Beynəlxalq təşkilatlar mədəniyyətlər
arasında qarşılıqlı etimad
yaradılmasına xüsusi diqqət
yetirməlidirlər
Bakıda
təşkil olunan üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində “Ümumi qlobal
gündəmin formalaşdırılması: mədəniyyətlər
arasında iman və uzlaşma yaratmaqda beynəlxalq təşkilatların
rolu (Azərbaycan tərəfdaşlarla birlikdə)”
mövzusunda plenar iclas keçirilib.
AZƏRTAC
xəbər verir ki, plenar iclasa sədrlik edən xarici işlər
nazirinin müavini Mahmud Məmmədquliyev mövzunun əhəmiyyətindən
danışaraq Azərbaycanın beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq etdiyini vurğulayıb. O,
mövzu ətrafında müzakirələrin müvafiq məsələlərin
həlli istiqamətində əməkdaşlığın
qurulmasına öz töhfəsini verəcəyinə
ümidvar olduğunu bildirib.
Tədbirə
moderatorluq edən İtaliya İslam Cəmiyyətinin
vitse-prezidenti Yəhya Pallaviçini deyib ki, qlobal cəmiyyətdə
insan hüquqları, mənəvi dəyərlər
mühüm amillərdir. Ümumi məqsədə
çatmaq üçün bu amillərin yanlış izah
edilməsinə yol verilməməlidir.
İclasda
çıxış edən BMT-nin İnkişaf
Proqramının (UNDP) Azərbaycanda rezident əlaqələndiricisi
Antonius Broek qeyd edib ki, XXI əsrdə münaqişələr,
terror hadisələri artıb, dini dözümsüzlük,
bir sıra ölkələrdə sosial-iqtisadi bərabərsizlik,
yoxsulluq müşahidə olunur. Mədəniyyətlərarası
dialoqda qarşılıqlı etimad sülhün əsasıdır.
BMT öhdəsinə düşən vəzifələri
yerinə yetirmək üçün dünya dövlətləri
ilə öz prinsiplərindən irəli gələn məsələlər
çərçivəsində əməkdaşlıq edir.
Üçüncü Ümumdünya Mədəniyyətlərarası
Forum mühüm bir erada baş verir. Bu ilin sentyabrında
BMT-nin Baş Məclisi tərəfindən davamlı
inkişafın məqsədləri açıqlanacaq. Beynəlxalq
təşkilatlar mədəni müxtəlifliyi müdafiə
etməli, xalqları birləşdirən ümumi cəhətlərə
xüsusi diqqət yetirməlidirlər. BMT Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu dəstəkləyir və bu istiqamətdə
müvafiq işlər davam edəcək. Azərbaycan nəinki
təbii ehtiyatlarla zəngin olan ölkədir, burada həm də
multikulturalizm ənənəsi var. BMT gələn il Azərbaycanda
Sivilizasiyalar Alyansının Forumunu təşkil edəcək.
BMT gələcəyə inamla baxır, müvafiq məsələlərdə
Azərbaycanla yeni tərəfdaşlıq qurmaq, bu təcrübəni
dünyaya yaymaq istəyir.
Plenar iclasda çıxış edən ABŞ-ın Vaşinqton ştatından senat Pam Roç bildirib ki, hər bir dövlət fərqli mədəniyyətin inkişafına hərtərəfli şərait yaratmalıdır. Tolerantlıq istəyən dövlətin rəhbərliyi ilk növbədə onun öz ölkəsində olmasına diqqət yetirməlidir. İnsanlar bərabər hüquqlara malik olmalıdırlar və bu amil cəmiyyətin çiçəklənməsi üçün vacibdir. Pam Roç Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsini yüksək qiymətləndirərək vurğulayıb ki, Azərbaycan bu möhtəşəm tədbirin yüksək səviyyədə təşkil olunması üçün çox çalışır və uğurlar qazanır. Həmçinin Azərbaycan bir çox dövlətlərlə gözəl münasibətlər qurub.
