Abid Şərifov: Binəqədi rayonu ərazisində yanmış bina bərpa olunacaq
Binəqədi
rayonu ərazində çoxmərtəbəli binada baş
vermiş yanğın nəticəsində zərərçəkənlərə
maddi yardım göstərilməsi məqsədilə Nazirlər
Kabineti tərəfindən Sərəncam imzalanıb.
AZƏRTAC
bildirir ki, bu barədə Baş nazirin müavini,
yanğınla əlaqədar yaradılmış Dövlət
Komissiyasının sədri Abid Şərifov məlumat verib.
Dövlət
Komissiyasının sədri deyib ki, bu Sərəncam Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına əsasən
hazırlanıb. Sərəncamda deyilir ki, yanğın nəticəsində
həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min
manat, xəsarət alanların hər birinə 5 min manat, bu
binanın sakini olan 56 ailənin hər birinə yanğın
nəticəsində zərər dəymiş əmlakına
görə ilkin olaraq 20 min manat məbləğində birdəfəlik
maddi yardım göstəriləcək.
Binanın
durumundan danışan A.Şərifov bildirib ki, mütəxəssislər
yoxlama aparıblar. Bina bərpa olunacaq. Bunun üçün
layihə hazırlanıb, on gün ərzində təqdim
ediləcək. Təmir-bərpa işləri
üçün ilkin vəsait də ayrılıb. Mənzillər
dövlət hesabına məişət əşyaları ilə
təmir ediləcək. Binanın sakinlərinin bütün
kommunal borcları silinib. “Asan xidmət”in səyyar
avtobusları binanın yanında fəaliyyət göstərir,
sənədlər verilir.
Yanğın
zamanı xəsarət alanların vəziyyətinin
yaxşılaşdığını bildirən A.Şərifov
deyib ki, xəstəxanalarda 12 nəfər qalıb. Bu
insanların sağlamlıq durumu Səhiyyə Nazirliyinin və
Dövlət Komissiyasının tam nəzarəti
altındadır. Son məlumata görə onların
hamısı tezliklə xəstəxanadan buraxılacaq.
Baş
nazirin müavini onu da vurğulayıb ki, yanğın
zamanı ziyan dəymiş avtomobillərin sahiblərinə
kompensasiya ödənilməsi nəzərdə tutulur.
Azərbaycan.-2015.- 22 may.- S.4.