“ADA” Universitetində UNESCO-nun şəbəkə işçi sessiyası keçirilib

 

Mayın 20-də “ADA” Universitetində Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun şəbəkə işçi sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə təmsil etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, burada həyata keçirilən layihə və tədbirlər barədə məlumat verib.

UNITWIN-in şəbəkə əlaqələndiricisi, ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri, professor Stiven Şankmanın sədrliyi ilə keçirilən iclasda 2016-2017-ci illər üçün Birgə Fəaliyyət Planı müzakirə edilib.

Professor S.Şankman ali təhsil müəssisələrində keçirilən görüşlərin müsbət cəhətlərindən danışıb, gələcək əməkdaşlıqlara böyük ümidlər bəslədiyini söyləyib. Qeyd edilib ki, UNESCO-da müxtəlif mövzularda kifayət qədər müzakirələr aparılır. Bu gün dünyanın dialoqa böyük ehtiyacı var. Ali məktəblərdə keçirilən görüşlər bu istiqamətdə görülən işə mühüm töhfələr verə bilər.

Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən S.Şankman Azərbaycan xalqına və hökumətinə qonaqpərvərliyə görə minnətdarlığını çatdırıb.

UNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində siyasət sektorunun eksperti Hugue Ngandeu Ngatta, bu təşkilatın Rusiyadan olan təmsilçisi Dmitri Spivak, mədəniyyətlərarası və dinlərarası dialoq üzrə beynəlxalq ekspert Roza Qerrero, KAICIID dialoq mərkəzinin tədqiqat direktoru Patris Brodör çıxış edərək bildiriblər ki, bu şəbəkə 2006-cı ildə Parisdə UNESCO-nun binasında keçirilən toplantıda təsis olunub. Natiqlər şəbəkənin artıq şaxələndiyini, gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını qeyd ediblər.

Digər çıxış edənlər UNESCO-nun fəaliyyəti, bu qurumun ali məktəblərdə keçirdiyi tədbirlər və onun müsbət nəticələri barədə danışıblar.

İşçi sessiya 2016-2017-ci illər üçün Birgə Fəaliyyət Planı ətrafında müzakirələrlə davam edib.

 

Azərbaycan.-2015.- 21 may.- S.12.