Ölkənin Qərb qapısında idman bayramı

 

Məşəl Qazax və Ağstafada alovlandı

 

Alov səyahətinin növbəti dayanacağı ölkənin qərb bölgəsinin qapısı sayılan Qazax rayonudur. Təqdimat mərasiminə dəstə-dəstə axışıb gələn sevincli, fərəhli insanlara baxdıqca ötən günlər yada düşür.

1990-cı illərin əvvəllərində OMON başda olmaqla silahlı quldur birləşmələri bölgədə meydan sulayırdı. Qazax əldən gedirdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müdrik zəkası ilə hər yanda namərdləri susdurdu, sakitlik, sabitlik yaratdı. Dövlət başçısı Qazaxda, eləcə də ölkənin müxtəlif yerlərində baş qaldıran silahlı quldur dəstələrini real siyasətlə, Vətənə, xalqa məhəbbətlə susdurdu. Hər yanda bərpa-quruculuq dövrü başladı. Nadanların bəd əməllərindən sarsılmış Qazax illər keçdikcə sürətlə inkişaf edərək qısa müddətdə barlı, bəhrəli bölgəyə çevrildi...

Səhərdən bəri intizarla gözlənilən an gəlib çatır. Heydər Əliyev prospektinin başında məşəl gətirən karvan görünür. Əvvəlcədən müəyyən edilmiş məşəlçilər hazır vəziyyətdə dayanıblar. Alqış sədaları altında alov məşəli fəal ictimayyətçi Vüsal İsmayılova təqdim olunur. Rayonun say-seçmə övladları Vüqar Nəbiyev, Vüsal İsmayılov, Rəşad Əhmədov, Gündüz Abışov, Arif Mustafayev, Emin Mustafayev, Asiya Alhüseynova, Elvin Əmiraslanov, Səidə Məmmədova və Tərxan Əhmədov məşəli  bir-birinə ötürə-ötürə mərkəzi meydana doğru gedirlər.     

Biz də Qazaxın dünəni və bu günü haqqında söhbət edə-edə meydana gedirik. Bayram libası geymiş şəhəri məftunluqla seyr edən həmsöhbətim Məhəmməd Alıyev iftixarla deyir ki, bir baxın, o illər hara, bu günlər hara! İndi Azərbaycanı bütün dünya tanıyır. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə bir-birindən dəyərli layihələr icra olunur, ölkəmizin iqtisadiyyatı, siyasəti, mədəniyyəti hamını heyran edir. Dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır. Elə I Avropa Oyunlarının məhz bizim ölkədə keçirilməsi Prezident İlham Əliyevin gündən-günə artan nüfuzunun nəticəsidir.

Bəli, Qazaxda da böyük işlər görülübgörülür. Ölkədə ilk olimpiya-idman kompleksi, müalicə-diaqnostika mərkəzi, Qafqazda yeganə planetar məhz burada yaradılıb.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində son illər neçə-neçə istehsal-emal müəssisəsi açılıb. Əkin-biçin sahələrində məhsuldarlıq artıb. Onlarca məktəb binası, uşaq bağçası-körpələr evi tikilib. Ən əsası isə budur ki, Avey dağının ətəyində, illik istehsal gücü bir milyon ton olan nəhəng sement zavodu istifadəyə verilib. Son illər rayonda sənaye məhsulu istehsalı beş dəfə artıb. İşıq, su, qaz problemi həll olunub. Ən ucqar kəndlərə belə yollar çəkilib, körpülər salınıb. Sahibkarlığın inkişafı ilə əlaqədar olaraq səkkiz mindən çox yeni yeri açılıb. Sərhəd bölgəsində yerləşən Qazax bax, beləcə aybaay, ilbəil ucalır, gözəlləşir, tanınmaz görkəm alır.

Əmək veteranı Qasım Əliyev deyir ki, bütün bunlar nankor ermənilər üçün əsl göz dağıdır. I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi hamının sevincinə səbəb olub. Alov məşəli bölgələri gəzdikcə bu möhtəşəm idman tədbirinə maraq daha da artır.

