Bakıda dünya şöhrətli “The Business Year” jurnalının
Azərbaycana həsr
edilən növbəti xüsusi
buraxılışının təqdimatı keçirilib
Mayın
22-də Bakıda Prezident Administrasiyasının və “The
Business Year” jurnalının təşkilatçılığı
ilə nəşrin “Azerbaijan 2015” xüsusi
buraxılışının (“The Business Year-Azerbaijan 2015”) təqdimat
mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, jurnalın budəfəki xüsusi
buraxılışı “Bakı-2015” birinci Avropa Oyunlarına
həsr edilib.
Təqdimat
mərasimdə Azərbaycanın dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin
və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə
Bakıda çoxmərtəbəli yaşayış binasında
baş vermiş yanğın nəticəsində həlak
olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Tədbirdə
çıxış edən nəşrin regional direktoru
Betül Çakaloğlu jurnalın “The Buisness year:
Azerbaijan-2015” xüsusi buraxılışı haqqında ətraflı
məlumat verib. Bildirilib ki, jurnalın xüsusi
buraxılışında ümumilikdə 16 məqalə, 108
müsahibə yer alıb. Jurnalın 97.700 nüsxədə
çap olunan xüsusi buraxılışı il ərzində
dünyanın müxtəlif ölkələrində
keçiriləcək konfranslarda da təqdim ediləcək.
Sonra
“The Business Year” jurnalının fəaliyyətindən və
xüsusi buraxılışından bəhs edən
videoçarx nümayiş olunub.
“The Business Year” nəşrinin baş redaktoru Leland Rays deyib ki, budəfəki nəşrdə Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlər, xüsusilə də ilk Avropa Oyunları haqqında dəyərli məlumatlar əksini tapıb. Jurnalda Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı statistik göstəricilər də yer alıb. Bundan əlavə, Azərbaycanın enerji təhlükəsizliyi məsələsində əldə etdiyi nailiyyətlər də xüsusi buraxılışda geniş işıqlandırılıb. Leland Rays Azərbaycana etdiyi səfərləri xatırlayaraq deyib ki, hər gəlişində ölkəmizdə geniş quruculuq işlərinin, sürətli inkişafın şahidi olur. O, tarixdə ilk dəfə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının da uğurlu olacağına əminliyini ifadə edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasından danışıb. Bildirilib ki, məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, 1999-cu ildə Dövlət Neft Fondu yaradılıb. Fondun əsas məqsədi neft və qazdan əldə edilən gəlirlərin toplanması və səmərəli idarə olunmasından ibarətdir. İndiyə qədər Dövlət Neft Fonduna 120 milyard dollardan çox vəsait daxil olub. Bu gəlirlərdən Azərbaycanın sosial iqtisadi inkişafı üçün istifadə olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən “Şəmkir Aqropark” layihəsi barədə məlumat verib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, ölkəmiz özünün yeni inkişaf modelini yaradıb və mütərəqqi, rasional təcrübə kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması, davamlı sosial rifah və ümumilikdə ölkənin müasir simasının formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olub.
Əli Həsənov bildirib ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak ediblər. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir.
Prezidentin köməkçisi qeyd edib ki, artıq bir neçə həftədən sonra Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcək. Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində böyük işlər görülüb və bütün bu işlər vaxtında başa çatdırılıb. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə edib. Bu Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaq. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir.
Əli Həsənov deyib: “Hesab edirəm ki, bütün bunlar beynəlxalq ictimaiyyətin, dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın tanınmış “The Business Year” nəşrinin Azərbaycana yüksək diqqətini şərtləndirən mühüm amillərdir.
