I Avropa Oyunları
yalnız mötəbər idman tədbiri
deyil
Özünəməxsus milli inkişaf modeli ilə qlobal maliyyə böhranı şəraitində sabit inkişaf tempini qoruyub saxlayan Azərbaycan bu gün təkcə iqtisadi deyil, həm də zəngin milli-mənəvi, intellektual potensialı ilə dünyanın diqqət mərkəzindədir. Bu diqqət həm də son illərdə rəsmi Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın təşəbbüskarlığı ilə burada təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun “diplomatik paytaxtı”na çevirib. Hələ 3 il əvvəl “Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan hazırda mötəbər idman tədbirinə - “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlığın yekun mərhələsindədir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Avropa Olimpiya Komitəsinin Baş Assambleyası 2012-ci il dekabrın 10-da tarixdə ilk Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsinə qərar verib. O zaman bəlkə də bu qərar Avropada kimlərəsə gözlənilməz, təəccüblü görünə bilərdi. İnkişaf etməkdə olan bir ölkənin böyük maliyyə, müasir idman infrastrukturu tələb edən belə qlobal, nüfuzlu və ən əsası, ilk idman tədbirini keçirmək imkanında olub-olmaması sualı da haradasa başadüşülən idi.
1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən, cəmi 24 il müddətində onilliklərə bərabər inkişaf yolunu inamla keçən Azərbaycan özünün böyük uğurları ilə tərəddüdlərə heç bir yer qoymayıb. Geridə qalan illər tarix baxımından böyük olmasa da, Avropanın “Şərq qapısı” sayılan Azərbaycanın xaosdan sabitliyə, tənəzzüldən inkişafa, səfalətdən rifaha keçidinin ümumi mənzərəsini əks etdirir. Son 11 ildə respublikamızın iqtisadi inkişafının daha dinamik xarakter alması isə Azərbaycanın malik olduğu neft-qaz ehtiyatlarından məqsədyönlü və səmərəli istifadə amilinə əsaslanır. Qlobal maliyyə böhranının yeni dalğası region ölkələrini sarsıtsa da, indi Qərb analitiklərinin Azərbaycan iqtisadiyyatının guya sırf neft-qaz gəlirləri üzərində qurulması, nə vaxtsa “Holland sindromu” ilə üzləşə biləcəyi barədə əsassız, pessimist proqnozlarına rast gəlinmir. Bəli, Azərbaycan Şərqin neft və qazla zəngin bəzi dövlətlərindən fərqli olaraq nəinki iqtisadiyyatının şaxələndirilməsinə nail olub, eyni zamanda, zəngin resursların gətirdiyi dividendləri davamlı iqtisadi inkişaf, sabitlik və demokratikləşmə istiqamətində yönəldə bilib. Demokratikləşməni milli inkişafın hədəfi kimi seçən, Avropa Şurasının tamhüquqlu üzvü olan, Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrini genişləndirən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycan sivil Qərb dəyərlərinə sadiqliyini əməli surətdə təsdiqləyib.
Prezident İlham Əliyev Azərbaycan üçün yeni hədəf müəyyənləşdirib: 2020-ci ilədək ölkədə adambaşına düşən ümumi daxili məhsulun səviyyəsi inkişaf etmiş ölkələrin səviyyəsinə çatmalıdır. Ölkənin hazırkı resursları bu hədəfin tam realizəsinə ciddi imkanlar yaradır. Dövlət başçısının Asiya İnkişaf Bankının Direktorlar Şurasının 48-ci iclasında qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı son 10 ildə 3 dəfə artıb. Hazırda Azərbaycanda adambaşına düşən ÜDM 6000 dollar təşkil edir. 2020-ci ilədək iqtisadiyyatın ən azı 2 dəfə artması hədəflənir və bu da Azərbaycanın inkişaf etmiş Qərb dövlətləri ilə bir sırada dayanmasına imkan verəcək. Ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 5 faizə düşüb, işsizlik Avropa ölkələrində olduğundan xeyli aşağıdır - cəmi 5 faiz! Azərbaycan bütün bunlarla yanaşı, qlobal dünya böhranının mənfi təsirlərindən sığortalanan ölkələrdəndir.
Ümumiyyətlə, neft-qaz gəlirlərindən səmərəli istifadə nəticəsində ölkənin dövlət büdcəsi 2003-cü ildəki 1,3 milyard dollardan 2015-cü ildə 20 milyard manatdan artıq bir məbləğə yüksəlib. Azərbaycan hazırda 50 milyard dollardan artıq məbləğdə strateji valyuta ehtiyatlarına malikdir. Respublikanın xarici borcu onun strateji valyuta ehtiyatlarından 10 dəfə azdır.
