Milli-mənəvi dəyərlər: ənənə və müasirlik

 

Dünyanın bütün canlıları kimi, insan da bioloji varlıq olaraq doğulur. Amma şüur tezliklə onun sosial həyatını müəyyənləşdirir. İnsan cəmiyyətlə qarşılıqlı əlaqəyə girir və normal fərdin formalaşması bu əlaqələr sayəsində mümkün olur. İnsan mənəviyyatında genetik əsaslar müəyyən rol oynasa da, fərdlərin mənəvi dünyası daha çox sosial-mənəvi mühitin təsiri altında formalaşır. Cəmiyyətin ümumi ruhu, insanın yetişdiyi mühitin xarakteri burada mühüm rol oynayır. Xalqın milli-mənəvi dəyərlərinin, mədəni sərvətlərinin insanın mənəvi tərbiyəsində çox əhəmiyyətli rolu var.

Dini inanclar da burada mühüm yer tutur. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil edib və insanlar tərəfindən doğru dərk edildiyi zaman bu dəyərlərin zəmanətçisinə çevrilib. Dünyanın ən kamil dinlərindən olan İslam da təkcə din kimi yayılmayıb, həm də əsrlərdir ki, istər Şərq, istərsə də Qərb mədəniyyətinə ideya-fəlsəfi təsir göstərən mənəvi qüvvə kimi aktual olub. Hələ ötən əsrin əvvəllərində Azərbaycan ictimai həyatında “Qərbə, yoxsa Şərqə doğru?” sualı gündəmə gələrkən milli ziyalılarımız gələcək inkişaf istiqaməti kimi türkçülük və müasirliklə yanaşı, islamçılıq prinsipini də tövsiyə edib.

İslami və digər milli-mənəvi dəyərlərimizə dövlətçilik mövqeyindən yanaşma Azərbaycan xalqının milli və dövlət ideologiyası olan azərbaycançılıq ideologiyasının da əsas şərtlərindən biri kimi qəbul edilib. Bu ideologiyanın müəllifi olan ulu öndər Heydər Əliyev deyib: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır. Və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Bu mənada ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik dövrü təkcə ölkənin siyasi, sosial-iqtisadi, mədəni böhrandan qurtuluşu, demokratik islahatların, hüquqi dövlət quruculuğu proseslərinin uğurla həyata keçirilməsi ilə xarakterik deyil. Cəmiyyətin milli-mənəvi dəyərlərimizə, o cümlədən islama münasibətinin sağlam əsaslarla formalaşdırılması da məhz bu dövrdə mümkün olub. Çünki 70 ildən çox hakim mövqedə olan və xalqların milli-mənəvi dəyərləri ilə bağlı da məhdud çərçivələr müəyyənləşdirən sovet ideologiyasının süqutundan sonra yaranan azadlıq mühiti bütün müsbət cəhətləri ilə yanaşı, bu sahədə müəyyən mənfi təzahürlərə də yol açırdı. Ulu öndər hakimiyyətə qayıdışından sonra bu meyilləri tədricən aradan götürməklə dini inancları, o cümlədən islamı insanlara bir əxlaq məktəbi kimi təlqin etdi. Heydər Əliyev hələ 1993-cü ildə deyirdi: “İslam Azərbaycan xalqının, Peyğəmbər əleyhissəlamın və islam aləminə mənsub olan bütün insanların ən ali əxlaq mənbəyidir”.

Zəngin dövlətçilik təcrübəsinə malik ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət, aşağıdakı prinsiplərə əsaslanmış oldu: 1) İslam Azərbaycan xalqının dini etiqadı olmaqla milli mənəviyyatının tərkib hissəsidir; 2) Din cəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi çıxış edir; 3) Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə ehtiyac vardır; 4) Dinlər və xalqlar arasında anlaşma və dialoq yeni beynəlxalq şəraitin əsas tələblərindən biridir.

Bu prinsiplərdə yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq Qərb sivilizasiyası ilə sıx təmaslara başlayan Azərbaycanın, eyni zamanda, islam dünyasının bir parçası olması amili, təbii ki, nəzərə alınmışdı. Heydər Əliyev gələcəyini sivil bir Avropa ölkəsi kimi qurmaqda qərarlı olan Azərbaycanla Şərq ölkələri, ələlxüsus ərəb və islam dünyası arasında çoxsahəli əlaqələr qurmaqla, bu əlaqələrə verdiyi töhfələrlə Azərbaycanın Qərb və Şərq arasında ortaq təmas məkanına çevrilməsindən ötrü ictimai-siyasi, elmi-mədəni və mənəvi zəmin formalaşdırdı.

