“Bakı-2015”in taclı sarayı

 

Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə 466, sambo üzrə 77,

 güləş üzrə isə 480 idmançı mübarizə aparacaq

 

Avropa Oyunları ilə bağlı yenidənqurma və təmir işləri aparılan idman obyektlərində artıq son tamamlanma prosesi gedir. Prezident İlham Əliyev və “Bakı-2015”

I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva görülən işlərlə mütəmadi olaraq maraqlanıb tapşırıq və tövsiyələrini veriblər. Ölkəmiz Avropanın ən böyük idman turnirinə ev sahibliyi etməyə demək olar ki, tam hazırdır.     

İlk dəfə Azərbaycanda əsası qoyulacaq Avropa Oyunlarının keçiriləcəyi idman arenalarında müasir standartlara uyğun yaradılan şərait isə ölkəmizə gələcək idmançılar və əcnəbi qonaqlarda xoş təəssürat yaradacaq. 2,5 il müddətində görülən bütün hazırlıqlar, tikilən yeni idman infrastrukturları həqiqətən də fədakarlıq nümunəsidir. Buna Heydər Əliyev adına İdman Sarayını (keçmiş İdman-Konsert Kompleksi) misal göstərmək olar. Respublikamızda idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilən bu sarayda aparılan yüksək səviyyəli yenidənqurma işləri bura baş çəkən hər bir şəxsdə xoş əhval-ruhiyyə yaradır. Bu saray söz yox ki, ölkəmizə gələcək idmançıların, məşqçilərin də zövqünü oxşayacaq. 

Xatırladaq ki, bu saray Azərbaycan paytaxtının memarlıq incilərindən biridir. İnşasına 1977-ci ildə Tbilisi prospektində başlanılıb, 1990-cı ilin noyabr ayında istismara verilib. Saray istifadəyə verildikdə 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkeybuz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika üçün zalı olan məşq korpusundan ibarət olub. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün istifadə edilib. 2007-ci ildə burada bədii gimnastika üzrə 23-cü Avropa çempionatı, yeniyetmələr arasında boks üzrə dünya çempionatı, güləş üzrə dünya çempionatı və taekvando üzrə Avropa birinciliyi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə ümummilli lider Heydər Əliyevin adı verilib. Gənclər və İdman Nazirliyinin qərarı ilə kompleks 2009-cu ilin yekunlarına görə ilin ən yaxşı idman qurğusu elan edilib. Avropa Oyunları ilə əlaqədar tam yenidənqurma işləri aparıldıqdan sonra kompleks Heydər Əliyev adına İdman Sarayı adlandırılıb.

Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən obyektin idarə olunması üzrə müdir müavini təyin olunan İlkin Babayev bizimlə söhbətində bildirdi ki, ən müasir texnologiyalarla təchiz edilən idman obyekti Avropa Oyunlarına tam hazırdır. Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 2014-cü il dekabrın 26-da aparılan əsaslı təmir işlərinin gedişi ilə maraqlanıb, 2015-ci il aprel ayının 22-də isə idman sarayına bir daha baş çəkərək əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Həmçinin öyrəndik ki, əsaslı təmir işləri zamanı kompleksin beynəlxalq səviyyəli yarışların təşkilinə, o cümlədən I Avropa Oyunları zamanı tələblərə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb.

Məşq zalı ən müasir səviyyədə qurulub. Burada saunalar (24), soyunub-geyinmə otaqları (25), masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Ümumi sahəsi 54,8 min kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu rəqəm 7830-a çatdırılıb. 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 350 könüllü üçün zal fəaliyyət göstərəcək.  

Bunlarla yanaşı, saray təhlükəsizlik kameraları, 222 ən müasir projektor, genişzolaqlı internet, müasir akustika və səsgücləndirici sistemlər, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator ilə təchiz edilib. VIP tamaşaçılar üçün 126, fiziki imkanları məhdud tamaşaçılar üçün 30 oturacaq quraşdırılıb. Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampalarprojektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb.

Avropa Oyunları zamanı bu möhtəşəm idman sarayında yunan-Roma və sərbəst güləş, həmçinin cüdosambo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini sınayacaqlar. İdman sarayına gələcək idmançılar isinmə zalında isinmə hərəkətləri etdikdən sonra gözləmə otağına yollanacaqlar. Oradan isə əsas zala daxil olub mübarizəyə başlayacaqlar. Arenada 13-18 iyunda güləş,  22 iyunda sambo və 25-28 iyun tarixlərində isə cüdo yarışları keçiriləcək. Cüdo üzrə 466, sambo üzrə 77, güləş üzrə isə 480 idmançı mübarizə aparacaq.

Artıq burada test yarşıları da keçirilib. Aprelin 16-19-da burada 13 ölkədən gələn 350 idmançının iştirakı ilə Azərbaycan kuboku uğrunda güləş yarışları olub. I Avropa Oyunlarının güləş yarışları “Rio-de-Janeyro-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Bildiyimiz kimi, güləş Azərbaycanda qədim dövrlərdən yayılmış ənənəvi idman növüdür ona ölkəmizdə maraq daha böyükdür. Odur ki, güləş sahəsində uğurlarımız ilbəil artır. Ən son uğurumuz isə bu il İranda keçirilmiş yunan-Roma güləşi üzrə dünya kuboku yarışları oldu. Bu turnirdə Azərbaycan millisi dünya kubokuna sahib çıxdı. Vətənə qayıdan idmançılarımızı Prezident İlham Əliyev qəbul etdi. Dövlət başçısı bu uğuru böyük tarixi qələbə adlandırmışdır: “Bu, doğrudan da, tarixi qələbədir. Çünki yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, dünya kubokunun sahibi olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin qədər güclü olduğunu göstərir. Bizim güləşçilərimiz müxtəlif beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər, London Olimpiya Oyunlarında 2 qızıl medalı da güləşçilərimiz qazanmışlar ümumiyyətlə, dünya miqyasında Azərbaycan güləşi bu gün ən yüksək zirvədədir”. Prezident bu görüşdə Avropa Oyunlarına da toxunaraq demişdi ki, Azərbaycan idmançıları I Avropa Oyunlarına da ciddi hazırlaşırlar. Bütün Azərbaycan xalqı qələbələr gözləyir: “Bu, doğrudan da, böyük tarixi nailiyyətdir. Biz I Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. İki il bundan əvvəl mən bu barədə öz sözümü deyəndə bəziləri bəlkə inanmırdı ki, Azərbaycan qısa müddət ərzində, cəmi 2 il yarım ərzində bütün hazırlıq işlərini yüksək səviyyədə görə biləcək. Ancaq bu gün demək olar ki, bizim bütün idman qurğularımız ya artıq hazırdır, yaxud da yaxın vaxtlarda hazır olacaq. Bütün təşkilati məsələlər öz həllini tapır iyun ayında Azərbaycanda böyük idman bayramı qeyd ediləcək”.

Biz inanırıq ki, Avropa Oyunlarında Heydər Əliyev adına İdman Sarayında mübarizə aparacaq güləşçilərimiz, cüdoçularımız samboçularımız öz uğurlu çıxışları ilə Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırıb himnimizi səsləndirəcəklər.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 21 may.- S. 1;5.