İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Prezident

 İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun nəticəsidir

 

Bir çox innovativ idman növünü özündə cəmləşdirən I Avropa Oyunlarının start götürməsinə az vaxt qalıb. İlk Avropa Oyunlarının keçiriləcəyi bütün idman arenaları tam hazır vəziyyətə gətirilib. İdman obyektlərinin ətrafındakı abadlıq-quruculuq işləri də yekunlaşmaq üzrədir. İdmançıların hərəkət edəcəkləri yollara “Bakı-2015” loqosu həkk olunaraq xüsusi zolaqlar ayrılıb.

Paytaxtın hər yerində müxtəlif idman hərəkətlərini təsvir edən stendlər quraşdırılıb və bu işlər hazırda davam etdirilir. Bir sözlə, möhtəşəm paytaxtımız Bakı növbəti bir yarışa da ev sahibliyi etməyə tam hazırdır.

  Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan “Atəşgah”dan başlayaraq məşəl 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq və 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiadasına təsnifat imkanları veriləcək. Bu möhtəşəm idman tədbirinə qatılan idmançılar və ölkəmizə gələn xarici qonaqlar,  məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Odur ki, Azərbaycanın dünyaya bir daha tanıdılması baxımdan  I Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür.

Azərbaycan rəhbərliyinin böyük qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində Avropa Oyunlarının keçirilməsinə bütün lazımi şərait yaradılmışdır. Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyektlərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Milli Stadion təzə tikilib. Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, triatlonvelosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin “Bakı 2015” I Avropa Oyunları ilə bağlı açıqlaması bu mötəbər idman tədbirinin böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir: “Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. “Bakı 2015” Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq”.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin istər idman, istərsə də digər sahələrdə inkişafına da müsbət təsir göstərəcək. Bu yarışlar gənclər arasında idmana marağın daha da artmasında əhəmiyyətli rol oynayacaq. 2012-ci ildə “Eurovisionmusiqi yarışmasına ev sahibliyi edərək bu tipli yüksək tədbirləri keçirməyə qabil olduğumuzu göstərib Avropanın etimadını qazandıq. 2012-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi qərarının qəbul edilməsi də məhz ölkəmizə olan  etimadın nəticəsidir.

Avropa Oyunlarının Bakıda keçirilməsi bizim üçün həqiqətən də çox qürurverici hadisədir. Bu oyunların paytaxtımızda təşkil olunması Azərbaycanın qüdrətini bütün dünyaya göstərəcək. Həmçinin bəzi idman növlərinin də ölkəmizdə məşhurlaşmasına və bu növdə idmançıların artmasına səbəb olacaq. Əgər bir idmançı öz ölkəsində yarışırsa, bu ona əlavə güc verir. Həm də hər bir idmançının yaxşı nəticə göstərərək Azərbaycanın adını yüksəklərə qaldırmaq, hər kəsə tanıtmaq şansı var. Yarışlarda idman arenalarına gedib idmançılarımıza dəstək verərək, onları qələbəyə ruhlandırmalıyıq.

Prezident İlham Əliyev bildirib: “İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünyaAvropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir. Eyni zamanda, fiziki sağlamlıq gənclərə bütün həyatları boyu yardımçı olur. Bunun sayəsində gənclər pis vərdişlərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən uzaq olurlar”.

Azərbaycanın dünya miqyasında nüfuzu durmadan artır. Bu işdə gənclər də uğurlu nəticələrə imza ataraq yaxından iştirak edirlər. İnanırıq ki, Azərbaycan ilk Avropa Oyunlarını çox möhtəşəm şəkildə keçirməklə tarix yazacaq.

 

Elmar İBADOV,

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi

Azərbaycan.-2015.- 21 may.- S. 4.