Azərbaycan Prezidenti
İlham Əliyevin "The Business Year" jurnalına
müsahibəsi
"The
Business Year" jurnalının “Bakı 2015” birinci Avropa
Oyunlarına həsr olunmuş xüsusi
buraxılışında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müsahibəsi dərc
edilib.AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab
Prezident, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi
sahəsində görülmüş işləri necə
qiymətləndirirsiniz? Sizin fikrinizcə, əldə
olunmuş nəticələr Azərbaycanda artıq liberal, rəqabətədavamlı iqtisadi sistemin
formalaşdığını deməyə əsas verirmi?
-Müstəqillik
illərində qarşımızda duran ən vacib məsələlərdən
biri liberal, güclü, rəqabətədavamlı və
modern iqtisadi sistemin yaradılması olmuşdur. 1993-cü ildən
sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilməyə başlanmış
liberal iqtisadi islahatların davam etdirilməsi, iqtisadiyyatın
prioritet sahələrinin müəyyənləşdirilməsi
və onların inkişafının
stimullaşdırılması, investisiyaların təşviqi,
məqsədli dövlət proqramlarının
reallaşdırılması nəticəsində qısa
zamanda iqtisadi sahədə strateji hədəflərə nail
olunmuşdur. Son 10 ildə iqtisadiyyatın 3 dəfədən
çox artması, işsizlik və yoxsulluq problemlərinin əsaslı
şəkildə həlli, sosial və iqtisadi infrastrukturun
yenidən qurulması, əhalinin rifahının davamlı
yüksəlişi və əldə olunmuş digər
uğurlu nəticələr hər bir dövlət
üçün inqilabi sıçrayış kimi səciyyələndirilə
bilər.
Düzdür, hazırda da enerji sektoru Azərbaycan
iqtisadiyyatının aparıcı sahəsi olaraq qalır. Lakin
karbohidrogen ehtiyatlarının hasilatından və
satışından əldə olunmuş gəlirlərin bir
hissəsini qeyri-neft sektorunun inkişafına yönəltməklə
biz həm iqtisadiyyatımızın ənənəvi sahələrini
yenidən qurduq, həm də informasiya-kommunikasiya
texnologiyaları, turizm, kosmik sənaye, müdafiə sənayesi
və digər bu kimi yeni istiqamətlər yaratdıq və
inkişaf etdirdik. Son bir neçə ilin
statistikasına əsasən, ümumi daxili məhsulun
(ÜDM) istehsalında qeyri-neft sektorunun çəkisi
ardıcıl olaraq yüksəlmiş və 2014-cü ildə
61 faizə çatmışdır. Bu isə
Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və
neft amilindən asılılığının azaldığını
açıq şəkildə göstərir.
Dünyanın mötəbər iqtisadi və maliyyə
qurumlarının hesabatlarında da Azərbaycanın
uğurları xüsusi qeyd olunur. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik
indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə
yüksəlmiş və ardıcıl olaraq 5 ildir ki, MDB
ölkələri arasında birinciliyi əldə saxlayır.
-Siz
2014-cü ili "Sənaye ili" elan
etmişdiniz. Sənayeləşmənin
stimullaşdırılmasına yönəldilmiş milli təşəbbüslərin
müvəffəqiyyətini necə qiymətləndirirsiniz?
-Müstəqilliyin
ilk illərində Azərbaycan dərin sosial-iqtisadi
böhranla üzləşmişdi. Bütün
sənaye sahələri, hətta iqtisadiyyatımızın əsas
lokomotivi olan neft sənayesi də tənəzzül
etmişdi. Ermənistanın Azərbaycana
qarşı təcavüzü, ölkədə mövcud olan
siyasi böhran iqtisadi durumu daha da
ağırlaşdırmışdı. Bununla
belə, 1993-cü ildə ümummilli lider Heydər Əliyev
yenidən hakimiyyətə qayıtdıqdan sonra cəmiyyət
həyatında stabilləşmə dövrü
başlanmış, ölkə iqtisadiyyatı bərpa
edilmiş, sənayedə ciddi geriləmə aradan
qaldırılmışdır.
