“Mən kökümlə bu torpağa bağlıyam”

 

Rəsul Rza-105

 

Dahi bəstəkar Qara Qarayev yazırdı: “Rəsul Rza elə şairlərdəndir ki, onların yaradıcılığının qocalmaq və ya kasıblaşmaq qorxusu yoxdur”. Və bir də Məmməd Arazın Rəsul Rzaya həsr etdiyi şeirindən bu misra: “Zaman bir də çətin doğa o planeti”.

“XX əsr Azərbaycan poeziyası üçün Rəsul Rza kimdir”  sualı ilk baxışda çox sadə, hətta primitiv səslənir. Axı bir sıra monoqrafiyalarda, dərsliklərdə, ədəbiyyat tarixi nəşrlərində həmin suala çox geniş, əhatəli cavablar tapmaq olar. Rəsul Rza sənəti həm də ümumbəşəri olduğu üçün bu yaradıcılıq söhbəti dar milli sferada qalmamışdır. Nazim Hikmətdən tutmuş dünyanın bir çox görkəmli sənətkarları R.Rza poeziyasına məhəbbətlərini gizlətməmişlər. Burada maraqlı bir faktı xatırlatmaq yerinə düşər: “Kanadada poeziya ilə az maraqlanırlar və şeir kitabları çox nadir hallarda təkrar nəşr olunur. Lakin Rəsul Rzanın şeirlərində o qədər yüksək humanizm var ki, Kanada və ABŞ-da da onları minlərlə oxucu alıb mütaliə edir və aydan-aya oxucuların sayı artır” (“Sovetskaya literatura” jurnalının ingilis dilində nəşrinin məsul redaktorunun məktubu. Moskva, 21.Vl.1965. Qreyvernkers Ontario, Kanada).  Rəsul Rza poeziyasının dərin milli və ümumbəşəri bir hadisə olduğunu açıqlayan onlarca digər faktı da ortaya qoymaq olar.

Rəsul Rza müdriklik çağlarında yazmışdı:

 

Sabirdən səkkiz yaş böyüyəm,

Koroğludan on dörd yaş.

Ancaq hələ

nə Sabir deyəni

deyə bilmişəm,

nə Koroğlu eləyəni

eləyə bilmişəm.

Deyirəm, bəlkə

çatanda Nizami yaşına

mən də bir şey verə bildim

insanlığın

səadət uğrunda savaşına.

 

İndi qətiyyətlə demək olar ki, Rəsul Rza öz əsərləri ilə “insanlığın səadət uğrunda savaşına” çox şey verə bildi. Milli-mənəvi düşüncənin formalaşmasında digər böyük şairlərimiz kimi, R.Rza da öz sözünü deyə bildi.

 

Bizeni, Motsartı sevən ellərin

Yastı balabanı, tarı bol olsun.

 

Vaxtilə onu kosmopolitizmdə, nihilizmdə, milli-mənəvi dəyərlərə etinasızlıqda təqsirləndirənlər də olub. Ancaq gün kimi aydındır ki, Rəsul Rza öz xalqına, bu xalqın mənəviyyatına bütün varlığı ilə bağlı idi. Mənhus 37-ci ildə və sovet totalitar rejiminin qorxusunu canında, qanında yaşadanlar olub, indi də var. Amma Rəsul Rza “Qızılgül olmayaydı” poeması ilə xalqın varlığına hopmuş qorxuya və vahiməyə müharibə elan etdi.

Rəsul Rza XX əsr Azərbaycan şeirində ilk modernist şairdir. Qətiyyətlə demək olar ki, o, Azərbaycan poeziyasında təkcə sərbəst şeirin ilk yaradıcılarından biri kimi deyil, həm də bu cür şeirin milli poeziyada ənənəsini yaradan baniyi-kardır, daha doğrusu, o, Azərbaycan şeirində “Rəsul Rza sərbəsti” yaratdı. Və bu yolda Rəsul Rza qətiyyən, bəzilərinin düşündüyü kimi, ənənələrə arxa çevirmədi, əksinə, öz yaradıcılığı timsalında davamlı bir ənənə yaratdı. Özü ənənə ilə bağlı  yazırdı: “Ənənələri hərarətlə müdafiə edən adamlar nədənsə çox zaman onları yalnız keçmişdə axtarırlar. Keçmişin məişət və ədəbi ənənələrinin hamısını bizim müasir həyatımız və sənətimizin silahı etmək meyillərinin düzgün olmadığını hələ demirəm. Belə bir sual ortaya çıxır: ənənə yaratmaq məgər yalnız keçmişin əldəyməz hüququdur? Nə üçün bizim keçmişdən qat-qat maraqlı və zəngin olan həyatımız yeni ənənələr yarada bilməz və yaratmamalıdır? Milli kolorit, şeirin üslubu və cümlələri haqqında da həmin sözü demək olar. Belə düşünmək olar ki, “millətlər nə yarada bilərlərsə artıq yaratmışlar, sənətdə milli xüsusiyyət isə çoxdan tapılmışdır, burada axtarmalı bir şey yoxdur”, - məncə, bu, tamamilə səhvdir.                    

