Bakıda III
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
işə başlayıb
Azərbaycan Prezidenti İlham
Əliyev Forumun rəsmi açılışında
iştirak edib
Mayın
18-də Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik
naminə paylaşaq” mövzusunda III
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun rəsmi açılışı olub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva açılış mərasimində
iştirak ediblər.
Forumda
çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı
üzrə ali nümayəndəsi Nassir Abdulaziz AL-NASSER dedi:
- Azərbaycan
Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.
Hörmətli nümayəndə heyətlərinin rəhbərləri.
Xanımlar və cənablar.
Belə bir mötəbər toplantıda ikinci dəfə
çıxış etmək üçün gözəl
Bakı şəhərinə yenidən gəlməyimdən
olduqca məmnunam. Eyni zamanda, BMT-nin baş katibi cənab Pan
Gi Munun səmimi salamlarını çatdırmaqdan çox
şadam. O, bizim Forumumuza uğurlar arzu edir. BMT-nin Sivilizasiyalar Alyansı III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində Azərbaycan
hökuməti və bütün digər təşkilatlarla
qurduğu tərəfdaşlıqdan şərəf hissi
duyur və hazırlıq işlərini azərbaycanlı tərəfdaşları
ilə əlaqələndirib.
Bu il keçirilən Forumun mövzusu “Mədəniyyəti
ortaq təhlükəsizlik naminə paylaşaq”dır. 2015-ci ilin sentyabrında dünya liderləri 17-ci
davamlı inkişaf məqsədlərini qəbul etmək
üçün toplaşacaqlar. Bu
baxımdan Alyansın məramı sülhsevər və
inklüziv cəmiyyətlərin qurulması zərurətini
qeyd edən 16-cı davamlı inkişaf məqsədinə
tam oxşardır. BMT-nin gördüyü
işin əksər hissəsi və həmin yeni davamlı
inkişaf məqsədləri vasitəsilə həll etməyə
çalışdığımız məsələlərin
çoxu 2030-cu ilə qədər fəaliyyətimizi istiqamətləndirəcək.
Davamlı inkişaf və qlobal təhlükəsizliyə
nail olmaq üçün irəliləyişə əngəl
törədən bir sıra problemləri aradan
qaldırmağa yardım edəcək. Təcridolunma,
iqtisadi məhdudiyyətlər, qeyri-bərabərlik,
düzgün idarəçiliyin çatışmaması XXI
əsrdə dünyamızı zəiflədən sosial ədalətsizlik
nümunələrindən biridir.
Xanımlar və cənablar. Bu gün biz “Mədəniyyəti
ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunu
müzakirə etdiyimiz zaman müxtəliflik məfhumunu
xatırlatmaq çox yerinə düşərdi. Bu zala nəzər saldıqda burada müxtəlif
ölkələrdən gəlmiş çoxlu sayda fərqli
insanları görürəm. Asiya ilə
Avropa arasında yerləşən Azərbaycanın
özü müxtəlif irq, din, mədəniyyət və
dillərdən ibarət möhtəşəm mozaikadır.
BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali
nümayəndəsi dünyada gedən inkişaf proseslərinə
baxmayaraq, müxtəlif ölkələrdə münaqişələrin
baş verməsinin ciddi narahatlıq doğurduğunu diqqətə
çatdırdı. Gənc nəsli hədəf
seçən radikalizmin, ekstremizmin və münaqişələrə
səbəb olan digər halların qarşısını
almaq üçün kollektiv tədbirləri, dialoqları, məsləhətləşmələri
genişləndirmək zərurətindən danışan
Abdulaziz Al-Nasser bu baxımdan Bakı Forumunun xüsusi önəm
daşıdığını vurğuladı. O, bununla
əlaqədar BMT-nin Azərbaycan ilə əməkdaşlığa
verdiyi əhəmiyyətdən danışaraq dedi:
- Cənab
Prezident, mən bildirmək istəyirəm ki, ötən il biz burada - gözəl Azərbaycanda olduq və
tədbirimizi keçirdik. Mən istərdim ki,
bizim əməkdaşlığımız bundan sonra da davam
etsin. Çox sağ olun.