Sonrakı dövrdə, xüsusilə də son 10 ildə
Azərbaycanda neft-qaz istehsalından əldə olunmuş gəlirlərin
bir hissəsi məqsədyönlü şəkildə və
xüsusi proqramlar çərçivəsində qeyri-neft
sektorunun, sənayenin inkişafına yönəldilmişdir. Məhz bunun nəticəsidir
ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10
faiz illik artım müşahidə olunmuş, ümumilikdə
isə həmin illərdə Azərbaycanda sənaye
istehsalının həcmi 3 dəfə artmışdır.
2014-cü
il “Sənaye ili” elan olunduqdan sonra “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər
üçün Dövlət Proqramı” qəbul olunmuş,
sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi,
qeyri-neft sənayesinin ixrac potensialının
artırılması, yüksək əlavə dəyər
yaradan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ
istehsalın genişləndirilməsi, yeni istehsal sahələri
ilə bağlı ixtisaslı kadrların hazırlanması
üçün müvafiq tədbirlərin həyata
keçirilməsinə başlanmışdır.
“Sənaye ili” çərçivəsində 200-dək,
o cümlədən 40-dan çox orta və iri müəssisə
açılmışdır. Bu gün ölkəmizdə
İKT sektoru sürətlə inkişaf edir. Ölkədə bu sahənin inkişafını
daim diqqət mərkəzində saxlayırıq. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilməsi də bunu bariz şəkildə
təsdiq edir. Təsadüfi deyil ki, həmin il fevralın 8-də ölkəmiz
üçün tarixi hadisə baş verdi -“Azərspace-1” ilk
milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr
sırasına qoşuldu. Ötən il
dekabrın əvvəlində isə sayca ikinci olan “Azersky”
müşahidə peykinin “Azərkosmos” ASC-yə təhvil
verilməsi Azərbaycanda elmtutumlu sənayenin inkişafına
böyük diqqət göstərildiyinin əyani təzahürüdür.
Sənayeləşmə siyasətində milli hərbi-sənaye
kompleksinin inkişaf etdirilməsi də prioritet vəzifələrdən
biri kimi müəyyənləşdirilmişdir. Artıq Milli
Ordumuz bir sıra silah və hərbi ləvazimatlarla yerli
istehsal hesabına təmin olunur, hərbi sənaye məhsullarımız
beynəlxalq sərgilərdə nümayiş etdirilir, hətta
ixrac üçün ilkin satışlar da həyata
keçirilmişdir.
Məlumdur ki, 2013-cü ilin sentyabrında Bakı gəmiqayırma
zavodu istifadəyə verilmiş, ölkəmiz həm neft-qaz əməliyyatları,
həm də hərbi məqsədlər üçün
tankerlər və yük gəmilərinin istehsalına
başlamışdır. Bakı gəmiqayırma
zavodu gələcəkdə həm də region ölkələrinin
bu sahədə ehtiyaclarını ödəyə biləcək
nəhəng istehsal müəssisəsidir.
Ümumən, biz qeyri-neft sektorunun inkişafına həm
ölkənin daxili tələbatını ödəmək,
həm də ixrac potensialımızı genişləndirmək
üçün əlavə imkan kimi baxırıq. Azərbaycanın
həm kənd təsərrüfatı, həm də qida sənayesi
məhsullarına bizim ənənəvi bazarlarda böyük
tələbat var. Bundan əlavə, yeni bazarlara
çıxmaq üçün də yollar axtarırıq.
Eyni yanaşma inşaat materialları
istehsalına da tətbiq olunur.
Biz ölkənin inşaat sektorunu sementlə artıq tam
şəkildə təmin edirik. Ötən il
istifadəyə verilən ən böyük yeni sement zavodu bu
sahədə idxaldan asılılığımızı tam
şəkildə aradan qaldırıb. Eyni
zamanda, sement istehsalında əlavə həcmlər var və
ixrac imkanlarımız da artacaq. Biz
alüminium, poladtökmə, metallurgiya sənayesini də
inkişaf etdiririk. Sənaye klasterlərinin
yaradılması prosesi gələcəkdə davam etdiriləcək.
Çünki Azərbaycanda həm kifayət qədər
xammal, həm də lazımi sənaye potensialı var.
Sənaye sahəsində zəngin təcrübəsi
olan Sumqayıt, Mingəçevir və Gəncədə
müvafiq olaraq kimya, toxuculuq və metallurgiya sahələrinin
inkişafı üçün tədbirlər davam etdirilir. Bu gün
Sumqayıt, sadəcə, Azərbaycanın deyil, həm də
Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə
çevrilmişdir. Azərbaycanda yeni sənaye
mərkəzlərinin yaradılması prosesi davam etdirilir.
