Təhsil birgə
yaşamağı öyrənməyin mühüm vasitələrindən
biridir
Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində “Təhsil vasitəsi ilə
birgə yaşamağı öyrənmək: siyasətdən
təcrübəyə” mövzusunda seminar keçirilib.
Seminarın
moderatoru Suzan Vize UNESCO-da Asiya Sakit Okean regional təhsil
bürosunda fənlərarası layihə həyata
keçirdiklərini söyləyib. Bildirilib ki, tədqiqat layihəsi Asiya Sakit Okean regionunun
on ölkəsini əhatə
edir. Təhsilin çox önəmli
bir məsələ olduğunu vurğulayan S.Vize deyib ki,
UNESCO müxtəlif sahələri
bir araya gətirmək üçün
çox önəmli
vasitədir. Biz, eyni zamanda, sosial
elmlər, kommunikasiya,
mədəniyyət məsələlərini
nəzərə alaraq
bu layihədə iştirak edirik. Seminar iştirakçıları
bu tədqiqatın ayrı-ayrı ölkələrdə
tətbiqi barədə
məruzə ilə çıxış edəcəklər.
2012-ci ildə həyata keçirilən
tədqiqat zamanı bu ölkələrin təhsil prosesi öyrənilib.
Elmi tədqiqatçı Alienor
Salman bu tədqiqatın əsas nəticələri barədə
məlumat verərək
deyib: Burada təhsilin dörd əsas pilləsi mövcuddur. Hesab edirik ki, təhsil münaqişələrin
həllində, tolerantlığın
təşviq edilməsində
bizə kömək edə bilər. Bir yerdə yaşamağı
öyrətmək çox
önəmlidir. A.Salman qeyd
edib ki, burada milli siyasət
çərçivələri, kurikulum, müəllimlərin
və şagirdlərin
qiymətləndirilməsi məsələlərinə
diqqət yetirilir.
Seminarda iştirakından məmnunluğunu
bildirən Koreyada yerləşən Asiya Sakit Okean Beynəlxalq
Anlaşma naminə Təhsil Mərkəzinin idarə heyətinin sədri Kindonq Bae bu tədqiqatın
Koreyada da keçirildiyini söyləyib. Qeyd edilib
ki, tədqiqatda təhsildə müxtəliflik
və tolerantlıq məsələləri işıqlandırılıb.
SEAMEO təşkilatının əməkdaşı Elaissa
Mendoza bir yerdə yaşamağı öyrətmək
təhsilinin Filippin təcrübəsi barədə
danışıb. Filippin konstitusiyasında,
təhsil haqqında qanununda tələbələrin
birgə yaşamaq bacarıqlarına yiyələnməsi
üçün müvafiq
müddəalar olduğunu
bildirib. Qeyd edib
ki, Filippin təhsil sistemində səmərəli müəllim
tələbələrin müxtəlifliyinə
hörmət edir və müvafiq metodlardan istifadə etmək bacarığına
malikdir. Filippində birgə
yaşamaq təhsili onun tarixi və
müasir vəziyyəti
ilə sıx bağlıdır.
Norveç Aviasiya Komitəsinin direktoru Terye Maqnusson Vatterdal Əfqanıstanın təhsil
sistemi və buradakı mövcud problemlərdən söz açaraq bildirib ki, bu ölkədə
qızların təhsili
çox böyük problemdir. Təhsildə iştirakın vacib
olduğunu söyləyən
T.M.Vatterdal hazırda Əfqanıstanda ümumilikdə
doqquz milyon şagirdin 40 faizinin qızlar təşkil etdiyini söyləyib.
“NIST” beynəlxalq məktəbin
təlim rəhbəri
Culian Edvards çalışdığı məktəbin təhsil sisteminin müstəqil olduğunu bildirib. Təhsil müəssisəsinin
qeyri-kommersiya məktəbi
olduğunu söyləyən
C.Edvards ölkənin
təhsil sistemi, həyata keçirilən
islahatlar və kurikuluma keçid və onun əhəmiyyəti
barədə danışıb.
Seminarda Azərbaycan Respublikası
təhsil nazirinin müavini Firidun Qurbanov deyib ki, mədəniyyətlərarası
dialoq üzrə forum
mədəniyyət vasitəsi
ilə dünya ölkələrini bir araya gətirir. Ölkəmizdə milli və ümumbəşəri
dəyərlərin insan
hüquqları və
azadlıqlarının, tolerantlıq
və dözümlülüyün
prioritet kimi qəbul olunması təhsil sahəsində dövlət siyasətinin
əsas prinsipi kimi müəyyənləşdirilib.
Azərbaycan dövləti irqindən,
dilindən, dinindən,
milliyyətindən asılı
olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına
təminat verir. Bildirib ki, ölkəmizdə tarix boyu etnik
və dini azlıqlar sərbəst yaşayıb və heç bir təzyiqə məruz qalmayıb. “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən ölkəmizin ümumtəhsil
məktəblərində tədris
Azərbaycan dili ilə yanaşı, rus və gürcü
dillərində də
aparılır.
“Əminəm ki,
bugünkü Forum mədəniyyətlərarası
dialoq sahəsində problemlərin müzakirəsi
və müxtəlif ölkələrdən gəlmiş
mütəxəssislər arasında
fikir mübadiləsi üçün geniş imkan açacaq. Mədəni müxtəliflik bir dəyərdir və bu dəyəri qoruyub saxlamaq, inkişaf etdirmək lazımdır. Mədəniyyətlər daim təmasda olmalı, bir-biri ilə əlaqədə olaraq daim zənginləşməlidir”
–deyə F.Qurbanov vurğulayıb.
Sonra mövzu
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2015.-
19 may.- S. 11.