Rəsul Rza və Azərbaycan poetik ənənələri ayrıca bir söhbətin mövzusudur. Ancaq Rəsul Rza özü də şeirdə bir ənənə yaratmışdır və fikrimizcə, onun Azərbaycan ədəbiyyatındakı ən böyük xidməti - novatorluğu bu ənənə ilə bağlıdır.

 

Mənə bir sərgi salonu verin!          

Orda bir insan şəkli asacağam -

adi bir insan.

elə kiçik ki, məhəl qoyan olmaya,  

elə böyük ki, baxanda qorxasan.

Orda bir insan şəkli asacam,

görünsün dünyanın hər yerindən;

zamanın keçmişindən,

dövranın indisindən,

əsrin gələcəyindən.

 

“İnsan şəkli” şerini Rəsul Rzanın humanizm konsepsiyasında ən bariz, ən parlaq bir nümunə hesab etmək olar. Burada bəşər tarixinin, onun təzadlı və tragik inkişafının lirik monumental poetik abidəsi canlanır. Dünya poeziyasında buna bənzər nümunələr tapmaq olar (Nazim Hikmət, E.Mecalaytis, Elvi Sinervo, Ernost Valdinqer, O.Süleymenov, M.Şəhriyar, Əli Kərim, B.Vahabzadə və b.), amma Rəsul Rza bir detal vasitəsilə bəşər tarixinin - insanlığın keçdiyi yolu simvollaşdırır. Həm də bu şeir Rəsul Rza sərbəstinin ən parlaq nümunəsidir. Vaxtilə İ.Selvinski Rəsul Rzanın “Rənglər” silsiləsini “rəsmdən fəlsəfəyə doğru hərəkət” adlandırmışdı. Bu fikri təkcə “Rənglər”ə yox, “İnsan şəkli” və bu qəbildən olan onlarca şeirinə də aid etmək olar.

Rəsul Rzanın müasiri İlyas Əfəndiyev yazırdı: “Rəsul Rzanın poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır. O, heç bir zaman zahiri gözəlliyə, heç bir zahiri effektə aludə olmayıb. Onun hisslərində bəzən Sabirin incə qəlbi duyulur. O, sözün həqiqi mənasında inqilabçı, novator bir sənətkardır”.

Rəsul Rza novatorluğunun mahiyyətini həm də bu “qılınc kimi kəskin həqiqətlər”də, Füzüli incəliyində, Sabir hünərində axtarmaq lazımdır. Əgər Füzuli klassik formada - qəzəldə misilsiz ustalıq göstərmişsə, lirik “mən” - aşiq obrazının sevgi dünyasından böyük dünyaya bir pəncərə açmışsa, Sabir klassik formalarda oyanan əsrin ruhunu ifadə etmişsə, Rəsul Rza həm formada, həm də məzmunda novatorluq etmişdir. Dahi rus tənqidçisi Belinski Puşkinə həsr etdiyi məqalələrinin birində yazırdı: “Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin, ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır”.

 

Mən istəyirəm:

buludlar ağlasın,

uşaqlar ağlamasın;

analı, ya anasız.

Mən istəyirəm:

güllər açılsın,

güllələr açılmasın,

amanlı, ya amansız.

Mən istəyirəm:

qapılar qapanmasın,

soyuq olanda hava

gözlər qapanmasın.

Mən istəyirəm

yanğınlar sönsün,

ümidlər sönməsin.

Meyvələr dəysin öz fəslində

Ürəklərə söz dəyməsin.

Hər şey insana baxsın

insan ələ baxmasın.

Mən istəyirəm

sevinc, səadət bol olsun.

Ürəkdən ürəyə

ölkədən ölkəyə

Açıq yol olsun.

