Avropa Azərbaycana gəlir

 

Gələn ay Bakı idman büsatı yaşayacaq. Paytaxtımız qonaqlı-qaralı olacaq. Avropa tarixində ilk dəfə olaraq qitə Oyunları burada keçiriləcək. Gələn ayın 12-dən 28-dək davam edəcək idman tədbirində 49 ölkə təmsil olunacaq. I Avropa Oyunlarının proqramına  16-sı olimpiya, 4-ü qeyri-olimpiya olmaqla 20 idman növü daxil edilmişdir. Qitə idmançıları 253 medal uğrunda mübarizə aparacaqlar. Eyni zamanda Avropa Oyunları  kamandan oxatma, atletika, çimərlik voleybolu, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş daxil olmaqla 12 idman növü üzrə iştirakçılara gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək yay olimpiadasına lisenziya almaq imkanı verəcək.

Avropa Oyunları Asiya Oyunları, Panamerika Oyunları, Ümumafrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə Oyunlarıdır. Yəni 2015-ci ildən etibarən hər bir qitənin olimpiya ənənələrinə uyğun Oyunları olacaq. Bu o deməkdir ki, Avropa idmanının tarixində yeni bir səhifə yazılacaq, həmin səhifənin müəllifi isə qitənin ən böyük idman tədbirini ilk dəfə təşkil edən Azərbaycan olacaqdır.

Beləliklə, Bakının üzərinə həm şərəfli vəzifə,  həm də böyük məsuliyyət düşür. Təbii ki, ölkə rəhbərliyi Avropa Oyunlarını qəbul etmək təşəbbüsünü irəli sürərkən və 2012-ci il  dekabrın 8-də Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında I Avropa Oyunlarının ev sahibi müəyyən edilərkən bu məsuliyyətinin ciddiliyini dərk edirdi. Tamamilə aydın idi ki, Oyunların təşkili Azərbaycanın beynəlxalq aləmdə imici ilə birbaşa bağlıdır. Belə bir irimiqyaslı tədbirin tələb olunan səviyyədə hazırlanması ölkənin dünya ictimaiyyətinin nəzərində  tərəfdaş kimi etibarını möhkəmlətmək üçün növbəti imkan idi. Odur ki,  rəsmi Bakı Oyunların ev sahibinin adı açıqlandıqdan dərhal sonra hazırlıq prosesinə srart verdi. Özü də hazırlıq işləri üçün cəmi 2,5 il vaxt  vardı, halbuki böyük idman tədbirlərini hazırlamaq üçün daha çox vaxt verilir.  Məsələn, yay olimpiya oyunlarına hazırlıq prosesi 6-7 il  davam edir.

Bununla belə, Azərbaycan rəhbərliyi əvvəldən əmin idi ki, ilk qitə Oyunlarını ən yüksək səviyyədə təşkil etməyə qadirdir.  Belə ki, ölkəmiz mötəbər beynəlxalq tədbirlərin, o cümlədən qitə və dünya əhəmiyyətli idman turnirlərinin keçirilməsində kifayət qədər təcrübə toplamışdı. Bu turnirlərin təşkili həm Avropa və beynəlxalq idman təşkilatları, həm də əcnəbi idmançılar tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Üstəlik, son illər  ölkədə yetərli idman infrastrukturu yaradılmışdır ki, bu da müxtəlif idman növləri üzrə yarışlar keçirməyə imkan verir.

Avropa idman ailəsi də Azərbaycanın belə bir mühüm işin öhdəsindən gələcəyinə şübhə etmirdi. Bu da səbəbsiz deyildi. Çünki Avropa üç il əvvəl - 2012-ci ildə Bakıda başqa bir irimiqyaslı tədbirin - “Eurovision” Mahnı Müsabiqəsinin hansı səviyyədə təşkil edildiyini görmüşdü. Bu həm də Avropanın Azərbaycana ilk böyük gəlişi idi.

