Qlobal təhsil sadə və sərbəst
konsepsiyadır
Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 19-da Avropa Şurasının Şimal-Cənub Mərkəzinin təşkilatçılığı ilə “Gənclərin iştirakı: Qlobal təhsil və mədəniyyətlərarası səriştənin rolu” mövzusunda seminar keçirilib.
Seminarın moderatoru, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin direktor müavini Niall Şeerin qlobal təhsilin əhəmiyyətindən, prinsiplərindən, bu sahədə gənclərin iştirakından danışıb. Bu təhsilin insanların, xüsusən də gənclərin bir-biri ilə yaxınlaşmasında və onlar arasında ünsiyyətin qurulmasında rolunu xüsusi qeyd edib. N.Şeerin qloballaşan dünyada təhsil sahəsində birlikdə işləməyin önəmini xüsusi vurğulayıb.
İtaliyanın La Sapienza Universitetinin prorektoru Teodoro Valente təmsil etdiyi ali məktəbin təhsil sistemi, tədris proqramları, daxili tədqiqat layihələri, yay və qış məktəbləri barədə məlumat verib. O, gənclərin ünsiyyət qurmasında təhsil siyasətinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, müxtəlif ölkələrdən olan gənclər birlikdə təhsil aldıqda onlar bir-birilərinin mədəniyyəti, tarixi, adət-ənənələri ilə tanış olurlar ki, bu da tolerantlığa böyük töhfədir. Tələbə mübadiləsindən danışan T.Valente La Sapienza Universitetində 11 azərbaycanlı gəncin də təhsil aldığını söyləyib.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ölkəmizdə həyata keçirilən gənclər və təhsil siyasətindən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 2011-ci ildə yaradılan fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət, informasiya texnologiyaları və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramların qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. Məqsəd dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin, gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyətinin və ictimai təşəbbüskarlığın dəstəklənməsi, gənclərin inkişafını təmin edən müxtəlif proqramların işlənib hazırlanması və həyata keçirilməsidir. F. Hacıyev azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə həyata keçirilən müxtəlif dövlət proqramları və layihələr barədə ətraflı məlumat verib, gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil aldıqlarını söyləyib. Bildirilib ki, son illər dünya dövlətləri arasında Azərbaycanın nüfuzu ildən-ilə artır, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına ev sahibliyi edir. Yaxın günlərdə keçiriləcək “Bakı-2015” I Avropa Oyunlarına minlərlə könüllü gənc də qatılacaq.
Seminarda Avropa Şurasının Şimal-Cənub Mərkəzinin qlobal təhsil və gənclik təmsilçiləri Karmen Fişer və Malek ben Əmmar qlobal təhsilin əhəmiyyətindən, onun gənclərin həyatına və yaşam tərzinə təsirindən söz açıblar. Bildirilib ki, qlobal təhsil, ilk növbədə, gənclər arasında dialoqun yaranmasına kömək edir və burada münasibət, bilik, təcrübə mühüm rol oynayır. Bu sahədə öz təcrübələrini bölüşən iştirakçılar qlobal təhsili sadə və sərbəst konsepsiya adlandırıblar. Bu təhsil gənclərdən açıq fikirli olmağı tələb edir.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AZƏRTAC
Azərbaycan.-2015.- 20 may.- S. 6.