İdman ustası Məhəd Mirzəyev deyir ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə uğurla yeridilən idman siyasətinin təntənəsidir. Ona görə də hər yerdə bu mühüm tədbirə ciddi hazırlıq görülür. Ölkənin qüdrəti artdıqca yerlərdə idmanın inkişafı üçün geniş şərait yaradılır. Rayonumuzda müxtəlif idman növləri üzrə “Göyəzən”, “Biomen”, “Fəqan”, “Aslanbəyli”, “Olimp” klubları, “Olimpik” və “Göyəzən” MMC-ləri fəaliyyət göstərir. Qəsəbə və kəndlərdə bədən tərbiyəsinin kütləviliyinə xüsusi diqqət yetirilir. İlk Avropa Oyunlarına hazırlıq yerlərdə idmanın vəziyyətinə kütləvi baxış kimi də əlamətdardır. Söhbəti dinləyən Vüqar Nəbiyev maraqlı bir faktı söyləyir:

- Elə bu günlərdə rayonumuzdaŞahin” hərbi idman oyunlarının zona birinciliyi keçirilmişdir. Yarışda 11 rayonun komandası iştirak etmiş, Mingəçevir şəhərinin komandası yarışın qalibi olmuş, ağstafalılar ikinci, şəmkirlilər üçüncü yeri tutmuşlar. Əminəm ki, Avropa Oyunlarından sonra ölkə idmanının həyatında yeni yüksəliş dövrü başlayacaq.

Qazax sərkərdələr, pəhləvanlar, söz-sənət sahiblərinin vətənidir. Ölkəmizin tarixinə neçə-neçə unudulmaz şəxsiyyət bəxş edib.

Məşqçi-müəllim Fazil İsmayılov deyir ki, bu bayram günündə gəlin, “Fəxri qazaxlılar” parkına baş çəkək.

Baxırıq, çox dəyərli görülüb. Geniş bir sahədə, yaşıllıqların qoynunda, fəvvarələrin ətrafında onlarca mərd insanın barelyefləri sıralanıb. Azərbaycanın ilk topoqraf generalı İbrahim ağa Vəkilov, artilleriya generalı Əliağa Şıxlinski, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux Qayıbov, İtaliyanın Milli Qəhrəmanı partizan Tahir İsayev, ədəbiyyatımıza ölməz əsərlər bəxş etmiş yazıçı və şairlərdən Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Yusif Səmədoğlu...Ən baxımlı yerdə Molla Vəli VidadiMolla Pənah Vaqif qoşa dayanıblar. Bir qədər aralıqda, yaraşıqlı bağda böyük söz ustası, istiqlal carçısı İsmayıl Şıxlı mərmər postament üzərindən doğma diyara boylanır. Parkın başında da hələlik ölkədə yeganə olan “Ədəbiyyat muzeyi”!

Qazax sanki möcüzələr məskənidir. Hara gedirsən, sanki torpaq üzərində tarix yazılıb. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev deyir ki, ulu Qazax qədim və qiymətli abidələr diyarıdır. 12-ci yüzilliyin yadigarı Qırmızı körpü, Tunc dövründən qalan Babadərviş və Neolit-tunc dövründən xəbər verən Göytəpə yaşayış yerləri, Damcılı bulağı kimi dünya əhəmiyyətli abidələr buradadır. Rayonda 112 respublikayerli əhəmiyyətli arxeoloji, memarlıq və monumental abidə, habelə dekorativ tətbiqi sənət nümunəsi qeydə alınıb. Yuxarı Əskipara və Şəkərqala kəndlərindəki məbədlər, Qıraq Kəsəməndəki dairəvi qüllə, Poylu kəndindəki məqbərələr, Qızılhacılı və Kazım körpüləri, habelə Qızılqaya abidəsi baxanları valeh edir.

Müstəqil ölkəmizin qərb qapısı tarixi anlar yaşayır. Heydər Əliyev meydanında qurulmuş səhnədə “Atəşgah”dan od almış məşəldən alovlanan simvolik çıraq Oyunlar başa çatana kimi saxlanmaq üçün 4 qat dünya və 6 qat Avropa çempionu Qismət Vəkilova təqdim olunur.

Qazax alov məşəlinin şəfəqinə bürünür. Mərasim başa çatsa da, bayram şənliyi davam edir, tarixi anlar hər ürəkdə min bir xatirə yaradır.

 

Azərbaycan.-2015.- 19 may.- S. 9.