Bolqarıstanın vitse-prezidenti
Marqarita Popova Qəbələyə
səfər edib
Bakıda
keçirilən III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak edən Bolqarıstan
Respublikasının vitse-prezidenti xanım Marqarita Popova
tanışlıq məqsədi ilə Qəbələ
rayonuna səfər edib.
AZƏRTAC
xəbər verir ki, bolqarıstanlı qonaq Qəbələdə
rayonun tarixi, mədəni məkanları, istehsal müəssisələri
və turizm obyektləri ilə yaxından tanış olub.
Sosial-iqtisadi inkişaf və əldə edilən uğurlarla
maraqlanan xanım Marqarita Popovaya məlumat verilib ki, bu gün
Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi
ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da
artırır, respublikamızı mədəniyyətlərarası
dialoqa töhfə verən məkan kimi tanıdır.
Diqqətə
çatdırılıb ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət nəticəsində
bu gün ölkəmizin bütün bölgələri kimi Qəbələ
də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir.
Daha
sonra Heydər Əliyev Konqres Mərkəzinə gələn
qonağa məlumat verilib ki, 1200 yerlik, nadir memarlıq
üslubuna malik mərkəzdə yüksək səviyyəli
tədbirlər keçirilir. Birinci mərtəbədə
zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir.
Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.
Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və
mühafizə otaqları, incəsənət ustaları və
media işçiləri üçün otaqlar, geniş foye
yerləşir. Konfrans zalı qısa müddətə
başqa məqsədlər - konsert, iclas üçün
kresloların aşağı enməsi ilə müstəvi
halına keçə bilir. Burada sinxron tərcümə
üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi
kabinəsi, habelə müşahidə və zalın avtomatik
idarəetmə məntəqəsi vardır. Konfrans zalında
mükəmməl səsləndirmə sistemi
quraşdırılıb.
Səfər
proqramına uyğun olaraq, xanım Marqarita Popova rayon
tarix-diyarşünaslıq muzeyində də olub. Muzeydəki
eksponatlarla tanış olan vitse-prezident Qafqaz
Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ
şəhərinin günümüzədək gəlib
çatan möhtəşəm qala divarının, bürc və
darvazasının maketinə və aparılan arxeoloji
qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət
nümunələrinə maraqla tamaşa edib. Muzeydəki xatirə
kitabı və tanınmış simaların muzey barədə
qeydləri bolqarıstanlı qonaqda xoş təəssürat
yaradıb.
Rayonun
istehsal müəssisələrinə maraq göstərən
xanım Marqarita Popova “Beltmann” piano fabrikinə də gəlib.
Bildirilib ki, 2009-cu ildən fəaliyyətə başlayan
fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən
yeganə müəssisədir və burada ildə 1200-1500
pianonun istehsalı mümkündür.
Səfər
çərçivəsində xanım Marqarita Popova
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi və
rayonda yaradılmış müasir turizm infrastrukturu ilə də
tanış olub.
Qəbələ
ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və
abadlıq işləri bolqarıstanlı qonaqda zəngin təəssürat
yaradıb.
Azərbaycanın
dünyada turizm ölkəsi kimi tanınması
üçün böyük potensiala malik olduğunu və bu
istiqamətdə böyük işlər görüldüyünü
qeyd edən vitse-prezident ölkəmizin sosial-iqtisadi
inkişafının, bölgələrdə müasir
texnologiyaya əsaslanan infrastrukturun, sürətlə
inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi
töhfələri yüksək qiymətləndirib.
Azərbaycan.-2015.- 21 may.- S.10.