“Bakı-2015” Azərbaycanın dünyadakı nüfuzlu mövqeyini ifadə edir

 

I Avropa Oyunlarına 23 gün qaldı

 

Xəzərin sahilində böyük amfiteatrı xatırladan əzəmətli paytaxtımız - Bakı şəhəri ilə hər bir azərbaycanlı qürur duyur, iftixar hissi keçirir. Bu gün hər bir azərbaycanlıda məmnunluq doğuran milli eksteryerə malik tikililər, sosial infrastruktur obyektləri, mədəniyyət abidələri paytaxtımızda olan əcnəbi qonaqları da heyrətləndirir. Bakıya daxilən bağlı olan, onu milli kimliyimizin və varlığımızın rəmzi kimi sevən Prezident  İlham Əliyev ötən 12 ildə şəhərin milli üslubda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün əlindən gələni əsirgəmir.

Azərbaycanın Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.

Ötən 12 ildə ölkəmizin dünyadakı mövqeləri xeyli güclənmişdir. Bir çox beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Ötən müddətdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun, II Qlobal Açıq Cəmiyyətlər Forumunun, ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının, Milli Məclis və NATO Parlament Assambleyasının (PA) təşkilatçılığı ilə “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda Rouz-Rout seminarının və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.

Bu günlərdə III Qlobal Bakı Forumunun keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirdi. Dünyanın 60-dan çox ölkəsindən  yüksək səviyyəli dövlət xadimlərinin iştirak etdiyi III Qlobal Bakı Forumu Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Bakıda səfərdə olan dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlərin dünyanı narahat edən qlobal problemləri paytaxtımızda müzakirə etmələri çox mühüm hadisə oldu. Şübhəsiz ki, forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verəcəklər.

Son illər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakıda ilk Avropa Oyunlarının keçirilməsi barədə qərarın qəbul edilməsi də ölkəmizə verilən önəmin bariz nümunəsidir. İlk Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları keçiriləcək. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla, cəmi 20 idman növü təmsil olunacaq.

Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi də böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda baş tutması, əlbəttə, böyük nailiyyət, bizim böyük uğurumuzdur. Bu tarixi qərarın qəbul edilməsində, əlbəttə, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır.

Avropa Oyunlarının keçirilməsinə qısa vaxt qalıb. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan “Atəşgah”dan başlayaraq məşəl 47 gün ərzində Azərbaycanın hər bir guşəsini dolaşaraq Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq. Kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və güləş daxil olmaqla, 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiadasına təsnifat imkanları veriləcək. Şübhəsiz ki, bu möhtəşəm idman tədbirinə qatılan idmançılar və ölkəmizə gələn xarici qonaqlar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycanın dünyaya bir daha tanıdılması baxımdan Birinci Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür.

Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində I Avropa Oyunlarının yüksək səviyyədə baş tutmasına lazımi şərait yaradılmışdır. Artıq Birinci Avropa Oyunlarına hazırlıq işləri son mərhələdədir. Oyunların Təşkilat Komitəsi Avropa Olimpiya Komitəsinin (AOK) dəstəyi ilə qısa müddətdə - cəmi 30 ay ərzində nəzərdə tutulan bütün tədbirləri yüksək səviyyədə başa çatdırmaq üzrədir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin “Bakı-2015” I Avropa Oyunları ilə bağlı açıqlaması bunu bir daha təsdiq edir: “Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. “Bakı-2015” I Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və növbəti ev sahibi olacaq ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.

2017-ci ildə İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də Azərbaycanın dünyadakı nüfuzlu mövqeyini ifadə edir. Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıdıb. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar, idman və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında dinamik inkişaf edən ölkə kimi qəbul edilir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 20 may.- S. 1;4.