Məşəlin 36-cı səfəri

 

Məşəl Ucar və Göyçayda alovlandı

 

 

Bu ilin 21 may gününü ucarlılar heç zaman unutmayacaqlar. Ölkəmizi diyar-diyar dolaşan I Avropa Oyunlarının məşəli Ucardadır. Rayon mərkəzi bayramsayağı bəzədilib, insanlar yüksək ovqatla, deyə-gülə küçələrə çıxıblar. Çox qürurvericidir - onların doğulub boya-başa çatdıqları, keçmişdə adı belə tədbirlərdən kənarda qalan Ucar bu gün abadmüasir görkəmi ilə I Avropa Oyunlarının məşəlinin pişvazına çıxıb. Məşəlin bu aran rayonundan keçməsi ilə Ucarın da adı bu möhtəşəm oyunların tarixinə yazılır.

Əlbəttə, həm rayonun inkişafı, həm də ölkəmizin bu ilkə imza atması, I Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı ucarlılar Prezident İlham Əliyevə çox minnətdardırlar. Ölkə rəhbərinin müdrik siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycan idmanı, mədəniyyəti, incəsənəti, tolerantlığı, sülhpərvərliyi, bənzərsiz inkişafı və digər mübarək keyfiyyətləri ilə çox ölkələrin qəlbində rəğbət oyadır. Şübhəsiz, bütün bu məsələlər mötəbər bir idman tədbirinin Azərbaycanda keçirilməsində az rol oynamayıb.

Dövlətin yüksək qayğısının nəticəsidir ki, Ucar da bu  gün Oyunların məşəlini xoş ovqatla qarşılayır. Rayonda görülən işlər, həyata keçirilən tikinti-quruculuq tədbirləri ucarlıların həyatını, gün-güzəranını yaxşılaşdırıb. Elə  buna görə də hər bir ucarlı böyük sevinclə bu bayrama qatılıb.

Son vaxtlar Ucarda abadlıq-quruculuq istiqamətində xeyli görülüb. İstər rayon mərkəzində, istərsə də kənd yaşayış məntəqələrində yenidənqurma və yaşıllaşdırma işlərinin miqyası genişlənir. Şəhərin Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzinin ətrafında, ictimai yaşayış binalarının həyətlərində, Azərbaycan, M.Ə.Rəsulzadə küçələrində aparılan yenidənqurma işləri sakinlərin ürəyincədir. Tikintisi davam edən obyektlər, nəzərdə tutulan tədbirlər də çoxdur. Bir faktı qeyd etmək yerinə düşər ki, əgər regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramında Ucar rayonu ilə bağlı 6 layihə planlaşdırılmışdısa, III Dövlət Proqramında 18 layihə nəzərdə tutulub. İlk dövrlər üçün gerçəkləşdirilməli olan layihələrin icrasına uğurla başlanılıb. Əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün şəhər mərkəzində yeni xətlər çəkilib, Külüllü-Ucar magistral su kəmərinin çəkilişi başa çatdırılmaqla sistemə qoşulub, yeni su anbarları tikilib, sayğaclaşdırma işləri görülüb, fasiləsiz içməli su təminatı  yaradılıb.

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar da xeyli görülüb. Rayon ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralı avtomobil yolunun ikinci xəttinin tikintisini, Göyçay-Ucar rayonlararası avtomobil yolunu, həmin yolun üzərindəki 3 körpünün inşasını deyilənlərə misal göstərmək olar.

İllər öncə Ucarın axşamları zülmət qaranlığa bürünərdi. İndi axşamlar da şəhərin işıqlı küçələrində ürəyin istədiyi qədər gəzib dolaşa bilərsən. Bütün bunlar Ucarın reallıqlarıdır.

Budur, məşəlin ölkə üzrə 36-cı səfəri Ucarda gerçəkləşir. Sakinlərin, bayram iştirakçılarının alqış və musiqi sədaları altında məşəl karvanı görünür. Oyunların rəmzi qapısından keçdikdən sonra məşəli gənc fəal Tağı Məmmədov qəbul edir. Böyük coşqu və alqışlarla şəhərin KoroğluOğuz küçələrinin kəsişməsindən yürüş başlanır. Ucarın gənc fəallarından Oruc Piriyev, Kazım Məmmədov, şəhər sakinlərindən Nicat Zülfüqarov, Raqif Qəhrəmanov və digər məşəlçilər 2,2 km məsafə qət edərək

I Avropa Oyunlarının məşəlini Heydər Əliyev Mərkəzinin qarşısındakı meydana çatdırırlar. Burada isə məşqçi-müəllim Seymur Quliyev I Avropa Oyunları boyunca Ucarda saxlanılacaq məşəli alovlandırır. Oyunların rəmzi çırağını isə şahmatın rapit növü üzrə dünya üçüncüsü Süsən Məmmədova qəbul edir. Beləcə, Ucar məşəl bayramının sevincini yaşayan 36-cı rayon olur.

Məşəlçi Tağı Məmmədov təəssüratını bizimlə bölüşür: - Qürur dolu anlar yaşadım. Çox həyəcanlıyam. Tarixi bir hadisənin iştirakçısı oldum. Ölkəmizin belə bir mötəbər turnirə ev sahibliyi etməsi Azərbaycanın bir dövlət kimi böyük uğurudur. İllər ötəcək, nəsillər dəyişəcək, bu tarix isə heç vaxt dəyişməyəcək. Gələcək nəsillər də biləcək ki, Azərbaycan I Avropa Oyunlarına necə yüksək səviyyədə ev sahibliyi edib. Əlbəttə, bütün bu uğurlara görə ilk növbədə möhtərəm Prezident İlham Əliyevə minnətdarıq.

Oruc Piriyev də söhbətə qoşulur: - Qısa müddət ərzində ölkəmizdə çox görüldü. Açılışlar, tədbirlər, ayrı-ayrı ölkələrdə Oyunların  təqdimat mərasimləri... Bu gün əminliklə deyə bilərik ki, ölkəmiz bu möhtəşəm tədbirə hazırlığın öhdəsindən layiqincə gəldi. İnanırıq ki, idmançılarımız da öz uğurlu nəticələri ilə sevincimizə sevinc qatacaqlar.   

Ucardan sonra I Avropa Oyunlarının məşəli çinarlar yurdu Göyçaya yola salındı.

 

Azərbaycan.-2015.- 22 may.- S.7.