Üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu işini plenar iclaslarla və seminarlarla davam etdirib
Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi
açılışdan sonra işini “Mədəniyyəti
ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir
dövrdə yumşaq güc və müxtəlifliyin müsbət
cəhətlərinə töhfələr” mövzusunda
birinci plenar iclasla davam etdirib.
Böyük
Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial
Əlaqələr Mərkəzinin icraçı direktoru,
professor Mayk Hardinin moderatoru olduğu plenar iclası açan
Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev çıxış edərək
bildirib ki, mədəni müxtəlifliyin və mədəniyyətlərarası
dialoqun beynəlxalq gündəlikdə saxlanılması
insanların təhlükəsizliyi üçün
mühüm əhəmiyyət kəsb edir. Bu Forumun
qarşısında duran ən əsas missiya da mədəniyyətin
paylaşılmasının qlobal təhlükəsizlikdə
rolunu araşdırmaqdır. Bu mənada yumşaq gücün
aparıcı qüvvəsi kimi mədəniyyətə daha
geniş prizmadan baxılmalıdır.
Əbülfəs
Qarayev qeyd edib ki, hazırkı dünyamızda hadisələr
sürətlə dəyişdiyinə görə onları
proqnozlaşdırmaq, qiymətləndirmək o qədər də
asan olmur. Bunun əsas səbəbi isə milli, mədəni,
ideoloji və dini ziddiyyətlərin gündən-günə
artmasıdır. Nəticədə yaranmış
münaqişələr dəhşətli nəticələrə
gətirib çıxarır. Bütün bunların
qarşısının alınması üçün
dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış,
qarşılıqlı anlaşmanın təbliği
çox önəmlidir.
Sonra
Ərəb Dövlətləri Liqasının baş katibi
Nabil Əl-Ərəbinin müraciəti oxunub.
Moderator Mayk Hardi
bildirib ki, multikulturalizm insanları gələcəyə doğru
aparan əsas amil olmalıdır. Əlbəttə, biz birgə yaşamaq və paylaşmaq anlayışından danışırıqsa,
o zaman birgə tərəfdaşlıq çox
vacibdir. Bunun üçün
də burada aparılan müzakirələrdən,
səsləndirilən fikirlərdən
yekun nəticələrin
çıxarılması çox
vacibdir.
Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova Forumun yüksək səviyyədə təşkilinə
və qonaqpərvərliyə
görə Azərbaycan
hökumətinə təşəkkürünü
bildirib. Qeyd edib ki, Azərbaycanın belə bir mühüm məsələyə - mədəniyyətlərarası
dialoqa verdiyi töhfə bütün dünyada yüksək qiymətləndirilir.
Təhlükəli meyillərə qarşı
birgə mövqedən
çıxış etməyin
vacibliyini vurğulayan
Marqarita Popova qeyd edib ki,
təhlükəsizliyin olmaması
ölkələrin dinamik
inkişafına ciddi təsir göstərir. Vitse-prezident
deyib: “Qarşılıqlı
anlaşma, mədəniyyət
bütün bəşəriyyət
üçün ən
vacib dəyərlərdəndir.
Biz müxtəlif dinlərə və mədəniyyətlərə malik
olan cəmiyyətlər
arasında sıx birliyi, həmrəyliyi təmin etməliyik.
Kəskin natarazlıq
olan cəmiyyətdə
sabitlik, anlaşma ola bilməz.
Ona görə də cəmiyyət daxilində
bərabər hüquqların,
layiqli həyat tərzinin təmin edilməsi vacibdir”.
UNESCO baş direktorunun
sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Nəşif siyasətçilərin,
təhsil işçilərinin,
gənclərin sülhün
qorunması istiqamətində
fəaliyyətlərinin artırılmasının,
onların bu məsələ ilə bağlı müxtəlif
layihələrə qoşulmalarının
vacibliyini qeyd edib. Bu Forumu vacib tərəfdaşlıq
formatı kimi dəyərləndirən baş
direktorun müavini bildirib ki, Azərbaycanla
birgə işlər görməklə alternativlərə
nail olmaq mümkündür.
