Novruz Məmmədov: Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələri

 arasında əməkdaşlıqda qarşılıqlı maraqların nəzərə alınması vacibdir

 

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqada keçirilən hazırkı Sammitində Avropa dövlətləri ilə bu proqrama daxil olan ölkələr arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri mövzusunda müzakirələr aparılır.

Bu fikri sammitdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.

Novruz Məmmədov deyib: “Azərbaycanın mövqeyi həmişə belə olub ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin hər biri ilə o dövlətlərin xarakteri nəzərə alınmaqla münasibət qurulmalıdır. Bu sammitdə də görünür ki, Avropa İttifaqının rəhbərləri artıq əməkdaşlığı fərqləndirmək qərarına gəliblər. İndiyə qədər isə belə deyildi.

Sammitin gedişində, həmçinin görünür ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin hər biri məsələlərə öz nöqteyi-nəzərindən, öz maraqları çərçivəsində yanaşır. Tərəflər əllərindən gələni etməlidirlər ki, bu əməkdaşlıq gələcəkdə də uğurla davam etdirilsin. Bunun üçün də qarşılıqlı maraqlar, hər bir ölkənin bu tərəfdaşlıq çərçivəsində gördüyü işlər, əməkdaşlığın xarakteri nəzərə alınmalıdır”.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Azərbaycan.-2015.- 22 may.-  S.4.