Müasir hüquq sisteminin yaradılması xalqımızın tarixi nailiyyətidir

 

Məhkəmə-Hüquq Şurası-10

 

Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət inkişafı strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlərə imza ataraq öz tarixinin intibah dövrünü yaşayır. Xalqımızın ən böyük tarixi nailiyyətlərindən biri də, heç şübhəsiz ki, beynəlxalq norma və dəyərlərə cavab verən mütərəqqi məhkəmə və hüquq sisteminin yaradılmasıdır.

Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ulu öndər Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmiş, onun müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyamız isə yeni məhkəmə sisteminin yaradılmasına  və məhkəmə islahatlarının başlanılmasına təkan vermişdir. İslahatların mütəşəkkil həyata keçirilməsi məqsədilə ümummilli lider tərəfindən 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradılmış və bu işə xüsusi əhəmiyyət verən dahi öndər həmin komissiyaya rəhbərliyi məhz öz üzərinə götürmüşdü. Qısa müddət ərzində keçmiş Sovetlər Birliyindən miras qalmış məhkəmə və hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, beynəlxalq hüquq normalarının tələblərinə uyğun olan qanun və məcəllələr qəbul edilmişdir.

1997-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” qanunla üçpilləli müstəqil məhkəmə sistemimiz təsbit olunmuş, hazırlıqlı və peşəkar hakimlər korpusunun formalaşdırılması məqsədilə 1 dekabr 1998-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və ilk dəfə olaraq hakimlərin test üsulu ilə seçimi qərara alınmışdır.

Bununla da ölkəmizdə məhkəmə hakimiyyətinin idarə edilməsində yeni bir institutun formalaşdırılması istiqamətində mühüm addım atılaraq bugünkü Məhkəmə-Hüquq Şurasının əsası qoyulmuş, başqa sözlə, yeni məhkəmə və hüquq sistemimizi yaradan dahi öndər həm də məhkəmə hakimiyyətinin gələcək inkişaf strategiyasını müəyyən etmişdir.

2000-ci ildə hakimlərin seçimi üzrə keçirilmiş şəffaf müsabiqə nəticəsində əvvəlki hakim korpusu 60 faizə qədər təzələnmiş, həmin ilin sentyabr ayından əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən üçpilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Yeni qanunvericiliyə uyğun olaraq məhkəmələr üzərində hər cür nəzarətin ləğv olunması, insan haqlarının qorunması ilə bağlı ona müstəsna səlahiyyətin verilməsi məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzunu tam yeni səviyyəyə qaldırmış, insanlarda məhkəmələrin, keçmiş Sovetlər Birliyindəki kimi “cəza orqanı” deyil, hüquq müdafiə vasitəsi olması düşüncəsi formalaşmağa başlamış, qısa müddətdən sonra məhkəmələrə müraciətlərin sayı iki dəfə artmışdır.

Azərbaycanın dövlət başçısı seçildikdən sonra ümummilli liderin dövlətçilik kursunu əzmlə davam etdirən ölkə Prezidenti İlham Əliyevin məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun müasirləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir.

2004-cü ildən məhkəmə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə Avropa Şurası ilə birgə işçi qrupları yaradılaraq bu sahədə qanunvericilik ətraflı tədqiq edilmiş və onun Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə mütərəqqi beynəlxalq təcrübə nəzərdən keçirilərək müvafiq təhlillər aparılmış və Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən yeni qurum - məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanının yaradılması qənaətinə gəlinmişdir. Bu barədə hazırlanmış və Avropa Şurasında ekspertizadan keçirilmiş qanunvericilik layihələri ölkə Prezidenti tərəfindən dəstəklənmiş və qanunvericilik təşəbbüsü əsasında qəbul olunmuşdur.  

İslahatların ən mühüm cəhəti isə, heç şübhəsiz ki, Məhkəmə-Hüquq Şurası haqqında ayrıca qanunun qəbul edilməsi və Avropada ən mütərəqqi təcrübələrə əsaslanan, hakimiyyətin heç bir qoluna tabeliyi olmayan, tam müstəqil bir orqan kimi Məhkəmə-Hüquq Şurasının yaradılması olmuşdur.  

