Dağlara da şəfəq
saçdı
Məşəl Tovuz və Gədəbəydə
alovlandı
Alov məşəli ölkənin dağlıq rayonlarından birinə - Gədəbəyə də gəlib çatdı. Bu münasibətlə minlərlə adam şəhərin girəcəyinə yığışıb. Dağlar diyarında əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Hamı səbirsizliklə məşəlin gəlişini gözləyir.
Avropa və ikiqat dünya çempionu, 94 kiloqram çəki dərəcəsində planetin ən güclü ağır atletlərindən biri Nizami Paşayevin də sevinci, fərəhi yerə-göyə sığmır.
- Pekin Olimpiadasında iştirak etmişəm - deyir. - O zaman xəyalıma da gətirə bilməzdim ki, vaxt gələcək, bizim doğma Gədəbəydə də bu cür möhtəşəm tədbir reallaşacaq. Möhtərəm Prezident İlham Əliyev sağ olsun ki, belə bir yarışın ölkəmizdə keçirilməsinə nail oldu. Axı, bu, sadəcə, idman tədbiri deyil. Bu, böyük Avropa qitəsində, eləcə dünya miqyasında müstəqil dövlətimizin nüfuzunun geniş nümayişidir. Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyəti sayəsində indi hamı bizi tanıyır, bizimlə hesablaşır. Bir də ona görə sevinirik ki, ölkəmizin hər yerində olduğu kimi, Gədəbəydə də idmanın inkişafına xüsusi qayğı və diqqət göstərilir. Rayonun mərkəzində, qəsəbə və kəndlərində 110 idman qurğusu, bir neçə idman məktəbi fəaliyyət göstərir. Son illər bu yerlərdə onlarca adlı-sanlı idmançı yetişib. Beyrək Bağırov karate-do üzrə Avropa çempionu, universal döyüş növü üzrə dünya kubokunun sahibidir. Səfər Səfərzadə, Niyəddin Həsənov, Röyal Zeynalov, Asim Məmmədov, Sabir Əmiraslanov, Kamal Kamalov və başqaları da rayonumuzun idman şərəfini ucaldırlar.
Nəhayət, məşəl gəlib çıxdı, alqış sədaları altında gədəbəylilərə təqdim olundu. Gənc idmançı Nurlan Məmmədov məşəli qəbul etdi. Sıx insan cərgələrinin arası ilə mərkəzi meydana doğru yürüş başladı. Dəstə-dəstə yığışan Gədəbəy aşıqları bayram şənliyinə yeni ruh qatırlar.
Aydan-aya, ildən-ilə şöhrəti, qüdrəti artan, hər sahədə uğurlar qazanan Gədəbəyin tarixindən, taleyindən söz düşür. Kiçik Qaramurad kəndinin sakini Ləzgi Zeynalov deyir ki, Gədəbəy Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Şanlı, şöhrətli tarixi var. Bilirsiniz ki, rayon Ermənistanla sərhəd bölgəsində yerləşir. Ömür boyu nankor qonşulara öz gücünü, qüvvətini göstərib. Onların hər alçaq hərəkətinə vaxtında layiqli cavab verib. Ötən əsrin doxsanıncı illərinin ağrılı-acılı günlərində gədəbəylilər düşmənə bir qarış torpaq belə vermədilər, əksinə, Şınıx bölgəsində onların haçansa kök saldıqları Başkəndi biryolluq azad etdilər. O qanlı günlərdə 181 nəfər vətən yolunda şəhid oldu. Məzahir Rüstəmov, İlham Əliyev, Aytəkin Məmmədov və İsgəndər Aznaurov Milli Qəhrəman adına layiq görüldülər.
Rayonun tarixi böyük, ənənəsi
zəngindir. Mədəniyyət
mərkəzinin direktoru
Etibar Məmmədov Gədəbəy sərvətinin
tarixi, taleyi barədə maraqlı faktlar söyləyir:
- Hələ neçə yüz il
bundan əvvəl dağların qoynundakı
sərvətin sorağı
hər yana yayılmışdı. 1865-ci ilin avqustunda Siemens qardaşları Gədəbəyə
gəlib mis mədəni açdılar,
misəritmə zavodu tikdilər. 1873-cü ildə burada təqribən 6 kilometr uzunluğunda kanat xətti çəkildi, mis mədəni ilə misəritmə zavodu arasında dəmir yolu xətti işə salındı.