Qarşıda duran işləri həyata
keçirmək üçün bizim potensialımız, maddi
resurslarımız, ixtisaslı kadrlarımız, işçi
qüvvəmiz, ən əsası siyasi iradəmiz vardır.
-Azərbaycanda
biznes və investisiya fəaliyyətinin daha da
asanlaşdırılması üçün əlavə
hansı addımlar atılmışdır?
-Son 11 il ərzində Azərbaycan iqtisadiyyatına
180 milyard dollardan artıq investisiya qoyulmuşdur. Bu, ölkədə yaradılmış sabitliyin,
normal biznes mühitinin nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya
yatırılmışdır ki, bunun da 11 milyardı xarici sərmayədir.
Bu da bir daha göstərir ki, Azərbaycan xarici
investorlar üçün cəlbedici ölkə kimi
qalır. Çünki indiki şəraitdə
11 milyard dollar xarici investisiya cəlb etmək istənilən
ölkə üçün böyük uğur hesab oluna bilər.
Keçən
il martın 3-də sahibkarlıq fəaliyyətinin
dövlət tənzimlənməsinin təkmilləşdirilməsi
və əlverişli biznes mühitinin
formalaşdırılması məqsədilə
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” Fərman imzalanmışdır. Biz Azərbaycanda biznes mühitinin daha da
yaxşılaşdırılması, sağlam rəqabət
mühitinin təmin edilməsi, biznesə başlama
prosedurlarının sadələşdirilməsi,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
korporativ idarəetmənin təkmilləşdirilməsi və
investorların maraqlarının qorunması sahəsində məqsədyönlü
tədbirləri davam etdiririk.
Təsadüfi deyil ki, biznes mühitinin inkişaf etdirilməsi
sahəsində atılan addımlar nüfuzlu beynəlxalq
iqtisadi və maliyyə qurumlarının da diqqətini cəlb
edir. 2015-ci ilin “Doing Business” hesabatına görə, Azərbaycan
ən çox islahat aparan 10 ölkədən biridir. Azərbaycan daşınmaz əmlakın
qeydiyyatının sadəliyinə görə dünyada 10-cu,
biznesə başlamağa görə isə 11-ci yerdədir.
“Heritage”
Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı
“İqtisadi Azadlıq İndeksi 2014” hesabatında isə
respublikamız 186 ölkə arasında 81-ci yeri tutaraq iqtisadi
cəhətdən azad ölkələr sırasına daxil
olmuşdur.
Azərbaycanda
makroiqtisadi vəziyyətin sabitliyi, qeyri-neft sektorunun
davamlı inkişafı, böyük maliyyə
potensialının mövcudluğu, həmçinin sağlam
rəqabət və investisiya mühitinin təmin edilməsi həm
xarici sərmayəçilərə, həm də yerli iş
adamlarına əlavə nikbinlik verir.
-Davos
şəhərində keçirilmiş Ümumdünya
İqtisadi Forumunda dünya liderləri "Yeni qlobal
kontekst"i müzakirə etmişlər. Siz, həmçinin
“Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda
keçirilmiş sessiyada çıxış etdiniz. “Yeni kontekst” Azərbaycan üçün nədir?
-2008-ci ildən etibarən Davos Ümumdünya
İqtisadi Forumunda əsasən iqtisadi və maliyyə
sistemində böhrandan çıxış yolları
müzakirə olunur. Bu il “Yeni qlobal kontekst”
adlandırılan yubiley forumunun iştirakçıları
inkişaf və sabitlik, böhranlar və onların aradan
qaldırılması üçün əməkdaşlıq,
cəmiyyət və təhlükəsizlik, innovasiyalar və
digər məsələlər ətrafında fikir mübadiləsi
aparmışlar. Bütün bu müzakirə və
fikir mübadilələrinin başlıca məqsədi
dünyada siyasi və iqtisadi kataklizmlər fonunda inkişafa, tərəqqiyə,
qarşılıqlı faydalı əməkdaşlığa
yol aça biləcək yeni birgəyaşayış
modelinin müəyyənləşdirilməsi və təşviqidir.
