“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar

 

¹ 186                                     Bakı şəhəri, 13 may 2015-ci il

 

 

“Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn məsələləri həll etsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 13 may

tarixli 186 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Sənaye məhəllələri haqqında Nümunəvi

 

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Əsasnamə (bundan sonra - Əsasnamə) “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hazırlanmışdır və dövlət tərəfindən sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyəti-nin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Sənaye məhəllələrində sənaye məhsullarının istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.

1.3. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazi;

1.3.2. sənaye məhəlləsininidarəedici təşkilatı (bundan sonra - idarəedici təşkilat) – sənaye məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxs;

1.3.3. sənaye məhəlləsinin iştirakçısı – bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini almış və sənaye məhəlləsində fəaliyyət göstərən hüquqi şəxs və ya fərdi sahibkar;

1.3.4. sənaye məhəlləsinin infrastrukturu – yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis kommunikasiya təminatı və sənaye məhəlləsinin fəaliyyət göstərməsini təmin edən digər obyektlərin kompleksi;

1.3.5. sənaye məhəlləsinin ümumi istifadədə olan əraziləri – sənaye məhəlləsinin sərhədləri daxilində sənaye məhəlləsinin infrastrukturunun, küçələrin, meydanların və yaşıllıqların yerləşdiyi, habelə ümumi istifadə üçün nəzərdə tutulan digər ərazilər.

1.4. Sənaye məhəlləsi ixtisaslaşmış və qarışıq profilli ola bilər.

 

2. Sənaye məhəlləsinin yaradılmasının məqsədi

 

2.1. Sənaye məhəlləsinin yaradılmasının məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsindən və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

 

3. Sənaye məhəlləsinin yaradılması

 

3.1. Sənaye məhəlləsi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye məhəlləsinin yaradılması haqqında qərar Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin (bundan sonra - səlahiyyətli orqan) təklifi əsasında Azərbaycan Respublikasının Prezidentitərəfindən qəbul edilir. Sənaye məhəlləsinə bələdiyyə mülkiyyətində olan torpaq sahələri icarə müqaviləsi əsasında və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş digər əsaslarla icarəyə vermək hüququ ilə cəlb edilir.

3.2. Sənaye məhəlləsinin yaradılması haqqında qərarda sənaye məhəlləsinin yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşdirilmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.

3.3. Sənaye məhəlləsinin yaradılması üçün ayrılan torpaq sahəsi:

3.3.1. məqsədli təyinatına görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmalıdır;

3.3.2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir;

3.3.3. ərazi planlaşdırılması sənədlərinə uyğun olmalıdır.

3.4. Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir.

 

4. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı

 

4.1. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat tərəfindən həyata keçirilir. İdarəedici təşkilat sənaye məhəlləsinin fəaliyyətinə görə cavabdehdir və sənaye məhəlləsinin iştirakçısı kimi fəaliyyət göstərə bilməz.

4.2. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

4.2.1. sənaye məhəlləsi üçün ayrılmış torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilir;

4.2.2. sənaye məhəlləsinin infrastrukturu qurulur;

4.2.3. məsləhət, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilir.

4.3. Sənaye məhəlləsinin infrastrukturu və sənaye məhəlləsinin ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələri dövlət mülkiyyəti hesab olunur.

4.4. Sənaye məhəlləsinin ərazisində sənaye məhəlləsinin iştirakçısının şəxsi vəsaiti hesabına yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğular iştirakçının özəl mülkiyyəti hesab olunur.

