“Bakı-2015” Azərbaycana bütün sahələrdə xeyir verəcək

 

Ziyalı sözü - vətəndaş mövqeyi

 

 

Aydın MİRZƏZADƏ,

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini:

 

- Aprelin 26-da “Atəşgah”da məşəli alovlanan ilk Avropa Oyunlarının başlanmasına saylı günlər qalır. Vaxt azaldıqca həyəcan da artır. Hər bir azərbaycanlı səbirsizliklə möhtəşəm açılış mərasimini gözləyir. Çünki bu mərasim Avropadünyaya səs salacaq, ölkəmizdə standartları müəyyənləşəcək Avropa Oyunlarının tarixi əsasını qoyacaq. 

Avropa Oyunları Təşkilat Komitəsinin az vaxtda gördüyü misilsiz işlər də göz önündədir. Artıq çoxsaylı qonaqları qəbul etmək, beynəlxalq nüfuza malik tədbiri keçirməyə hazırıq. Bu  isə dünyanın Azərbaycanı tanımasıdır. İki il ərzində ölkəmiz oyunlara yüksək səviyyəli hazırlıq mərhələsini başa vurdu. Digər ölkələrdə bu proses 7 il olduğu halda, Azərbaycan bunu 2 il ərzində edə bildi.

Hesab edirik ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı nüfuzunun daha da artmasına səbəb olacaq. Siyasi, ictimaiidman tədbirlərinin ölkəmizdə keçirilməsi üçün qapılar daha geniş açılacaq. Həmin oyunlara hazırlıq ölkəmizin bir sıra kommunikasiya problemlərinin həll etməsini önə çəkdi. Oyunlar qurtaracaq, lakin çəkilən yollar, tikilən hotellər və digər bu kimi yerlər Azərbaycana qalacaq. Biletlərin satışından, turistlərin Bakıya səfərindən Azərbaycan xeyli gəlir götürəcək ki, bu da oyunların bizə verdiyi maddi qazancdır.  Tədbirlə bağlı buraxılan əşyalar, broşürlər ölkəmizə gələn turistlər vasitəsilə Azərbaycan mədəniyyətini dünyaya tanıdacaq.

Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycana bir çox layihələri daha tez həyata keçirmək imkanı verdi. Ölkədə bütün sahələrdə infrastrukturlar yaxşılaşdırıldı, yeni hotellər tikildi, idmanla bağlı bir çox sahələr yeniləndi. Bu isə onu deməyə əsas verir ki, gələcəkdə ölkəmizdə keçiriləcək beynəlxalq idman tədbirlərinin sayı qat-qat artacaq.

Bu oyunlarla Azərbaycanı daha yaxından tanıyacaq dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın sülhün və münaqişənin dinc yolla həll olunmasının tərəfdarı olduğunu dəqiqləşdirəcək. Çünki Azərbaycana gələn hər bir əcnəbi buradakı tolerantlığı, dinlərarası münasibətə verilən qiyməti və digər halları gördükdə erməni lobbisinin azərbaycanlılarla bağlı dünyada apardığı çirkin kampaniyası ifşa olunacaq.  Azərbaycan haqqında təəssüratlar dəyişəcək, ölkəmizin biznes əlaqələri daha da artacaq.

Azərbaycan tarixi bir hadisənin önündədir. Heç bir şübhə yoxdur ki, bundan sonra digər ölkələr Azərbaycan səviyyəsində Avropa Oyunları keçirmək arzusunda olacaqlar.

 

 

Azərbaycan.-2015.- 22 may.- S.6.