Avropanın ən böyük
və ən müasir atıcılıq kompleksi
Bakı
Atıcılıq Mərkəzində 330 idmançı 19 dəst
medal uğrunda
mübarizə aparacaq
Səngər atış hərəkətləri üçün 75, dairəvi atış hərəkətləri üçün 5, qüllədə isə 10 hədəftullayıcı avadanlıq, 5 atış meydançası və beşulduzlu hotel... Bunların hər biri Bakı Atıcılıq Mərkəzində bir araya gətirilib.
Mərkəz Bakının Binəqədi rayonunda, köhnə atıcılıq stendinin yerində salınıb və I Avropa Oyunları ilə bağlı yarışların keçiriləcəyi əsas obyektlərdən biri sayılır. Möhtəşəmliyi hələ Yasamal yüksəkliklərindən görünən Bakı Atıcılıq Mərkəzinin tikintisinə ötən ilin əvvəlindən başlanılıb, açılış mərasimi isə cari ilin mart ayında Prezident İlham Əliyevin və xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə reallaşıb.
Bu günlərdə Avropa Oyunları Təşkilat Komitəsinin təşkilatçılığı ilə həmin mərkəzdə olduq. Orada obyektin bütün sahələrində yaradılan şəraitlə, müasir avadanlıqlarla tanış olmaq imkanımız yarandı. Bizi Avropa Oyunları zamanı Bakı Atıcılıq Mərkəzinin əməliyyatlar üzrə meneceri vəzifəsini icra edəcək Arnoud Cren Larvor qarşıladı. O, bizimlə birgə ərazini gəzərək mərkəzin strukturu və hər bir atış zalı barədə məlumat verdi. Bildirdi ki, mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Obyektin ümumi ərazisi isə genişləndirilərək 19,6 hektara çatdırılıb. Onun sözlərinə görə, güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçirmək mümkündür. Avropa Oyunları ərzində burada yalnız 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə yarışlar keçiriləcək. 300 metr məzafəyə nəzərdə tutulan atış zonası isə gələcək oyunlar üçün Azərbaycana qalan mirasdır.
Bütün atış zonaları müasir avadanlıqlarla təchiz olunub. Hər bir idmançı üçün nəzərdə tutulan monitorlar, atış stendləri, İtaliyanın “Mattarelli” markalı hədəftullayıcıları, eləcə də ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir.
15 qalib “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaq
Mərkəzi gəzərkən şahidi olduq ki, burada geniş quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, ətraf abadlaşdırılıb. Mərkəzin güllə atıcılığı binasında müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var. Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar var. Burada eyni vaxtda 40 idmançı yarışa bilər.
Fransalı menecer A.C.Larvor dedi ki, ilk Avropa Oyunlarında Bakı Atıcılıq Mərkəzində 330 nəfər kişi və qadın idmançının ən yüksək ad və 19 dəst medal uğrunda mübarizəsi yeddi yarış günü müddətində baş tutacaq. Bununla yanaşı, 15 fərdi yarışın qalibləri birbaşa “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Buna görə də iyunun 16-da start götürəcək yarışların gərgin ab-hava ilə keçməsi gözlənilir.
Yüksək keyfiyyət, modern zövq
Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar mövcuddur. Kompleksdə tamaşaçıların da oyunları sərbəst izləməsi üçün imkanlar var. Belə ki, açıq poliqonda oturacaqların sayı 500, qapalı yerlərdə isə tamaşaçı tutumu 1200 nəfərlikdir.
Mərkəzin istər güllə atıcılığı binası, istərsə də açıq poliqonu xüsusi dizaynı ilə diqqət çəkir. Məsələn, daxili interyerdə su hovuzları yer alıb və ərtafında təbii bitki növləri əkilib. Tavanın işıqlandırma sistemi nişangah formasında qurulub ki, bu da binanın xüsusi zövqlə işləndiyini sübut edir. Ərazinin açıq poliqonunun da ətrafı yaşıllaşdırılıb və meydan xüsusi görkəmi ilə cəlbedici görünür.
Bakı Atıcılıq Mərkəzində idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün beşulduzlu hotel binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Hoteldə həmçinin inzibati otaqlar da fəaliyyət göstərir. Bu tikili Avropa Oyunlarından sonra da xarici və yerli idmançıların üzünə açıq olacaq.
Kompleksin ərazisi ilə tanış olarkən fransalı bələdçimiz dedi ki, mərkəzin ərazisində atıcılıq yarışları ilə yanaşı, dağ velosiped yarışının keçirilməsi üçün də yer ayrılıb. Belə ki, iyunun 16-dan 22-nə kimi mərkəzin açıq və qapalı sahələrində atıcılıq yarışları, veloparkda isə iyunun 13-də velosiped yarışı keçiriləcək.
Mərkəz ən müasir infrastruktura malikdir
Sözügedən mərkəzdə olarkən bir daha əmin olduq ki, müasir idman infrastrukturuna malik Azərbaycan beynəlxalq yarışları yüksək səviyyədə keçirmək iqtidarındadır. Şübhə yoxdur ki, I Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakı Atıcılıq Mərkəzinin istifadəyə verilməsi də görülən tədbirlərin mühüm tərkib hissəsidir.
Onu da deyək ki, bu mərkəz Avropada ən böyük atıcılıq kompleksidir. Burada 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib. Kompleksdə içməli və yanğına qarşı su anbarları, qazanxana və nasosxana, transformator və generator məntəqələri var. Bu idman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik, rabitə, yüksəksürətli internet xətləri ilə təchiz edilib. Obyektdə havalandırma, yanğın xəbərverici və yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəsizlik kameraları quraşdırılıb.
Belə müasir idman kompleksinin istifadəyə verilməsi “Bakı-2015” ilk Avropa Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə geniş imkan yaradacaq. Ümumiyyətlə isə müasir idman qurğularının istifadəyə verilməsi, mövcud komplekslərin ən yüksək səviyyədə yenidən qurulması və yeni idman obyektlərinin inşası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan bütün layihələr uğurla, həm də vaxtında icra olunur.
Müasir idman qurğularının yalnız Bakıda deyil, eləcə də regionlarda inşası isə ölkəmizdə gənclərin idmana maraqlarının artırılması və idmanın kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bu cür layihələrin reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində mühüm rol oynayır.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2015.- 19 may.- S. 1;8.