Azərbaycan Avropa Milli Kitabxanalarının Konfransı Beynəlxalq Təşkilatının iclasında təmsil olunub

 

İsveçrənin paytaxtı Bern şəhərində Avropa Milli Kitabxanalarının Konfransı Beynəlxalq Təşkilatının (CENL) növbəti illik iclası keçirilib. İsveçrə parlamentinin binasında keçirilmiş tədbirdə 36 Avropa ölkəsinin milli kitabxanalarının direktorları iştirak ediblər.

Ölkəmizi bu tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və kitabxananın xarici əlaqələr üzrə şöbə müdiri Xəyalə İsmayılova təmsil ediblər.

İclasda çıxış edən İsveçrə parlamentinin vitse-prezidenti Krista Markvalderbu ölkənin Milli Kitabxanasının direktoru Marie Kristine Doffey tədbirin Berndə keçirilməsindən məmnunluqlarını bildiriblər. CENL-in prezidenti Bruno Racine gündəlikdəki məsələlər barədə məlumat verərək qurumun illik hesabatını iştirakçılara təqdim edib.

Sonra CENL-in ötən il Moskvada keçirilmiş illik iclasının protokolu təsdiq olunub və həmin sənəddə yer alan məsələlər diqqətə çatdırılıb.

İclasda İngiltərə Kitabxanasının nümayəndəsi Roli Kitinq üç il müddətinə CENL-in yeni prezidenti seçilib.

Daha sonra Avropa Kitabxanasının (TEL) direktoru Jill Kuzins qurumun illik fəaliyyəti və perspektivlərindən danışıb, elektron kitabxana layihəsi haqqında məlumat verib.

Tədbir müzakirələrlə davam etdirilib.

Debatın yekununda hər bir ölkənin rəqəmsal materiallarının genişləndirilməsi məqsədilə TEL-ə illik üzvlük haqlarının artırılması qərara alınıb.

İclasın sonunda K.Tahirov R.Kitinqi CENL-in yeni prezidenti seçilməsi münasibətilə təbrik edib, sentyabrın 16-18-də keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün onu ölkəmizə dəvət edib.

 

Maqsud DADAŞOV,

AZƏRTAC-ın xüsusi müxbiri

 Bern

Azərbaycan.-2015.- 20 may.- S. 12.