Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında təşkil olunan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə Forumun gündəliyi barədə məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri tarix boyu qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamışlarbu gün də yaşayırlar. Azərbaycanda mədəniyyətlərin dialoqu hər hansı süni ideologiyaya söykənmir. Bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və milli dəyərlərimizdə önəmli rol oynayır. “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir.

Vurğulanıb ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Forum nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatını tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Nazir deyib ki, bu Forum ölkəmizdə həyata keçirilən ən böyük mədəni layihələrdəndir. Bu möhtəşəm tədbir çərçivəsində reallaşacaq görüşlər və müxtəlif mövzulu seminarlarda dinləniləcək məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında münasibətlərin daha da yaxşılaşmasına təkan verəcək.

Məlumat verilib ki, Forumda 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 50-yə yaxın ölkədən nazir, nazir müavinləri, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının təmsilçiləri, ümumilikdə beş qitədən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak edəcək. Onlar Forum günlərində Azərbaycanı daha yaxından tanımaq imkanına da malik olacaqlar.

Azərbaycanın böyük tarixi keçmişə malik olduğunu söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasseri belə bir tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu forumun ciddi mövzusu var və dünyanı sülhə, əmin-amanlığa səsləyən belə bir möhtəşəm tədbirin təşkili olduqca təqdirəlayiqdir: “Bu tədbirin mövzusu insanlar arasında təhlükəsizliyin, anlaşmanın yaranmasına xidmət edir. Biz belə təşəbbüsləri daha da genişləndirməliyik. Çalışmalıyıq ki, gənclər ekstremistradikal məfkurənin qurbanına çevrilməsinlər”.

UNESCO-nun Baş direktorunun sosialhumanitar elmlər üzrə müavini xanım Nada-əl Naşif bildirib ki, Azərbaycana ilk dəfədir səfər edir və belə bir tədbirdə iştirakından olduqca məmnundur. O deyib: “İki il əvvəl UNESCO ilə Azərbaycan arasında Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Bakı Forumu UNESCO üçün çox mühüm bir platformadır”.

Ümumdünya Turizm Təşkilatının turizmsülh üzrə baş katibinin müavini Əbdül Qafar isə bildirib ki, turizm sektorunun belə bir mühüm tədbirdə ayrıca təmsil olunması çox mühüm faktdır. İnsanlar arasında dialoqun formalaşmasında bu sektorun ayrıca payı var: “İl ərzində dünya üzrə 1,5 milyard insan səyahət edir. Təbii ki, yeni yerlərinin açılmasında, ölkələrin iqtisadiyyatının inkişafında bu səyahətlər çox böyük önəm daşıyır. İstəyirik ki, turizm insanların yaşam səviyyəsinə daha böyük töhfə versin” – deyə Ə.Qafar vurğulayıb.

Builki Forumun kifayət qədər maraqlı və zəngin proqramı olduğunu söyləyən Birləşmiş Krallığın Coventri Universitetinin inam, sülhsosial əlaqələr mərkəzinin icraçı direktoru Mike Hardy qeyd edib ki, forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar keçiriləcək.

Sonda mətbuat konfransının iştirakçıları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

 

Azərbaycan.-2015.- 19 may.- S. 12.