X X X
Sonra
UNESCO-nun baş direktoru İrina BOKOVA çıxış edərək
dedi:
- Azərbaycan
Respublikasının Prezidenti, Zati–aliləri cənab İlham
Əliyev.
Zati-aliləri, nümayəndə heyətlərinin rəhbərləri,
xanımlar və cənablar.
Üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etməkdən şərəf hissi
duyuram. “Bakı prosesi” 2008-ci ildə başlanıb. Hər gün biz Zati-aliləri cənab İlham
Əliyevin bu təşəbbüsünün uzaqgörənliyinin
şahidi oluruq. Bu rəhbərlik keyfiyyətləri
Azərbaycanın İpək Yolu kimi mədəniyyətindən,
onun qədim tarixindən irəli gəlir. Biz bunu Bakının UNESCO-nun dünya irsi
siyahısına daxil edilmiş İçərişəhərinin
timsalında görürük. Mən bunu
UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri
üzrə xoşməramlı səfiri, birinci xanım
Mehriban Əliyevanın bu işlərə böyük
sadiqliyində görürəm. Biz bunu Azərbaycanın
qeyri-maddi mədəni irsində, o cümlədən UNESCO-nun
reprezentativ siyahısına daxil edilmiş qədim
xalçaçılıq sənəti, Türkiyə,
Hindistan, İran, Qırğızıstan, Pakistan və
Özbəkistanla birgə siyahıya salınmış Novruz
bayramının timsalında görürük.
Elə ötən həftə UNESCO bu tarixi
nümayiş etdirən “Azərbaycan qədimlikdən
müasirliyə doğru” adlı gözəl sərgini qəbul
etdi. Həmin sərgidə Məhsəti Gəncəvinin
əsərləri təqdim olundu. 2013-cü
ildə həmin rəhbərlik keyfiyyətlərini təcəssüm
etdirən qeyri-maddi mədəni irsin qorunması üzrə
Hökumətlərarası Komissiyasının 8-ci
sessiyası Bakıda keçirilmişdir. Bu
tədbir böyük uğurla nəticələndi, bizim
hamımızı burada bir araya gətirdi.
Xanımlar
və cənablar, bu gün bizim buna heç vaxt görünməmiş
dərəcədə ehtiyacımız var. Bu il
UNESCO özünün 70-ci ildönümünü qeyd edir və
mən inanıram ki, məramımız heç vaxt
görünməmiş dərəcədə əhəmiyyətlidir.
Biz bütün dünyada ölkələri
parçalayan, insanlara əzab verən münaqişələri
görürük. Biz zorakı ekstremizmin,
etnik təmizləmənin artmasını görürük.
Biz məscidlərin, kilsələrin və digər
məbədlərin dağıdıldığını,
azlıqların təqib olunduğunu görürük. Biz təhsilə, uşaqlara, xüsusən məktəbli
qızlara hücumları görürük. Biz ifadə azadlığına hücumları,
jurnalistlərin qətlə yetirildiyini görürük.
Biz cəmiyyətlərin digərlərinin
üzünə bağlandığını görürük.
Dünyadakı mövqeyimiz, UNESCO-nun mövqeyi, “Bakı
prosesi”nin mövqeyi bu baxımdan
görünməmiş dərəcədə əhəmiyyətlidir.
İrina Bokova dünyada mövcud olan münaqişələr
zamanı məscidlərin, kilsələrin, tarixi abidələrin
məhv edildiyini, insan hüquqlarının tapdandığını
təəssüf hissi ilə qeyd etdi. Bütün
bunların qarşısını almaq üçün mədəniyyətlərarası
dialoqun gücləndirilməsində “Bakı prosesi” ilə
UNESCO-nun mövqeyinin üst-üstə
düşdüyünü vurğuladı.
UNESCO-nun
baş direktoru mədəniyyətlər, qruplar, xalqlar
arasında nifaqlara, insanların kateqoriyalara bölünməsinə
çalışan qüvvələrə qarşı
ümumi dəyərlərlə mübarizə
aparılmasının zərurətindən danışdı
və bu mübarizəyə maraqlı olan insanları bir araya
gətirən “Bakı prosesi”nə minnətdarlığını
bildirdi.
