliyimizin bərpasından ötən qısa
müddət ərzində bizim etibarlı tərəfdaş
kimi davranışımız, birgə dəyərlər və
milli maraqlara əsaslanmış müstəqil mövqeyimiz
ölkəmizə müsbət münasibət
yaratmışdır.
Biz siyasi və iqtisadi transformasiyaya böyük sərmayə yatırmışıq. Müstəqilliyi bərpa etdikdə biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir.
Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinə və potensialımıza əsaslanan iqtisadi siyasət müstəqilliyimizin ilk illərində müəyyənləşdirdiyimiz məqsədlərə nail olmağa imkan vermişdir. Bu da iqtisadi müstəqillik idi. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir - ümumi daxili məhsulun 10 faizinə bərabərdir. Yəni, biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin edirik.
Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur. Burada çox müsbət dinamika görürük. Bu gün Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstərici 5 faizə bərabərdir. Təbii ki, bu da cəmiyyətdə müsbət dinamika yaradır. Bu amillərin birləşməsi Azərbaycanın əhəmiyyətinin artırılmasında vacib rol oynayır. Əlbəttə ki, daha çox diqqəti daxili məsələlərə yönəldirik.
Məqsədlərimizə nail olmaq və inkişaf etmiş dövlətə çevrilmək üçün görüləcək işlərimiz çoxdur. Halbuki Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən iqtisadiyyatın rəqabətqabiliyətliliyinə görə Azərbaycan dünyada 38-ci yerdədir. Buna isə təbii sərvətlər hesabına yox, islahatlar hesabına nail olunub. Bununla yanaşı, biz xalqları daha da yaxınlaşdıran müxtəlif layihələrin təşəbbüskarıyıq. Bunlar enerji, iqtisadiyyat, siyasi əlaqələr sahələrinə, habelə humanitar sektora aiddir. Biz hər il Bakıda Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil edirik. Bugünkü Forum da artıq üçüncü dəfədir təşkil edilir.
Üç həftədən, yəni, bir aydan da az vaxtdan sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. 2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həcminə görə Yay Olimpiya Oyunlarına bərabər oyunların 2 il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq.
2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib.
Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə calışacağıq.
Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz.
Azərbaycan.-2015.-
18 may.- S.1-2.