Bakıda UNESCO-nun dinlərarası
və mədəniyyətlərarası dialoq
kafedra müdirlərinin akademik
forumu keçirilib
Mayın
19-da Bakıda üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində UNESCO-nun dinlərarası
və mədəniyyətlərarası dialoq kafedra müdirlərinin
akademik forumu keçirilib.
AZƏRTAC
xəbər verir ki, forumda UNESCO-nun baş direktorunun sosial və
humanitar elmlər üzrə müavini xanım Nada
Əl-Naşif çıxış edərək deyib: “Biz
sivilizasiyalarda və assosiasiyalarda çevik cavab mexanizmini
formalaşdırmışıq. Məqsədimiz media ilə
birbaşa işləmək və cəmiyyətin
reaksiyasını öyrənməkdir. Çevik cavab mexanizmi
ekspertləri və jurnalistlərlə birgə “dəyirmi
masa”lar, debatlar təşkil edirik. Əminəm ki, cəmiyyət
üçün, ictimaiyyət üçün faydalı olan
bu fəaliyyəti gələcəkdə də davam etdirə
biləcəyik”.
Təmsil
etdiyi qurumun fəaliyyətindən danışan
N.Əl-Naşif söyləyib ki, bir çoxları UNESCO-nu
sadəcə mədəni irsi qorumaqla məşğul olan bir
təşkilat hesab edir. Lakin UNESCO-nun strategiyası əslində
humanitar sahədəki problemlərlə bağlıdır.
Dinlərarası və mədəniyyətlərarası
dialoqda akademik və təhsil proqramlarına gəldikdə isə,
bunları birlikdə hazırlamaq vacibdir. Həmin
proqramları bütün universitetlərdə həyata
keçirə bilərik. Düşünürəm ki, belə
təhsil proqramları cəmiyyətdə maraqla
qarşılanacaq.
UNESCO
üzrə Azərbaycan Respublikası Milli Komissiyasının
birinci katibi Günay Əfəndiyeva tədbirin əhəmiyyətindən
danışaraq bildirib ki, dinlərarası və mədəniyyətlərarası
dialoq kafedra müdirlərinin akademik forumunun Bakıda
keçirilməsi Azərbaycanın tolerantlıq və
multikulturalizm mərkəzi kimi dünyada qəbul olunduğunu
bir daha təsdiqləyir. Bu cür tədbirlərin təşkili
sahəsində Azərbaycanın böyük təcrübəsi
olduğunu vurğulayan G.Əfəndiyeva bildirib ki, akademik
forumda, eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən
UNESCO kafedralarının da nümayəndələri
iştirak edirlər. Azərbaycanda multikulturalizm və
tolerantlıq bir yaşam modeli kimi həmişə mövcud
olub və biz bu gün bu təcrübəni paylaşmaqdan məmnunluq
duyuruq.
Qeyd
edilib ki, son illər ölkəmizdə bu istiqamətdə
çoxsaylı beynəlxalq tədbirlər, forumlar
keçirilir. Bu tədbirlər ən yüksək səviyyədə,
Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa
tapşırığı və himayəsi altında təşkil
olunur. Hazırda davam edən üçüncü Mədəniyyətlərarası
Dialoq Forumuna beynəlxalq arenada da böyük etimad göstərilir
və dəstək verilir. Beynəlxalq təşkilatların
rəhbərlərinin, o cümlədən, UNESCO-nun baş
direktoru İrina Bokovanın da iştirakı ilə
keçirilən bu tədbir müzakirə olunan məsələlərin
dünya üçün vacibliyini bir daha sübut edir.
Multikulturalizm
və tolerantlığın Azərbaycan modelindən bəhs
edən G.Əfəndiyeva deyib ki, ölkəmizdə əsrlər
boyu mövcud olan müxtəlif millətlər, dini icmalar
sülh şəraitində birgə yaşayıblar.
Onların hər birinə məxsus adət-ənənə,
din, dil müxtəlifliyi olsa da, heç bir ciddi
qarşıdurma, münaqişə yaşanmayıb. Azərbaycanda
həmişə məscid, kilsə, sinaqoq yan-yana fəaliyyət
göstərib. Çünki bütün səmavi dinlərin
müqəddəs kitablarında başqalarının dinlərinə,
inanclarına hörmətlə yanaşmaq təbliğ olunur.
Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri
bu tələblərə riayət edirlər. Amma bir çox
ölkələrdə bu belə deyil. Onlar da eyni müqəddəs
kitabları oxuyurlar, ancaq bir-biriləri ilə
ixtilafdadırlar. Azərbaycanda bu həssaslığı
yalnız müxtəlif icma nümayəndələri deyil, həmçinin
dövlət də nümayiş etdirir. Azərbaycan
böyük əksəriyyəti İslam dininə mənsub
insanların yaşadığı bir ölkədir. Amma
dövlət müsəlmanlarla xristianlar və ya musəvilər
arasında fərq qoymur, onların hər birinə eyni diqqəti
göstərir. Bu, çox vacib məqamdır.