X X X
İslam
Əməkdaşlıq Təşkilatının baş katibi
İyad bin Amin MƏDƏNİ Forumda müzakirə olunan məsələlərin
aktuallığından danışdı.
Çıxışında multikulturalizm məsələsinə
toxunan baş katib bəzi dairələrin iddialarına
baxmayaraq, indiki dövrdə bu məsələnin mühüm
əhəmiyyət kəsb etdiyini vurğuladı və
artıq multikulturalizm mərkəzinə çevrilmiş
Bakı haqqında təəssüratlarını
danışaraq dedi:
-Zati-aliləri,
Bakıda olmağımızdan çox şadıq. Bu şəhər hər zaman bizi təəccübləndirir.
Hər dəfə gələndə sanki yeni
şəhərdəyik. Çox dinamik,
çox inkişaf edən bir şəhərdir. Bilirsiniz, nəinki coğrafi, memarlıq
baxımından da maraqlı şəhərdir. Burada xoş ab-hava, mehriban qonaqpərvərlik,
çoxmədəniyyətlilik mövcuddur. Yəni, bizim fikrimizcə, Azərbaycanın
coğrafi mövqeyi sırf müxtəlifliklə, tarixiliklə
bağlı deyil. Bu, həmçinin
ölkə rəhbərliyinin müdrikliyi, onun uzaqgörən
siyasəti ilə bağlı olan məfhumdur.
Zati-aliləri,
xanımlar və cənablar,
Biz çox çətin bir dövrdə
yaşayırıq. Belə olan halda güclü rəhbərlik
keyfiyyətləri tələb olunur. Mədəniyyətlərarası
dialoq sırf görüntü, hər hansı bir müzakirə
aparmaq naminə tətbiq edilməli deyil. Biz
öz imicimizi məhz ətrafımızdakı ağır
reallıqlar baxımından inkişaf etdirməliyik. Öz üzərimizə öhdəlik götürməliyik
ki, biz bir-birimizi anlayaq, reallıqlarımızı görək,
bir-birimizə dözümlü olaq. Bir-birimizə,
tərəfdaşlarımıza hörmətlə yanaşaq,
bizim dəyərlər sistemimizə digər sistemləri
qoşa bilək. Yəni, əgər
bunları etiraf etsək, dünyanın hüdudları bizə
o qədər də çox görünməz. Hörmətli qonaqlar, ona görə, əgər biz
qlobal kənd haqqında danışırıqsa bu qlobal kənd,
bu qlobal ictimaiyyət müxtəliflik daxilində
yaşamağı bacarmalıdır, bu çərçivədə
olmalıdır. Çünki biz bəzi
hallarda bu haqda çox düşünürük, bəzi dairələr
də düşünür, lakin biz bunu, həmçinin
yaymalıyıq. Biz böyük ümidlə
yaşayırıq ki, vaxt ötdükcə səylərimizi
daha da gücləndirəcəyik. Biz bu
Foruma dəstək vermək, tərəfdaş qismində
çıxış etməkdən də fərəhlənirik.
Biz BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə
işlədik, ISESCO ilə əməkdaşlıq etdik.
Bizə bu cür forumlar, toplantılar
lazımdır.
Dünyanı
narahat edən problemlərin birgə səylərlə həllinin
mümkünlüyündən danışan İyad bin Amin Mədəni
həmin səyləri birləşdirməyin yollarını
və üsullarını müzakirə etmək
üçün Bakıda yaradılan şəraiti yüksək
dəyərləndirərək vurğuladı:
-Biz
bilirik ki, dünyada bu ayrı-seçkiliyin, təcrid
olunmanın aradan qaldırılması birgə səylərimizlə
mümkündür. Bu baxımdan mədəniyyətlərin
və dinlərin, müxtəlif baxışların tətbiq
edilməsi çox vacibdir. Biz bununla
paylaşmalıyıq və bu gün də Bakıda - Azərbaycanın
paytaxtında bu fikirlərlə paylaşırıq.
