Azərbaycan dünya geosiyasi bazarında
Azərbaycanın xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində baş verən trendləri özündə əks etdirir. Dünya siyasətindəki mövcud trend şərti “Qərb” adlandırılan ölkələrin siyasi fəlsəfəsinə əsaslanan liberal dünya quruculuğunu pozmadan, təkamül dövrünü yaşayan Çin, Braziliya, Hindistan kimi ölkələrin beynəlxalq münasibətlərdə artan roludur. Azərbaycan Respublikasının siyasi kursu özündə müstəqil xarici siyasət, insan hüquqlarının qorunması, iqtisadi inkişaf, mədəniyyətlərarası dialoq, həmçinin regional və beynəlxalq səviyyədə əməkdaşlığın genişləndirilməsi prinsiplərini əks etdirir. Qeyd edilən prinsiplər Azərbaycanın digər ölkələrlə əməkdaşlıqdan maksimum öz maraqlarına uyğun hərəkət edib vətəndaşlarının rifahını və ölkənin təhlükəsizliyini təmin edir.
Bu prinsiplər və onların əsasında qurulan ölkənin strateji hədəfləri əsasən 4 amil üzərində bərqərar olub. Bunlardan ilk 3 amil regional səviyyədə inkişafa aiddir və bunlar Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Antalyada keçirilən görüşündə bəyan edilmişdir: təhlükəsizlik; dayanıqlılıq; sabitlik.
İlk üç amil Azərbaycanın xarici siyasətindəki hədəflərə nail olmaq üçün öz maraqlarına dair prioritetləri müstəqil şəkildə müəyyən etməyi tələb edir.
Azərbaycanın geosiyasi arenada rolu yalnız Qərb istiqamətində deyil, həmçinin Şərq istiqamətində vacib geoiqtisadi və geosiyasi layihələrdə də iştirakdır. Buraya Çin tərəfindən təklif edilmiş İpək Yolu İqtisadi Kəmər Layihəsində Cənubi Qafqazın iştirakını aid etmək olar. Çoxşaxəli və çoxəhatəli xarici siyasət məlum üç prinsipi özündə əks etdirir - təhlükəsizlik, dayanıqlılıq və sabitlik. Aİ, Çin, Rusiya və regionun digər ölkələri ilə bərabərlik və müstəqillik meyarlarına əsaslanan əməkdaşlıq dövlətlər arasında müsbət asılılıq, ticarət əlaqələri və sıx əməkdaşlıq mexanizmlərini yaratmış olur. Bütün bunlar öz növbəsində regionda gərginliyin azaldılmasına, qarşılıqlı sərfəlilik üzərində qurulmuş uzunmüddətli iqtisadi münasibətlərin bərqərar olunmasına və sabitliyin vacibliyinin qabarıq şəkildə ortaya çıxmasına imkan yaradır.
2015-ci ilin may ayının 7-də İpək Yolu iqtisadi Kəmər Layihəsinə dair Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən tədbir keçirilmişdir. Tədbirdə çıxış edən SAM direktoru Fərhad Məmmədov bildirmişdir ki, Çinin bu layihəsi mövcud olan bütün təşəbbüslər arasında ən əlverişlisidir. Fərhad Məmmədovun sözlərinə görə, Azərbaycan bu layihədə iştirak edəcəyi təqdirdə bütün Avrasiya regionun nəqliyyat dəhlizinin vacib həlqəsinə çeviriləcəkdir.
Azərbaycanın müstəqillik dövründə Qərblə və xüsusi ilə də Aİ ilə sıx tərəfdaşlıq layihələrində iştirak tarixi vardır. Buraya enerji layihələrini - TAP, TANAP, Bakl-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan qaz və neft kəmərlərini, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini aid etmək olar. Lakin Azərbaycanın xarici siyasət və xarici iqtisadi fəaliyyət prinsipləri daha genişmiqyaslı əməkdaşlıq konsepsiyasına əsaslanır. Buraya Ələt Beynəlxalq Dəniz Limanın tikintisi və limanın yalnız nəqliyyat infrastrukturu kimi yox, həmçinin iri miqyaslı logistik, nəqliyyat və istehsalat sisteminə çevrilməsi niyyətini qeyd etmək olar. Belə ki, Ələt Dəniz Limanı yükdaşıma və yükləmə funksiyalarından əlavə, malların saxlanılması, xüsusi hüquqi rejimin təmin edilməsi nəticəsində transmilli korporasiyaların istehsal infrastrukturunun formalaşdırılması və bu istehsalın daha effektiv həyata keçirilməsi üçün xammal təchizat bazasının yaradılmasını nəzərdə tutur. Bu layihənin həyata keçirilməsi üçün böyük iqtisadi bazarların birləşdirilməsi, təhlükəsizlik və sabitliyin təmin olunması vacibdir.