Bütün bu addımlarla cəmiyyətimizdə dinin insanların ruhi ehtiyacı kimi qorunması, mənəvi dəyər qismində mühafizə olunması təmin edildi. Belə bir ali dəyərin bu gün dünyanın ayrı-ayrı ölkələrində islam dinini əldə bayrağa çevirib, islam pərdəsi altında müasir tarixin tükürpədici eybəcərliklərini nümayiş etdirən, xalqları, ölkələri, mədəniyyətləri üz-üzə qoyan siyasi qrupların əlindəki kimi, Azərbaycanda da alətə çevrilib gözdən salınmasına imkan verilmədi. Bu siyasət dini mənəvi saflıq, ruhi sağlamlıq məqamı kimi bütün ziyanlı ideologiyaların, siyasi məqsədlərin fövqünə ucaldır, onun tərbiyə etdiyi sağlam cəmiyyətlə dövlətçiliyimizin sütunlarını daha da sarsılmaz edir.

Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırılması, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması və digər bu kimi mühüm addımlar da aparılan bu məqsədyönlü siyasətin tərkib hissəsidir. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursunun ən önəmli istiqamətlərindən biri kimi bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə dövlət və din arasında anlaşmanın bütün dünya üçün parlaq bir örnəyinin yaradılması, Azərbaycanın dünya üçün dini tolerantlıq məkanına çevrilməsi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ən mühüm nailiyyətlərindəndir. Azərbaycan bu siyasəti təkcə ölkə hüdudlarında məhdudlaşdırmır. Azərbaycan özünün milli-mənəvi dəyərləri timsalında ümumilikdə Şərqin mütərəqqi dəyərlərinə sahib çıxır. Çünki bu dəyərlərin bir çoxunu müsəlman Şərqinə Azərbaycan xalqı və mütəfəkkirləri bəxş ediblər. Azərbaycan bu dəyərlərin qloballaşan dünyamızda düzgün, təhriflərdən uzaq, mahiyyəti üzrə təqdimatına çalışır. Bəşəriyyətin diqqətini bu dəyərlərdəki, o cümlədən islami dəyərlərdəki hikmət, mənəvi tərbiyə, əxlaq ümmanına cəlb edir. Əsl islamın hansı gözəlliklərə sahib olduğunu göstərməyə, bu müqəddəs dəyəri məqsədli qüvvələrin hücumlarından, təxribatlarından doğru bir yolla qorumağa can atır.

İslam dininə qarşı ədalətsiz hücumlara, islamofobiya meyillərinə bəzi kütləvi informasiya vasitələrində dinimizə qarşı böhtan kampaniyalarının aparılmasına böyük təəssüf hissi ilə yanaşan cənab İlham Əliyev bu cür xoşagəlməz hallara dərhal reaksiya verilməsini, islam dininin sülh, qardaşlıq, mərhəmət dini olmasının sübuta yetirilməsini dövlətimizin əsas missiyalarından sayır: “Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uzadılmalıdır, kömək göstərilməlidir. Bu, ümumbəşəri dəyərlərdir. Bu ümumbəşəri dəyərlərin hamısı islam dinində təmsil edilir. Yəni islam dini bütün gözəl ümumbəşəri dəyərləri ehtiva edir. Həqiqət bundan ibarətdir. Ancaq, əfsuslar olsun ki, islam dininə qarşı aparılan çirkin təbliğat kampaniyası hələ də davam edir. Biz həm bu yalan və böhtan üzərində qurulmuş kampaniyaları dağıtmalı, həm də öz təbliğat işimizi daha da güclü şəkildə aparmalıyıq, eyni zamanda bizim, yəni islam dünyasının birləşməsi bu kampaniyanı aparanlara ən gözəl cavab ola bilər”.

Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada tolerantlıq, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Ölkəmizin bu sahədə formalaşdırdığı zəngin ənənələr dünyanın ən nüfuzlu elmi mərkəzləri tərəfindən diqqətlə tədqiq edilir. Dünya bu qiymətli ənənələrdən bəhrələnməyə çalışır. Bütün bunlar xalqımızın mənəvi dəyərlərinin dünyada təbliğinin nəticəsidir. Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə əsl islami dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da böyük xidmətləri var.

Azərbaycan Prezidentinin siyasi iradəsi və dəstəyi, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə multikulturalizm ideyası müstəvisində aparılan müzakirələr, Bakıda təşkil edilən humanitar forumlar çərçivəsində dünyanın nüfuzlu alimləri arasında bu mövzuda baş verən beyin fırtınaları ortaya çıxan sualların aydınlaşdırılmasına, bəşəriyyət üçün daha nizamlı, sabit, qarşılıqlı hörmət ruhunun hakim olduğu dünyanın yaradılması amalına xidmət edir.

Bütün bunlar müasir dünyamız üçün son dərəcə aktual məsələlərdir. Yeni minilliyin özünəməxsus inkişaf meyilləri xalqları milli özünütəcrid, yoxsa qloballaşma dilemmasının yolayrıcında saxlamışdır. Qloballaşma davamlı inkişaf, innovasiyalar, elm, texnika, modern texnologiyalar, beynəlxalq aləmə inteqrasiya deməkdir. Amma qloballaşma prosesi bu üstünlükləri ilə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amilləri də təhdid edir. Bu amillərin olmadığı yerdə isə xalq öz ruhunu itirmiş olacaq. Eyni zamanda, milli kimlik zaman seli kimi bütün mədəniyyətləri ağuşuna alan qloballaşmanın hüdudsuz ənginlikləri içərisində hər bir xalqın özünüifadə nişanəsidir və ondan heç bir halda vaz keçmək mümkün deyil.