I Avropa Oyunlarının Bakıda keçirilməsinin ikinci mühüm səbəbi respublikamızın regionda lokomotiv dövlət rolunda çıxış etməsi, habelə Avropanın əsas enerji təchizatçılarından birinə çevrilməsi ilə izah olunmalıdır. Azərbaycan bu gün bütün regional məsələlərdə əsas tərəfdaşlardan biridir: regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilmir. Məhz buna görə də dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər bu Cənubi Qafqaz ölkəsində möhkəmlənmək üçün fürsət axtarırlar. Rəsmi Bakı müstəqil, heç kimdən asılı olmayan siyasət yürütməkdə qərarlıdır.
Bir sıra Avropa ölkələri keyfiyyətli Bakı neftini və qazını almağa böyük maraq göstərirlər. Azərbaycanla Avropa Birliyi arasında 2011-ci ildə imzalanmış enerji sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum bu məkanın enerji təhlükəsizliyi probleminin həlli baxımından vacib əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin inamla davam etdirdiyi enerji diplomatiyası Azərbaycanın beynəlxalq miqyasda söz sahibinə, milli maraqları baxımından öz şərtlərini diktə edən ölkəyə çevrilməsini təmin edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Supsa neft və qaz kəmərlərini istifadəyə verən, “Cənub” Qaz Dəhlizi layihəsinin mühüm seqmentləri olan TANAP, TAP kimi qlobal layihələrin reallaşmasına nail olan Azərbaycan son illər dünya enerji siyasətində əsas tərəflərdən biri kimi iştirakını genişləndirib, geosiyasi gücünü artıraraq enerji bazarında əhəmiyyətli tərəfdaş kimi diqqəti cəlb etməyə başlayıb.
Şərqlə Qərbi qovuşduran Azərbaycan 2016-cı ildə daha bir strateji əhəmiyyətli layihəni başa çatdırmaq niyyətindədir: Azərbaycanın səyi ilə inşa edilən, Türkiyə və Gürcüstan tərəfindən də dəstəklənən Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il istifadəyə verilməlidir. Bu layihə təkcə region ölkələrinin deyil, ümumilikdə Avropanın da marağındadır. Bu dəmir yolu xətti istifadəyə verildikdən sonra Avropa Birliyi ölkələrindən Azərbaycana və digər Şərq ölkələrinə qatarla səfər etmək mümkün olacaq.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin digər mühüm səbəbi Azərbaycanın insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətlərlə şərtlənir. Son vaxtlar Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatmışdır ki, indi sadəcə Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamırıq. Ölkəmiz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla multikulturalizm məkanına çevrilmişdir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyil.
Ölkədə etnik-milli və dini tolerantlığın inkişafında, habelə mötəbər beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da xidmətləri müstəsnadır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fonda əzmlə rəhbərlik edən Mehriban xanım Əliyeva nəinki ölkədə, habelə xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Son illərdə fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Kafedral kilsəsi, Parisdə Versal sarayının parkındakı abidələr, İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabəsi bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən Hollandiya, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə bir sıra təhsil ocaqları müasirləşdirilib, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl layihələrə imza atılıb.
2012-ci ildə Azərbaycanın birinci xanımının sədri olduğu Təşkilat Komitəsi “Eurovision-2012”ni yüksək səviyyədə keçirməklə Azərbaycanın yüksək təşkilatçılığa, zəngin mədəniyyətə, tolerantlığa malik ölkə olduğunu sübut edib. Hələ 2011-ci ildə Azərbaycan təmsilçiləri Almaniyada keçirilən “Eurovision-2011”in qalibi olanda Avropada bəziləri kinayə ilə, bəziləri təəccüblə bildirirdilər ki, Bakı belə möhtəşəm musiqi müsabiqəsini necə keçirə bilər? Amma bu düşüncədə olanlar sonradan Bakının yüksək təşkilatçılığı, qonaqpərvərliyi, müasirliyi və gözəlliyi qarşısında yanıldıqlarını etiraf etməli oldular. Bir daha təsdiqləndi ki, Azərbaycan qətiyyən geridə qalmış müsəlman və ya Şərq ölkəsi deyil. Azərbaycanlılar müasir, qonaqpərvər, gülərüz olmaqla yanaşı, çox tolerantdırlar. Burada müxtəlif dini baxışların, ayrı-ayrı xalqların nümayəndələri dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində uzun illərdir ki, yaşayırlar.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin son illər idmanın və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüsət aldığı ölkə olması ilə bağlıdır. Birinci Avropa Oyunlarının ilk dəfə məhz Azərbaycanda keçirilməsi ölkəmizin həm də Şərqlə Qərb arasında mühüm mədəniyyət və tolerantlıq körpüsü olmasından irəli gəlir. Bu Oyunlar Azərbaycan xalqını dünyaya bir daha qonaqpərvər, mədəni, zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı, insanpərvər və tolerant xalq kimi tanıdacaq.
