Hamı fərəhlənir, hamı sevinirdi
Məşəl Qazax və Ağstafada alovlandı
Ağstafanın ayrıca rayon kimi yaşı çox deyil. Ötən əsrin 90-cı illərinin əvvəllərində
Qazaxdan ayrılıb.
Ərazisi geniş, əhalisi
işgüzardır. Qısa
müddət ərzində
hər sahədə sürətlə
inkişaf edərək
qabaqcıl rayonlar sırasına çıxıb.
18 may, bazar ertəsi, Ağstafa torpağında
əsl bayramdır. Hamı elliklə I Avropa Oyunlarının məşəlini
qarşılamağa hazırlaşır.
Əslində, məşəlin sevinci neçə vaxtdir ki, ürəkləri
riqqətə gətirir.
Budur, gözlənilən an gəlib çatdı. Müqəddəs “Atəşgah”dan alovlanan məşəl təntənə ilə ağstafalılara təqdim
olunur. Məşəli karate üzrə beynəlxalq yarışın
mükafatçısı Namiq
Həsənov qəbul
edir. Bayraqdarlar alqış sədaları
altında məşəli
bir-birinə ötürərək
mərkəzi meydana doğru irəliləyirlər.
Məşəlin yaratdığı sevinc, fərəh ürəkləri coşdurur.
Son bir neçə il ərzində
Ağstafa da əksər sahədə böyük uğurlara imza atıb. Rayonda ümumi məhsul istehsalı 2,4, sənaye məhsulunun həcmi 2,6 dəfə artıb. Sahibkarlıq
subyektlərinin sayı
çoxalıb. 6 mindən
artıq iş yeri açılıb. Orta aylıq əməkhaqqı,
pensiyaların məbləği
yüksəlib.
Yunan-yapon güləşi üzrə
idman ustası Rafiq Qasımov deyir ki, bütün
bunlar Prezident İlham Əliyevin regionların yüksəlişinə
göstərdiyi qayğı
və diqqətin bəhrəsidir. Axırıncı
10 ildə dövlət
başçısı Ağstafa
rayonuna 6 dəfə səfər edib, bu müddət ərzində rayonun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
4 sərəncam
imzalayıb. Rayon sakinləri
ilə görüş
zamanı dövlət
başçısı görülən
işlərə yüksək
qiymət verib: “Mən çox şadam ki, doğrudan da, Ağstafada gözəl, sürətli inkişaf vardır.
Əlbəttə, çox istəyirəm
ki, bu rayon daha sürətlə inkişaf etsin”.
I Avropa Oyunlarının
Azərbaycanda keçirilməsi
ölkəmizin tarixində
yeni bir səhifədir. Təcrübəli
təhsil işçisi
Fərhad Vəliyev deyir ki, Prezident
İlham Əliyevin, ölkənin birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də çoxlu sayda qonağın iştirakı ilə “Atəşgah” məbədində
I Avropa Oyunları məşəlinin alovlandırılması
mərasimini əks etdirən video çarxına
baxandan bəri hamının diqqəti bu möhtəşəm idman bayramındadır: “İndi bütün dünyanın gözü
Azərbaycana dikilib. Müstəqil ölkəmizdə bu genişmiqyaslı tədbirə hazırlığın vəziyyəti
ilə hamı maraqlanır. Bütün ölkəyə səs salan, ürəklərə
sevinc bəxş eləyən məşəlin
bölgələrə səyahətini
hamı fərəhlə,
iftixarla izləyir. Bu, ölkəmizin tarixində qeyri-adi hadisədir. Hamı yaxşı
bilir ki, belə nəhəng bir tədbirin Azərbaycana etibar edilməsi heç də təsadüfi deyil. Bu etimad, bu etibar ulu
öndər Heydər
Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin dünya
miqyasında qazandığı
geniş hörmət
və nüfuzun nəticəsidir. Belə bir tədbirin Odlar diyarında keçirilməsinə nail olduğu
üçün cənab
İlham Əliyevə
Ağstafa ziyalıları
adından dərin minnətdarlığımızı bildiririk.
Belə
bir fakt da səsləndi ki, qədirbilən insanların arzusu və istəyi ilə Ağstafa rayonundakı “Keşikçidağ”
dövlət tarix mədəniyyət qoruğunda
ən hündür yüksəkliklərdən birinə
Prezidentin şərəfinə
“İlham Əliyev adına zirvə”
adı verilmişdir. Rayonun idmançıları ilk Avropa
Oyunları ərəfəsində
həmin zirvəni ziyarət etmək niyyətindədirlər.
Ağstafa torpağı qədim və qiymətli abidələrlə zəngindir. Rayon Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Gülgün
Kərimov deyir ki, burada 51 tarix
və mədəniyyət
abidəsi qeydə alınıb. Onlardan ikisi
- Aşağı Göyçəli
kəndindəki “Töyrə-təpə
yaşayış yeri”
və Dağkəsəmən
kəndinin dağlıq
hissəsindəki “Çobandaşlı
yaşayış yeri”
dünya əhəmiyyətli
abidələr sırasına
aid edilmişdir. Qeydə alınmış
abidələrin 35-i ölkə,
14-ü yerli əhəmiyyətlidir.
