Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya
Mətbuat Fondunun ali
mükafatı ilə təltif olunub
Mayın
22-də Bakıda BMT-nin İqtisadi–Sosial Şurasının əsas
məşvərətçi statuslu üzvü Beynəlxalq
Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin
açılış mərasimi keçirilib.
Mərasimdə
ölkəmizdə vətəndaş cəmiyyətinin
inkişafındakı müstəsna roluna və bu sahədə
tərəqqinin əldə olunmasında əvəzsiz xidmətlərinə
görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali
mükafatı ilə təltif edilib.
Mükafat
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənova təqdim
olunub.
AZƏRTAC
xəbər verir ki, dövlət və hökumət rəsmilərinin,
Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların,
BMT agentliklərinin, media və vətəndaş cəmiyyəti
nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin
iştirak etdikləri mərasimdə baş ofisin
açılışını bildirən rəmzi lent kəsildi.
Mərasim
iştirakçıları yeni ofis binası ilə
tanış oldular, fondun fəaliyyətini əks etdirən
fotostendlərə baxdılar.
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov yeni
ofisin açılışı münasibətilə Beynəlxalq
Avrasiya Mətbuat Fondunu təbrik edərək bildirdi ki,
ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdıqdan sonra ölkədə demokratik vətəndaş
cəmiyyəti quruculuğu, siyasi dialoq, azad mətbuat inkişaf
etməyə başladı. Ulu Öndər bu tipli
institutların formalaşmasına zəmin yaratdı,
onların inkişafını təmin etdi. Belə vətəndaş
cəmiyyəti institutlarından biri də bu gün yeni
ofisinin açılışında iştirak etdiyimiz Beynəlxalq
Avrasiya Mətbuat Fondudur.
Əli
Həsənov vurğuladı ki, Beynəlxalq Avrasiya Mətbuat
Fondu Azərbaycanda qeyri-hökumət təşkilatlarının
klassik nümunəsidir və 20 ildən artıqdır
çox səmərəli fəaliyyət göstərir. Mən
bu baxımdan Umud Mirzəyevin və onun peşəkar
komandasının fəaliyyətini yüksək dəyərləndirir,
Azərbaycan hakimiyyəti adından onlara təşəkkür
edirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat
Fondu kimi 3500 qeyri-hökumət təşkilatı fəaliyyət
göstərir. Onlar hər il ayrı-ayrı donorlardan qrantlar
alaraq Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğuna öz töhfələrini verirlər. Təməli
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
vətəndaş cəmiyyəti quruculuğu prosesini bu
gün Prezident İlham Əliyev uğurla və dönmədən
davam etdirir.
Prezident
Administrasiyasının rəsmisi diqqətə
çatdırdı ki, bəzi qərəzli beynəlxalq təşkilatlar
guya Azərbaycanda vətəndaş cəmiyyəti
institutlarının fəaliyyətinə əngəl törədildiyini,
onlar üçün heç bir şəraitin
yaradılmadığını iddia edirlər. Bu gün Beynəlxalq
Avrasiya Mətbuat Fondunun yeni ofisinin açılışı
belə düşünənlərə ən tutarlı
cavabdır. Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatlarını,
vətəndaş cəmiyyəti institutlarını dövlət
həyatının ayrılmaz tərkib hissəsi hesab edir.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib
ki, vətəndaş cəmiyyəti institutları, siyasi
partiyalar, azad mətbuat Azərbaycan cəmiyyətinin
ayrılmaz tərkib hissələridir və gələcək
inkişafımızı bu institutlarsız təsəvvür
etmirik. Məhz Azərbaycanın dövlət siyasətinin
yaratdığı münbit şəraitin nəticəsidir
ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin
İqtisadi–Sosial Şurasının əsas məşvərətçi
statuslu üzvlərindən biridir və bu qəbildən digər
təşkilatlarımız da vardır. Azərbaycanın
siyasi partiyaları, qeyri-hökumət təşkilatları,
jurnalist qurumları ölkəmizi beynəlxalq təşkilatlarda
ləyaqətlə təmsil edirlər.