2005-ci ildən fəaliyyətə başlamış Məhkəmə-Hüquq Şurası üzvlərinin əksəriyyəti - 15 nəfərdən 9-nun bütün məhkəmə instansiyalarını təmsil edən hakimlər olması, Şurada bərabər səs hüququ ilə ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələrinin təmsil olunması onun fəaliyyətinin və qərarlarının hərtərəfli və dolğun olmasını şərtləndirmişdir. Təsadüfi deyil ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər məhz bu orqanın müstəsna səlahiyyətinə aid edilmişdir.

Öz işini şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Şuranın iclaslarına hakim assosiasiyalarının və digər hüquq təsisatı nümayəndələrinin, hüquq müdafiə təşkilatları və media təmsilçilərinin dəvət olunması təcrübəsi yaradılmış, habelə onun fəaliyyətinin ilk dövrlərindən geniş məlumatları əks etdirən internet səhifəsi (jlc.gov.az) istifadəyə verilmişdir.  

Ötən 10 illik dövr ərzində Şura tərəfindən ədalət mühakiməsinin səmərəsinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülmüş, 100-dək iclasda 400-dən artıq təşkilati məsələyə baxılmış, hakimlərin təyinatı, iş yerinin dəyişdirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı 1200-dək məsələ qaldırılmışdır.

Məhkəmə sistemində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə əsaslı təhlillər aparılmış, nöqsan və çatışmazlıqları doğuran səbəblər öyrənilmişdir. Müəyyən edilmişdir ki, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri hakimlərin yüksək iş yüküdür. Belə ki, məhkəmələrin mülki xarakterli işlər üzrə iş yükü qısa müddət ərzində xeyli artsa da, hakim ştatlarının sayı dəyişməmiş, həmçinin ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı digər Avropa dövlətləri ilə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunmuşdur.

Bununla əlaqədar iş yükünə dair ölkənin bütün hakimləri arasında sorğu keçirilərək nəticələr ümumiləşdirilmiş, beynəlxalq təcrübə, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) məlumatları nəzərə alınmaqla tələb olunan əlavə hakim ştatlarının sayı müəyyən edilmişdir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə böyük önəm verən dövlət başçısının fərmanları ilə hakimlərin ştat sayı iki dəfə artırılmışdır. Həmçinin yüksək iş yükü və beynəlxalq təcrübə nəzərə alınaraq məhkəmə aparatı işçilərinin ştat sayı 75% artırılmış, hər bir hakimə əlavə köməkçi ştatları ayrılmışdır.

İnsanlara məhkəməyə müraciət üçün əlverişli şərait yaradılması ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ən mühüm addımlardan biridir. Bununla əlaqədar dövlət başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair 19 yanvar 2006-cı il tarixli fərmanı ilə ölkəmizdə yeni regional məhkəmələrin yaradılması xüsusi qeyd olunmalıdır.      

Belə ki, bölgələrdə yaşayan insanların apelyasiya şikayətləri ilə bağlı Bakı şəhərində yerləşən və yurisdiksiyası bütün ölkəyə şamil olunan respublika apelyasiya və iqtisad məhkəmələrinə müraciətlərinin çətinliklər yaratması nəzərə alınaraq, həmin məhkəmələrin əvəzində bütün bölgələri əhatə edən 6 regional apelyasiya, habelə regionlarda əlavə olaraq 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir.

Həyata keçirilən islahatlar zamanı Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, əhali üçün əlverişli şəraitin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tam apelyasiya instansiyası xarakteri almışdır.

Bu sahədə tədbirlər bununla bitməmiş, dövlət başçısının fərmanlarına əsasən 2010-cu ildə bütün respublika üzrə vahid olan və Bakı şəhərində fəaliyyət göstərən ağır cinayətlər məhkəməsinin əvəzində ölkənin bölgələrində yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı

5-ə çatdırılmışdır.

Heç şübhəsiz, məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri ölkəmizdə ilk dəfə olaraq inzibati ədliyyə institutunun yaradılması olmuşdur. Belə ki, dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınması məqsədilə 2011-ci ildən ölkəmizin 7 bölgəsində yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Bu gün vətəndaşların inzibati mübahisələr üzrə qaldırdıqları iddiaların 85%-nin təmin olunması ölkəmizdə inzibati ədliyyə institutunun təntənəsi kimi qiymətləndirilməlidir.

Bütün bu tədbirlər insanların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə, hakimlərin iş yükünün, süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına şərait yaratmış, habelə bölgələrdə digər hüquq institutlarının inkişafına əsaslı təkan verilmişdir.

