Məşəl nura qovuşdu
Məşəl Şəmkirdə
alovlandı
İndi Şəmkir həm də energetiklər məskəni, işıq və nur diyarıdır. Rayonda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəmkir və Yenikənd su-elektrik stansiyaları tikildi. Prezident İlham Əliyev isə Şəmkirçay dəryaçasını inşa etdirdi, burada 25 meqavat gücündə su-elektrik stansiyası quruldu. May ayının 20-də “Atəşgah”dan üzübəri gələn alov məşəli qədim Şəmkir torpağında belə bir işıq və nur diyarı ilə qovuşdu.
Neçə vaxt idi rayonda bu möhtəşəm bayrama geniş hazırlıq görülürdü. İdmançılar öz məharətlərini sınayır, mahnı və rəqs ifaçıları layiqli proqram hazırlayır, rayon üzrə kütləvi şəkildə təmizlik, abadlıq işləri aparılır, ağacəkmə kampaniyası keçirilirdi.
20 may 2015-ci il. Nizami küçəsindəki məbədin yanında adam əlindən tərpənmək olmurdu. Rayonun hər tərəfindən minlərlə adam yığışmışdı. Nəhayət, səbirsizliklə gözlənilən an gəlib çatdı. Gur alqış sədaları altında məşəl Şəmkirə təqdim olundu. Məşəli gənc idmançı Aysel Salahova qəbul etdi. Rayonun 10 nəfər say-seçmə idmançısı - Əkbər Qasımov, Vəfadar Mustafayev, Rakif Məmmədov, Rasif Quliyev, Zaməddin İsgəndərov, Elçin Həsənov, Vüsal Rzayev, Orxan Məmmədov, Aysel Salahova və Nigar Hüseynli müəyyən məsafədə məşəli bir-birinə ötürə-ötürə Gənclər Mərkəzinə doğru irəlilədilər.
Yol boyu düzülən insanların əllərində bayraqlar, rəngarəng şarlar, gül-çiçək var idi. Biz də bu gülərüzlü insan axınına qoşularaq məşəl arxasınca mərkəzi meydana doğru irəlilədik. Məşəli daşıyanlar Nizami, Əhməd Cavad küçələrindən, Heydər Əliyev prospektindən keçərək Gənclər Mərkəzinin önündə məxsusi quraşdırılmış səhnəyə qalxdılar. Yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc medalçısı, üçqat respublika çempionu Vəfadar Mustafayev alqış sədaları altında məşəli alovlandırdı və bununla Şəmkirdə alov festivalı başladı. Tarixi oyunların rəmzi sayılan gur məşəl işıq və nur diyarına şəfəq saçdı. Qədim Şəmkir diyarı əlamətdar anlar yaşadı.
Şəmkir böyük rayondur, ərazisi geniş, əhalisi çox, işləri ürəkaçandır. Son illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər hamının qəlbindən xəbər verir. Abadlıq-quruculuq sahəsində Şəmkirin öz üslubu var. Həm memarlıq quruluşuna, həm ictimai faydasına, həm də müasirlik baxımına görə diqqəti cəlb edir. Təkcə son vaxtlar açılan obyektlərə nəzər salaq: Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Bayraq Muzeyi, Bakı Oksford məktəbinin Şəmkir filialı, Uşaq Akademiyası, “Zəka” intellektual mərkəzi, “Excelsior Hotel Shamkir” mehmanxanası...
Şəmkirin başqa bir özəlliyi də var. Gəncə səmtindən gələndə Şəmkirə çatan kimi sol tərəfdə - az qala bir kilometr məsafədə yan-yana düzülmüş orijinal görkəmli obyektlər görənləri valeh edir. Avropa elementləri ilə qovuşan müasir memarlığın bu yeni üslubu ölkədə hələlik yeganədir. Özü də çox baxımlı yerdə, sağda Olimpiya İdman Kompleksi, solda Bayraq Meydanı əsrarəngiz mənzərə yaradır.
Şəhərə doğru burulanda sanki sehirli aləmə düşürsən. Yaşıllıqlar qoynunda qərar tutan ikitərəfli xiyaban əsl muzeyə bənzəyir. Ətrafda bir-birindən yaraşıqlı binalar cərgələnir. Abad küçələr, xiyabanlar, parklar və bağlar əsl sanatoriya-istirahət mərkəzinə bənzəyir. Yollardan, səkilərdən, su, işıq sistemindən, binaların fasadlarından, dam örtüklərindən, qapı və pəncərələrdən tutmuş darvazalara kimi hamısı təzələnib, özü də müasir üslubda. Yol-izi də abad, bağlar, parklar, müxtəlif yönümlü obyektləri müasirdir bu şəhərin. Ən səfalı guşədə Heydər seyrəngahı salınıb. Ümumi sahəsi 14 hektardır. Ərazidə müxtəlif tipli 7 fəvvarə, 10 körpü keçid, həmçinin süni göl düzəldilib. Burada 20 minədək müxtəlif növ dekorativ ağaclar, güllər əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, əhalinin istirahəti üçün hər şərait yaradılıb.
Qaracəmirli kənd veteranlar şurasının sədri, Böyük Vətən müharibəsinin iştirakçısı Ruhnəddin Məmmədov deyir ki, ölkədə hər sahənin inkişafı, insanların güzəranının getdikcə yüksəldilməsi üçün böyük işlər görülür: “Elə bu yaxınlarda Qələbənin 70 illiyi ərəfəsində müharibə iştirakçılarına Prezidentin sərəncamı ilə birdəfəlik maddi yardımın verilməsi dövlətin bizə tükənməz qayğısının bir hissəsidir. İmkansızlara yardımlar, torpaq sahələri, maşınlar verilir, kreditlər ayrılır, əkin-biçin işlərinə hər cür kömək göstərilir. Elə buna görə də rayonun iqtisadiyyatı yüksəlir, məhsuldarlıq artır, gəlir, qazanc çoxalır. Aqrar sahənin inkişafı üçün daha böyük layihələr həyata keçirilir”.