4.5. Sənaye məhəlləsinin iştirakçısına icarəyə verilən torpaq sahəsində olan infrastruktur ümumi istifadədə qalır.

 

5. Səlahiyyətli orqanın vəzifələri

 

5.1. Səlahiyyətli orqan:

5.1.1. sənaye məhəlləsinin yaradılması və ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

5.1.2. sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata köməklik göstərir;

5.1.3. sənaye məhəllələrinin fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

 

6. İdarəedici təşkilatın vəzifələri

 

6.1. İdarəedici təşkilat:

6.1.1. sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görür;

6.1.2. sənaye məhəlləsinin iştirakçılarının qeydiyyatını (reyestrini) aparır, onlara sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini verir;

6.1.3. sənaye məhəlləsinin ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini və (və ya) tikililəri sənaye məhəlləsinin iştirakçılarına müqavilə əsasında icarəyə verir;

6.1.4. sənaye məhəlləsinin idarə olunması və inkişafı məqsədi ilə səlahiyyətli orqana təkliflər verir;

6.1.5. sənaye məhəlləsinin iştirakçıları və onlarla dövlət və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirir;

6.1.6. sənaye məhəlləsinin fəaliyyəti və inkişafı barədə illik hesabatları səlahiyyətli orqana təqdim edir;

6.1.7. dövlət orqanları tərəfindən sənaye məhəlləsinin iştirakçılarında keçirilən yoxlamalarda (vergi yoxlamaları və vergi nəzarəti tədbirləri istisna olmaqla) iştirakçıların dəvəti ilə iştirak edir;

6.1.8. sənaye məhəlləsində tikintiyə və tikinti obyektinin istismarına icazənin alınması ilə bağlı sənaye məhəlləsinin iştirakçısının adından təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirir;

6.1.9. sənaye məhəlləsinin infrastrukturuna xidmət göstərir, onun normal fəaliyyətini təmin edir, cari və əsaslı təmirini həyata keçirir;

6.1.10. sənaye məhəlləsinin iştirakçıları ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlayır;

6.1.11. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi bu Əsasnaməyə əməl edilməsi ilə bağlı sənaye məhəlləsinin iştirakçılarına köməklik göstərir.

 

7. İdarəedici təşkilatın gəlirləri

 

7.1. İdarəedici təşkilatın gəlirləri aşağıdakı mənbələrdən formalaşır:

7.1.1. sənaye məhəlləsinin inzibati, ictimai iaşə və istehsal təyinatlı obyektlərinin icarəyə verilməsindən əldə olunan gəlirin “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzası ilə müəyyən edilmiş hissəsindən;

7.1.2. mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması xidmətlərindən;

7.1.3. kreditlərdən, qrantlardan, ianələrdən;

7.1.4. müxtəlif məsləhət, mühafizə xidmətlərindən və qadağan olunmayan digər mənbələrdən.

 

8. Sənaye məhəlləsinin iştirakçısının qeydiyyatı

 

8.1. Sənaye məhəlləsində fəaliyyət göstərmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini almalıdırlar. Hüquqi şəxslərin və fərdi sahibkarların sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatı ilə bağlı qərarın qəbul edilməsi üzrə inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

8.2. Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçmək üçün ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.

8.3. İdarəedici təşkilat ərizəçi tərəfindən təqdim olunmuş ərizəni həmin gün qeydiyyata alır və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir. İdarəedici təşkilat 3 (üç) iş günü müddətində ərizəçi tərəfindən təqdim olunmuş ərizənin və ona əlavə edilmiş sənədlərin bu Əsasnamənin 8.2-ci bəndinin ikinci cümləsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qeydiyyata almaqdan imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən həmin çatışmazlıqlar göstərilməklə bu barədə ərizəçiyə yazılı məlumat verilir.

8.4. Ərizəçi yazılı məlumatı aldığı vaxtdan ən gec 15 (on beş) gün ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Bu zaman qeydiyyataalma müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyataalma prosedurunun ümumi müddətinə daxil edilmir. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra qeydiyyataalma müddətinin axımı bərpa olunur.

8.5. Ərizəçi tərəfindən təqdim edilən layihə aşağıdakı qiymətləndirmə meyarlarına uyğun olaraq idarəedici təşkilat tərəfindən qiymətləndirilir:

8.5.1. layihənin sosial-iqtisadi əhəmiyyəti;

8.5.2. layihənin sənaye məhəlləsinin profilinə uyğunluğu;

8.5.3. layihənin ətraf mühitə təsiri;

8.5.4. layihənin yeni iş yerlərinin açılmasına təsiri.

