Üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu
çərçivəsində
Bakıda “Sülh ağacı” abidəsinin
açılış mərasimi olub
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib
Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində mayın 17-də Bakıda
“Sülh ağacı” abidəsinin açılış mərasimi
olub.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva,
UNESCO-nun baş direktoru xanım İrina Bokova və III
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak etmək üçün Bakıya gələn
bir sıra qonaqlar mərasimdə iştirak ediblər.
Birinci
xanım Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina
Bokova, BMT-nin baş katibinin ali nümayəndəsi Nassir
Abdulaziz Al-Nasser və abidənin müəllifi, UNESCO-nun
“Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser
“Sülh ağacı”nın üzərindəki
örtüyü götürdülər.
“Sülh
ağacı” abidəsinin önündə xatirə şəkli
çəkdirildi.
Bürüncdən
hazırlanan “Sülh ağacı” abidəsi Dövlət
Bayrağı Meydanının yaxınlığında, Yeni
Bulvarın ərazisində yerləşir. Bu abidə təbiətdən
ilhamlanaraq sevgi və ümid dolu əllər kimi səmaya
doğru ucalır və sülhü, tolerantlığı
simvolizə edir. “Sülh ağacı”, həmçinin
UNESCO-nun tolerantlıq, sülh rəmzi hesab olunur. Bu abidə
ictimai yerlərdə insanları sülh haqqında
düşünməyə çağırır,
tolerantlıq və sülhü gündəlik dialoqumuzun bir
hissəsinə çevirir. “Sülh ağacı” xalqlar
arasında anlaşma rəmzi kimi qəbul olunur, münaqişələri
həll etməyi, dünyada sülhü yaymağı təbliğ
edir.
Mərasimdə
çıxış edən birinci xanım, UNESCO-nun xoşməramlı
səfiri Mehriban ƏLİYEVA dedi:
-
UNESCO-nun baş direktoru hörmətli xanım İrina Bokova.
BMT-nin
baş katibinin ali nümayəndəsi hörmətli cənab
Al-Nasser.
Xanımlar
və cənablar.
Əziz
dostlar.
Əvvəlcə
sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm.
Bu gün bizimlə burada olduğunuz üçün sizə
təşəkkürümü bildirirəm. Mən UNESCO-nun
baş direktoru xanım İrina Bokovaya və BMT-nin baş
katibinin ali nümayəndəsi cənab Al-Nasserə “Sülh
ağacı”nın açılış mərasimində
bizimlə birlikdə iştirak etdiklərinə görə təşəkkürümü
bildirmək istəyirəm. Bu abidə UNESCO-nun “Sülh naminə
incəsənət xadimi” xanım Hedva Ser tərəfindən
yaradılıb. Onun bütün işlərində sülh,
tolerantlıq və xeyirxahlıq idealları öz əksini
tapır. Mən əziz dostum xanım Serə təşəkkürümü
bildirmək istəyirəm.
Çox
şadam ki, bu gözəl incəsənət əsəri
paytaxtımızın ən cazibədar yerlərindən olan
Bakı Bulvarının bir hissəsinə çevrilib.
Sivilizasiyalar və mədəniyyətlərin
qovuşuğunda yerləşən Azərbaycan müxtəlif
dinlərin, etnik qrupların və mədəniyyətlərin
nümayəndələrinin həmişə sülh, əmin-amanlıq,
tolerantlıq şəraitində birgə
yaşadığı məkanı olub. Bu münasibətlər
qarşılıqlı hörmət və anlaşmaya əsaslanır.
Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb
və bu gün biz tolerantlığın belə bir dəyərli
ənənəsinə malik olmağımızdan qürur
hissi duyuruq.
Müasir
Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası
dialoqun təbliğinə çox böyük töhfə
verir. Bu əhəmiyyətli prosesi təmin etmək məqsədilə
ölkəmiz bir çox addımların təşəbbüskarı
olub. Azərbaycan Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin
Zirvə Görüşü kimi yüksək səviyyəli
tədbirləri təşkil edir. Ötən il Azərbaycanda
ilk Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Sabah biz hamımız birlikdə III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılışını edəcəyik.
Mən ümid edirəm ki, bütün müzakirələr,
görüşlər, fikir və ideya mübadiləsi xalqlar,
millətlər və ölkələr arasında
qarşılıqlı anlaşmanın dərinləşməsinə
xidmət edəcək.
Hörmətli
dostlar, rəmzi məna daşıyan bu “Sülh ağacı”
abidəsi kimi hamımızın torpaqdakı köklərimiz
eynidir. Qəti əminəm ki, biz ümumi
dünyamızı, sülh və dostluq kimi dəyərləri
qorumaq üçün əlimizdən gələni edəcəyik.
Bildiyiniz kimi, tarixdə ilk Avropa Oyunlarının
açılışı ərəfəsindəyik. Mən
fürsətdən istifadə edərək,
hamınızı bütün Avropanı sülh və dostluq
naminə birləşdirəcək bu tarixi tədbirdə
iştirak etməyə dəvət edirəm.
