Akademik Kamal
Abdullayevə Təbrizdə “Elmi fəaliyyətə
görə” mükafatı təqdim edilib
Mayın
19-da İran İslam Respublikasının Təbriz şəhərində
Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresi
keçirilib. Konqresdə Azərbaycan, Türkiyə,
Gürcüstan, Kipr və İranda fəaliyyət göstərən
universitetlərin rektorları və digər nüfuzlu elm
ocaqlarının rəhbərləri, alimlər, elmi tədqiqatçılar
iştirak ediblər.
Konqresdə
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, akademik Kamal Abdullayev,
Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov,
Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev,
Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli,
“Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, Xəzər
Universitetinin rektoru Hamlet İsaxanlı iştirak ediblər.
KUNİB-in
sədri, Türkiyənin Ərdahan Universitetinin rektoru Ramazan
Korkmaz birliyə daxil olan elm ocaqlarının fəaliyyətindən,
alimlərin elmi işlərindən danışıb. Qeyd
olunub ki, region xalqlarının tarixinin, mədəniyyətinin,
ictimai və sosial həyatının öyrənilib elmi cəhətdən
tədqiq edilməsində birliyə daxil olan universitetlər
böyük rol oynayır. Həmin universitetlərdə
çalışan alimlərin bu gün yazılan elmi işləri
gənc nəslə çatdırılacaq və regionun tarixi
daha dərindən öyrənilərək gələcək
inkişafa yol açacaq.
Təbriz
Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi
universitetlərin elmi əməkdaşlığından
danışaraq qeyd edib ki, bu əməkdaşlıq
xalqların daha da yaxınlaşmasına səbəb olur. Elm
adamlarının bir araya gələrək əlaqələrin
genişləndirilməsi haqqında fikir mübadiləsi
aparması xalqların bir-birilərini yaxından
tanımasına şərait yaradır.
Çıxışlardan
sonra konqres öz işini panel iclaslarla davam etdirib.
Sonra
KUNİB-in mükafatının təqdimetmə mərasimi
olub. Birliyin sədri Ramazan Korkmaz Dövlət müşaviri,
akademik Kamal Abdullayevin elmi fəaliyyəti, yazdıqları əsərlərin
əhəmiyyətindən danışıb. Bildirib ki, onun
elmi tədqiqatları və monoqrafiyaları xalqların mədəniyyətlərinin
öyrənilməsinə həsr edilib. Bu əsərlərin
təbliği istənilən cəmiyyətdə
multikulturalizmin inkişafına təkan verir və xalqların
bir-birinə qarşı tolerant münasibətdə
olmasının vacibliyini vurğulayır.
R.Korkmaz
KUNİB-in “Elmi fəaliyyətə görə”
mükafatını Kamal Abdullayevə təqdim edib.
Mükafata
görə təşəkkürünü bildirən
Dövlət müşaviri Azərbaycan Prezidentinin
salamlarını konqres iştirakçılarına
çatdırıb. O deyib ki, xalqların birlik, bərabərlik
və mehribanlıq şəraitində yaşamasını təbliğ
etmək hər bir elm adamının borcudur.
Tədbirdə
Azərbaycanın Təbrizdəki baş konsulu Əli
Əlizadə də iştirak edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz
Azərbaycan.-2015.- 21 may.- S.11.