Bakı-
Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi
zamanı daha 9 qədim yaşayış
məskəni aşkar
edilmişdir. Xüsusən
eramızdan əvvəl
dördüncü əsrin
yadigarı sayılan Soyuqbulaq kurqanları və Böyük Kəsik yaşayış
yeri, Həsənli nekropolu , Poylu türbələr kompleksi
və başqa yerlər daha çox tarixi əhəmiyyətə malikdir.
Müşahidələr göstərir ki,
Qazax-Ağstafa bölgəsində
Neolit və Tunc dövrünün abidələrinə çox
təsadüf olunur.
Xüsusən Qazax rayonunun
Çaylı kəndində
“Sarvantəpə”, Ağstafa
rayonunda isə “Yastıtəpə” yaşayış
yerinin son illərdə
üzə çıxarılan
nadir izləri ulu tariximizdən xəbər
verir. “Yastıtəpə”
yaşayış sahəsində
aparılan arxeoloji qazıntılar zamanı yaşayış
evinin bünövrə
hissəsinin qalıqları,
təsərrüfat quyuları,
ocaq kompleksi, təndir qalığı,
xeyli sayda daş alətlər və gil qabların
müxtəlif fraqmentləri
aşkar edilmişdir.
Ölkəmizin ulu keçmişinə,
tarixi abidələrinə
getdikcə artan maraq
nəzərə alınaraq
Azərbaycanda ilk
dəfə olaraq
Ağstafa rayonunda açıq səma altında “Tarixi və müasir abidələr parkı” yaradılıb. Bu nadir parkın açılışında
Prezident İlham Əliyev də iştirak etmişdir.
Parkın səmadan görünüşü
Azərbaycanın xəritəsini
xatırladır. Parkda
ölkəmizin ən
müxtəlif guşələrini
əhatə edən
67 adda tarixi və memarlıq abidələri, Qafqaz dağ silsilələri, Kür və Araz kimi
böyük çayların və göllərin görüntüləri
əks olunmuşdur. Azərbaycanın ayrı-ayrı bölgələrində
olan və xalqımızın tarixi keçmişini yaşadan
tikililər, abidələr,
saray və qala divarları, müqəddəs ziyarətgahlara
aid türbə və
məscidlər, müasir
dövrə aid arxitektura
nümunələri, miniatür
heykəllər yüksək
peşəkarlıqla yaradılmışdır.
Parkın ərazisində Azərbaycanın
məşhur tarixi şəxsiyyətlərinin xatirəsini
əbədiləşdirən məqbərə və türbələr, dini-tarixi
memarlıq abidələri,
məscid və sarayların maketləri quraşdırılmışdır. Burada aparılan tikinti-quruculuq işləri, müasir abidə və infrastruktur obyektləri peşəkarlıqla işlənilmişdir.
Ölkənin əsas avtomobil
və dəmir yolları, yol qovşağı və körpüləri də unudulmamışdır. Parkın ətrafında
uzunluğu 160, eni 10 metr olmaqla Xəzər
dənizinin təsviri
yaradılmışdır. Ərazidə piyada keçidlərinə
qranit döşənmiş,
5 min kvadratmetr yaşıllıq
sahəsi salınmış,
müasir işıqlandırma
və suvarma sistemləri quraşdırılmış,
gecələr hər bir eksponatın ayrıca işıqlandırılması
təmin edilmişdir.
Məlumat lövhəsində hər bir eksponat
haqqında Azərbaycan
və ingilis dillərində informasiyalar
yazılmışdır.
Rayonun səfalı guşələrindən
birində salınmış Səməd Vurğun adına parkda “Saz” və “Kitab” abidələri ucaldılmış,
Hüseyn Arif muzeyi yeni eksponatlarla
zənginləşmişdir.
Mərkəzi meydanda alqışlar gurlayır. “Atəşgah”dan
gələn alov məşəlindən yandırılan
çıraq Avropa Oyunları başa çatanadək saxlamaq üçün Ağstafa
rayonunun nümayəndəsi,
güləş üzrə
respublika çempionu Nemət İbrahimliyə təqdim
olunur.
Rəsmi tədbir başa çatır. Geniş meydan şeir,
sənət ifaçılarının
ixtiyarına verilir.
Vətən, torpaq, sədaqət,
hünər və rəşadət barədə
şeirlər, mahnılar
səslənir. I Avropa Oyunlarına uğurlar diləyən
rayon sakinləri üzlərdə
sevinc, ürəklərdə
fərəh hissi ilə bir-birlərini təbrik edirlər.
Əhməd
İSAYEV,
Azərbaycan.-2015.- 19 may.- S. 9.