Sizi
bir daha salamlamaq istərdim və bütün
qonaqlarımıza Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.
Sizə xoş səfər və çoxlu uğurlar
arzulayıram. Sağ olun.
Sonra
UNESCO-nun baş direktoru İrina BOKOVA çıxış edərək
dedi:
-Mən
İçərişəhəri ilə məşhur olan
paytaxt Bakıda “Sülh ağacı”nın
açılışında iştirak etməkdən
böyük məmnunluq duyuram. Mən birinci xanım Mehriban
Əliyeva ilə bu mərasimdə iştirak etməkdən
böyük şərəf hissi duyuram. Çünki Mehriban
xanım UNESCO-nun məhz şifahi ənənələr və
musiqi ənənələri üzrə xoşməramlı səfiridir.
Eyni zamanda, onun UNESCO-ya verdiyi dəstək xüsusi olaraq dəyərlidir.
Biz bu il təşkilatımızın 70-ci
ildönümünü qeyd edirik. Hesab edirəm ki,
qarşılıqlı hörmət, bərabərlik və
anlaşma əsasında bütün dünyada dialoq və
fikir mübadiləsi naminə yeni körpülərin
salınması məqsədilə Mehriban xanımın bu
işlərə sadiqliyi Azərbaycan rəhbərliyinin
müdrikliyini nümayiş etdirir. Mən, həmçinin
xüsusi vurğulamaq istəyirəm ki, səfir Nassir
Abdüləziz Al-Nasserlə birlikdə sabah Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyev ilə III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılışında birgə iştirak
edəcəyik. Mühüm dəyərləri özündə
əks etdirən bu Forum Azərbaycanın qədim tarixi
kökləri olan adət-ənənələrinin və mədəniyyətinin
təzahürüdür.
UNESCO-nun
baş direktoru Azərbaycanın qeyri-maddi mədəni irsi
haqqında danışdı, Məhsəti Gəncəvinin
poeziyasından bəzi misraları söylədi. Bildirdi ki,
“Sülh ağacı” da Məhsəti Gəncəvinin
yazdığı əsərlərin ruhunu əks etdirir. Bu
cür abidələrin dünyanın bir çox ölkələrində
açıldığını qeyd edən İrina Bokova belə
tədbirlərin UNESCO üçün sülh, dialoq,
barışıq anı olduğunu vurğuladı. UNESCO ilə
Azərbaycan arasında əməkdaşlıqdan
danışan qurumun baş direktoru bu tədbiri təşkil
edənlərə minnətdarlığını bildirdi.
X X X
Daha
sonra “Sülh ağacı” abidəsinin müəllifi,
UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva SER
çıxış edərək dedi:
- Bu
gün mənim həyatımda çox vacib bir gündür.
Mən bu gün Azərbaycanda “Sülh ağacı” abidəsinin
açılışında iştirak edirəm. Böyük
şərəf hissi duyuram ki, Mehriban xanım Əliyeva məni
məhz incəsənəti və sülhü özündə
əks etdirən belə gözəl bir bağda bu
“ağac”ın açılışında iştiraka dəvət
edib. Daha yaxşı dünyanın qurulması hər zaman mənim
əsərlərimdə, yaradıcılıq fəaliyyətimdə
çox mühüm əsas olub. Eyni zamanda, “Sülh
ağacı” abidəsinin yaradılmasında da məhz həmin
məqsəd əsas yer tutub. Son bir neçə il ərzində
sülhün hər yerdə təşviq edilməsi
konsepsiyası, incəsənət vasitəsilə bunun daha da
inkişaf etdirilməsi bizi bu abidənin yaradılmasına
sövq edib. “Sülh ağacı”nın yaradılması bir
çox humanizm dəyərlərinin təbliği, dinlər
və xalqlar arasında körpülərin salınması
üçün çox vacib bir təkan idi.
“Sülh
ağacı”nın müəllifi əsərinin
daşıdığı mənanı açıqladı.
Diqqətə çatdırdı ki, abidə xalqların
sülhə çağırışını əks
etdirir. Hedva Ser Azərbaycanın zəngin mədəniyyətə
malik olduğunu vurğulayaraq ölkəmizdəki tolerantlıq
mühitini xüsusi qeyd etdi.
X X X
Azərbaycan
həmişə sülhü təbliğ edən və
tolerant bir ölkə olub. Tarixən dinlərin və mədəniyyətlərin
qovuşduğu məkan olmuş ölkəmiz bu gün də
öz missiyasını uğurla yerinə yetirir. Bakıda
“Sülh ağacı” abidəsinin açılması da bunu
bir daha təsdiqləyir.
X X X
Sonra
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
adınadan mərasim iştirakçılarının şərəfinə
ziyafət verildi.
Azərbaycan.-2015.- 19 may.- S. 6.