Arzular şəhərində idman növrağı
Məşəl Ağdaşda
alovlandı
Ağdaşda bayram tədbirləri həmişə yüksək səviyyədə keçirilir. Dünən də belə idi. Onsuz da səliqə-sahmanı, sakinlərinin ölçülü-biçili davranışları, küçələr boyu uca çinarlarının yaraşığı ilə həmişə diqqəti çəkən Ağdaş şəhəri indi başdan-başa bayram libasındadır. Şəhər sakinləri küçələrə, parklara çıxıblar. Məşəlin keçəcəyi yerlər daha qələbəlikdir. I Avropa Oyunlarının “Atəşgah”dan od alan məşəli bu gün Ağdaşa gəlir. Ağdaşlılar da I Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyur, idmançılarımızdan fəxri yerlər, yüksək nəticələr gözləyirlər.
Rayonun idman həyatı da son illər çox zənginləşib. Ancaq keçmişdə əksər rayonlarda olduğu kimi, Ağdaşda da idman tədbirləri, müəyyən zona yarışları məktəblərdə
və digər müəssisələrdə keçirilib.
Hətta
2007-ci ildə 12 rayonun
təmsilçiləri arasında
Ağdaşda yüngül
atletika və güləş yarışları
məktəblərdə keçirildiyinə
görə böyük
çətinliklər yaranıb.
Sözsüz ki, hovuz olmadığına görə
üzgüçülükdən, yeniyetmə və gənclərin bu idman növü ilə məşğul olmasından söhbət gedə bilməzdi.
Ancaq bütün
çətinliklərə baxmayaraq, elə o dövrlərdə ağdaşlı
gənclərdən Pərviz
Xəlilov respublika üçüncüsü olub
və yığma komandaya cəlb edilib. Xəyyam Mustafayev
də boks
üzrə ölkəmizdə
üçüncü yeri
tutub. Ağdaş voleybolçuları isə respublika birinciliyində ikinci yeri qazanıblar. Əlbəttə, bütün gənclərin
arzusu idi ki, Ağdaşda da müasir idman kompleksi tikilsin. Ölkə idmanına dünya
çempionu Xəzər
İsayev kimi pəhləvan bəxş
edən Ağdaşın
arzuları gerçəkləşməyə
başladı. Regionların sosial-iqtisadi inkişafına
dair birinci Dövlət Proqramı
(2004-2008-ci illər) çərçivəsində
Olimpiya idman kompleksinin tikintisinə
2006-cı ilin payızından
başlanılsa da, qeyri-müəyyən səbəblərdən
işlərin gedişində
fasilə yarandı və yenidən 2008-ci ilin yayından inşaat işləri intensiv xarakter aldı. Nəhayət,
2010-cu il fevralın 12-də ölkə
Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri zamanı bir çox obyektlərin açılış və
təməlqoyma mərasimlərində,
o cümlədən Ağdaş
Olimpiya İdman Kompleksinin açılışında
iştirak etdi. Kompleksin tikilib istifadəyə verilməsinin
əhəmiyyətini xüsusi
vurğulayan dövlət
başçısı ictimaiyyət
nümayəndələri ilə
görüşündə demişdir: “Mən sizin hamınızı təbrik edirəm. Arzu edirəm ki, cavanlar, gənclər, idmançılar bu gözəl şəraitdən
səmərəli istifadə
etsinlər və Azərbaycanın idman şöhrətini yüksəklərə
qaldırsınlar”.
Bəli, bu gün ağdaşlı
gənclərin, eləcə
də rayon sakinlərinin
bir vaxtlar arzuladıqları möhtəşəm
idman kompleksinin qapıları onların üzünə açıqdır. Azərbaycan
idmanının şöhrətinin
yüksəklərə qaldırılmasında
ağdaşlı idmançıların
da öz yeri var. Bu gün uğurların daha da artırılması, gənc nəslin idmanla məşğul olması, daha güclü, daha fədakar yetişməsi üçün hər cür şərait yaradılıb. Bu böyük qayğıya
görə ağdaşlılar
dövlət başçısı
İlham Əliyevə
minnətdarlıq edirlər.