Məhkəmə hakimiyyətinin nüfuzu və etibarı hakimlərin insanlarla rəftarından, etik davranışından çox dərəcədə asılıdır. Ona görə də Məhkəmə-Hüquq Şurası Hakimlərin Etik Davranış Kodeksinin hazırlanmasına xüsusi əhəmiyyət vermiş, bu məqsədlə təcrübəli hakimlər və nüfuzlu beynəlxalq ekspertlərdən ibarət tərkibdə yaradılmış Azərbaycan-Avropa Şurası birgə işçi qrupu tərəfindən qabaqcıl təcrübəyə, o cümlədən BMT-nin “Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri”nə əsasən Hakimlərin Etik Davranış Kodeksi hazırlanmış və Şura tərəfindən qəbul edilmişdir.

Hakimlik fəaliyyətinin etik standartlarını nizamlayan kodeksin tələblərinə ciddi əməl edilməsi məqsədilə xüsusi təlimlər təşkil olunmuşdur. Bu mənada Banqalor prinsiplərinin hazırlanması prosesinə şəxsən rəhbərlik etmiş Şri-Lankanın sabiq ədliyyə naziri N.Cayavikramanın ölkəmizə səfər etməklə hakimlərimizlə müzakirələr keçirməsi və Azərbaycanda həmin etik prinsiplərə əməl edilməsi ilə bağlı görülən işlərdən yüksək məmnunluğunu ifadə etməsi xüsusi vurğulanmalıdır.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində vətəndaşların haqlı narazılığına səbəb olan kobud qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə də ardıcıl tədbirlər görülmüşdür. Hakimlərin məsuliyyət hissinin artırılmasında, qanun pozuntularından, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməsində intizam icraatları mühüm əhəmiyyət kəsb edir.

Yeni qanunvericiliyə əsasən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduru beynəlxalq təcrübəyə uyğun, ən demokratik əsaslarla müəyyən olunmuşdur. Belə ki, hakimlər barədə intizam icraatı müstəsna olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən başlanıla bilər. İcraat üzrə araşdırma Şuranın hakim üzvü tərəfindən aparılır, hakimlər bütün materiallarla tanış edilir, izahatları dinlənilir və məsuliyyətə cəlb edilmə məsələsi yalnız Şuranın hakim üzvləri tərəfindən həll edilir. Hakimə özünün seçdiyi vəkil və ya hakim yoldaşının köməyindən istifadə etməklə müdafiə olunmaq, Şura üzvlərinə etiraz etmək, habelə qəbul edilmiş qərardan Ali Məhkəmənin Plenumuna şikayət vermək hüququnun verilməsi bu prosedurun obyektivliyinə əlavə şərait yaradır.

Ötən illər ərzində Şura tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılmış, vətəndaşların haqlı şikayətlərini doğuran kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.

Həmçinin ölkə başçısının korrupsiya ilə qəti mübarizənin aparılmasına dair tapşırıqları daim diqqət mərkəzində saxlanılmış, korrupsiyaya şərait yaradan hallar təhlil olunmuş, belə məlumatların ətraflı araşdırılması məqsədilə Şurada Korrupsiyaya qarşı mübarizə sektoru yaradılmışdır. Aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 4 nəfər aşağı vəzifəyə keçirilmişdir.

Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilmişdir. Bununla əlaqədar ölkəmizdə hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olunmuşdur.

Çoxmərhələli imtahan və müsahibələrdən, habelə uzunmüddətli kurs və təcrübədən ibarət olan seçim proseduru müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Komitə üzvlərinin yarıdan çoxunun yüksək məhkəmələrin hakimi olması, habelə Şuranın Aparatının, prokurorluğun, Ədliyyə Nazirliyinin, vəkilliyin və hüquqşünas-alimin bu qurumda təmsil olunması peşəkar hakim seçimini şərtləndirmişdir.

Hakimlərin seçilməsi qaydalarına müvafiq olaraq şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə test üsulu ilə və yazılı imtahanlar sayı hətta 1000 nəfəri ötən namizədlər üçün vahid zalda təşkil edilir. İmtahan prosesinin bütün mərhələləri, o cümlədən sualların seçilməsi, çoxaldılaraq paylanması namizədlərin, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin və KİV nümayəndələrinin qarşısında keçirilir, nəticələr onların iştirakı ilə, imtahan keçirilən auditoriyada yoxlanılaraq dərhal elan olunur. Ən maraqlısı isə budur ki, bütün bu proses onlayn rejimdə canlı yayımlanır.

