“ÜNS” Yaradıcılıq Səhnəsində
ispan virtuozlarının konserti
olub
Paytaxtımızın
musiqi həvəskarları ispan folklor janrı olan flamenkoya həmişə
xüsusi maraq göstəriblər və bu rəqsi ifa edən
ispan artistlərinin məharətlərindən, o cümlədən
“ÜNS” yaradıcılıq səhnəsində
çıxış edənlərin sənətkarlığından
dəfələrlə zövq alıblar. Ölkəmizə
müxtəlif heyətlər, yəni həm məşhur, həm
də az tanınan kollektivlər gəlib. Lakin vurğulamaq
lazımdır ki, dəvət olunmuş artistlər hər
zaman səhnədəki coşqun, eyni zamanda mükəmməl
çıxışları ilə
tamaşaçıları valeh ediblər. Xatırladaq ki, hələ
2007-ci ildə “ÜNS” teatrının səhnəsində
keçirilmiş “Dünya etnik musiqisi” adlı konsertdə Azərbaycan,
Macarıstan, Norveç, Portuqaliya, Qazaxıstan və Latın
Amerikası ölkələri ilə yanaşı, ispan
musiqiçiləri də böyük uğurla
çıxış ediblər. Həmin konsertdə
İspaniyanı məşhur musiqiçilər Fernandes Daniel,
Duran Qil David, habelə rəqqasə Yelena Qabezas təmsil
etmişdi.
AZƏRTAC
xəbər verir ki, “ÜNS” Yaradıcılıq Səhnəsi
mayın 17-də tamaşaçılara növbəti dəfə
ispan flamenkosunun unudulmaz axşamını təqdim edib.
Konsertdən
əvvəl çıxış edən İspaniya
Krallığının ölkəmizdəki müvəqqəti
işlər vəkili Xose Luis Diez Xuarez yüksək səviyyəli
mədəniyyət ocağı olan nüfuzlu “ÜNS”
teatrında “La Pinona” qrupunun çıxış etməsinə
imkan yaradıldığına görə professor Nərgiz
Paşayevaya dərin minnətdarlığını bildirib.
Xose Luis Diez Xuarez deyib: “Ötən ilin may ayında biz
Bakıda İspaniya səfliyinin ofisini açdıq. Bu
gün - həmin vaxtdan düz bir il sonra ispan mədəniyyətinin
bir parçası hesab edilən flamenko rəqsini təqdim
edirik. “La Pinona” qrupunun “Həyat, bədən və torpaq”
adlı flamenko şousu insanın tarixi
başlanğıcından bəri bir-biri ilə münasibətlərini
üç müxtəlif formada təhlil edir və
davranışlarımızın digər insanlar üzərində
təsirə malik olduğunu göstərir. “La Pinona”nın
sözləri ilə desək, biz həyatımız boyu mənimsədiyimiz
və əcdadlarımızın bizə miras qoyduğu təcrübələrin
birləşməsiyik. Biz köklərin və izlərin
qarışığıyıq. Bütün bu təcrübələr
həyatımızı hərəkətə gətirən
sevgi və laqeydlik, destruktiv və ehtiraslı münasibətlərimizə
əsaslanır”.
Təqdim
ediləcək şoudan tamaşaçıların zövq
alacağına ümidvar olduğunu deyən müvəqqəti
işlər vəkili vurğulayıb ki, mədəni əlaqələri
möhkəmləndirməkdə ispan və Azərbaycan
xalqlarının maraqları qarşılıqlıdır. Azərbaycan
və İspaniya Avropanın iki müxtəlif tərəflərində
yerləşir. İspaniya Şimali Afrika və Amerikaya, Azərbaycan
isə Asiyaya açılan körpü rolunu oynayır. Hər
iki ölkə müxtəlif sivilizasiyaları birləşdirir,
mədəni müxtəlifliyə hörmətlə
yanaşır və tolerantlıq nümayiş etdirir.
Bakının
Üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi etdiyini deyən Xose Luis Diez Xuarez bu
nüfuzlu tədbirin təşkilatçıları
sırasında Azərbaycan hökuməti, UNESCO ilə
yanaşı, BMT-nin Sivilizasiyalar Alyansının da olduğunu
qeyd edərək, İspaniya və Türkiyə tərəfindən
birgə əsası qoyulan bu Alyansın növbəti
sammitinin Bakıda keçiriləcəyini bildirib.
Sonra səhnə
ispan virtuozlarının
ixtiyarına verilib.
Qeyd edək
ki, flamenko janrı sadəcə xalq rəqsi deyil. Bu, hər bir ispan üçün
söhbətin dərin
fəlsəfəsi, hisslərin,
münasibətlərin ötürülməsi
və hətta rəqs vasitəsilə kiçik hekayənin ifadə olunmasıdır.
Lüçiya Alvares və “La Pinona”, şübhəsiz ki, ispan janrının
virtuozlarıdır. Onlar əsrlər
boyunca formalaşmış
ispan mədəniyyətini
qoruyub saxlayan ustad sənətkarlar olduqlarını tamaşaçıya
artıq sübut ediblər.
On yaşından flamenko
ilə məşğul
olan Lüçiya məşhur sənətkarlardan
dərs alıb. O, hələ
17 yaşında “Round Aniya
Gypsy” (2007) müsabiqəsində çıxış edərək
ilk mükafatını qazanıb.
Lüçiya Alvares,
həmçinin Flomansk
Gənclər Flamenko Federasiyasının 2009-cu ildə
Sevilyada keçirilmiş
müsabiqəsində, 2011-ci ildə isə “Desplente del Conte de les Mines” müsabiqəsində iştirak
edib və sonuncunun ən yüksək mükafatına
layiq görülüb.
“La Pinona” qrupunun çıxışı İspaniyanın
ölkəmizdəki səfirliyinin
dəstəyi ilə keçirilən mədəniyyət
günləri çərçivəsində
təşkil olunub.
Azərbaycan.-2015.-
19 may.- S. 16.