Qitənin ən böyük musiqi tədbirinin Bakıda təşkili milli musiqi ifaçılığımızın bir il əvvəl qazandığı zəfərlə şərtlənmişdi. Almaniyanın Düsseldorf şəhərində Avropanın 43 ölkəsinin nümayəndələrinin iştirakı ilə “Eurovision-2011” müsabiqəsi Azərbaycanı təmsil edən Eldar Qasımov-Nigar Camal duetinin möhtəşəm qələbəsi ilə yadda qaldı.  Espit Arenada musiqi yarışının final konsertini 24 min tamaşaçı canlı, yüz milyonlarla tamaşaçı isə televiziya ekranından və internetdən izlədi. Musiqisevərlər Eldarla Nigarın, həm də Azərbaycanın böyük uğurunu alqışladılar. Azərbaycan Avropa musiqi aləminin ən nüfuzlu mahnı müsabiqəsinə dördüncü dəfə qatılır və həmişə yüksək yerlər tuturdu. Dördüncü cəhddə isə musiqimiz artıq zirvədə idi.  Vətənimiz dillərə düşdü. ABŞ-dan tutmuş Çinə, Yaponiyayadək bütün dünyanın aparıcı kütləvi informasıya vasitələri bu qələbədən bəhs edir, onu gənc müstəqil dövlət üçün qürurdoğuran fakt kimi vurğulayırdı.

Qaydalara uyğun olaraq, növbəti mahnı müsabiqəsi  bir il sonra qalibin vətənində keçirilməlidir. Yəni Bakı 57-ci “Eurovision” müsabiqəsini təşkil etmək hüququnu hansısa qitə təşkilatında səsvermə nəticəsində yox, musiqiçilərinin məharəti sayəsində  özü qazanmışdı.

Beləliklə, Azərbaycan musiqinin “çağırış”ı ilə Avropanı Bakıya dəvət etdi;  “Eurovision-2012” paytaxtımızda keçiriləcəkdi.  Bir il ərzində tədbirə hazırlıq işləri görüldü, qonaqları qəbul etmək üçün lazımi şərait yaradıldı, müsabiqə iştirakçılarının yarışacağı “Bakı Kristal Zalı” inşa olundu. Təşkilati tədbirlər yüksək səviyyədə həyata keçirildi və təqdirlə qarşılandı.

Öz məşəlini alovlandır” şüarı altında keçirilən “Eurovision-2012” misli görünməmiş şou idi. Müsabiqənin davam etdiyi günlərdə Avropa musiqisevərlərinin ürəyi Bakı ilə döyünürdü. Paytaxta axışıb gəlmiş minlərlə əcnəbi turist, KİV təmsilçiləri Bakının gözəlliyinə, yurdumuzun əsrarəngiz təbiətinə heyran qaldılar, xalqımızın zəngin mədəni sərvəti, adət-ənənələri ilə yaxından tanış oldular. Mahnı müsabiqəsi həmçinin  müstəqil Azərbaycanın qısa müddət  ərzində cəmiyyət  həyatının müxtəlif sahələrində əldə etdiyi nailiyyətləri, malik olduğu iqtisadi potensialı bütün dünyaya nümayiş etdirməyə, eləcə də qarşılaşdığımız haqsızlıqları, xüsusilə erməni təcavüzünün ağır nəticələrini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa imkan verdi.

“Eurovision-2012”nin iştirakçıları Avropa musiqisinin Bakı görüşündən, Azərbaycan xalqı ilə yaxın təmasdan məmnun qaldılar. İspaniya təmsilçisi Pastora Soler deyirdi: “Mən Azərbaycanı, onun insanlarını sevməyəcək, Bakı gecələrinə heyran qalmayacaq insan təsəvvür edə bilmirəm. Burada olduğum iki həftə ərzində gördüyüm qonaqpərvərlik və mehriban münasibəti, gülərüz insanları daim xatırlayacağam”. Başqa bir avropalı musiqiçinin - alman Roman Lobun rəyi isə belə idi: “Bu gözəl diyarda olduğum müddətdə Azərbaycan haqqında məndə çox böyük təəssürat yarandı. Həm şəhəriniz, həm də buranın sakinləri çox gözəldirlər. Bakı təmiz və gözəl şəhərdir. Mən Bakını çox sevdim. “Eurovision-2012” Mahnı Müsabiqəsində qalib olmasam da, buradan çox böyük təəssüratlarla ayrılıram. Çünki indiyədək heç bir yerdə rastlaşmadığım insanlarla, görmədiyim bir məkanla, Bakı kimi bir şəhərlə tanış oldum. Bu, “Eurovision-2012” mahnı müsabiqəsinin mənə bağışladığı hədiyyədir”.