Bu ruhu qorumaq üçün milli özünütəcrid yolunun tutulması isə qloballaşmanın həyatımıza gətirdiyi inkişaf imkanlarından məhrum olmaq deməkdir. Ona görə də günümüzün əsas məsələsi bu iki istiqamət arasında seçim etmək deyil, onlar arasında optimal nisbətə nail olmaqdır. Bu, bir çoxlarına çətin görünsə də, əslində mümkündür.

Azərbaycanın görkəmli mütəfəkkirlərindən olan Əli bəy Hüseynzadə hələ ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyəti timsalında ümumən Şərq cəmiyyətinə üz tutaraq yazırdı: “Ey oxucu, biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşf və ixtiralarına müraciət etmək istəyirik, özlərinə yox... Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın”.

Məşhur “Sivilizasiyaların toqquşması” nəzəriyyəsinin müəllifi amerikalı alim Samuel Huntington da Qərbin mütərəqqi cəhətlərinin mənimsənilməsi müqabilində xalqların milli özünəməxsusluqlarını qoruya bilmələrini mümkün hesab edir: “Modernləşmə qərbliləşmə mənasına gəlməməlidir. Qərbli olmadan da modernləşmək mümkündür. Çox sayda qərbli olmayan ölkə Qərb dəyərlərini, qurumlarını və tətbiqatlarını mənimsəmədən modernləşə bilmişdir. Yaponiya bunlardan sadəcə biridir.”

Bundan ötrü isə nələri qorumağın zəruriliyi, hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyü müəyyənləşdirilməlidir. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mahiyyətində də məhz bu dayanır. Milli-mənəvi dəyərlərimizin təbliği üçün müəyyən edilən və bu dəyərləri həm qloballaşmanın cazibəsi işığında yetişən gəncliyimizə, həm də ümumən dünyaya sevdirən yeni təqdimat formalarının müəyyənləşməsi - məsələn, Heydər Əliyev Fondunun Azərbaycan muğamı ilə bağlı reallaşdırdığı tarixi layihələrin əlamətdar nəticələri bu siyasətin uğuruna xidmət edir. Azərbaycan milli musiqisinin, folklorunun, milli xalçaçılıq, rənğkarlıq irsimizin, mətbəximizin, Novruz ənənələrinin qorunması və bütün dünyada təbliği istiqamətində atılan hər addım bu siyasətin daha bir nailiyyətidir.

Qorunmalı dəyərlərimizlə yanaşı, qloballaşma dövründə yenidən nəzərdən keçirib zamanın ruhuna uyğun təshihlər etməli olduğumuz məsələlərə də diqqət yönəltmək lazım gəlir. Tarixi keçmişimizdən, əcdadlarımızın həyat tərzindən gələn hər ənənəyə dəyər kimi yanaşıb gələcək nəsillərə ötürmək düzgün deyildir. Bu gün insanların dini dəyər kimi yanaşıb dəqiqliklə riayət etməyə çalışdıqları elə stereotiplər var ki, İslam özü bu stereotiplərə qarşıdır, dinimiz cəmiyyəti bu cür stereotiplərdən uzaq olmağa çağırır. Mükəmməl bir dünyagörüşü, kamil bir həyat tərzi olaraq insanlara israfçılıqdan qaçmağı, dəbdəbəyə meyil etməməyi, qızlara da oğlan övladları kimi bərabər hüquqlarla yanaşmağı təlqin edən İslamın bu cür faydalı təlqinlərinə rəğmən insanların toy-yas mərasimlərində sırf təmtəraq xatirinə mənasız israflara yol vermələri, dəbdəbəyə meyillənmələri, yaxud bəzi bölgələrimizdə qızların təhsildən kənarlaşdırılaraq erkən ərə verilməsi və s. kimi xoşagəlməz hallar buna bir nümunədir. Qloballaşma dövründə biz bu cür ziyanlı adətləri həyatımızdan kənarlaşdırmalıyıq və bu istiqamətdə artıq sistemli bir fəaliyyətin başlandığı müşahidə edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yas mərasimlərinin nizama salınması ilə bağlı son dövrlər əhali arasında apardığı maarifləndirmə kampaniyaları, həyata keçirilən inzibati tədbirlər və bütün bunların müsbət nəticələri bu baxımdan təqdiredicidir.

Mənəvi sərvətlərimiz olan milli dəyərlərimizi göz bəbəyi kimi qoruyub gələcək nəsillərə çatdırmaqla yanaşı, onların çağdaş dünyamızın çağırışlarına uyğun inkişafı, müasirlik işığında nəzərdən keçirilərək ziyanlı ənənələrdən arınması isə zamanın cəmiyyət qarşısında müəyyənləşdirdiyi ümumi missiyadır. İnanırıq ki, Azərbaycan cəmiyyəti bu missiyanı uğurla yerinə yetirəcəkdir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 19 may.- S. 15.