“İpək yolu” təşəbbüsünün mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar müzakirə olunub

 

Bakıda işini davam etdirən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “İpək yolu – dialoq və fikir mübadiləsi üçün ilkin istiqamətlər. ”İpək yolu” təşəbbüsü və bu təşəbbüsün hazırkı dövrdə mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminara moderatorluq edən Kembric Mərkəzi Asiya Forumunun baş araşdırmaçısı xanım Şirin Akiner mövzunun aktuallığını diqqətə çatdırıb, belə bir tədbirin Bakıda yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, Azərbaycan İpək yolunun üzərində yerləşən olkələrdən biridir. Azərbaycan bütün nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir və Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Böyük İpək yolunun bərpası ideyasının gerçəkləşməsi üçün fəal iş aparan ölkələrdən biri də Azərbaycan olub.

Ş.Akiner qeyd edib ki, iqtisadiyyatın bir qolu olan bu yol ilk növbədə sərnişin, yük daşımalarını və mal mübadiləsini təmin edir. Həmçinin İpək yolu ölkələri birləşdirir, xalqları bir-birinə yaxın edir və mədəniyyətləri qovuşdurur. Şərqlə Qərbi birləşdirən və Azərbaycanın da mühüm rol oynadığı tarixi İpək yolu buna misaldır. Çindən başlayıb Orta Asiyadan, Qafqazdan və digər regionlardan keçərək Avropayadək uzanan bu yol onun üzərində yerləşən ölkələrin əsas məhsullarının şərəfinə “İpək yolu” adlandırılıb.

Elmi Şura Sivilizasiya Siyasəti üzrə Beynəlxalq Araşdırma İnstitutunun (IIRPC Edqar Morin) vitse-prezidenti, Etiqad Yerləri üzrə Beynəlxalq Koalisiyasının İdarə Heyətinin başçısı Dudu Dien isə İpək yolunun bərpasında UNESCO-nun rolunu vurğulayıb. O bildirib ki, əgər insanlar eyni yerdə yaşasaydılar, sivilizasiya da olmazdı. İnsanlar müxtəlif səbəblərdən bir yerdən başqa yerə köçməklə həm də öz mədəniyyətlərini daşıyırlar. Böyük İpək yolunun çox geniş coğrafi ərazini əhatə etdiyini nəzərə alsaq, bu yol həm də bəşər tarixinin bir hissəsidir. Ölkələr arasında baş verən müharibələr, qarşıdurmalar tarixi İpək yoluna da təsirsiz ötüşməyib.

Şərq Dilləri və Mədəniyyətləri üzrə Fransız İnstitutunun professoru Jak Lörqan monqol dilindən dərs dediyini və köçərilərin həyatı ilə maraqlandığını diqqətə çatdırıb, İpək yolu ölkələrinin maddi mədəniyyət nümunələri barədə danışıb.

Qazaxıstanın Almatı Şərqşünaslıq İnstitutunun direktor müavini xanım Laura Yerekeşeva İpək yolunun tarixindən söhbət açaraq vaxtilə İran tacirlərinin Çinədək səfər etdiklərini və özləri ilə bəzi mədəniyyət nümunələri apardıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, İpək yolunun bərpası mədəniyyətlərarası dialoq üçün geniş imkanlar aça bilər.

Tanınmış fotomüxbir, memar Reza Deqati İpək yolu ideyasına böyük önəm verdiyini vurğulayıb. O, İpək yolu boyunca bütün ölkələrdə çəkdiyi fotolar, həyata keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edib ki, İpək yolu xalqları və mədəniyyətləri bir-birinə qovuşduran əsas amildir. Yalnız incəsənət hər ürəyə yol tapa bilər.

Çinin Tsinghua Universitetinin Milli İrs Mərkəzinin direktoru Lyu Çjou İpək yolu üzərində yerləşən ölkələrdə aparılan ekspedisiyalardan və müxtəlif mədəniyyətləri öyrənmək baxımından bu ekspedisiyaların əhəmiyyətindən danışıb. Qeyd edib ki, mədəniyyətlərarası dialoqda İpək yolunun böyük əhəmiyyəti var. Bununla yanaşı, o, hər bir ölkənin mədəniyyətinə hörmətlə yanaşılmasının zəruriliyini bildirib.

UNESCO-nun İpək Yolları Onlay Platformasının nümayəndəsi Mehrdad Şabahang “İpək yolu” proqramı çərçivəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. Bildirib ki, tarixi İpək yolu iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması üçün körpü rolunu oynayıb. İpək yolu təşəbbüsü bu tarixi körpünün və mədəni mirasın millətlərimizin rifahı naminə bərpa edilməsi məqsədi daşıyır. UNESCO-nun nümayəndəsi bu təşəbbüsün yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmadığını, həm də İpək yolu ölkələrinin zəngin tarix və mədəniyyətinin gələcək üçün qorunub saxlanmasını təmin etdiyini  vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov rəhbərlik etdiyiBöyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının yaranma tarixindən və gördüyü işlərdən danışıb. Qeyd olunub ki, 24 ölkənin gənclər təşkilatlarını birləşdirən bu qurum İpək yolu ideyasının reallaşması istiqamətində önəmli addımlardan biridir. Bu təşkilat qısa müddətdə müxtəlif dillər, dinlər və mədəniyyətlər arasında sərhədləri aradan götürdü. Gənclər bir platformada birləşdilər. F.Muradov İpək yolunun gerçəkləşməsində dialoqun əhəmiyyətini, Avropa, AsiyaAfrika ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb.

 

Azərbaycan.-2015.- 19 may.- S. 11.