Böyük coşqu ilə I Avropa Oyunlarının məşəlini qarşılamağa
hazırlaşan Ağdaşda
tikinti-quruculuq işləri
də geniş vüsət alıb. Həyata
keçirilən tədbirlər
nəticəsində rayonun
sənaye potensialı
artırılır, əhəmiyyətli
layihələr gerçəkləşdirilir,
yeni iş yerləri yaradılır.
Heydər parkında yenidənqurma işləri görülüb. Ağdaş şəhəri
ərazisində və
magistral yolların kənarlarında 55 min müxtəlif
ağac əkilib.
Aralbir kəndində yeni məktəb binası istifadəyə verilib.
Tofiqi kəndində
220, Qarağan-Şıxlar və Qülbəndə kəndlərinin hər birində 180 və Ərəbşəki kəndində
80 yerlik məktəb binalarının
tikintisi, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması davam edir.
Rayonun “Dağdibi” adlanan ərazisində yerləşən
Türyançay qəsəbəsinin,
Yuxarı və Aşağı Ağcayazı,
Şəkili, Qoşaqovaq,
Cüvə, Korarx, Pirkəkə və Ərəbocağı kəndlərinin
mavi yanacaqla təmin olunması üçün yenidənqurma
işlərinə başlanılıb.
Ağdaş şəhərinin, Ləki qəsəbəsinin
küçələrində qaz xətləri yenisi ilə əvəz olunub. Hazırda sahibkarlar tərəfindən
10-dan çox sahibkarlıq
obyektinin tikintisi davam edir.
Ağdaş şəhərinin yeni inzibati ərazisində tikilmiş Heydər Əliyev Mərkəzi və Olimpiya idman kompleksi gənclərin asudə vaxtlarının səmərəli
keçirilməsində, onların
peşə, təhsil
və digər bacarıqlarının artırılmasında
mühüm rol oynayır.
Rayonda sənaye
sahələrinin inkişaf
etdirilməsinə də
diqqət yetirilir. Yerli xammaldan
istifadə edən 3 qum-çınqıl karxanası,
Kükəl kərpic
istehsalı müəssisəsi
fəaliyyətdədir. Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin və 80 başlıq atyetişdirmə
məntəqəsinin tikintisi
davam edir.
Bir sözlə,
rayonda işgüzarlıq
yüksək səviyyədədir. Ağdaşlıların arzusu, qurub-yaratmaq əzmi bitib-tükənmir.
Məşəl karvanının gəlmə
vaxtı yaxınlaşdıqca
onu qarşılamağa
çıxanların sayı
daha da artır. Axı, bu
tarixi hadisənin iştirakçısı olmaq
hər kəsin arzusudur. Maqsud Şeyxzadə adına Texniki,
Təbiət və Humanitar Təmayüllü
Liseyin direktoru, “Tərəqqi” medallı Şəhla Hacıbalayevanın
fikirlərini soruşduq. Dedi ki, bu gün
bizim qarşımızda
duran əsas məsələ gənclərdə
vətən sevgisinin,
vətənpərvərlik ruhunun daha da
yüksəlməsinə nail olmaqdır. Bu baxımdan
bu möhtəşəm
məşəl bayramının
əhəmiyyəti də
böyükdür. Gənclərimiz görürlər ki, onlar bütün Avropanın, bütün dünyanın diqqətinin
yönəldiyi I Avropa
Oyunları kimi çox mötəbər
idman tədbirinin keçirilməsinin yüksək
səs çoxluğu
ilə etimad göstərildiyi qüdrətli
bir ölkənin vətəndaşlarıdır. Bu, hamımızda qürur duyğuları oyadır. Aprelin
26-nı - I Avropa Oyunlarının
başlanğıcı kimi
tarixə düşən
günü indi
də həyəcan və fərəhlə xatırlayırıq. Bu duyğuları bizə bəxş etdiyinə görə möhtərəm
Prezident İlham Əliyevə, eləcə
də ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya bütün ağdaşlılar adından
dərin minnətdarlığımızı
bildirirəm.