Belə sanballı idman tədbirinin Azərbaycana həvalə edilməsi həm də onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda tərəqqi dövrünü yaşayır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Bu tədbirlərin yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən həmişə qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə etdikləri yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müasir idman infrastrukturunun mövcudluğu da ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə zəmin yaradan səbəblər sırasındadır. Təkcə onu demək kifayətdir ki, son 10 ildə Azərbaycanda 40-a yaxın müasir Olimpiya mərkəzi tikilərək istifadəyə verilib. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ideyasını dəstəkləyərkən Bakının müasir infrastruktura malik meqapolis olduğunu xüsusi qeyd etmişdi.
Ümumilikdə Azərbaycan son illərdə dünya miqyaslı bir sıra idman yarışlarını uğurla təşkil edərək beynəlxalq və Avropa Olimpiya komitələrinin etimadını qazana bilib. Bunun nəticəsidir ki, iyunun 12-dən 28-dək bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. 20 idman növü üzrə 6 mindən çox idmançının iştirak edəcəyi mötəbər idman yarışı Azərbaycanın iqtisadi, siyasi gücünü, mənəvi-fiziki potensialını bütün dünyaya nümayiş etdirəcək. Respublikamız Avropada və dünyada öz mövqeyini daha da gücləndirəcək, nüfuzunu artıracaq. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, I Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından heç də geri qalmayacaq.
Oyunlara hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı bu dəfə də özünü qabarıq göstərir. İlk Avropa Oyunlarına hazırlıq işləri yüksək keyfiyyətlə və məsuliyyətlə aparılır. Ölkənin idman federasiyalarında yarışlara hazırlıq prosesi davam etdirilir. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili, yaddaqalan və möhtəşəm olması üçün Təşkilat Komitəsi tərəfindən zəruri tədbirlər görülür.
Məlumdur ki, 2015-ci il aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi: paytaxtımızda I Avropa Oyunlarının məşəli alovlandırıldı. Həmin gün ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixiləşdi. Birinci Avropa Oyunlarının Prezident İlham Əliyev tərəfindən “Atəşgah”da alovlandırılan məşəl hazırda Azərbaycanın şəhər və rayonlarını gəzib-dolaşır, Oyunların açılış mərasimində isə Bakı Olimpiya Stadionuna gətiriləcək.
Şübhəsiz ki, bu yarışları uğurla təşkil etdikdən sonra Olimpiya Oyunlarını da Azərbaycanda keçirmək şansımız artacaq. Məlumdur ki, növbəti illərdə ölkəmizdə bir sıra mötəbər yarışlar, o cümlədən İslam Həmrəyliyi Oyunları təşkil ediləcək. Avropa Oyunları bu mənada bizim üçün böyük təcrübə olacaq.
Bu Oyunların təşkili paytaxtımızın infrastrukturuna müsbət təsir göstərir, eyni zamanda ölkədə turizmin inkişafına böyük təkan verir. Avropa Oyunları ilə bağlı hazırda Bakının nəqliyyat sistemi, idman infrastrukturu müasirləşdirilir. Oyunlarla bağlı yaradılmış təhlükəsizlik və nəqliyyat sistemindən uzun illər istifadə ediləcək. Oyunlarla bağlı müasir standartlara uyğun inşa edilmiş nəhəng idman obyektləri uzun illər xalqımıza xidmət edəcək.
Azərbaycana düşmən mövqeyi ilə fərqlənən müəyyən daxili və xarici qüvvələr “Eurovision-2012” ərəfəsində olduğu kimi fəallaşaraq çirkin təbliğat kampaniyalarını işə salıblar. Məqsəd aydındır - erməni lobbisinin təsiri altında olan həmin dairələr Avropa tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək idman tədbiri ərəfəsində ölkəmizin nüfuzuna xələl gətirmək, ona təzyiq göstərmək məqsədini güdürlər. Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilən, regionda əsas söz sahibi kimi çıxış edən Azərbaycanın son illər əldə etdiyi davamlı uğurlarını həzm edə bilməyən müəyyən bədxah qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq. Dünyada nüfuzu durmadan artan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın indi də I Avropa Oyunlarına ev sahibliyi etməklə qitənin idman tarixinə parlaq və möhtəşəm səhifə yazmaq ərəfəsində olması təbii ki, belələrində qısqanclıq doğurmaya bilməz.