 

Bu şeirdə Rəsul Rza şəxsiyyəti XX əsrin böyük humanisti obrazı ilə həmahəngdir. Bu böyük humanist “mən kökümlə bu torpağa bağlıyam” deyir və onun 25 yaşında gəldiyi bu qənaət bütün yaradıcılığı boyu dəyişilməz qalır. Və beləcə, Azərbaycan torpağı bütün rəngləri, çalarları ilə Rəsul Rza şeirində görünməkdədir. O, “Qarabağ - baba yurdum” silsiləsində yazırdı:

 

Adım qədimdir,

Xalqımın mübarizə tarixi kimi.

 

Çünki o, erməni tarixçilərinin və millətçilərinin məkrli niyyətlərindən xəbərdar idi. R.Rza bir şeirində Andraniki lənətləmişdi, başqa bir şeirini Xankəndidə “məhkəmədən” sonra vəhşicəsinə diri-diri yandırılmış üç nəfər azərbaycanlıya həsr etmişdir:

 

Burda torpaq yanmışdı qapqara,

Tonqal tüstüsü yayılmışdı

yaxınlara, uzaqlara.

Keçdi bir neçə gün,

Tonqal yerində çicək əkdilər.

Ancaq deyən olmadı, burda   

qırmızı qərənfillər

Tonqaldan qabaq gərəkdilər,

yanıq ət qoxusundan qabaq,

qurbanlıq qoxusundan qabaq.

Soruşan olmadı,

Tonqalı kimlər qaladı,

çicəkləri kimlər əkdi.

 

Dünyanın XX əsr mənzərəsi Rəsul Rza poeziyasında bütün təzadları, fəci və dramatik məqamları ilə əks olunmuşdur desək, əsl həqiqəti ifadə etmiş olarıq. Hətta şairin ayrı-ayrı misraları var ki, bu misralar bütövlükdə dünyanın nəhəng panoramının ayrı-ayrı cizgilərini gözlərimiz qarşısında canlandırır. “Əllər iş istəyir, ağızlar çörək. Ürəyim şan-şan olur belə işsiz əllərlə gördükcə Hindistanı”; “Hanı adı dillərdə gəzən qədim Palmira?! Hanı uzaq keçmişin ölümsüz abidələri?!”; “Yerdən göyə sükut, kömür, kül qaldı: kündə-kündə filiz, daş, torpaqdan yoğrulmuş eybəcər sima - Xirosima”;  Üfüqdə göy gözlərinin sarı həsrəti. Bir səs: - Oğlum, oğlum! - deyə çağırır Məməti”; “Rotterdamda, meydanda tunc bir heykəl var. İnsan heykəli. Yüz belə heykəl əvəz olarmı bir körpənin qana bulanmış telinə!; “Ağlama, Şərq, ağlama!” Yanğıları göz yaşı söndürməz”;  Bu gecə yenə yatmamışam. Nə başım ağrıyıb, nə xəstəyəm. Məni yatmağa qoymur dünyanın dərdi, torpağın ağrısı”; “Dünyanın ortasında ən böyük meydana da dar ağacı qurulsun, dara çəkilsin burda Mars - müharibə allahı. Kəsilsin yer üzündən insan fəryadı, insan ahı!” 

1960-cı illərin şeirində üslub polifonizmi xüsusilə diqqəti cəlb edirdi. Fərdi üslub get-gedə püxtələşir, poeziyada rəngarənglik yaranırdı. Zamanın yeni inkişaf meyillərini, onun aparıcı tendensiyalarını da ötən əsrin 60-cı illərində yazıb-yaradan şairlər eyni üsulla qəbul edə bilməzdilər, zaman hər bir şairin dünyasında eyni cür əks-səda verə bilməz. Məsələn, Rəsul Rza kimi böyük sənətkar 1960-cı illərdə bir şair kimi sanki yenidən doğuldu.

Böyük Nazim Hikmət Rəsul Rza yaradıcılığına həsr etdiyi üç məqaləsindən birində yazır: “Şair (Rəsul Rza) sadə və gündəlik məsələləri elə təsvir edə bilir ki, ətrafındakı hər şey onun poeziyasının güclü işığına qərq olur. Axtaran şair xoşbəxtdir. O, həyatın və bizim özümüzün səadətini kəşf edir”.

Rəsul Rza poeziyası həm də ona görə sevilir ki, bu poeziyada təkcə XX əsr yox, bəşəriyyətin keçmişi, bu keçmişin bir çox ictimai-siyasi mənzərələri, insanlığın keçdiyi yol öz əksini tapmışdır.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Azərbaycan.-2015.- 20 may.- S. 10.