Monteneqro parlamentinin vitse-prezidenti Sulyo Mustafiç diqqətə çatdırıb ki, dünyada münaqişələrin baş verməsi ehtimalı qalmaqdadır. Qlobal ünsiyyət erasında insanlar bir-birilərinə yardım etməli, həmçinin etimadsızlığın, ədavətin aradan qaldırılması, stereotiplərin azaldılması istiqamətlərində görüləsi işləri müəyyən etməlidirlər. Monteneqro Balkan ölkələrinin ərazi baxımından ən kiçiyidir. Lakin o, yeganə ölkədir ki, keçmiş Yuqoslaviya dağıldıqdan sonra öz müstəqilliyini hər hansı münaqişə olmadan qazanıb. Azərbaycanda tolerantlığın dünya ictimaiyyətinə nümunə olduğunu deyən Sulyo Mustafiç təcrübəsini bu ölkədə bölüşdüyündən qürur duyduğunu söyləyib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov təmsil etdiyi qurumun fəaliyyətindən söhbət açaraq qeyd edib ki, Şura beynəlxalq təşkilatlarla mədəniyyət, iqtisadiyyat, turizm və digər sahələrdə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanda müxtəlifliyə hörmətlə yanaşılır. Multikulturalizm müasir dövrdə çox yerinə düşən konsepsiyadır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini diqqətə çatdıran R.Həsənov ümidvar olduğunu bildirib ki, ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquq normaları çərçivəsində tezliklə bərpa ediləcək.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibi Viktor Tvirkun Azərbaycan hökumətinə və xalqına qonaqpərvərliyinə görə minnətdarlıq edərək deyib ki, 2008-ci ildən başlanan Bakı prosesi artıq etibarlı platformaya çevrilib. Forumun məqsədi BMT-nin Sivilizasiyalar Alyansı ilə də üst-üstə düşür. Dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi sülhə və sabitliyə zəmin yaradır. V.Tvirkun təmsil etdiyi təşkilatın üzv ölkələrdə mədəniyyətlərin inkişafına töhfə verdiyini, bu məsələdə QİƏT-in fəaliyyətinin Bakı Forumunun məqsədləri ilə üst–üstə düşdüyünü vurğulayıb.
Plenar iclasda çıxış edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili Bakı prosesinin beynəlxalq aləmdə öz yerini tutduğunu, əməkdaşlığa layiqli töhfə verdiyini söyləyib. O, Forumun mədəniyyət proqramı çərçivəsində Heydər Əliyev sarayında təqdim edilmiş xoreoqrafik tamaşanı xatırlayaraq, bütün tədbirləri yüksək səviyyədə təşkil edən Azərbaycanın böyük gələcəyi olduğunu qeyd edib.
Böyük Britaniyanın “3 FF” təşkilatının direktoru Stefen Şaşua deyib ki, təmsil etdiyi qurum insanların davranışlarında dəyişiklik yaranması, stereotiplərin aradan qaldırılması, müxtəlifliyin təmin edilməsində dövlət və özəl sektor arasında əməkdaşlığın qurulması, ayrı-ayrı insanların təşəbbüslərinin nəzərə alınması istiqamətlərində fəaliyyət göstərir.
ATƏT-in Bakıda layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski deyib: “Dialoqun qurulması üçün tərəflər etimadı doğrultmalıdır. Bu gün hətta Qərbi Avropanın inkişaf etmiş dövlətlərində də terror hadisələri baş verir. Ədavət, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, radikallaşma kimi halların aradan qaldırılması üçün səylə çalışmaq lazımdır. ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışsa da, heç bir nəticə əldə edilməyib. Belə forumlarda beynəlxalq təşkilatların nümayəndələrinin fikir mübadiləsi aparması mühüm əhəmiyyətə malikdir”.
Avstraliyadan Qlobal Dialoq Fondunun təmsilçisi Piec Georgiyevski qurumun həyata keçirdiyi layihələrdən danışıb, dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd edib ki, fond dövlət və özəl sektor arasında əməkdaşlığın qurulmasını, mədəniyyətlərarası dialoqa icmaların cəlb edilməsini xüsusilə qiymətləndirir.
Plenar iclasda
çıxışlar ətrafında müzakirələr
aparılıb, suallar
cavablandırılıb.
Azərbaycan.-2015.- 20 may.- S. 7.