8.6. İdarəedici təşkilat təqdim edilən ərizəyə və ona əlavə olunan sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 15 (on beş) gündəngec olmayaraq ərizəçinin sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınması və ya qeydiyyata almaqdan imtina olunması haqqında əsaslandırılmış qərar qəbul edir.

8.7. Ərizəçinin sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:

8.7.1. ərizəçi tərəfindən təqdim edilən layihə bu Əsasnamənin 8.5-ci bəndinin tələblərinə uyğun olmadıqda;

8.7.2. ərizədə və ona əlavə olunan sənədlərdə imtinaya səbəb olan əsaslar olduqda.

8.8. Ərizəçinin sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınması haqqında qərar qəbul olunduqdan 5 (beş) iş günündən gec olmayaraq, ona bu Əsasnamənin 2 nömrəli əlavəsinə uyğun olaraq sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsi verilir. Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini aldıqları gündən sənaye məhəlləsinin iştirakçısı hesab edilirlər. Sənaye məhəlləsinin iştirakçılarının reyestri bu Əsasnamənin 3 nömrəli əlavəsinə uyğun qaydada aparılır.

 

9. Sənaye məhəlləsinin iştirakçısının fəaliyyəti

 

9.1. Sənaye məhəlləsinin iştirakçısı qeydiyyat şəhadətnaməsini aldıqdan sonra, 30 (otuz) gün ərzində idarəedici təşkilatla sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə və 6 (altı) ay ərzində bu Əsasnamənin 4 nömrəli əlavəsində göstərilən nümunəvi formaya uyğun olaraq idarəedici təşkilatla sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin icarə müqaviləsini bağlayır.

9.2. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə tərəflərin razılaşması ilə müəyyən edilmiş müddətə bağlanılır. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi ilə bağlı digər tərəfə yazılı bildiriş təqdim etməmişdirsə, müqavilə həmin müddətə uzadılmış hesab edilir.

9.3. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi tikilinin və (və ya) torpaq sahəsinin icarə müqaviləsinin, sənaye məhəlləsinin iştirakçısının qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və müqavilədə göstərilən hallar istisna olmaqla idarəedici təşkilat tərəfindən birtərəfli qaydada ləğv edilə bilməz.

9.4. Sənaye məhəlləsinin iştirakçısı qeydiyyata və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir.

 

10. Sənaye məhəlləsində stimullaşdırıcı tədbirlər

 

10.1. Sənaye məhəlləsi ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:

10.1.1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci hissəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi;

10.1.2. güzəştli kreditlərin verilməsi;

10.1.3. inzibati prosedurların sadələşdirilməsi;

10.1.4. sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

 

11. Sənaye məhəlləsinin torpaq sahələrindən istifadə

 

11.1. Sənaye məhəlləsinin ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində idarəetmə sənaye məhəlləsinin fəaliyyəti müddətində idarəedici təşkilat tərəfindən həyata keçirilir.

11.2. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

11.3. Sənaye məhəlləsinin iştirakçısına icarəyə verilmiş torpaq sahəsinin digər şəxslərə subicarəyə verilməsinə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.

 

12. Sənaye məhəlləsinin yaradılması və fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi

 

12.1. Sənaye məhəlləsinin yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

13. Sənaye məhəlləsinin ləğv edilməsi

 

13.1. Sənaye məhəlləsinin yaradılması haqqında qərar qəbul edildikdən sonra, 5 (beş) il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanılmadıqda və ya əvvəl bağlanılmış müqavilələr qüvvədən düşdükdə sənaye məhəlləsi ləğv edilir.

13.2. Sənaye məhəlləsinin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən  1 (bir) ay sonra qüvvəyə minir.

13.3. Sənaye məhəlləsinin ləğv edilməsi onun idarəedici təşkilatının ləğv edilməsinə səbəb olmur. Sənaye məhəlləsinin ləğv edilməsi onun iştirakçısı olmuş hüquqi şəxslərin və fərdi sahibkarların həmin ərazidə fəaliyyətlərini davam etdirmələrinə mane olmur.

Qeyd. Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

 

 

 

Azərbaycan.-2015.- 21 may.- S.7.