Üçüncü Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun ikinci Nazirlər Görüşü
olub
Üçüncü
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində mayın 19-da ikinci Nazirlər
Görüşü keçirilib.
AZƏRTAC
xəbər verir ki, “dəyirmi masa” formatında təşkil
olunan tədbirdə “2015-ci ildən sonrakı dünyanın
inkişaf proqramında mədəniyyət və davamlı
inkişaf” mövzusunda müzakirələr aparılıb.
Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin sədrliyi ilə keçirilən tədbirdə III
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun tarixi əhəmiyyətindən söz
açılıb.
Tədbirdə
50-yə yaxın ölkənin mədəniyyət nazirinin,
nazir müavininin iştirak etdiyini bildirən Ə.Qarayev
vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası
dialoqa bir proses kimi baxır. O deyib: “Biz insanların arasında
inam yaratmalıyıq. Bu, birinci Forumda əksini tapmış
konsepsiyadır”.
Mədəniyyətlərarası
dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun
sülhə əsaslanan dünyanın qurulması məqsədini
güddüyünü bildirib.
BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
Nassir Abdulaziz Al-Nasser belə mühüm Foruma yüksək səviyyədə
ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü
bildirib.
BMT-nin
Sivilizasiyalar Alyansının mədəniyyət və yaradıcılıq,
eləcə də mədəniyyətlərarası dialoqun,
irsin saxlanılmasına yönəlmiş turizmin
yaradılmasına çalışdığını
vurğulayan ali nümayəndə III Forumda
iştirakçıların sayının daha çox
olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan
cəlbedici bir mərkəzə çevrilib. Bu ölkə mədəniyyətlərarası
dialoqa uğurla ev sahibliyi edir.
Tədbirdə
çıxış edən digər qonaqlar təmsil etdikləri
ölkələr tərəfindən mədəniyyət və
turizm sahəsində reallaşdırılan mühüm layihələrdən
söz açıblar.
Geniş
fikir mübadiləsinin aparıldığı
görüşdə mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsi üçün strategiyanın
hazırlanmasının vacibliyi bildirilib.
Azərbaycan.-2015.- 20 may.- S. 8.