Məşhur üzgüçülərlə yarışmaq böyük təcrübə olacaq

 

Avropa Oyunlarının başlanmasına cəmi 22 gün qalır. Bu mötəbər turnirdə 50 ölkədən 6000-dən çox idmançı mübarizə aparacaq. İdmançılarımız da qitənin ən nüfuzlu yarışına hazırlıqlarını davam etdirirlər. Artıq demək olar ki, idmanın bir çox növlərində hazırlıq prosesi yekunlaşmaq üzrədir.

Bunlardan biri üzgüçülükdür. Üzgüçülük yarışları dünyanın ən müasirunikal qurğularından biri olan Bakı Su İdmanı Sarayında keçiriləcək. 14 günlük yarış müddətində 800-dən çox iştirakçı 3 növ üzrə - üzgüçülük, suya tullanmasinxron üzgüçülük üzrə yarışlarda mübarizə aparacaq. Ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Dünən Su İdmanı Sarayının  əsas  hovuzunda I Avropa Oyunları öncəsi 20 gənc üzgüçünün iştirakı ilə təlim-məşqə start verilib. “Bakı-2015” Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs Okallaqan Bakı Su İdmanı Sarayının I Avropa Oyunlarının iştirakçılarına xoş təəssürat bağışlayacağından əminliyini bildirdi: “Bakı Su İdmanı Sarayı şəhər sakinlərinin faydalanması üçün I Avropa Oyunlarından qalacaq irsin parlaq nümunəsidir. Arena üzgüçülüyün müxtəlif növləri üzrə Azərbaycan çempionlarının yetişməsi üçün təlim mərkəzinə çevriləcək. Gənc idmançılar bu arenanı çox bəyəndilər. “Bakı-2015”dən sonra hazırlıq keçəcəkləri idman obyekti ilə tanışlıq da onların marağına və sevincinə səbəb oldu”.

Bakı Su İdmanı Sarayının baş meneceri Lauren Skrimqur dedi ki, arenada üç hovuz var. Yerli və beynəlxalq səviyyəli müxtəlif su idmanı növləri üzrə yarışlar üçün nəzərdə tutulan əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi 2,5 metrdir. İkinci hovuz suya tullananlar üçündür. Burada 1, 3, 5, 7,5 və 10 metrdən tullanmalar üçün beşpilləli platforma qurulub. Bu hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir. Sarayda məşqlər üçün üzgüçülük hovuzu da inşa edilib. Lazım gələrsə, bu hovuzu iki hissəyə ayırmaq mümkündür. Hovuzun hissələrindən birinin dibi dəyişə bilir ki, bu da istər böyüklərə, istərsə də uşaqlara məşq etmək imkanı verir.

Yığmamızın baş məşqçisi Rəşad Əbdülrəhmanov belə möhtəşəm bir sarayda  məşq keçməkdən məmnun qalacağını gizlətmədi: “Bu məkanda gənc idmançılar üçün təlim-məşq prosesinin təşkili ürəyimizcə oldu. Hovuz Olimpiya standartlarına uyğun tikilib və Azərbaycanda gələcəkdə yeni idmançıların yetişməsi baxımından çox mükəmməl qurğudur. Burada idmançılar üçün hər cür şərait yaradılıb. Onlar “Bakı-2015”ə böyük həvəslə hazırlaşırlar. Həqiqətən də I Avropa Oyunları Azərbaycan tarixində ən böyük idman tədbiridir. Bu, təkcə idmançılar, məşqçilər üçün yox, hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır. Qitənin ən məşhur üzgüçüləri ilə birgə yarışmaq isə bizdən ötrü böyük bir təcrübə olacaq”.

“Bakı-2015”də yarışacaq üzgüçülərimizdən biri Kamran Cəfərov isə dedi ki, hər bir idmançı kimi onun arzusu da mükafatçılar sırasında yer almaqdır: “Bakı-2015”də yarışacağım üçün çox sevinirəm. Möhtəşəm sarayda Avropanın aparıcı üzgüçüləri ilə rəqib olmaq çox məsuliyyətli, həm də şərəflidir. Məqsədim uğurla çıxış edib medal qazanmaqdır”.

“Bakı-2015”in ulduz elçisi Murad Dadaşov da Bakı Su İdmanı Sarayının dünyanın ən unikal arenalarından biri olduğunu qeyd etdi: “Bu arena I Avropa Oyunlarının su idmanı yarışlarının keçirilməsində böyük rol oynayacaq. Bakı Su İdmanı Sarayında üzgüçülüyün bütün növləri üçün hər cür şərait yaradılıb. Mən Oyunlar zamanı burada olacağam və idmançılarımızı dəstəkləyəcəyəm. Nə qədər çox azarkeş burada idmançılarımızı dəstəkləsələr, bu, onların daha da uğurlu çıxış etməsi üçün böyük kömək olacaq”.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 21 may.- S. 6.