Biz müstəqillikdən sonra nəinki mənfidən
müsbətə doğru dəyişən, həm də vəziyyətin
gərginləşdiyi, get-gedə daha çox münaqişə,
hədələr, terrorizm təhlükəsinin mövcud
olduğu regionda yaşayırıq. Lakin
qarşılıqlı faydalı əməkdaşlıq eləcə
də ölkə hüdudlarından kənarda müəyyən
dərəcədə proqnozlaşdırılan vəziyyət
olduğu təqdirdə mümkündür. Buna görə də Azərbaycanın həyata
keçirdiyi siyasət, reallaşdırdığı nəhəng
transmilli layihələr regionda və daha geniş arealda
proqnozlaşdırıla bilən mühitin yaradılmasına
yönəlmişdir.
Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin
yaradılması, müasir nəqliyyat infrastrukturunun
formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb,
həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan
keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir
yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan
həm də Avropanı Asiya ilə birləşdirən
ölkəyə çevriləcəkdir.
Xəzər dənizi hövzəsində ən
böyük dəniz ticarət limanı Azərbaycanda tikilir. Artıq ötən il Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının birinci mərhələsinin birinci
hissəsi - Bərə terminalı istifadəyə
verilmişdir. Ticarət limanının tam şəkildə
yaxın iki il ərzində istifadəyə
veriləcəyini gözləyirik. Bu limanın
yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1
milyon konteyner olacaq. Bununla da Xəzərdə
yük daşımalarının həcminin
artırılması gözlənilir.
Hava nəqliyyatının inkişaf etdirilməsinə də
xüsusi diqqət yetirilir. Heydər Əliyev Beynəlxalq
Aeroportunun yeni terminal binası tikilmişdir. Bölgələrdə isə 6 aeroport inşa
edilmişdir ki, onlardan 4-ü beynəlxalq aeroportdur. Beləliklə, bu gün ölkəmizdə 5 beynəlxalq
aeroport vardır. Artıq Azərbaycan bu
sahədə həm yük, həm sərnişin
daşımaları ilə bir regional mərkəzə
çevrilibdir.
Azərbaycanın liderliyi ilə həyata keçirilən
enerji layihələri Azərbaycan xalqının rifahı ilə
yanaşı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə
xidmət göstərir. Hazırda reallaşdırılan “Cənub”
qaz dəhlizi layihəsi də Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayacaq.
Göründüyü kimi, bizim nəqliyyat və enerji
layihələrimiz Avropa ilə Asiyanı birləşdirən
körpü rolunu oynayır və mürəkkəb geosiyasi
proseslər fonunda qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrinin inkişafına xidmət edir.
Azərbaycan həm də qlobal təhdidlərə, o
cümlədən terrorizmə qarşı mübarizənin fəal
iştirakçısıdır və beynəlxalq antiterror
koalisiyasının üzvlərindən biridir. Azərbaycan
BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi
dövrdə müzakirəyə çıxardığı
iki məsələdən biri terrorizmə qarşı
mübarizəyə həsr olunmuşdur. Çünki
terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə
Azərbaycan kifayət qədər problemlərlə üzləşmişdir.
Ermənistan tərəfindən müxtəlif
dövrlərdə ölkəmizə qarşı 30-dan
çox terror aktı həyata keçirilmiş, nəticədə
2000-dən artıq soydaşımız qətlə
yetirilmişdir.
Azərbaycan üçün çağırış
həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi başda olmaqla bu tipli problemlərin beynəlxalq
hüquq normaları əsasında həll edilməsidir. Biz 20 ildən
artıqdır ki, Ermənistanın işğalından əziyyət
çəkirik. Təəssüf ki, bu
gün dünyada mövcud olan ikili standartlar, bəzi hallarda
işğalçı ilə işğala məruz qalan tərəflərin
eyniləşdirilməsi münaqişənin həllini ləngidir.
Hesab edirəm ki, keçmiş sovet məkanındakı
və ümumiyyətlə, dünyadakı bütün
münaqişələrə eyni beynəlxalq hüquq
normaları prizmasından baxılmalı, onların həlli
üçün eyni yanaşma tətbiq edilməlidir. Çünki hər hansı münaqişə həll
olunmursa və ya dondurulursa, onda digər münaqişələr
üçün zəmin yaranır.