Namizədlərin bilik səviyyəsi ilə yanaşı, onların fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin müəyyən olunması məqsədilə keçirilən şifahi imtahanlarda da şəffaflığın təmin olunması məqsədilə beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarından olan çoxsaylı müşahidəçilər və KİV nümayəndələri iştirak edirlər.

İmtahanlarda müvəffəqiyyət qazanmış hakimliyə namizədlər Ədliyyə Akademiyasında 1 illik tədris kurslarına cəlb edilirlər. Kurslarda insan haqları, məhkəmə etikası, korrupsiya ilə mübarizə, məhkəmədə işin səmərəli təşkili və digər aktual məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunur, namizədlər məhkəmələrdə staj keçirlər. Onların qabaqcıl dövlətlərdə təcrübə keçməsinə xüsusi əhəmiyyət verilir. Bu məqsədlə namizədlərin bir çoxu Qərbi Avropa dövlətlərinə, o cümlədən bütün namizədlər yarım ay ərzində Türkiyəyə ezam edilmişlər.

Bu qaydalar əsasında keçirilən müsabiqələrdə iştirak etmiş 2600-dən çox hüquqşünasdan 307 nəfər seçilərək şərəfli hakim vəzifəsinə təyin edilmişdir. Bunun nəticəsində biz məhkəmə sistemində olan vakansiyaların tam əksəriyyətini komplektləşdirdik. Faktiki olaraq Ali Məhkəmə hakimlərinin sayı 2005-ci illə müqayisədə 50%, apelyasiya instansiyası və Bakı şəhərinin rayon məhkəməsi hakimlərinin sayı isə iki dəfədən çox artırıldı.

Hazırda hakim korpusunun 60%-ə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90%-ni yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir. Xüsusilə qeyd olunmalıdır ki, həmin hakimlərdən yüksək peşəkarlıq və hüquqi hazırlıq nümayiş etdirən 56 nəfəri apelyasiya məhkəmələrinə (bütün apelyasiya məhkəmələri hakimlərinin yarıya qədəri), 4 nəfəri Ali Məhkəməyə irəli çəkilmiş, 19 nəfəri isə məhkəmə sədri vəzifəsinə təyin olunmuşdur.

Azərbaycanda məhkəmə islahatları, o cümlədən hakimlərin seçimi sahəsində əldə edilən müsbət nəticələr nüfuzlu beynəlxalq təşkilatların da diqqətini cəlb etmişdir. Belə ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu yaratmış və bu prosesi bilavasitə izləmişdir. Seçim prosesinin bütün mərhələlərini müşahidə edən avropalı ekspertlər hazırladıqları hesabatda bu prosesi xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirmişlər.

Avropa Şurasının bütün üzv-dövlətlərindən olan nümayəndələrin iştirakı ilə keçirilmiş komissiyanın iclasında həmin hesabat geniş müzakirə olunmuş və məsələ üzrə xüsusi qərar qəbul olunaraq, Azərbaycanın müsbət təcrübəsi örnək kimi dəyərləndirilmişdir. Həmçinin ölkəmizdə məhkəmə sisteminin inkişafına və müasirləşdirilməsinə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül ölkə olması vurğulanmışdır.

Avropa İttifaqı və Avropa Şurası tərəfindən də ölkəmizdə hakimliyə namizədlərin seçimi üzrə fəaliyyət metodu müsbət nümunə kimi qiymətləndirilmiş, digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilmişdir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən mütərəqqi məhkəmə islahatlarımızın bütün Avropada müsbət təcrübə kimi yayılması ölkəmizin böyük uğuru olmaqla hər birimizdə hədsiz  iftixar hissi doğurur.

Hakimlərin maddi təminatının mütəmadi yaxşılaşdırılması, o cümlədən yeni məhkəmə sistemimizin fəaliyyətə başladığı dövrdən əməkhaqlarının 40 dəfəyədək artırılması, gənc hakimlər üçün əlavə təminatların müəyyən olunması, ümumilikdə məhkəmələrin büdcəsinin son 10 ildə 26 dəfə artırılması, habelə məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılması da ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərmişdir.