Tolerantlığın olmadığı və xüsusilə
də ifrat millətçiliyin hökm sürdüyü
ölkələrdə dövlət öz siyasətində ayrı-seçkiliyə
yol verir. Buna görə də həmin ölkələrdə
multikulturalizm və tolerantlıq iflas etməkdədir. Azərbaycanın
bu sahədəki uğurunun sirri dövlətin
ayrı-seçkilik qoymadan bütün vətəndaşlarına
eyni münasibəti göstərməsidir. Həm BMT-nin, həm
də UNESCO-nun nizamnamələrində də vurğulanır
ki, irqindən, dinindən, dilindən, cinsindən və digər
milli xüsusiyyətlərindən asılı olmayaraq
bütün insanlar və xalqlar bərabər hüquqlara
malikdirlər.
Ötən
il Bakıda tolerantlığın, mədəni, dini, linqvistik
müxtəlifliyin qorunmasını, habelə Azərbaycanı
dünyada multikulturalizm mərkəzi kimi tanıdan və
hazırkı multikultural modelləri tədqiq və təşviq
edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılıb. Eyni zamanda, ölkəmizdə milli bayramlarla
yanaşı, müxtəlif dini icmaların bayramları və
xüsusi günləri qeyd olunur. Hər il dövlətimizin
başçısı istər müsəlmanların, istərsə
də xristianların və yəhudilərin dini bayramları
münasibətilə onlara təbrik məktubları göndərir,
dini icmaların rəhbərləri ilə mütəmadi
görüşlər keçirir, onların
qarşılaşdıqları çətinliklərin aradan
qaldırılması istiqamətində müvafiq
tapşırıqlar verir.
G.Əfəndiyeva Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd edərək bildirib ki, Azərbaycanda son illər onlarla dini abidə kompleksi – məscid, kilsə və sinaqoqlar tikilib, təmir və bərpa edilib. Bu xoşməramlı fəaliyyət təkcə Azərbaycanla məhdudlaşmır. Ölkəmizdən kənarda, o cümlədən Paris, Strasburq, Roma, Vatikan və digər şəhərlərdə geniş mədəni quruculuq və bərpa işləri bu gün də davam etdirilir.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi təəssüf hissi ilə qeyd edib ki, bəzən bu xoşniyyətli məramdan öz maraqları naminə sui-istifadə edən dövlətlərlə də təsadüf olunur. Belə ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və ona bitişik rayonların da daxil olduğu torpaqlarımızın iyirmi faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın iqtisadiyyatına, mədəniyyətinə, sənayesinə, kənd təsərrüfatına, ekologiyasına, demoqrafiyasına, infrastrukturuna ciddi ziyan vurulub. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran dörd qətnamə qəbul edilməsinə baxmayaraq, torpaqlarımız hələ də işğal altındadır. Bu illər ərzində erməni quldurları zəbt etdikləri torpaqlarımızda olan yüzlərlə abidəni, o cümlədən məscidlərimizi dağıdıb və ya təhqir ediblər. Amma Bakının mərkəzində erməni kilsəsi bu gün də dövlət tərəfindən qorunur. Əsl tolerantlıq elə buradan – Bakının mərkəzindəki erməni kilsəsindən başlanır. Qonşusuna bu qədər ziyan vurmuş xalqın abidəsinə də hörmətlə yanaşmaq, onu qorumaq dünya təcrübəsində çox nadir rast gəlinən hadisədir. Məhz buna görə də Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin ən yüksək səviyyədə təşəkkül tapdığı ölkələrdən biri və bəlkə də, birincisi hesab olunur.
UNITWIN-nin şəbəkə əlaqələndiricisi, ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman bu cür görüşlərin müsbət cəhətlərindən danışıb. Azərbaycan xalqına və hökumətinə qonaqpərvərliyə görə təşəkkürünü bildirən S.Şankman gələcək əməkdaşlığa böyük ümid bəslədiyini söyləyib. Qeyd edilib ki, bu gün əsas mövzu dinlərarası və mədəniyyətlərarası dialoq olsa da, şəxslərarası dialoq sahəsində də UNESCO-da kifayət qədər müzakirələr aparılır. “Mədəniyyətlərarası və dinlərarası yaxınlaşma ətrafımızda, dünyada hər gün baş verir. Buna görə də bunları kataloq halına salmalıyıq. Bu gün dünyanın dialoqa böyük ehtiyacı var. Çünki tarix göstərir ki, dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həlli yolu deyildir. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər həqiqətən, bütün dinlər sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə yüksək əxlaqa çağırırsa, bu artıq onların ortaq nöqtələridir” - deyə S.Şankman vurğulayıb.
KAICIID dialoq mərkəzinin tədqiqat direktoru Patris Brodör Bakıda keçirilən forumun burada aparılan müzakirələrin iştirakçı ölkələri üçün əhəmiyyətindən söz açıb. Forumun işini yüksək qiymətləndirən P.Brodör qeyd edib ki, Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevrilib. Dinlərarası və mədəniyyətlərarası dialoqun tənzimlənməsində müxtəlif dinlərə, mədəniyyətlərə məxsus cəmiyyətlərin bir-birinə hörmət, dözümlülük şəraitində yaşaması mühüm rol oynayır.
Daha sonra akademik
forum işini “Müasir mədəniyyət kontekstində dünya dinləri: dialoq və
qarşılıqlı anlaşmanın yeni
perspektivləri” və “Bizim məcmu cəmiyyətlərimizdə
siyasi həllərin
formalaşdırılması üçün
mədəniyyətlərarası dialoqların çətinlikləri”
mövzuları ətrafında müzakirələrlə
davam etdirib.
Azərbaycan.-2015.- 20 may.- S. 8.