Baku 2015-dən Baku 2017-dək

 

I Avropa Oyunlarından sonra idman estafeti IV İslam Həmrəyliyi Oyunlarına keçir

 

Ulu öndər Heydər Əliyevin müəllifi olduğubu gün Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müstəqil Azərbaycanın enerji siyasəti ölkəmizin yüksəlişi ilə yanaşı, həm də beynəlxalq mövqelərini möhkəmləndirib, imicini yüksəldib. Məhz bunun sayəsində regional gücə çevrilən və tam müstəqil siyasət həyata keçirən Azərbaycan, bir çox dövlətlərin strateji tərəfdaşı, beynəlxalq məsələlərdə söz sahibi olan ölkələrdən biridir.

Sürətlə inkişaf edən Azərbaycan artıq yalnız “Odlar diyarı” kimi yox, dünyada  beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanınır. Bəşəri dəyərlərə verdiyi mühüm töhfələrin nəticəsi olaraq bu gün ölkəmiz çağdaş dünyamızı narahat edən humanitar məsələlərin müzakirə olunduğu, sivilizasiyalararası dialoqun keçirildiyi bir məkana çevrilib.

Azərbaycan həm də Olimpiya hərəkatının geniş vüsət aldığı idman ölkəsidir. Təqdirəlayiq haldır ki, respublikamızın davamlı inkişafı idmanı da əhatə edib və ötən 15 il ərzində ölkəmizin idman infrastrukturu tamamilə yenidən qurulub. Bunun nəticəsi olaraq son illər ölkəmizdə idmanın əksər növləri üzrə dünyaAvropa çempionatları, bir sıra populyar idman turnirləri keçirilib. Qarşıdan isə I Avropa Oyunları gəlir. Hələ 2012-ci ilin dekabr ayında ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunması Azərbaycanın idman sahəsində qazandığı uğurların beynəlxalq miqyasda etirafı idi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu I Avropa Oyunlarının Təşkilat Komitəsi artıq bütün hazırlıq işlərini başa çatdırıb. İndi hər kəs Oyunların məşəlinin yürüşünü izləyir, səbirsizliklə bu möhtəşəm idman hadisəsinin başlayacağı anı gözləyir. Hazırlıq prosesində görülən işlər göstərir ki, Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə və layiqincə təşkil edəcək. Ən əsası, Azərbaycan bu Oyunların keçirildiyi ilk ölkə kimi adını tarixə yazacaq. Azərbaycanda müəyyən olunan model gələcək Avropa Oyunlarında əsas kimi götürüləcək.

İki il sonra isə Azərbaycan növbəti idman bayramına - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bununla bağlı qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 21-25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında səsvermə yolu ilə qəbul olunmuşdur. Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. Oyunların təşkilinə və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir. Bu Oyunlar da qısa müddət ərzində böyük nüfuz qazanmışdır.

İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin diqqəti çəkən mühüm özəlliyi var. Bu da ondan ibarətdir ki, Azərbaycan həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən dünyanın yeganə ölkəsidir.

Məlum olduğu kimi, Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan son illər sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun keçirildiyi əsas mərkəzə çevrilib. Azərbaycanda əhalinin mütləq əksəriyyəti müsəlmanlardan ibarət olsa da, tarix boyu digər etnik qrupların və dinlərin nümayəndələri bu torpaqda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Ona görə tarixən Azərbaycanda tolerant dəyərlər mövcud olmuş və əsrlərdən keçərək daha da möhkəmlənmişdir. Həm coğrafi kəsişmədə yerləşməsi, həm də mədəni müxtəliflik Azərbaycanda multikultural dəyərlərin formalaşmasına yol açıb. Bu gün multikulturalizm müasir və müstəqil Azərbaycan dövlətinin milli zənginliyinin, tolerantlığının əsas göstəricilərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz keçirdiyi belə tədbirlərlə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqları təşkil etməklə bəşəriyyətdə multikultural dəyərlərin möhkəmlənməsi üçün layiqli töhfələr verir.

Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin də bir rəmzi mənası var. Çünki I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri də özündə simvolizə edəcək. Hələ 2013-cü ilin sentyabrında İndoneziyanın Palembanq şəhərində ölkəmizin paytaxtında keçiriləcək İslam Həmrəyliyi Oyunlarına həsr olunan “Azərbaycan günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilmişdir. Müraciətdə bununla bağlı deyilir: “Azərbaycan böyük tarixə, ənənələrə və mədəniyyətə malik bir ölkədir, sivilizasiyaların kəsişməsində yerləşir. Əsrlər boyu müxtəlif etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Biz fəxr edirik ki, Azərbaycan dünyanın multikulturalizm və sivilizasiyalararası dialoq paytaxtlarından biridir”.

Ölkəmiz İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etməklə multikulturalizm və sivilizasiyalararası dialoq məkanı olduğunu nümayiş etdirəcək. Eyni zamanda, bu mötəbər yarışın Azərbaycanda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində ölkəmizin malik olduğu potensial imkanları nümayiş etdirəcək, beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, ölkələr arasında idman əlaqələrini genişləndirəcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 23 may.- S.1-6.