Prezidentin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
bildirdi ki, bu gün Azərbaycan Avropa İttifaqı, Avropa
Şurası, Avropa Parlamenti ilə səmərəli tərəfdaşlıq
və əməkdaşlıq edir. Bu tərəfdaşlıq
və əməkdaşlıq sahələrindən biri də
qeyri-hökumət təşkilatlarına verilən dəstək,
onların fəaliyyətinə hərtərəfli stimul
yaradılmasıdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu həmin
təşkilatlarla Azərbaycanın əlaqələrinə
səmərəli dəstək verən qurumlardan biridir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev mərasimdə çıxış edərək bildirdi ki, fond Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövründə fəaliyyətə başlayıb. Əsas missiyası postsovet məkanında münaqişə bölgələrindən həqiqətləri dünyaya çatdırmaq olan Beynəlxalq Avrasiya Mətbuat Fondu xarici jurnalistlərin və ictimai xadimlərin özlərinə doğma bildikləri sülh və dostluq məkanı olub. Həmin illəri xatırlayanda bir anlıq BAMF-nin ilk yerləşdiyi məkan - mənim öz evim yadıma düşür. Müharibənin yaratdığı bütün ağrı-acılara baxmayaraq, biz missiyamızın nə qədər ali və sülhsevər olduğunu bildiyimizdən bu yoldan dönmədik, əsla usanmadıq və sülhün təbliği istiqamətində fəaliyyətimizi genişləndirdik. Artıq fəaliyyətə başladığımız tarixdən bizi 23 il ayırır. Bu illər ərzində BAMF beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları, nüfuzlu media təsisatları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri olduğunu vurğulayan Umud Mirzəyev qeyd etdi ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü olan BAMF, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB) Ali Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvüdür. Bu tədbirlə açılışını etdiyimiz BAMF-nin baş ofisi Beynəlxalq Mətbuat İnstitutunun Bakı regional Təşəbbüs Mərkəzinə, BMT-nin İqtisadi-Sosial Şurasının QHT bölməsinin postsovet ölkələri üzrə əlaqələndirici funksiyasına, Beynəlxalq Sülh Bürosunun 18 Qərbi Asiya ölkəsində təmsilçiliyinə ev sahibliyi edir.
Fondun sədri dedi ki, bu illər ərzində BAMF milli və beynəlxalq məsləhətləşmələr sayəsində prioritet sahələr üzrə işlərin yerinə yetirilməsində dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq qurumların birgə fəaliyyətinin model prinsiplərinin yaradılmasında mühüm rol oynayıb. Bu baxımdan 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri müəyyənləşdirilərkən xüsusən, müharibədən zərərçəkmiş regionlarda BAMF və tərəfdaşlarının ortaya qoyduğu əməkdaşlıq modeli sosial-iqtisadi, mədəni-humanitar proqramların yerinə yetirilməsi üçün uğurlu bir konsepsiyadır.
Sonra BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broek çıxış edərək dedi ki, medianın inkişafı sahəsində həyata keçirdiyi işlərə və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfəyə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətini yüksək qiymətləndirirəm. Antonius Broek fond ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvü BAMF-nin ofisinin açılışı BMT dəyərlərinin təbliği baxımından əlverişli fürsətdir. Azərbaycanda davamlı inkişafın təşviqi və daha çox sosial inteqrasiya, sülh quruculuğu yolunda tərəfdaşlıq bu binanın çətiri altında yeni ideyalarla zənginləşəcək və vətəndaş cəmiyyəti təmsilçiləri BMT və onun agentlikləri arasında əməkdaşlığa yeni üfüqlər açacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək BAMF-nin fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bu qurum çoxfunksiyalı təşkilatdır və bu gün bu ofisin açılması Azərbaycan dövlətinin QHT-lərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Lütful Kabir ofisin açılışı münasibətilə beynəlxalq təşkilatların təbrik məktublarını oxudu.
Mərasimdə Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi
Əli Həsənova, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broekə, Avropa
İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin
rəhbəri xanım Malena Marda, Yaponiyanın Azərbaycandakı səfiri
Tsuquo Takahaşiyə və
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə
əlaqələr üzrə rəhbəri Stiven
Qaysa BAMF-nin fəxri
diplomları təqdim edildi.
Azərbaycan.-2015.- 23 may.- S. 5.