Forumda da
qeyd edildiyi kimi, 2015-ci ildə biz yolayrıcındayıq: bir tərəfdə
ayrı-seçkilik, fundamentalizmə, nifrətə,
qarşılıqlı ittihamlara şərait yaradan meyillər,
digər tərəfdə isə həmrəylik və əməkdaşlığa
aparan yol var. Azərbaycanın inkişaf, əməkdaşlıq
və inteqrasiya modeli siyasi və iqtisadi proseslərin
proqnozlaşdırılması, ümumi maraqların təmin
edilməsi üçün etibarlı zəmin yarada bilər.
-Xəzər
dənizindən “Cənub” qaz dəhlizi vasitəsilə
Avropaya ilk qazın 2019-cu ildən etibarən nəql ediləcəyi
gözlənilir. Bu baxımdan, gələcəkdə
qlobal enerji təhlükəsizliyinə münasibətdə
Azərbaycanın necə rol oynayacağını
düşünürsünüz?
-2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri
istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin
təmin olunması istiqamətində mühüm bir addım
atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi
Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil
edir.
Uzun illər Azərbaycan tərəfindən təşəbbüs
olaraq irəli sürülmüş layihələr həm də
“Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan
öz enerji resurslarının dünya bazarlarına müxtəlif
yollarla çıxarılması ilə bağlı gərgin
iş aparır və geniş şaxələndirilmiş nəqliyyat
infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi bu
gün Avropada ən böyük infrastruktur layihəsidir.
Azərbaycan isə Avropaya yaxın zamanlarda nəql
edilə biləcək qazın yeganə yeni mənbəyidir.
Bu layihə bir neçə komponentdən ibarətdir.
İlk növbədə, “Şahdəniz” qaz
yatağının işlənilməsi, Azərbaycanı
Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin
genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra
edilməsi və Trans-Adriatik- TAP layihəsinin tikintisi “Cənub”
qaz dəhlizini formalaşdıran seqmentlərdir.
Azərbaycanın
təsdiq edilmiş qaz ehtiyatları 2,6
trilyon kubmetrdir, proqnozlaşdırılan ehtiyatların həcmi
isə bundan iki dəfə artıqdır. Geniş
şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz
ixracımızı istənilən istiqamət üzrə
artıraq. Hazırda “Cənub” qaz dəhlizinin tikintisi ilə
bağlı bütün istiqamətlər üzrə
ardıcıl iş aparılır. Keçən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin
təməli qoyulmuşdur. Bu tarixin çox
böyük rəmzi mənası var idi. Çünki
bölgənin enerji xəritəsini dəyişmiş
“Əsrin müqaviləsi” məhz 20 il əvvəl
bu tarixdə imzalanmışdır. Bu ilin
fevralında Bakıda “Cənub” qaz dəhlizi ölkələrini
təmsil edən nazirlərin Məşvərət
Şurasının iclası keçirilmişdir ki, bu da
görüləcək işlərin əlaqələndirilməsi
üçün çox önəmli addım olmuşdur.
Cari il martın 17-də isə Türkiyənin Qars vilayətində
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin,
həmçinin Avropa İttifaqı və ABŞ-ın
nümayəndələrinin iştirakı ilə TANAP-ın
təməlqoyma mərasiminin keçirilməsi “Cənub” qaz
dəhlizinin reallaşdırılması baxımından
olduqca əlamətdar hadisədir.
“Şahdəniz-2”
və “Cənub” qaz dəhlizi layihələri Azərbaycanın
neft strategiyasına yeni nəfəs verməklə
yanaşı, həm də dünyanın enerji xəritəsini
dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında yeni vəziyyətin yaranmasına səbəb
olacaq. Çünki “Cənub” qaz dəhlizi
enerji təhlükəsizliyi layihəsi kimi Avrasiyada yeni əməkdaşlıq
formatının əsasını qoyur. Biz
ilk mərhələdə üçtərəfli formatı
yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat,
siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı.
Bu gün bu, real bir regional amil kimi özünü
göstərir. İndi isə
Yunanıstan, Albaniya və İtaliyanın bu prosesə
qoşulması həmin formatı daha da genişləndirir.
Eyni zamanda, “Nabukko” layihəsinin üzvü -
Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da bu layihələrə
qoşula bilər. Biz digər Balkan ölkələrinə
də Azərbaycan qazının
çatdırılmasını istəyirik. Hesab edirik ki, bu ölkələrlə həm
istehlakçı, həm tranzit ölkələr kimi tərəfdaşlıq
edə bilərik. Beləliklə, yeni əməkdaşlıq
formatında iştirak edən dövlətlər həm də
təbii müttəfiqlərə çevrilirlər və nəticə
etibarilə Avrasiya bölgəsində çox ciddi və yeni
bir müttəfiqlik formatı yaranır. Bunun
həm siyasi, həm iqtisadi təsiri çox böyük
olacaqdır. Buna görə də “Cənub”
qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri
deyil, bu, ciddi siyasi təşəbbüsdür.
