64 yaşlı müasir
və modern arena
Tofiq Bəhramov adına Respublika Stadionunda
Avropanın ən dəqiq
oxatanları bacarıqlarını nümayiş etdirəcəklər
Zaman-zaman bir çox beynəlxalq idman yarışlarının və möhtəşəm konsert tədbirlərinin keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionu I Avropa Oyunlarına da öz töhfəsini verəcək. Başqa sözlə, kamandan oxatma üzrə yarışlar burada keçiriləcək.
Stadionun ilk Avropa Oyunlarına necə hazırlaşdığını öyrənmək üçün yolumuzu ora saldıq. Stadionun ətraf hissələrinin tamamilə abadlaşdırıldığı və səliqəyə salındığı elə ilk baxışdan diqqət çəkirdi. Bizi I Avropa Oyunlarının Təşkilat Komitəsinin Tofiq Bəhramov adına Respublika Stadionu üzrə baş meneceri Harb Korbet qarşıladı. Stadionun əsas meydanında və zəruri xidmət otaqlarında son tamamlama işləri gedirdi. Oxatanlar üçün hədəf stendlər də quraşdırılmışdı.
Bu stadionun rəsmi açılışı 1951-ci ilin 16 oktyabrında olub. Tikintisinə 1939-cu ildə başlanılsa da, 1941-45-ci illər müharibəsi ilə əlaqədar stadionun işləri yarımçıq qalıb. Tikinti yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra istifadəyə verilib. Stadion yuxarıdan “C” hərfini xatırladır. 1990-cı ildən dünya şöhrətli hakim Tofiq Bəhramovun adını daşıyır.
Təmir və yenidənqurmadan sonra
2012-ci ilin avqustunda Prezident İlham Əliyevin iştirakı ilə stadionun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Bundan əvvəl stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılıb, ot örtüyü FİFA standartlarına uyğun şəkildə yenidən qurulub. Meydançanın ot örtüyünün alt hissəsində drenaj sistemi və Almaniya istehsalı olan isitmə sistemi quraşdırılıb. Ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilib. Meydançanın ətrafındakı qaçış zolağı Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən düzəldilib, köhnə projektor dirəklər müasir işıqlandırma sistemi ilə əvəzlənib. Tribunaların üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılıb və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi örtüklə örtülüb. Üst hissədə böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar quraşdırılıb. Tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinqə nəzarət otağı və digər köməkçi otaqlar yaradılıb. Burada, eyni zamanda, mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa edilib. Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz olunub. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift quraşdırılıb.
Stadionda ot örtüyünün isitmə sistemini istiliklə təmin etmək üçün qazanxana inşa edilib. Giriş hissədə eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb və burada yerləşdirilən 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilib. Stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri də tamamilə yenidən qurulub.
Belə bir arena, təbii ki, ilk Avropa Oyunlarının keçirilməsi üçün elə də ciddi təmir-bərpa işi tələb etmir. Ona görə də elə stadionda olarkən oradakı hər şeyin yüksək səviyyədə olduğunu gördük.
Meydançaya baxış zamanı baş menecer Harb Korbet yeni görülən işlər və Avropa Oyunları ərzində nəzərdə tutulan planlar barədə məlumat verdi. Bildirdi ki, əsas hazırlıq işləri bitib. Oyunlar ərəfəsində burada yalnız oxatma yarışları keçiriləcək. Avropanın ən dəqiq ox atan 128 idmançısı 7 gün ərzində öz bacarığını nümayiş etdirəcək. 16-22 iyunda yarışlar fərdi və qrup halında, eyni zamanda, qarışıq qrup şəklində 64 kişi və 64 qadın arasında olimpiya oyunları formatında keçiriləcək. Ümumilikdə 5 medal 3000 tamaşaçı qarşısında sahiblərinə təqdim olunacaq. Oxatma yarışları həmçinin 2016-cı il Rio Yay Olimpiya seçmə yarışları üçün yüksək xallar uğrunda mübarizəyə imkan yaradacaq.
