Təhsilə və elmə həsr edilmiş ömür

 

Elm xadimləri

 

O insan xoşbəxtdir ki, şəxsiyyət olduğu qədər də böyük vətəndaşdır. Belə insanların sözündə, əməlində səmimilik, ətrafdakılara qayğıkeş və həssas münasibət, yeniliyə, quruculuğa, axtarışlara meyil daha çox hiss edilir. Elmi ictimaiyyət arasında adı hörmətlə çəkilən belə ziyalılardan biri də coğrafiya elmləri doktoru, professor Şövqi Yusifziya oğlu Göyçaylıdır.

Ş.Göyçaylı 1935-ci il mayın 20-də anadan olmuşdur. 1953-cü ildə Göyçay şəhərindəki orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində iqtisadi-coğrafiya ixtisasına yiyələnmişdir. Bir müddət ixtisası üzrə istehsalatda çalışmışdır.

Şövqi müəllim 1961-ci ildən elmi və pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirmişdir. Üç il İqtisadi coğrafiya kafedrası üzrə aspiranturada təhsil almış, 1965-ci ildə “Azərbaycan Respublikasının kənd əhalisinin məskunlaşmasının coğrafiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Ş.Göyçaylı 1967-ci ildən universitetdə dosent vəzifəsində çalışmışdır. 1981-ci ildən bu günə qədər Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının, 2010-cu ildən isə yeni yaradılmış Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının müdiridir.

1987-ci ildə Ş.Göyçaylı Sankt-Peterburq şəhərində “Azərbaycan əhali məskunlaşmasının yenidən qruplaşmasının problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1988-ci ildə işlədiyi kafedranın professoru seçilmişdir. Rəhbərlik etdiyi kafedranı yenidən təşkil etmiş və coğrafi ekoloq ixtisası hazırlayan kafedranın formalaşmasına səy göstərmişdir. Kafedranın bakalavr və magistr pillələri üzrə təhsilin dövlət standartlarının və tədris planlarının yaradılmasında fəallıq göstərmiş, fənn proqramları toplularının nəşrinin əsas təşəbbüsçüsü, həmmüəllifi və elmi redaktorudur. Görkəmli alim əhali coğrafiyasına, coğrafiyanın nəzəri-metodoloji və ekoloji problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin müəllifidir. Əsərləri Azərbaycan, rus, ingilis dillərində respublikamızda və xarici ölkələrdə nəşr edilmişdir. 20 il SSRİ-nin coğrafiyası kafedrasında çalışmaqla bu sahənin elmi-metodoloji, tətbiqi sahələrinə yeni töhfələr vermisdir. 1991-1996-cı illərdə Azərbaycan Ali Təhsil Nazirliyinin Birləşmiş Elmi-metodik şurasının Coğrafiya bölməsinin üzvü olmaqla orta məktəblərin coğrafiya dərsliklərinin yazılmasına rəhbərlik işində də fəallıq göstərmişdir.

Şövqi Göyçaylı Azərbaycanda ekoloji təhsilin əsas yaradıcılarından olub, 1987-1991-ci illərdə SSRİ Təhsil Nazirliyinin Ekologiya və ətraf mühiti mühafizə elmi-metodik şurasının üzvü, 1995-ci ildən sonra Azərbaycan Təhsil Nazirliyinin Ətraf mühiti mühafizə üzrə elmi-metodik şurasının sədri və üzvü seçilmişdir. Hazırda nazirliyin Ekologiya üzrə elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərir.

Professor Azərbaycan Sovet Ensiklopediyasının respublikamıza dair xüsusi cildinin yazılmasında, müstəqilliyin ilk dövrlərində ekologiya və ətraf mühiti mühafizəyə dair qanunların Milli Məclisin yığıncaqlarında müzakirə edilməsində də əməyini əsirgəməmişdir. O, coğrafiya və ekologiyanın elmi, metodoloji tətbiqi sahələrinə yeniliklər gətirməklə müvafiq layihə və idarəetmə strukturları ilə birlikdə fəaliyyət göstərmis, bir neçə dövlət əhəmiyyətli proqramların, layihələrin, qrantların yerinə yetirilməsində iştirak etmiş və bir neçəsinin rəhbəri olmuş, 1980-1990-cı illərdə Moskva Dövlət Universitetinin problem laboratoriyaları və SSRİ geodeziya və kartoqrafiya idarələri ilə səmərəli tədqiqatlar aparmışdır. Bir çox beynəlxalq, ümumittifaq, respublika əhəmiyyətli konfransların, simpoziumların təşkilində fəallıq göstərmiş və maraqlı məruzələrlə çıxışlar etmişdir.

Bir neçə elmi məqaləsi, “Coğrafiya və coğrafi ekologiyanın problemləri” monoqrafiyası ingilis dilində nəşr edilmişdir. Xeyli iri və kiçik miqyaslı orijinal xəritələrin müəllifi, rəhbəri və həmmüəlliflərindəndir.

Akademik Həsən Əliyev tərəfindən əsası qoyulan ətraf mühiti mühafizənin coğrafi aspektlərinə dair elmi məktəbi Şövqi Göyçaylı inkişaf etdirmiş, onun müasirləşməsinə səy göstərmişdir. Rəhbərlik etdiyi aspirant və dissertantlardan 10 nəfər namizədlik, 3 nəfər elmlər doktoru elmi adına layiq görülmüşdür.

Görkəmli alim dəfələrlə keçmiş SSRİ-nin coğrafiya cəmiyyətlərinin qurultaylarında digər həmkarları ilə Azərbaycanın coğrafi ictimaiyyətini təmsil etmişdir.

Ş.Göyçaylı bir neçə elmi şuranın üzvü, müdafiə şurasının həmsədri olmuş, hazırda Azərbaycan Prezidenti yanında AAK-da Yer elmləri bölməsinin ekspertidir. “BDU-nun “Xəbərlər”i” jurnalının “Təbiət elmləri seriyası” üzrə redaksiya heyətinin üzvüdür. Beynəlxalq Elmi İnkişaf və Beynəlxalq Ekologiya Akademiyasının üzvüdür.

Professor Ş.Göyçaylı 2000-ci ildə Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutu tərəfindən “2008-ci ilin adamı” seçilmiş, 2010-cu ildə “Şöhrət” ordeni, 2014-cü ildə isə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuş, 2015-ci ildə Amerikanın Elm və Texnika Assosiasiyasının üzvü seçilmişdir.

Şövqi müəllim ekoloji biliklər və Azərbaycan təbiətinin mühafizəsi sahəsində bu gün də yorulmadan fəaliyyət göstərir. O, 80 yaşında olmasına baxmayaraq, ciddi axtarışlar aparır, yeni istiqamətlər üzərində çalışır, işgüzarlığı, əməksevərliyi ilə hamını heyran qoyur.

Onunla ünsiyyətdə olmaq hər birimizə çox xoşdur, çünki o, əsl Azərbaycan ziyalısı olmaqla, bütün şəraitlərdə özündə milli mentalitetimizi tərənnüm edir. Ona alimliklə ziyalılığın vəhdət təşkil etdiyi şərəfli bir ömür nəsib olmuşdur.

Anadan olmasının 80, əmək fəaliyyətinin isə 60 illiyi münasibətilə ona cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Telman XƏLİLOV,

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya

 kafedrasının professoru, coğrafiya elmləri doktoru

Azərbaycan.-2015.- 20 may.- S. 10.