-Bu ilin
iyununda Azərbaycanda l Avropa Oyunları keçiriləcək.
İlk oyunlara ev sahibliyi edən bir şəhər
olaraq Bakıda hansı nadir cəhətlər nəzərdə
tutulur? Eyni zamanda, Oyunlar Azərbaycanın idman həyatında
hansı izlər qoyacaq?
- Birinci Avropa Oyunlarını keçirmək bizim
üçün həm böyük etimad, həm də
böyük məsuliyyətdir. Eyni zamanda, biz bunu Azərbaycana
beynəlxalq miqyasda göstərilən marağın təzahürü
kimi dəyərləndiririk. Son 10 ildə
Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının
bütün sahələrində əldə olunmuş
mühüm uğurlar, beynəlxalq arenada
yürütdüyümüz müstəqil, fəal siyasət
ölkəmizin nüfuzunu daha da yüksəltmişdir. Həmçinin həyata keçirilmiş nəhəng
quruculuq və abadlıq işləri nəticəsində
Bakı dünyanın ən gözəl, ən müasir
şəhərlərindən birinə çevrilmişdir.
Ümid edirəm ki, Bakı qonaqlar və
idmançılar üçün gözəl məkan
olacaqdır.
Azərbaycan həm də beynəlxalq Olimpiya hərəkatının
fəal üzvlərindəndir,
idmançılarımızın mötəbər beynəlxalq
turnirlərdə qazandığı uğurların sayı
ildən-ilə artır. Azərbaycanın əksər bölgələrində
müasir standartlara uyğun Olimpiya kompleksləri, digər
idman qurğuları yaradılmışdır. Bu, həm də Azərbaycanda idmanın kütləviliyini
şərtləndirən mühüm amillərdən biridir.
Azərbaycan
çoxsaylı beynəlxalq və regional səviyyəli tədbirlərə
ev sahibliyi etməkdə böyük təcrübə
qazanmışdır. Bu günədək
Bakıda siyasi, iqtisadi, humanitar, idman və digər sahələrdə
mühüm beynəlxalq tədbirlər uğurla
keçirilmişdir.
Bu il iyunun 12-dən 28-dək baş tutacaq ilk
Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq
idmançı 20 idman növündə mübarizə
aparacaq. Biz bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində
keçirəcəyik.
Avropa Olimpiya Komitəsinin dəstəyi ilə 40-dan
artıq ölkənin nümayəndələrinin
çalışdığı güclü beynəlxalq
komanda formalaşdırılmış və artıq
hazırlıq işləri yekunlaşmaq üzrədir. Müasir idman infrastrukturunun
yaradılması sahəsində genişmiqyaslı iş
aparılmışdır. Tədbirlərin
keçiriləcəyi idman obyektlərinin böyük əksəriyyətinin
tikintisi başa çatmışdır və ya son tamamlanma
işləri görülür. Ümumilikdə,
ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək.
Açılış mərasiminin baş tutacağı 68
min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, 7300 nəfərlik
Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. Paytaxtın nəqliyyat infrastrukturu təkmilləşdirilmiş,
müvafiq təhlükəsizlik tədbirləri
görülmüş, qonaqların, idmançıların
qarşılanması, yerləşməsi, məşqlərin
keçirilməsi və digər təfərrüatlar tam nəzərə
alınmışdır.
Hesab edirəm ki, Avropa Oyunları müxtəlif idman
növlərinin ölkəmizdə təbliği, yeni nəsil
idman mütəxəssislərinin formalaşması
baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin
Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat
vasitəsi olacaqdır. Ölkə əhalisinin
üçdə ikisinin yaşı 35-dən
aşağıdır və bu böyük təbəqə
idmanın təşviq etdiyi amallar haqqında məlumatlar
alacaqdır. Avropa Oyunlarının keçirilməsi
üçün yaradılmış infrastruktur şəhərimizin
və ölkəmizin gələcəkdə digər beynəlxalq
idman yarışlarına ev sahibliyi etməsini
də asanlaşdıracaq. 2016-cı ildə biz
Dünya Şahmat Olimpiadasını keçirəcəyik,
eyni zamanda, ilk dəfə olaraq “Formula-1” yarışları
regionumuza gələcəkdir. 2017-ci ildə isə
Bakı müsəlman dünyasını bir araya gətirən
İslam Həmrəyliyi Oyunlarına ev
sahibliyi edəcək.