ABŞ-ın dövlət katibi
Con Kerrinin Konqresdəki
ofisinin antiazərbaycançı şəbəkənin
“təlimat mərkəzi” funksiyasını yerinə yetirməsi
ilə bağlı kifayət qədər ciddi
faktların aşkarlanması da deyilənlərin
əyani sübutudur. Belə bir kampaniyanın aparılması ABŞ-ın
ən yüksək səviyyəli məmurlarının ədalət
və obyektivlik hissindən uzaq olduqlarını, erməni lobbisinin
təsirinə düşdüklərini acı həqiqət kimi üzə çıxarır. Maraqlıdır ki, ABŞ-da irqçiliyin geniş vüsət aldığı, qaradərililərin
sıxışdırıldığı, polis
zorakılığına məruz qaldığı bir zamanda, Con
Kerri və onun əlaltıları
Azərbaycanı hədəf seçərək ilk Avropa Oyunları ərəfəsində
ölkəmizin nüfuzuna xələl gətirməyə
çalışırlar. Bir daha aydın görünür
ki, ABŞ-ın və Qərb ölkələrinin
bəzi rəsmi dairələri “insan
hüquqları”, “demokratiya” kimi məsələlərdən yalnız konyunktur maraqlarını gerçəkləşdirmək
üçün istifadə edirlər. Onlar bu kampaniyanı apararkən öz təsir dairələrində olan
“Amnesty İnternational”, “Fredoom
House”, “Article-19”, “Human Rights Watch”, “Sərhədsiz
Reportyorlar”, “Transparency International” kimi qərəzli qurumlardan da siyasi alət kimi istifadə edirlər.
Şübhəsiz, mötəbər tədbirlər
ərəfəsində Azərbaycana
qarşı qarayaxma kampaniyası indiyə qədər olduğu kimi, bundan sonra
da heç bir nəticə verməyəcək. İlk Avropa Oyunları
ilə bağlı Avropanın müxtəlif
mötəbər təşkilatlarının
rəhbərləri tərəfindən
verilən açıqlamalar
bunu bir daha sübut edir. Əksər xarici ekspertlər,
müxtəlif ölkələrin
rəhbər şəxsləri,
media orqanları, ictimai
təşkilatları Azərbaycanın
mötəbər idman
tədbirinə hazırlıq
istiqamətindəki fəaliyyətini
yüksək dəyərləndirir,
ölkəmizi bu münasibətlə təbrik
edirlər. Azərbaycanın
sürətli inkişafının
reallığını Avropa
ölkələrindən gələn
idmançılar, mətbuat
işçiləri, turistlər görəcək.
Azərbaycan haqqında Avropa
ictimaiyyətində obyektiv
rəy daha da möhkəmlənəcək.
Bu Oyunlar Azərbaycanda
guya insan hüquqlarının pozulması,
demokratiyanın olmaması,
mətbuatın sıxışdırılması
barədə Avropa Parlamentinin indiyədək
olan qərəzli qərarlarının, antiazərbaycançı
qüvvələrin analoji
iddialarının böhtandan
başqa bir şey olmadığını
göstərəcək. “Bakı-2015”ə xarici ölkələrdən jurnalistlərin
vizasız gəlməsi
qaydasının müəyyən
edilməsi isə Azərbaycanın dünyaya
açıq ölkə
olduğunu bir daha təsdiqləyəcək.
Bir sözlə, təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri
kimi tanınan Azərbaycan “Eurovision-2012” ilə
başladığı uğur
estafetini davam etdirir. Ölkəmizin bu mötəbər
idman tədbirini yüksək səviyyədə
keçirmək iddiası
ilə imkanlarının
üst-üstə düşdüyünü
isə xüsusi vurğulamağa ehtiyac yoxdur. İyunun 12-də
start götürəcək
möhtəşəm idman
tədbirində bütün
dünya bunun bir daha əyani
şahidi olacaq! Yunanıstan
ilk Olimpiya Oyunlarının
vətəni sayıldığı
kimi, Azərbaycan da ilk Avropa Oyunlarının
Vətəni kimi tarixə düşəcək.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.-
20 may.-
S.4.