Görülən ardıcıl tədbirlərin və insanların etimadının nəticəsidir ki, məhkəmələrə daxil olan mülki işlərin sayı ilbəil, o cümlədən 2000-ci illə müqayisədə 10 dəfəyədək, təkcə 2014-cü ildə isə mülki xarakterli işlərin sayı (2013-cü ilə nisbətən) 40%-dən çox artaraq 250 mini ötmüşdür. İnsanların pozulmuş hüquqlarının müdafiəsi üçün icra, yaxud hüquq-mühafizə orqanlarına deyil, məhz məhkəmələrə müraciət etməyi üstün tutması və mübahisələrin məhkəmə müstəvisində həllini tapması bizi sevindirir.

Məhkəməyə etimadın ən bariz göstəricisi isə pozulmuş hüquqların məhkəmə müdafiəsinə dair statistikadır. Belə ki, 2014-cü ildə birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 95,1%, iqtisadi mübahisələr üzrə isə 97,5% təşkil etmişdir. Bütün mülki işlər üzrə yekun qərarların 91,8%-i, cinayət işləri üzrə hökmlərin isə 70%-i ilə tərəflər razılaşmış, başqa sözlə, həmin işlərdən apelyasiya şikayəti və ya protesti verilməmişdir.

Birinci instansiya məhkəmələrinin yekun qərarlarının sabitliyinin 2014-cü ildə bir az da yüksəlməsi, o cümlədən mülki işlər üzrə yekun qərarların 97,4%-nin, iqtisadi mübahisələr üzrə 98,4%-nin, inzibati mübahisələr üzrə 90,1%-nin, cinayət işləri üzrə isə 90,2%-nin dəyişdirilməyərək sabit qalması müsbət keyfiyyət dəyişikliyinin göstəricisidir.

Hakimlərin peşəkarlıq səviyyəsinin artırılmasında tədris prosesinin vacibliyi nəzərə alınaraq bu sahədə iş mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq yenidən qurulmuşdur. Belə ki, təlim proqramları tərtib edilərkən hakimlərlə sorğular keçirilir, onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilir, proqramlar məhz bu ehtiyaclara uyğun tərtib edilir. Hakimlərin müstəqilliyinin qorunmasının əlavə təminatı olaraq onlar tədris kursunun proqramını və vaxtını özləri seçirlər.

Bu sistem üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən Ədliyyə Akademiyası ilə birgə hər il 20-dək davamlı tədris kursları keçirilir. Məhkəmə təcrübəsindən irəli gələn problemlərə, qanunvericiliyin aktual məsələlərinə həsr edilən bu təlimlər yol verilən məhkəmə səhvlərinin aradan qaldırılmasında, vahid məhkəmə təcrübəsinin formalaşmasında mühüm rol oynayır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət verilərək Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər, Ali Məhkəmədə hər həftə xüsusi seminarlar keçirilir. Avropa Məhkəməsinin hakimləri ilə bilavasitə görüşlərin səmərəsi nəzərə alınaraq dəvətimizə əsasən ötən dövr ərzində məhkəmənin 10-dan çox hakimi, o cümlədən sabiq və hazırkı sədrləri hakimlərimizlə görüşmüş, səmərəli müzakirələr aparılmışdır. Bu ayın 22-də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunmuş beynəlxalq konfransda da Avropa Məhkəməsinin 3 hakiminin iştirak etməsi məhkəmə ilə sıx əməkdaşlığımızın bariz nümunəsidir.

Eyni zamanda, hakimlərimizin Avropa Məhkəməsinə mütəmadi səfəri təşkil olunur, onlar məhkəmənin fəaliyyəti ilə tanış olaraq dinləmələrdə bilavasitə iştirak edirlər. Həmçinin Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi önəm verən dövlət başçısının təşəbbüsü ilə ölkəmizin hakiminin məhkəmədə 1 il müddətinə staj keçməsi təşkil edilmişdir.

Bütün bunlar Avropa Konvensiyasının və Avropa Məhkəməsi presedentlərinin daha geniş tətbiq olunmasına şərait yaratmışdır. Lakin təəssüf ki, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaxud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunur.

Belə cılız düşüncəyə malik olanlar bilməlidirlər ki, Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin və ölkəmizə qarşı çıxarılan qərarların sayı ümumi Avropa göstəricisindən xeyli aşağıdır. Əhalisi Azərbaycanla təxminən eyni və ya daha az olan Avropa ölkələrinə, o cümlədən Macarıstana, Yunanıstana, Bolqarıstana, Slovakiyaya qarşı çıxarılan qərarların sayı isə ölkəmizlə müqayisədə dəfələrlə çoxdur.