“The Business Year” dünyanın
ayrı-ayrı bölgələrində iqtisadi
prosesləri yaxından izləyən, onu
peşəkar şəkildə işıqlandıran, təhlil
edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən
nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycanla
yaxından əməkdaşlıq etməyə
başlayan “The Business Year” nəşri
ötən beş ildə ölkəmizə
həsr etdiyi xüsusi
buraxılışlarda Azərbaycanın daxili
və xarici siyasəti, iqtisadiyyatı və
onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman
və cəmiyyət həyatının digər sahələrini
hərtərəfli əks etdirib. 2013-cü ildə
“The Business Year” şirkəti Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin Prezidenti” elan edib. Bunun əsas səbəbləri
dövlətimizin başçısının
Azərbaycanın dinamik
inkişafında, dünyanın
geosiyasi məkanında
fəal iştirakında,
ölkənin mühüm
beynəlxalq tədbirlərin
keçirildiyi mərkəzə
çevrilməsində xidmətləri
olub. Jurnal yüksək tirajla
nəşr olunaraq dünyanın ayrı-ayrı
ölkələrində, aparıcı
siyasi, maliyyə-iqtisadi
mərkəzlərində yayılıb
və bununla da beynəlxalq aləmdə Azərbaycan haqqında dolğun, obyektiv təsəvvürün
formalaşmasına öz
əməli töhfəsini
verib”.
Prezidentin
köməkçisi vurğulayıb
ki, “The Business Year: Azerbaijan-2015” nəşri Azərbaycanda
cəmiyyət həyatının
bütün sahələri,
ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələr haqqında
dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya
təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması,
ölkəmizin nailiyyətləri
barədə beynəlxalq
ictimaiyyətin məlumatlandırılması
işinə əhəmiyyətli
töhfə olacaq.
X X X
Sonra mükafatlandırma
mərasimi olub.
Qeyd edilib ki, “The Business Year” nəşri
müxtəlif sahələrdə
böyük uğurlar
əldə edən rəsmi şəxslər,
kommersiya və qeyri-hökumət strukturları
üçün dünyada
“İlin birincisi” mükafatını təsis
edib.
Ekoloji tarazlığın
təmin edilməsi, təbiətin mühafizəsi
sahəsində IDEA (Ətraf
Mühitin Mühafizəsi
Naminə Beynəlxalq
Dialoq) İctimai Birliyinin fəaliyyəti yüksək qiymətləndirilib. “İlin beynəlxalq dialoqu” mükafatına
IDEA-nın təsisçisi
və rəhbəri Leyla Əliyevanın layiq görüldüyü
bildirilib.
Sonra nəşrin
ekspertlərinin Azərbaycanda
müxtəlif sahələr
üzrə seçdikləri
bir sıra qurumlara “İlin birincisi” mükafatları təqdim olunub.
Sonda Azərbaycanın
dövlət siyasətinin
təbliği və müsbət imicinin formalaşdırılması sahəsində
səmərəli fəaliyyətinə
görə Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov
“The Business Year” şirkətinin xüsusi plaketinə layiq görülüb.
X X X
Qeyd edək
ki, “The Business Year” jurnalının
Azərbaycanla bağlı
xüsusi buraxılışı
artıq beşinci dəfədir nəşr olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusi buraxılışda
dərc edilmiş müsahibəsində ölkəmizin
dinamik sosial-iqtisadi inkişafı, enerji siyasəti, birinci Avropa Oyunları və digər məsələlər hərtərəfli
şəkildə əhatə
olunub və təhlil edilib. Eyni zamanda, birinci Avropa Oyunları Təşkilat Komitəsinin
və onun sədri Mehriban Əliyevanın fəaliyyəti,
Oyunların təşkilinə
məsul Əməliyyat
Komitəsinin gördüyü
işlər, bu sahədə həyata keçirilən tədbirlər
geniş işıqlandırılıb.
Monako Şahzadəsi
ll Albertin, Çexiya Prezidenti Miloş Zemanın, Pakistan
Prezidenti Məmnun Hüseynin xüsusi buraxılışda dərc
olunmuş müsahibələrində
ölkələrimiz arasında
münasibətlərin inkişafına
dair dəyərli fikirlər öz əksini tapıb. Nəşrin digər qonaq müsahibi - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə birinci Avropa Oyunlarının Bakıda
keçirilməsinin əhəmiyyətindən
bəhs edir.
Budəfəki buraxılışda Azərbaycanın dövlət
orqanları rəhbərlərinin,
biznes nümayəndələrinin
ölkəmizin siyasi,
iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya
texnologiyaları, tikinti,
nəqliyyat sahələrində
əldə edilən nailiyyətlərlə bağlı
müsahibələri də
yer alıb.
Azərbaycan $g 2015.- 23 may.- S. 5.