1883-cü ildə Qalakənddə
ikinci misəritmə zavodu işə düşdü. Həmin illər Gədəbəy
və Qalakənd zavodlarında odun yanacağı maye yanacaqla, yəni mazut və neftlə
əvəz edildi.
1887-ci ildə Cənubi
Qafqazda birinci olaraq Qalakənd HES işə salındı, dünyada birincilər sırasında Siemens-Billiter
elektroliz laboratoriyası
quraşdırıldı və
bu üsulla təmiz mis əldə etmək mümkün oldu .
Ölkəmizdə ilk dəfə Gədəbəydə
işıqlar yanmağa
başladı. Zavodun ərazisi, küçələr
və yaşayış
binaları elektrikləşdirildi.
Müxtəlif səbəblərə görə 1914-cü ildə
Siemens qardaşlarının Gədəbəy-Qalakənd bölgəsində
fəaliyyətləri başa
çatdı.
Aylar, illər keçdi,
dövran dəyişdi.
Dövlət müstəqilliyin
bərpasından sonra
Gədəbəyin sərvəti
öz xalqının ixtiyarına verildi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və
onun layiqli davamçısı İlham
Əliyevin qayğısı
və
köməyi ilə
Gədəbəy mədəni və qızıl zavodu işə salındı. Bu dağların
tükənməz sərvəti
“Ayrum-brendi” adı ilə dünya bazarlarına çıxarıldı.
Dövlət başçısı İlham
Əliyevin bu yerlərə hər səfəri yeni-yeni xoş işlərlə əlamətdar olur. İlk gəlişi
zamanı Şəmkir-Gədəbəy
yolu əsaslı şəkildə yenidən
quruldu. Sonrakı
səfəri zamanı
“Çolpan” çayı
üzərində tikilmiş
strateji əhəmiyyətli
körpünün, qızıl
zavodunun, tərəvəz
saxlanması üçün
nəzərdə tutulmuş
soyuducu anbarın, süd emalı zavodunun, habelə Aşıq Musiqisi Məktəbinin açılışında,
Gədəbəy-Novosaratovka-Qaravəlilər
avtomobil yolunun təməlinin qoyulmasında
iştirak etdi, Heydər Əliyev parkında və ümumən rayon üzrə
aparılan abadlıq və quruculuq işləri ilə tanış oldu.
Milli paltarda məşəli qarşılamağa
gəlmiş Gədəbəy
rus icmasının sədri Nikolay Buçkov deyir ki, dövlət başçısı İlham
Əliyev bizə daim qayğı və kömək göstərir. Prezidentin
2006-cı il noyabrın 1-də Slavyanka
kəndində rus icmasının nümayəndələri
ilə görüşünü
əsla unutmuruq. I Avropa Oyunlarını
biz də səbirsizliklə
gözləyirik. Dünya miqyasında
nüfuzu getdikcə artan İlham Əliyevə uğurlar arzulayır, möhtəşəm
idman tədbirinə hazırlıqla əlaqədar
görülən işləri
maraqla izləyirik.
Adətən, deyirlər ki,
qoy güclü qalib gəlsin. Bizim arzumuz isə budur ki, qoy
bütün növlər
üzrə Azərbaycan
idmançıları qələbə
qazansınlar.
I Avropa Oyunlarının rəmzi olan xüsusi çıraq yarışlar bitənədək saxlanmaq üçün gədəbəylilərə təqdim olundu. Rəmzi çırağı 11-ci sinif şagirdi Fidan Əsədullayeva qəbul etdi. Məşəlin qarşılanması mərasimi başa çatır. Şən musiqi sədaları yenidən hər yanı bürüyür.
Əhməd
İSAYEV,
Azərbaycan.-2015.- 20 may.- S.5.