İki il ərzində bir ölkədə, bir şəhərdə
həm Avropa Olimpiya, həm də İslam Həmrəyliyi
oyunlarının keçirilməsinin rəmzi mənası
vardır. Azərbaycan bütün dinlərin
nümayəndələrinin sülh və əmin-amanlıq
şəraitində yaşadığı çoxmillətli,
çoxkonfessiyalı və çoxmədəniyyətli
ölkədir. Bu gün Azərbaycan daha
çox aktuallaşan sivilizasiyalararası dialoqa öz dəyərli
töhfəsini verir.
Düşünürəm ki, bu Oyunlar Azərbaycanın
mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin,
turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan
məhsulların təbliği baxımından da çox
faydalı olacaqdır.
Bir sözlə, bizim güclü potensialımız,
mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq
tədbirləri təşkil etmək sahəsində
yaxşı təcrübəmiz vardır və əminəm
ki, bu Oyunları ən yüksək səviyyədə
keçirəcəyik. “Bakı-2015” idman tarixində yeni
maraqlı səhifə olacaq. Bu, həmçinin
dörd ildən sonra keçiriləcək növbəti
Oyunlara bələdçi hadisədir və Avropa
Oyunlarının standartları məhz Bakıda müəyyənləşdiriləcək.
-
Dünya arenasında Azərbaycanın əhəmiyyətinin
artmasını şərtləndirən amillərdən biri
də ölkənizin fəal xarici siyasətidir. 2014-cü ildə
Azərbaycanın xarici siyasətində hansı məqamları
xüsusi qeyd etmək istərdiniz və 2015-ci il
üçün prioritet sahələr hansılardır?
-Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.
Ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından kifayət qədər uğurlu dövr olmuşdur. Ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş, üzv və tərəfdaş olduğu təşkilatlarla, ayrı-ayrı dövlətlərlə əlaqələrini daha da dərinləşdirmişdir. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi 6 ay müddətində Azərbaycan korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçməklə yanaşı, demokratiya, insan hüquqları, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə də geniş diqqət ayırmış, bir sıra səmərəli təşəbbüslərlə çıxış etmişdir.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi institusional islahatlara nümunə olaraq “ASAN xidmət” mərkəzlərini göstərə bilərik. Hazırda “ASAN xidmət” mərkəzlərində 30 növ hüquqi, 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Ümumilikdə fəaliyyətə başladığı 2012-ci il dekabrın 29-dan bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub. Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunması, Azərbaycanın haqq səsinin Avropa ictimaiyyətinə daha dolğun çatdırılması ölkəmizin bu nüfuzlu qurumun ali orqanına rəhbərliyi dövründə əldə edilmiş uğurlardır. 2014-cü ilin iyununda ATƏT Parlament Assambleyasının Bakıda keçirilmiş sessiyasında qəbul olunmuş Bəyannamədə ölkələrin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi bir daha vurğulanmışdır.
Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanmışdır. 2012-ci ildə Azərbaycan Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olmuşdur. 2011-ci ildə seçkilərdə 155 dövlətin dəstəyini qazanmış ölkəmiz iki il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və iki ay həmin ali quruma sədrlik etmişdir. Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük iyirmilik” sammitinə də dəvət almışdır.
Azərbaycanın xarici siyasəti müəyyən
olunmuş strategiya əsasında həyata keçirilir. Qarşıdan gələn dövrdə biz
düşünülmüş xarici siyasət kursumuzu davam
etdirəcəyik, Azərbaycanın suveren
hüquqlarının, milli maraqlarının təmin edilməsi,
ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin
inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınan ərazi
bütövlüyü çərçivəsində həlli,
bütün regionumuz, Avropa üçün mühüm əhəmiyyət
kəsb edən nəhəng transmilli enerji layihələrinin
davam etdirilməsi və digər əhəmiyyətli məsələlər
qarşıdan gələn dövrdə də diqqət mərkəzində
olacaqdır.
Azərbaycan.-2015.- 23 may.- S.2-3.