...Alqış sədalarının
artmasından bilinir ki, I Avropa Oyunlarının
məşəli Ağdaşa
daxil olur. Rayon Mədəniyyət evinin qarşısında məşəli bədən
tərbiyəsi və
idman müəllimi Rüstəm Şamilov təhvil alır. Sonra Ağdaş Olimpiya İdman Kompleksində taekvando üzrə məşqçi
Eşqin İsmayılov,
Ağdaş Dövlət
Humanitar Kollecinin tələbələri, rayonun
fəal gənclərindən
olan Rəsul Bulqeysi, Səbinə Əlipaşayeva, Korarx kənd tam orta məktəbinin bədən
tərbiyəsi və
idman müəllimi
Elvin Məmmədov və
digər məşəlçilər
estafetə uyğun olaraq Oyunların məşəlini 2,9 km məsafə
boyunca Heydər Əliyev prospekti, Heydər Əliyev Xiyabanı, Avtovağzal dairəsindən keçərək
Heydər Əliyev meydanına gətirirlər.
Burada qurulmuş səhnədə kasa formalı məşəl
alqış sədaları
altında alovlandırılır
və rəmzi çırağı yeniyetmələr
arasında boks
üzrə ikiqat Azərbaycan çempionu,
on beş yaşlı
Rüfət Nəbiyev
təhvil alır. Sonra çıraq Oyunlar başa çatanadək saxlanılmaq üçün
Heydər Əliyev Mərkəzinə təhvil
verilir. Beləliklə, I Avropa Oyunlarının
məşəli Ağdaş
rayonunda da alovlanır.
Biz isə fürsətdən
istifadə edib mərasim iştirakçılarının
təəssüratını öyrənirik. Rayon gənclər
və idman idarəsinin rəisi Azad Gözəlov: - Hər bir ağdaşlı kimi, mən də çox sevinirəm ki, belə bir mötəbər
tədbirin iştirakçısı
oldum. Uzun illər yaddaşımızdan
silinməyəcək bir
hadisədir. İstər I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi,
istərsə də Oyunların məşəlinin
rayonlarımızı ziyarət
etməsi gənclərin
vətənpərvərlik ruhunun artmasında, idmana bağlılığında,
vətən, torpaq təəssübkeşliyinin yüksəlməsində
mühüm rol oynayacaq. İlk oyunlarda iştirak
edən idmançılarımıza
uğurlar arzulayırıq.
İnanırıq ki, qələbələri
ilə bütün ölkəmizi sevindirəcəklər.
Rayon ağsaqqalı, “Tərəqqi”
medallı Vaqif Hacıyev: - Belə günləri görmək ömrü
uzadır. Bu çal-çağıra,
bayram ovqatına, övladlarımızın sevincdən
parlayan gözlərinə
baxanda ürəyimiz dağa dönür.
Əhsən bu növrağı,
bu büsatı yaradanlara.
Əməkdar müəllim Hicran
Nəbiyevanın da ürəyi doludur: - Həmişə şagirdlərə
böyük vətəndən,
vətən sevgisindən,
böyük amallardan danışırıq. İndi onlar
özləri də görürlər ki, həqiqətən qüdrətli
bir vətənin övladlarıdır. Belə olmasaydı
bu cür möhtəşəm tədbir
bizə etibar edilərdimi?!
Təntənəli mərasim başa çatandan sonra I Avropa Oyunlarının məşəli Mingəçevir
şəhərinə yola
salındı.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2015.- 23 may.- S. 8.