Azərbaycan Aİ, Çin, Türkiyə və Rusiya kimi böyük bazarların kəsişməsində yerləşir və məhz bu faktordan irəli gələrək dayanıqlı və effektiv nəqliyyat mexanizmlərinin yaradılması nəticəsində böyük geosiyasi və iqtisadi dividendlər əldə edə bilər. Aİ aşağı iqtisadi artım proqnozlarına baxmayaraq hələ ki, dünyada ən böyük iqtisadiyyatlardan biri hesab olunur. Toplam 500 milyon əhalisi olan Aİ-də adambaşına düşən ümumi daxili məhsul göstəricisi 25 min avroya bərabərdir. İnkişaf etmiş nəqliyyat infrastrukturu və yüksək alıcılıq qabiliyyəti, həmçinin yüksək dəyəri olan malların istehsalı Aİ-ni iqtisadi baxımdan maraqlı tərəfdaşa və bazara çevirir. Digər tərəfdən isə Çin dünyada ən böyük istehsalçı iqtisadiyyatdır və dünyanın ən böyük ixracat ölkəsidir. Böyük iqtisadi sistemə malik olan ölkələr arasında ortalama 10 faiz artım göstəriciləri ilə dünyanın ən yüksək templi iqtisadiyyatıdır. Son zamanlar isə Çin iqtisadiyyatı yalnız ixraca köklənmir, həmçinin daxili istehlakın artımına əhəmiyyət verir. Bu o deməkdir ki, Çin xarici ixrac bazarlarına çıxışı əldə etdikdən sonra özü də əməkdaşlıq etdiyi iqtisadi bazarlardan istehlakçı ölkə kimi iştirak etməyə başlamışdır. Çin, Rusiya, Braziliya kimi ölkələrin birgə ÜDM göstəriciləri ABŞ və Aİ göstəricilərinə bərabərləşir. Misal üçün BRİCS (Braziliya, Rusiya, Çin, Cənubi Afrika Respublikası) ölkələri dünya ÜDM-nin artımında 50 faiz paya malikdirlər. Bu ölkələrdən ikisi - Rusiya və Çin Azərbaycanın yerləşdiyi bölgə ilə sıx əməkdaşlıq layihələrinə imza atmaq potensialına malikdir. Böyük ixrac, istehsal və istehlak bazarlarının bir-birindən artan ticari və ümumi iqtisadi asılılığı operativ, təhlükəsiz və stabil nəqliyyat arteriyalarının mövcudluğunu tələb edir.
Azərbaycan üçün Çin faktoru da son zamanlar diqqəti çəkməyə başlamışdır. Çin ilə əməkdaşlıq bir neçə meyara görə Azərbaycan üçün maraqlı istiqamətlərdən birinə çevrilə bilər:
- Çinin əvvəllər Cənubi Qafqaz bölgəsində iqtisadi və ya siyasi fəaliyyəti nəzərəçarpacaq dərəcədə deyildi. Bu o deməkdir ki, Çinin bölgədəki ölkələrlə sırf iqtisadi və digər əməkdaşlıq münasibətlərinə girməsi üçün siyasi maneə və keçmiş “neqativ baqaj” yoxdur;
- Çin ənənəvi olaraq əməkdaşlıq etdiyi ölkələrlə daxili işlərə qarışmamaq prinsipinə üstünlük verir.
Çinin böyük iqtisadi gücündən əlavə, yuxarıda qeyd edilən amillər tam əhatəli işgüzar münasibətlərin qurulması üçün münbit zəmin yaradır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Çin-Azərbaycan münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2005-ci ildə Çinə səfəri çərçivəsində biznes forumu təşkil edilmişdir və orada 400-dən artıq Azərbaycan və Çin şirkətləri iştirak etmişdir. Azərbaycan-Çin iqtisadi münasibətləri 2005-ci ildən etibarən neft-qaz sənayesini, informasiya texnologiyaları sahəsini, kənd təsərrüfatı və digər sektorları əhatə etmişdir.
Son 10 ildə iki ölkə arasında olan ticari münasibətlərin məntiqi ardıcıllığı Çinin Azərbaycanla irimiqyaslı nəqliyyat layihələrində potensial əməkdaşlığıdır. Cənubi Qafqazda iqtisadi göstəricilərinə görə lider ölkə olan və nəqliyyat dəhlizinin əsas bazası hesab edilən Azərbaycan uzun illərdir ki, Aİ ilə əməkdaşlıq və Çin kimi ölkələrlə birgə layihələrdə iştirakı üçün geniş legitimlik bazasını təşkil edir. Hazırda Çin və Azərbaycan arasında ticari dövriyyə Aİ, ABŞ, Türkiyə və Rusiyadan geri qalır. Yalnız son illər iki ölkə arasında artan əməkdaşlıq ritmi Çinin Azərbaycan üçün vacib ticarət və nəqliyyat tərəfdaşlarından biri olmağına əsas verir. Belə ki, 2007-ci il üzrə ikitərəfli ticari dövriyyə 279,8 milyon ABŞ dolları təşkil etmişdir, 2012-ci ildə isə bu göstərici 1,2 milyarda çatdırılmışdır. 1995-ci ildən etibarən bugünədək Çin ilə ticari dövriyyə 263 dəfə artmışdır.
Azərbaycanın bütün istiqamətlərdə olan siyasi və iqtisadi göstəriciləri ölkəni beynəlxalq layihələr üçün əlverişli məkana çevirir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, Azərbaycan Aİ, Dünya Tİcarət Təşkilatı və digər beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir. Keçmiş Sovet ölkələrinin arasında ən çox kapital Azərbaycan və Qazaxıstana yatırılır. Bu faktorlar Azərbaycanı geosiyasi bazarda maraqlı tərəfdaş ölkəyə çevirir və regionda təhlükəsizliyin, iqtisadi inkişafın və dayanıqlılığın əldə edilməsi istiqamətində rolunu artırır.
Tamerlan VAHABOV,
politoloq
Azərbaycan.-2015.- 22 may.- S.10.