Cənab
Prezident, Sizi burada görməkdən böyük şərəf
hissi duyuruq. Biz bilirik ki, Siz bizim bu mövqeyimizlə
yekdilsiniz. Siz bizim bu səylərimizə dəstək
verirsiniz və bu, bizim üçün çox vacibdir. Çünki burada əyləşən şəxslər
bilirlər ki, bu binanın memarı xanım Zaha Hadiddir. Bildiyiniz kimi, o, tanınmış memardır. Məhz belə insanların töhfəsi ilə biz
hər bir mədəniyyət hüququnu, hər bir insan
hüququnu təmin etməliyik. Biz bundan
şərəf hissi duyuruq.
Nəhayət, cənab Prezident, xanımlar və cənablar,
əgər bizim əsrimiz özünəməxsusluq,
identiklik əsridirsə, bu, həmçinin tolerantlıq, digərlərinin
mədəniyyətlərinin etirafı əsri
olmalıdır. Biz tək yaşamalı deyilik. Biz paylaşmalı, tərəfdaş kimi
çıxış etməliyik. Bu imkanı
yaratdığınıza görə çox sağ
olun.
X X X
Sonra
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman
Əl-TÜVEYCRİ çıxış edərək dedi:
-Zati-aliləri
cənab Prezident.
Hörmətli birinci xanım.
Zati-aliləri, xanımlar və cənablar.
Belə
bir mötəbər toplantıda Sizin
qarşınızda çıxış etməkdən
böyük şərəf və iftixar hissi duyuram. Mən III Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak edirəm, böyük məmnuniyyətlə
ölkənizə, paytaxt şəhərinizə gəlmişəm.
Sizin şəhəriniz beynəlxalq səylərin
məhz mərkəzində dayanır. Lakin
bundan öncə, icazə verin, mən öz təbriklərimi
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab
İlham Əliyevə çatdırım. Onun davamlı şəkildə göstərdiyi səyləri,
belə bir çiçəklənən ölkəni yaratmaq
üçün gördüyü işləri yüksək
dəyərləndiririk. Bu fəaliyyət
nəticəsində əldə edilmiş nailiyyətlər
Azərbaycanı irəliləyiş, müasirlik və
sabitliyin nümunəsinə çevirib.
Zati-aliləri cənab Prezident, xanımlar və cənablar. Bu Forum
artıq üçüncü dəfədir ki, bizi bir araya gətirir.
Bu tədbir beynəlxalq miqyas baxımından mədəniyyətlərarası
dialoqa, sivilizasiyalar alyansına, xalqlar və dövlətlər
arasında ahəngdar həyata həsr olunmuş mühüm
beynəlxalq tədbirdir. Təbii ki, bu
Forum mən görürəm, artıq öz məqsədlərinə
nail olur və onun məqsədi məhz gərginliyin və
böhranların aradan qaldırılması, onların
azaldılmasından ibarətdir. Bu gün
dünya daha sülhsevər, daha təhlükəsizlik şəraitində
yaşamalıdır. Buna görə, biz
hesab edirik ki, bu mövzu tarixdə heç vaxt görünməmiş
dərəcədə vacibdir.
ISESCO-nun baş direktoru dünyanın müxtəlif
regionlarında sabitliyin pozulduğunu, ekstremizmin və
terrorçuluğun genişlənməsinin təhlükəli
hal aldığını bildirdi və onların
qarşısını almaq üçün siyasi yolların
axtarılması və bəşəriyyəti irəliyə
doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi
zərurətindən danışdı.
Əbdüləziz
bin Osman Əl-Tüveycri münaqişələrdən
danışarkən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə də toxundu, ərazimizin
20 faizinin Ermənistan tərəfindən işğal
olunduğunu, bu məsələlərin
beynəlxalq hüquq və normalar çərçivəsində
həllinin vacibliyini vurğuladı. Ümumilikdə
böhranların həllinə mədəniyyətlərarası
dialoqların töhfə verə biləcəyini əsaslandıran
ISESCO-nun baş direktoru dedi:
-Hesab
edirik ki, mədəniyyətlərarası dialoq mövzusunda
belə bir Forumun keçirilməsi sadə bir tədbir kimi qəbul
edilməli deyil. Bu Forum məhz siyasi tədbirlərin
görülməsi, bu gün dünyada baş verən
qarşıdurmaların aradan qaldırılmasına xidmət
etməlidir. Bu, bizim məramımızdır.
Bu məram bizim üçün olduqca vacibdir.
