Bakıda VIII Beynəlxalq Mstislav
Rostropoviç Festivalının
açılışı olub
Mayın
17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında VIII Beynəlxalq Mstislav Rostropoviç
Festivalının açılışı olub. Festival Heydər
Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil
edilib.
AZƏRTAC
xəbər verir ki, mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev festival
iştirakçılarını səmimiyyətlə
salamlayaraq deyib: “Bu gün Bakıda səkkizinci dəfə
Mstislav Rostropoviç Festivalı açılır. Biz
böyük maestro ilə həmişə qürur duyuruq. O,
Azərbaycan üçün çox işlər
görüb, musiqimizi təbliğ edib, müxtəlif layihələr
həyata keçirib. O, Heydər Əliyev ilə möhkəm
dost idi”.
Mstislav
Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri
Olqa Rostropoviç atası haqqında xoş sözlərə
görə təşəkkür edərək deyib: “Mən hər
dəfə gözəl Bakı şəhərinə gələndə
sevinirəm. Atam Bakını öz Vətəni
adlandırırdı. Dünyada Rostropoviç festivalları
çoxdur. Lakin ən birinci festival burada, onun Vətənində
keçirilib. Mənə dəstək göstərdiklərinə
görə Azərbaycan Prezidenti İlham Əliyevə və
birinci xanım Mehriban Əliyevaya həmişə minnətdar
olacağam”.
Sonra Olqa Rostropoviç festivalı
açıq elan etdi.
Festival Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Karl Orfun “Karmina Burana” kantatası ilə açılıb. Rauf Abdullayev
isə dirijorluq edib.
2007-ci ildən keçirilən
festivalda bir çox tanınmış
musiqiçilər və
yaradıcı kollektivlər
iştirak edirlər. Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri,
İqor Butman kvarteti, violonçelçalan
Arseni Çubaçin,
habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər Azərbaycan Dövlət Filarmoniyasının,
Heydər Əliyev Sarayının səhnələrində,
Kamera və Orqan Musiqisi Zalında, Milli İncəsənət Muzeyində
çıxış edəcəklər.
Festival çərçivəsində
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı
Mərkəzinin solistlərinin
ifasında italyan bəstəkarı R.Leonkavallonun
“Payatsı” operası
oynanılacaq.
Festival mayın 24-dək davam edəcək.
Azərbaycan.-2015.- 19 may.- S. 16.