“Gənclərin mədəniyyətlərarası dialoqa və müxtəlifliyə hörmətə

 cəlb olunması” mövzusunda seminar maraqlı müzakirələrlə yadda qalıb

 

 

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən daha bir seminar “Gənclərin mədəniyyətlərarası dialoqa və müxtəlifliyə hörmətə cəlb olunması” mövzusuna həsr edilib.

Seminarın moderatoru olan UNESCO-nun nümayəndəsi Əminə Həmşəri Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmindən danışaraq bildirib ki, bu cür dialoqlar fikir mübadiləsi üçün gözəl fürsətdir.

UNESCO-nun miqrasiya və mədəniyyətlərarası tədqiqatlar bölməsinin sədri Fathi Mansuriçıxışında gənclərin mədəniyyətlərarası dialoqdakı rolundan söhbət açıb. Bildirilib ki, mədəniyyətlərarası dialoq haqqında danışdıqda anlaşma, qarşılıqlı etibar, bacarıqlar və s. kimi anlayışlara baxılmalıdır. Gənclər arasında qarşılıqlı etibarın olması çox önəmlidir. Qarşılıqlı etibar, eyni zamanda, qarşılıqlı bağlılıq da yaradır. Əgər bunlar olarsa, gənclər arasında mədəniyyətlərarası dialoqun yaranmasından danışmaq mümkün olar. Gənclərdən tələb edilən digər amil isə onların təşəbbüskar, istəkli olmalarıdır. O, qeyd edib ki, etnik ziddiyyətləri aradan qaldırmadan mədəniyyətlərarası dialoqa töhfə vermək çətindir.

UNESCO-nun layihə icraçısı Maysun Çehab ərəb dövlətlərində gənclərin ölkə həyatındakı rolundan bəhs edib. O, hazırda ərəb ölkələrində gənclərin bu istiqamətdə fəal olmadıqlarını bildirib. Ancaq hazırda onların rolunu daha da artırmaq üçün müəyyən işlər görülür, proqramlar, treninqlər təşkil olunur. Eyni zamanda, gənclərin mədəniyyətlərarası dialoqa da töhfə vermələri üçün bir sıra işlər görülür. Bu isə əsasən media, sosial şəbəkələr vasitəsilə təşkil edilir.

Sülh Mədəniyyətli Libravil Gənclər Şəbəkəsinin regional əlaqələndiricisi Lourens Ndambuki Muli Afrika qitəsində gənclərin vəziyyəti, onların ictimai-siyasi həyatda rolu barədə məlumat verib. O, Afrika qitəsində gənclərin əksəriyyətinin təhsil almasında böyük çətinliklər olduğunu söyləyib. Həmçinin bildirilib ki, qitədə bəzi tayfalarxalqlar arasında düşmənçilik gənclərin əlaqələrinin qurulmasına maneə yaradır.

UNESCO-nun Rabat ofisinin milli əlaqələndiricisi Səlma Neqra təşkilat tərəfindən həyata keçirilən proqramlardan danışıb. Bildirilib ki, gənclər arasında aparılan sorğuların nəticələrinə görə onlar siyasətlə o qədər də maraqlanmırlar. Onlar düşünürlər ki, siyasi məsələlər onların problemlərini həll etmir. O, həmçinin gənclərin son dövrlər informasiya mənbələrinin sosial şəbəkələr olduğunu da qeyd edib.

Jamaity platformasının əlaqələndiricisi Nur Kaabi platformasının yaranmasının məqsədi barədə məlumat verərək bildirib ki, burada əsas istək vətəndaş cəmiyyətləri, təşkilatlar arasında ünsiyyət vasitəsi kimi iştirak etməkdir. O, dövlət təşkilatlarının da bu məsələyə dəstək verməsinin çox önəmli olduğunu söyləyib.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə gənclərin mədəniyyətlərarası dialoqun təbliğinə cəlb edilməsinin çox önəmli olduğunu söyləyib. O deyib ki, bu işdə təhsil də xüsusi əhəmiyyət kəsb edir. Gənclər arasında ünsiyyətlər, körpülər qurulmalıdır. Biz fəaliyyətimizi bu istiqamətdə cəmləşdirməliyik. Qeyd edilib ki, gənclər, həmçinin mədəni irsin qorunmasında fəal iştirak etməlidirlər. Öz mədəni irsini qoruyarkən digərlərinin də mədəni irsini anlamaq mümkündür. Şöbə müdiri mövcud problemlərin aşkarlanması və onların həlli yollarının tapılması işində bu cür forumların əhəmiyyətli olduğunu söyləyib.

 

Azərbaycan.-2015.- 20 may.- S. 6.