Avropa Şurasının
demokratik vətəndaşlıq
və iştirak şöbəsinin direktoru
Jan-Kristof Ba çıxışında qeyd
edib ki, mədəniyyətlərarası dialoqun təşviqinin müzakirə edildiyi bu Forum dünyada mühüm rola malikdir.
Müasir dünyamızda təhsilin önəmini vurğulayan Jan-Kristof Ba qeyd edib ki, təhsil sadəcə gələcəkdə yaxşı iş tapmaq üçün lazım deyil, təhsil, həmçinin demokratiyanın, sülhün, qarşılıqlı anlaşmanın təşviqində mərkəzi rol oynayır. Bunun üçün düzgün bir vasitə tapılmalıdır.
Fransa Senatının üzvü xanım Natali Qule Bakıda keçirilən bu Forumu mədəniyyətlərarası dialoqa töhfə vermək üçün gözəl bir fürsət kimi qiymətləndirib. O deyib: “Bu gün biz Azərbaycanın təcrübəsini təbliğ etməliyik. Biz göstərməliyik ki, Azərbaycan multikulturalizmin öncül sıralarındadır. Azərbaycan bu sahədə xeyli uğurlar qazanıb, digər ölkələr bundan nümunə götürməlidirlər”.
Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü xanım Rəşidə Dati Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verdiyini vurğulayıb. O deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda vacib rol oynayan güclü dövlətdir. Dinlər və etnik qruplar arasındakı münasibətlərə görə Azərbaycan dünyaya nümunə ola bilər. Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir. Fondun Fransada mədəni irsin bərpasına etdiyi yardım xüsusi vurğulanmalıdır. Əgər belə nəcib işlər görülməsə, təhlükəsizlik heç vaxt təmin olunmayacaq.
Vurğulanıb ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan dini, mədəni zənginliyini qoruyub saxlayıb. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda tolerantlığın qorunması fərəh doğurur. Bu ölkədə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Məhz belə nümunələrdən istifadə edilməlidir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, artıq Azərbaycan müasir dünyanın mədəni mənzərəsinin bir hissəsinə çevrilib. Azərbaycan üçün mədəniyyətin inkişafı xüsusilə önəmlidir. Müstəqillik və mədəniyyət kimi məfhumlar bizim üçün ən başlıca amillərdir. Çünki ölkənin müstəqil olması üçün ən başlıca şərtlərdən biri də onun öz milli mədəniyyətini qoruya bilməsidir. Azərbaycan milli mədəniyyətinin qorunması üçün çox işlər görülüb. Azərbaycanda əsrlər boyu müxtəlif xalqların nümayəndələri birgə dinc şəraitdə yaşayıblar və qeyri-adi bir irs yaradıblar. Ölkəmizdə xüsusi həmrəylik mövcuddur. Azərbaycanda, həmçinin Qərb və Şərq mədəniyyətinin nümunələri cəmləşib.
S.Seyidov Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanın zəbt etdiyi ərazilərdə tarixi, mədəni, dini abidələri məhv etməsindən danışıb.
ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer əsrlərdir yəhudilərin Azərbaycanda sülh, dostluq şəraitində yaşadıqlarına diqqəti cəlb edib. O, Azərbaycanın yürütdüyü balanslaşdırılmış siyasətin əhəmiyyətini qeyd edib, rəsmi Bakının həm müsəlman, həm xristian ölkələri, eləcə də İsraillə yaxşı münasibətlərə malik olduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin BMT-nin Sivilizasiyalar Alyansı ilə iş üzrə nümayəndəsi, xüsusi işlər üzrə səfir Konstantin Şuvalov qeyd edib ki, siyasi maraqlarla yanaşı, dini amillər də qarşıdurmalarda böyük rol oynayır. Bu gün insanlar ekstremizmin başqa ölkələrə yayılmasından qorxurlar. Ona görə də dini liderlər müxtəlif dinlərin təmsilçiləri arasında anlaşmanı təmin etməyə çalışmalıdırlar.
Plenar iclas müzakirələrlə davam
edib.
Azərbaycan.-2015.- 19 may.- S. 10.