Biz bunu vaxtında həyata keçirməliyik və
dünyada sülhü möhkəmləndirməliyik. Belə bir çətin vəzifə bu Forumun
çiyinlərindədir. Hesab edirik ki, biz
öz real bacarığımızla, cəsarətimizlə və
mübariz olmağımızla bu maneələri aradan
qaldıracağıq.
X X X
Sonra BMT-nin Dünya Turizm Təşkilatının
baş katibi Taleb Rifainin Foruma təbrik məktubunu baş
katibin turizm və sülh üzrə müşaviri Əmr
Abdel-QAFFAR oxudu. O dedi:
-İcazə verin, cənab Prezident, baş katibimizin Sizə
ünvanlanmış təbrik məktubunu oxuyum. O, Sizin bu səylərinizi,
tolerantlıq, dialoq dəyərlərinin təşviq edilməsində
apardığınız fəaliyyəti yüksək dəyərləndirir.
Bu, xüsusən də geosiyasi mühit,
sülhün qorunması baxımından çox vacibdir.
BMT-nin
turizmin təşviq edilməsi ilə məşğul olan
xüsusi təşkilatı qismində çıxış
edən Dünya Turizm Təşkilatı hər zaman bu fikirdə
olub: Biz turizmi elə bir formada təşviq etməliyik ki, beynəlxalq
inkişafa, sülhə və tərəqqiyə töhfə
verək.
Cənab Prezident, Zati-aliləri, xanımlar və cənablar.
Son 10 il ərzində turizm sahəsində çox
böyük artım müşahidə olunub. Bu,
bizim zəmanəmizin iqtisadiyyatının çox vacib
elementlərindən biridir. Bir il ərzində
bütün dünyada demək olar ki, bir milyarddan artıq
insan turist qismində yerini dəyişir.
Son illər ərzində turizm, hətta deyə bilərik
ki, çiçəklənən bir sahə olub, lakin, eyni
zamanda, özlüyündə bəzi çətinliklər və
təhdidlərlə də üzləşib. Bu da təbii
ki, sülh və təhlükəsizliklə bağlı olan
təhdidlərdir. Buna görə, bizim
beynəlxalq turizmlə bağlı gündəliyimizdə
duran məsələlərdən biri davamlı
inkişafdır. Biz davamlı inkişafa
töhfə verməliyik, mədəniyyətlərarası
dialoqa, yanaşmaya və anlaşmaya xidmət etməliyik.
BMT-nin
Dünya Turizm Təşkilatı “Bakı prosesi”ni bundan sonra da sıx dəstəkləyəcək.
Bu gün biz bu tədbirdə iştirak edirik. Biz öz fəal
rolumuzu oynayacağıq ki, hər hansı toqquşmaların
qarşısının alınması mümkün olsun,
tolerantlıq və anlaşma xalqlar, dünya dövlətləri
arasında təşviq edilsin. Biz Sizinlə
birgə işləmək əzmindəyik. Biz görürük və çox gözəl
başa düşürük ki, bizim qarşımızda duran
məram ümumidir. Biz hamımız
çalışırıq ki, daha təhlükəsiz və
sülhsevər dünyanı quraq. Sağ olun.
X X X
Daha sonra UNESCO tərəfindən Mədəniyyətlərin
yaxınlaşması üzrə beynəlxalq onillik münasibətilə
nəşr edilən “Fərqli fikirlərlə
razılaşmaq” adlı kitabın təqdimatı oldu.
Prezident İlham Əliyevin və xanımı Mehriban
Əliyevanın iştirak etdikləri mərasimdə
çıxış edən UNESCO-nun baş direktoru İrina
Bokova bu kitabın tolerantlığa, qarşılıqlı
hörmət, ləyaqət və mərhəmətə əsaslandığını
bildirdi.