Oxatma ilə bağlı qısa məlumat: qədim zamanlarda oxatma ovçuluq və döyüşdə tətbiq olunurdu. Orta əsrlərdə yaradılan odlu silahlar ox və yayı arxa plana keçirdi. Buna baxmayaraq, XVIII əsrin əvvəllərində oxatma nəticə etibarilə idman növü kimi yayılmağa başladı və hazırda 140 ölkədə idmançılar bu növlə məşğul olurlar. 1900-cü ildə Parisdə və 1920-ci ildə Antverpendə keçirilmiş olimpiya oyunları da daxil olmaqla, olimpiya oyunları tarixinin ilk illərində bir neçə dəfə oxatmaya proqramda yer verildikdən sonra bu idman növü 1972-ci il Münxen Olimpiya Oyunlarında yenidən təqdim olundu və həmin tarixdən etibarən olimpiya proqramında yer aldı.
Ölkəmizdə kamandan oxatma idmanı da inkişaf edir
İlk Avropa Oyunlarında kamandan oxatma yarışlarının
keçirilməsi idmanın
bu növünə marağı daha da artırıb. Kamandan oxatma
Azərbaycanda da yeni idman növü
deyil. Bu idman növü Azərbaycanda əsasən
1969-cu ildən inkişaf
etməyə başlayıb.
Azərbaycan idmançıları uzun illər SSRİ çempionatları və
birinciliklərində yaxşı
nəticələr göstəriblər.
Vaxtilə idmanın bu
növü üzrə
Azərbaycanda bir çox idmançı və beynəlxalq idman ustası hazırlanıb. Bəzi idmançılar
SSRİ yığmasının heyətinə də daxil olub və
beynəlxalq yarışlarda
iştirak ediblər.
Azərbaycan 1991-ci ildə müstəqilliyini
bərpa edəndən
sonra ölkədəki
siyasi-iqtisadi proseslərlə
bağlı kamandan oxatma idmanı da inkişafdan qaldı.
Müəyyən müddətdən sonra -
2007-ci ildən etibarən
vəziyyət əsaslı
şəkildə dəyişdi. Azərbaycan Kamandan
Oxatma Federasiyası idmanın bu növünün inkişafına
xeyli vəsait yatırdı. Hövsan Olimpiya
İdman Kompleksinin bazasında məşq üçün oxatma meydanı yaradıldı,
kaman və oxlar alındı, idmançıların hazırlanmasına
başlanıldı. Nəticədə 2009-cu ildə
ölkə çempionatında
18 nəfər oxatan iştirak edirdisə,
2015-ci ildə onların
sayı 50-ni ötdü.
Qeyd edək
ki, I Avropa Oyunlarında yarışlar
olimpiya oyunlarının
proqramına uyğun olaraq 70 metr məsafəyə kamandan oxatma üzrə keçiriləcək. Kamandan oxatma
yarışlarının qaydalarına
gəldikdə isə,
yarış 2 məsafə
üzrə ümumilikdə
72 atışı ehtiva
edir. Sonra final keçirilir. Olimpiya setkası müəyyən
olunur və istər şəxsi, istərsə də komanda və qarışıq hesabda finala çıxmaq uğrunda mübarizə gedir. Oxatanlar oxu hədəfə
70 metr məsafədən
atırlar və hədəflərin diametri
122 santimetrdir. Hədəfin
mərkəzindəki qızılı
halqanın diametri isə 12,2 santimetrdir.
I Avropa Oyunlarında kamandan oxatma üzrə yarışda ölkəmizi 6 idmançı
(3 qadın və 3 kişi) təmsil
edəcək. Onların arasında
Roman Vengerov, Aleksey Kopnin,
Leyla Fazilova kimi tanınmış idmançılar, Azərbaycan
çempionları, müxtəlif
turnirlərin qalibləri
yer alıb.
Beləcə, Tofiq Bəhramov adına Respublika
Stadionu Futbol üzrə FİFA U-17 qadınlararası
dünya çempionatı
kimi, daha bir beynəlxalq tədbirə - Avropa Oyunlarına qoynunda yer verəcək.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2015.- 22 may.- S.1;5.