Azərbaycanın fövqəladə hallar nazirinin rəhbərlik

etdiyi nümayəndə heyəti Özbəkistanda qısamüddətli rəsmi səfərdə olub

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti mayın 19-da Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə bu ölkədə qısamüddətli rəsmi səfərdə olub.

Səfər zamanı nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha səmərəli cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məlumat daxil olan kimi nazir Özbəkistanda nəzərdə tutulan bütün digər görüşlərini dərhal təxirə salaraq təcili Bakıya qayıdıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Azərbaycan.-2015.- 21 may.- S.7.