Şəmkirçay Su anbarının istifadəyə verilməsi ilə əlaqədar möhtəşəm bir işə start verilib. Bəlli olduğu kimi, bu yerlər üstüörtülü sahələrdə faraş-tərəvəz yetişdirilməsi sahəsində ad çıxarıb. Bu işlərin daha da genişləndirilməsi üçün dövlət başçısı İlham Əliyevin göstərişi ilə “Şəmkir-Aqropark”ın təməli qoyulub.
Rayonun baş memarı Ramiz Rəhimov dedi ki, Könüllü və Abbaslı kəndlərinin ərazisində Aqropark üçün 543 hektar sahə ayrılıb: “Sənədləşmə demək olar başa çatır. Maliyyə mənbələri isə artıq məlumdur. İndi ilkin obyektlərin təməli qoyulur. Bir sıra sahələrdə kütləvi surətdə iş gedir. İnşaatçılar üçün məişət, yaşayış, istirahət yerləri düzəldilir, dağlardan gələn kanallar sahmana salınır”.
Rayonun hər yerində söhbət Aqroparkın faydasından, səmərəsindən gedir. Bələdiyyələr, fermerlər, ayrı-ayrı torpaq sahibkarları bu dəyərli işin mahiyyəti ilə maraqlanır, onun imkanlarından yararlanmağa çalışırlar. Bununla əlaqədar rayondakı 42 bələdiyyədən 18-də məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb. İlin sonuna kimi onların sayı 40-a çatacaq.
Bələdiyyələrin nəzdində yaranan bu müəssisələr Aqroparkın imkanlarına arxalanaraq şəhər, qəsəbə və kəndlərin torpaq şəraitinə, coğrafi mühitə uyğun ən gəlirli istehsal sahələrinin inkişafı ilə məşğul olacaq. Şəmkir, Könüllü, Sabirkənd, Şiştəpə və başqa məhdud məsuliyyətli müəssisələr artıq fəaliyyətə başlamışdır.
“Şəmkir” MMC-nın direktoru, kənd təsərrüfatı elmləri namizədi İbrahim İbrahimov:
- Aqroparkın yaradılması hamının ürəyindən xəbər verir, bizi daha yaxşı işləməyə ruhlandırır. Son vaxtlar MMC-miz tərəfindən 10 hektar xurma bağı və meyvə tingliyi salınmışdır. Bir halda ki, Aqropark qarşımızda belə geniş imkanlar açır, ilin sonuna kimi bağların sahəsini azı 100 hektara çatdırmağı qərara almışıq.
Rayonun digər sahələrində də çox iş görülür. Elektrik enerjisi, təbii qaz və su problemi, demək olar, həll edilib. Bir-birindən yaraşıqlı sosial obyektlər inşa olunub. Əməkdar müəllim Həqiqət Nəsibova deyir ki, son 10 ildə rayon üzrə 27 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 5 məktəb binası tikilib, 26 bina əsaslı təmir olunub. Səhiyyə, rabitə və mədəniyyət sahəsində də xeyli tədbirlər görülüb. Bu yaxınlarda səfalı bir guşədə Müalicə-Sağlamlıq Kompleksinin təməli qoyulub.
2008-ci il Pekin Olimpiya Oyunlarının bürünc medalçısı Mövlud Mirəliyev sevincini bizimlə belə bölüşdü: “Ölkəmizin hər yerində olduğu kimi, Şəmkirdə də idmanın inkişafına xüsusi diqqət yetirilir. Gənclərin öz məharətlərini göstərmələri üçün Olimpiya İdman Kompleksində hər şərait yaradılıb. Bundan əlavə, rayonumuzda uşaq idman məktəbləri, Şahmat məktəbi, güləş salonu və digər obyektlər fəaliyyət göstərir.
Söhbətə Novruz milli bayramına həsr olunmuş respublika turnirində birinci yer tutmuş gənc idmançı Rüzgar Qasımov da qoşuldu:
- Şadam ki, belə bir tarixi tədbir bizim dövrümüzə düşür. Bütün bunlara görə dövlət başçısı İlham Əliyevə şəmkirli gənclər adından minnətdarlığımı bildirirəm. Müqəddəs “Atəşgah” məbədində məşəli yandırarkən Prezidentin dediyi sözləri də unuda bilmirəm. Dövlət başçısı dedi ki, bu gün I Avropa Oyunlarının məşəli “Atəşgah” məbədində alovlandırılır. Bu məşəl ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı idman və dostluq bayramını qeyd etsin.
Söhbətin bu yerində hamının diqqəti mərkəzi meydanda qurulmuş səhnəyə dikilir... “Atəşgah”dan gələn məşəldən yandırılan rəmzi çıraq Oyunlar başa çatanadək saxlanılması üçün karate üzrə respublika çempionu Nərmin İbrahimliyə təqdim edildi. O da rəmzi çırağı idmançıların müşayiəti ilə Gənclər Mərkəzinə gətirdi. Söz-sənət məclisi başladı. Vətəni, xalqı, hünəri, dostluğu tərənnüm edən çıxışlar bir-birini əvəz etdi. Qarabağ, qəhrəmanlıq haqqında mahnılar, şeirlər ürəkləri oxşadı.
Əhməd
İSAYEV,
Azərbaycan.-2015.- 21 may.- S. 6.