“Fərqli
olmağa razılaşmaq belə təlatümlü dövrdə
zəruridir”, - deyən İrina Bokova bəzən insanlar
arasındakı münasibətlərdə yeni texnoloji alətlərdən
istifadənin yetərsiz olduğunu dedi, daha çox
paylaşmaq və bölüşmək kimi ideyaların
bütün cəmiyyətlərdə bərqərar
olmasının əhəmiyyətinə toxundu. O, Bakı
Forumunun əhəmiyyətini vurğulayaraq UNESCO-nun fəaliyyətinə,
BMT-nin Mədəniyyətlərin yaxınlaşması beynəlxalq
onilliyində göstərdiyi dəstəyinə görə
Azərbaycana təşəkkür edərək dedi:
-Xanımlar
və cənablar, inanıram ki, bu gün təşkil edilən
bu dünya Forumu çox əhəmiyyətlidir. Bütün fəaliyyətlərimizdə, o cümlədən
BMT Mədəniyyətlərin yaxınlaşması beynəlxalq
onilliyində göstərdiyi rəhbərlik və dəstəyinə
görə Azərbaycan Respublikasına təşəkkür
etmək istəyirəm. İnanıram ki,
birgə yaşamaq anlayışımızın nöqtələrini
birləşdirərək bir-birimizlə necə münasibət
quracağımızı görə biləcəyik. Nəşrimizi təqdim etdiyim bu qısa müraciətimdən
sonra icazə verin, çox səmimi şəkildə Prezident
İlham Əliyevə və Azərbaycana təşəkkür
edim.
Cənab Prezident, səhər söylədiyiniz nitq hamımız üçün çox güclü ilham mənbəyi idi. Siz Azərbaycanın qədim tarixi haqqında - ilk məscidlərdən biri, ilk kilsələrdən biri, burada hər zaman sərbəst olan yəhudi cəmiyyətindən danışdınız. Siz tarixdən, bütün bu müxtəliflikdən dərs alaraq müasirliyə doğru gedirsiniz. Düşünürəm ki, bir çox cəmiyyətlər üçün bu günlərdə ən böyük çağırış müasirliklə, dəyişən dünyanın tələbləri ilə ayaqlaşmaqdır. İnanıram ki, irəli getmək üçün keçmişi bilməli və ondan dərslər almalıyıq. Dünyada Azərbaycanın etdiyi kimi keçmişdən dərs alan çox az ölkə var. Təsadüfi deyil ki, biz burada - Bakıda toplaşmışıq. Bakı dünya şəhəridir - həm qədim, həm də çox müasir şəhərdir. Biz UNESCO - irsi qoruyan, irsin mədəniyyətlər arasında dialoq vasitəsi olduğuna inanan təşkilat kimi başqalarının irsini dünya irsi siyahısına yazaraq qiymətləndiririk. Məscidlər, kilsələr, sinaqoqlar, başqa mədəniyyətlərin və xalqların irsini siyahıya əlavə etməklə biz dialoqun mücəssəməsini görürük.
Baş direktor UNESCO-nun Mədəniyyətlərin yaxınlaşması üzrə beynəlxalq onillik münasibətilə nəşr etdirdiyi kitabı Prezident İlham Əliyevə təqdim etdi.
Sonra İrina Bokova qədim kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında komitənin keçən il qəbul etdiyi qərarı Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edərək dedi:
- İstəyirəm Azərbaycanın birinci xanımı, UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri üzrə xoşməramlı səfiri xanım Mehriban Əliyevaya qədim kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında komitənin keçən il qəbul etdiyi qərarı təqdim edim. Yəqin ki, azərbaycanlı qadınları kəlağayı geyərkən görmüsünüz. Biz bununla və xoşməramlı səfirimiz xanım Mehriban Əliyeva ilə çox böyük qürur duyuruq. Əminəm ki, xanım Mehriban Əliyeva bütün Azərbaycan xalqı adından bu sertifikatı almağa layiqdir.
X X X
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında mədəniyyətlərarası dialoqun yayılması üzrə bütün fəaliyyətlərə göstərdiyi dəstəyə və töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Bildirdi ki, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və tərəfdaşlığa, habelə 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən elan edilən “Bakı prosesi”nə töhfələr vermiş Forum iştirakçılarına təqdim etmək üçün simvol hazırlanıb.
Əbülfəs Qarayev sülh və mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”nin simvolunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserə, UNESCO-nun baş direktoru İrina Bokovaya, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəniyə, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycriyə və digər şəxslərə təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə nahar verildi.
AZƏRTAC
Azərbaycan.-2015.-
18 may.- S.1-4.