Bu, əslində, müsabiqə iştirakçılarının, Bakının digər qonaqlarının yekdil fikri idi.  “Eurovision-2012” Azərbaycanı dünyaya belə tanıtdı.

İndi Azərbaycan Avropa ilə ikinci, daha böyük görüş ərəfəsindədir. Bu dəfə Bakının qonaqları qitə idmançıları olacaq. Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunları iştirakçı ölkələrin 6200 idmançısını bir araya gətirəcək. İdman tədbirini işıqlandırmaq üçün dünya mediası Odlar Yurduna çoxsaylı “desant  çıxarmağa hazırlaşır. Üstəlik, minlərlə əcnəbi turist yarışları canlı izləmək imkanı əldə edəcək, eyni zamanda Azərbaycan həqiqətlərinin şahidi olacaqlar.

Oyunların Təşkilat Komitəsi Avropa Olimpiya Komitələri ilə sıx əməkdaşlıq şəraitində iki il yarımdır ki, böyük idman tədbirini tələb olunan səviyyədə hazırlamaq üçün səylərini əsirgəməmişdir. Yuxarıda qeyd edildiyi kimi, vaxt az olsa da, görülən işin səmərəsi yüksəkdir. Artıq Bakı ilk Avropa Oyunlarına, demək olar ki, hazırdır. Mövcud olan idman obyektləri müasir standartlara uyğun şəkildə yenidən quruldu, təzələri tikildi. Nəticə etibarilə ölkədə  tamamilə müasir idman infrastrukturu yaradıldı.

Təqdirəlayiq haldır ki, son illər beynəlxalq  tədbirlər üçün inşa edilən tikililər çoxfunksiyalılığı ilə seçilir. Məsələn, xüsusi olaraq “Eurovision-2012”  Mahnı Müsabiqəsi üçün inşa olunmuşKristal Zalo vaxtdan bəri müxtəlif əyləncə, biznesidman tədbirlərinə ev sahibliyi edir. 2012-ci il sentyabrın 23-də dünya estradasının ulduzu Cenifer Lopez konsert proqramı ilə “Kristal Zalin səhnəsinə çıxdı. 2013-2014-cü illər mövsümündə “Krsital Zal” CEV Qadınlar Çempionlar Liqasının “dördlər finalı”na ev sahibliyi etdi. I Avropa Oyunlarında daKristal Zal”ın qapıları idmansevərlərin üzünə açıq olacaq: idman-konsert kompleksinin arenası  üç hissəyə bölünərək voleybol, qılıncoynatma, karate, bokstaekvondo yarışlarını qəbul edəcək.

İlk Avropa Oyunlarının başlaması ilə  ölkənin baş idman obyekti - 68 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu ilk “addım”ını atacaq: Oyunların açılış, axırda isə bağlanış mərasimləri burada keçiriləcək. Üstəlik, yüngül atletika yarışları olimpiya stadionunda təşkil olunacaq. Əslində olimpiya stadionu xüsusi olaraq Avropa Oyunları üçün inşa olunmamışdır. Amma elə gətirdi ki, idman ictimaiyyəti Azərbaycanın və Avropanın yeni möhtəşəm futbol arenası ilə əlamətdar gündə - ilk qitə Oyunlarının açılışında tanış olacaq. Elə indidən məlumdur ki, olimpiya stadionunda bundan sonra da mühüm matçlar keçiriləcək. O cümlədən arena futbol üzrə 2020-ci il Avropa çempionatının dörd oyununu qəbul edəcək.

...İrimiqyaslı idman tədbiri ölkələri və insanları dostluq şəraitində bir araya gətirir. Qarşıdan gələn növbəti görüşü - I Avropa Oyunlarını təşkil edən Bakı həm də bir-birini tanımayan insanlar arasında ünsiyyətin qurulacağı məkan olacaq.  Tədbirin həm ev sahibi, həm də iştirakçıları idman mübarizəsi ilə bərabər yeni dostluq tellərinin yaranacağı günləri səbirsizliklə gözləyirlər.

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2015.- 20 may.-  S.3.