Amma bu, bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir.

Ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə ardıcıl mütərəqqi tədbirlərin görülməsi ilə yanaşı, bu sahədə qabaqcıl təcrübələr daim təhlil edilir, məhkəmələrin fəaliyyəti mütəmadi təkmilləşdirilir, müstəqilliyinin yeni təminatları yaradılır. Bununla əlaqədar hazırlanmış müxtəlif qanunvericilik layihələri dəfələrlə Şuranın iclaslarında müzakirə edilmiş, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 50-dək, o cümlədən Məhkəmə-Hüquq Şurası haqqında qanuna 11 dəfə mütərəqqi dəyişikliklər edilmişdir.

Bu dəyişikliklərə əsasən Məhkəmə-Hüquq Şurasının məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi səlahiyyətləri genişləndirilmiş, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, hakim ştatlarının məhkəmələr üzrə bölüşdürülməsi Şuraya həvalə edilmişdir.

Hakimlərin təyinatında, bir sıra hallarda səlahiyyətlərinə xitam verilməsində Şuranın rolu artırılmış, məhkəmələrin büdcəsi müəyyən olunarkən onun rəyinin alınması mütləq qaydada təsbit edilmiş, hakimlərin ezam edilməsi institutu yaradılmışdır. Məhkəmə-Hüquq Şurasının  müstəqilliyinin təminatı vasitəsi kimi onun maliyyələşdirilməsi xərclərinin azaldılması qadağan olunmuşdur. Eyni zamanda Azərbaycan hakimlərin maddi təminatının dayanıqlığı məqsədilə onların maaşının məbləğini qanunla konkret müəyyən edən ölkə olmaqla yanaşı, daha bir mütərəqqi təcrübəni də tətbiq etmişdir - hakimlərin maaşının məbləğinin azaldılması qanunla qadağan olunmuşdur.

Bu sahədə qarşıda duran vəzifələr də az deyil. Məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da artırılması, hakimlər arasında ixtisaslaşmanın aparılması, yuvenal ədliyyənin inkişafı və digər mühüm istiqamətlərdə işlər müsbət beynəlxalq təcrübəyə əsaslanmaqla davam etməkdədir.

Ən mühüm vəzifələrdən biri də məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqidir. Dövlət başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 13 fevral 2014-cü il tarixli Sərəncamı bu sahədə strateji prioritetləri müəyyən etmişdir. Bu sistemin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir.

İnsanlar məhkəməyə gəlmədən elektron formada müraciət edə biləcək, proses barədə məlumatları elektron daşıyıcıda dərhal alacaq, məhkəmə prosesləri audio-video və digər texniki vasitələrlə qeydə alınacaq, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinet”ə malik olacaqlar.

Ölkəmizdə “Elektron məhkəmə” informasiya sisteminə keçidlə bağlı zəruri hazırlıq işləri görülür, müvafiq infrastruktur yaradılır. Elektron sənəd dövriyyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, “Elektron-bildiriş” informasiya proqramı, habelə proseslərin elektron qeydiyyatı sistemi hazırlanaraq sınaq rejimində tətbiq olunur.

Eyni zamanda hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı (courts.az) təşkil edilmiş, hər bir məhkəmə və hakim barədə ətraflı məlumatlar həmin portalda yerləşdirilmişdir. Portal vasitəsilə vətəndaşlara məhkəmələrə onlayn rejimdə müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı yaradılmışdır.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsi də az əhəmiyyət kəsb etmir. Son 10 ildə ölkənin, demək olar ki, bütün məhkəmələrində əsaslı təmir və yenidənqurma işləri aparılaraq hakimlərin və məhkəmə işçilərinin iş şəraiti müasir tələblərə uyğunlaşdırılmış, çoxsaylı yeni məhkəmə binaları istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin tapşırığı ilə Ali Məhkəmə üçün məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun xüsusi memarlıq üslublu yeni əzəmətli binanın inşa edilməsi ölkəmizin hüquq həyatında əlamətdar hadisələrdən olmuşdur. Avropanın ən müasir məhkəmə binalarından olan bu əsl “Ədalət sarayı”nın təməlinin qoyulmasında və açılışında dövlət başçısının iştirakı, dövlətçiliyimizin möhkəmləndirilməsində məhkəmə hakimiyyətinin rolu barədə fikirləri məhkəmə hakimiyyətinə verilən böyük önəmin əyani təzahürüdür.

Eyni zamanda, məhkəmə islahatlarımızın uğurlu nəticələrini görən Dünya Bankı maliyyə və texniki dəstək göstərilməsinə dair təşəbbüs irəli sürmüş və bu sahədə birgə layihələr icra edilərək 40-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, 5 məhkəmə binası inşa edilərək istifadəyə verilmiş, 7 məhkəmənin yerləşəcəyi 2 məhkəmə kompleksinin bu ərəfədə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Yeni məhkəmə binalarında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın və şəffaf xidmətlərin təmin edilməsi məqsədilə müasir İKT-lər geniş tətbiq edilir, inzibati və ictimai zonalar ayrılır ki, bu da hakimlərlə proses iştirakçıları arasında məhkəmə zalından kənar münasibətləri aradan qaldırır. Dünya Bankının vitse-prezidenti xanım Lora Tak, eləcə də Avropa Şurasının yüksək səviyyəli şəxsləri, o cümlədən Avropa Məhkəməsinin sədri Din Şpilman, CEPEJ-in prezidenti Con Steysi, habelə xarici ölkələrin Ali Məhkəmə sədrləri, ədliyyə nazirləri və digər hüquq strukturlarının rəhbərləri ölkəmizə səfərləri zamanı həmin məhkəmə binaları ilə tanış olarkən orada ədalət mühakiməsinin səmərəliliyinə təsir edən yüksək, o cümlədən vətəndaşlar üçün yaradılan əlverişli şəraitdən, ən müasir İKT-lərin tətbiqindən yüksək məmnunluqlarını ifadə etmişlər.

Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların, iqtisadi, sosial və digər sahələrdə müşahidə olunan sürətli inkişafın məntiqi davamıdır. Son 10 ildə ümumi daxili məhsulun 3,4, strateji valyuta ehtiyatlarımızın 30 dəfə artması, yoxsulluğun və işsizliyin minimum həddə düşməsi, xalqımızın milli təhlükəsizliyi və sosial rifahının yaxşılaşması naminə mühüm yerli və regional layihələrin müvəffəqiyyətlə icrası, yeni-yeni istehsal müəssisələri, səhiyyə, təhsil və mədəniyyət ocaqları, idman komplekslərinin istifadəyə verilməsi hər bir azərbaycanlıda xüsusi qürur hissi yaradır.

İctimai həyatın bütün sahələrində qazanılmış hərtərəfli nailiyyətlər respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsi ilə müşayiət olunur. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, təkcə bu ərəfədə iki mühüm beynəlxalq forumun keçirilməsi, onlarla dövlətin ali vəzifəli şəxslərinin ölkəmizə səfəri, I Avropa Oyunlarının paytaxtımızda təşkili ölkəmizin beynəlxalq aləmdə layiqli mövqeyini bir daha sübut edir.

Dövlət başçısının rəhbərliyi ilə qazanılan hərtərəfli yüksəliş və tərəqqiyə misilsiz töhfələr verən və ictimai həyatın bütün sahələrində öz xeyirxah təşəbbüsləri ilə fəal iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın I Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrliyi və bütün təşkilati tədbirlərin xüsusi məharətlə, görünməmiş rekord müddətdə yerinə yetirilməsi bu möhtəşəm tədbirin uğurla keçəcəyinə təminat verir.

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən Məhkəmə-Hüquq Şurası da ölkəmizin hərtərəfli tərəqqisi, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə fədakarlıqla çalışmaq əzmindədir. Bu münasibətlə Şura tərəfindən bir sıra tədbirlər, o cümlədən “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfrans, məhkəmələrdə “açıq qapı” günləri, ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sisteminin yaradılmasında roluna həsr olunmuş muzey təşkil edilmiş, məhkəmə sisteminin inkişafına dair xüsusi nəşrlər və sənədli film hazırlanmışdır.

Fürsətdən istifadə edərək Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyi münasibətilə məhkəmə hakimiyyətini təmsil edən böyük kollektivi ürəkdən təbrik edir və onlara məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin və  insan haqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.

 

Fikrət MƏMMƏDOV,

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri

Azərbaycan.-2015.- 21 may.- S.8.