NUR şəhərinə gəldi
Məşəl Mingəçevirdə
alovlandı
Ölkəmizin həyatında son dərəcə əlamətdar hadisəyə çevriləcək I Avropa Oyunlarına hazırlıq ən yüksək səviyyədədir. Həyəcanla gözlədiyimiz bu mötəbər idman yarışları paytaxt Bakı ilə yanaşı, nur şəhəri Mingəçevirdə də keçiriləcəkdir. Başqa sözlə, avropalı avarçəkənlər nəyə qadir olduqlarını Kürün göy sularında sınayacaqlar.
Artıq neçə vaxtdır bütün dünyanın diqqət mərkəzində olan I Avropa Oyunlarına xalqımızın milli-mənəvi dəyərlərinə uyğun səviyyədə, yüksək qonaqpərvərliklə ev sahibliyi etmək üçün Bakı ilə yanaşı, Mingəçevirdə də hazırlıq işlərinə xeyli əvvəldən start verilmişdir. Onu da qeyd edək ki, nur şəhəri kimi tanınan Mingəçevir bütün zamanlarda dövlətin diqqət mərkəzində olub. Son illərdə isə ölkənin ən böyük enerji təchizatçısı olan Mingəçevir əsl intibah dövrünü yaşayır. Prezident İlham Əliyevin qayğı və diqqəti, buraya vaxtaşırı etdiyi səfərləri də şəhərin yüksəlişində, əhalisinin həyat tərzinin yaxşıya doğru dəyişdirilməsində mühüm rol oynayıb. 2015-ci il fevral ayının 24-də Mingəçevirə növbəti səfəri zamanı dövlət başçısı burada aparılan genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri, uğurla həyata keçirilən möhtəşəm infrastruktur layihələri ilə tanış olmuş, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısı səfər çərçivəsində məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksində və I Avropa Oyunları zamanı idmançıların yerləşəcəyi şəhərcikdə olmuş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak etmiş, əsaslı yenidənqurmadan sonra istismara verilən şəhər mərkəzi xəstəxanasında görülmüş işlərlə tanış olmuş, Heydər Əliyev parkında həyata keçirilmiş yenidənqurma işləri və “Ağsaray” hotel kompleksində işlərin gedişi ilə maraqlanmışdır. Dövlət başçısının həmin vaxt verdiyi tapşırıq və tövsiyələri fəaliyyət proqramı kimi qəbul edən şəhər rəhbərliyi onların icrasını yüksək səviyyədə təmin etmək üçün bütün qüvvələri səfərbər etmişdir.
Ölkə rəhbərinin bu səfərindən sonrakı dövr ərzində şəhərdə 45 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, bütövlükdə 57 milyon manatlıq məhsul istehsal olunmuş, əsas kapitala 53 milyon manat yönəldilmişdir. Heydər Əliyev parkı əsaslı şəkildə yenidən qurulmuş, 24 binada üzləmə, rəngləmə, dam örtüklərinin təzələnməsi və sair işlər görülmüş, 31 min kvadratmetr sahəyə asfalt örtük salınmış, 10 min kvadratmetr əraziyə dekorativ tamet döşənmiş, 12 binanın damı metal kirəmit örtüklə əvəzlənmişdir. Şəhər sakinlərinin müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanında həyata keçirilən yenidənqurma işləri, məzarların qara mərmərlə üzlənməsi, bura oturacaqların qoyulması, işıqlandırma sisteminin quraşdırılması sakinlərdə razılıq və minnətdarlıq hissi yaratmışdır.
Ümumiyyətlə desək, sabaha inamla addımlayan nur şəhərində bu günlər xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi yaşanır. Qədim “Atəşgah” məbədindən yandırılan I Avropa Oyunlarının məşəli ölkə ərazisini dolanaraq Mingəçevirə gətirilir. Şəhər başdan-başa bayram libasındadır. Heydər Əliyev prospektində yerləşən “Kür” elektrik avadanlıqları zavodunun qarşısındakı meydanda böyük qələbəlikdir. Məşəlin burada qarşılanması nəzərdə tutulub. Mingəçevirin gənc fəalları, şəhərin idman şərəfini layiqincə qoruyan idmançılar məşəlin daşınmasına cəlb edilmişlər. Şəhərə Xaldan tərəfdən gələn yolda məşəli gətirən karvan görünür. Məşəl yaxınlaşdıqca izdihamın həyəcanı daha da artır. Qazandığı parlaq qələbələrlə öz həmyerlilərinə dəfələrlə fərəhli anlar yaşadan sambo üzrə dünya və Avropa çempionu Ayaz Umudəliyev məşəli qəbul edir. Yerbəyerdən alqış sədaları ucalır. Hamı bir-birini təbrik edir, gözaydınlığı verir. Məşəl estafeti ara verməyən alqış sədalarının müşayiəti ilə start götürür. İlin bütün fəsillərində baharı xatırladan Mingəçevir yazın bu oğlan çağında daha füsunkar görünür. Geniş prospekt və küçələr, park və xiyabanlar zövqlə bəzədilmişdir. Bunu elə ilk baxışda duymaq olur. Sevinənlərin, fərəh və qürur hissi keçirənlərin əhatəsində başqa cür düşünmək mümkün deyil.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbətimizdə xoş ovqatdan qaynaqlanan nikbin notlara kökləndik:
- Mingəçevir son dərəcə məsuliyyətli və şərəfli bir sınaq qarşısındadır. I Avropa Oyunları məşəlinin şəhərimizə gətirilməsi artıq bu sınağın başlandığından xəbər verir. Bakı ilə paralel Mingəçevirin də ev sahibliyi edəcəyi bu mötəbər idman yarışına ciddi hazırlaşmışıq. Kiçik hesab edilən detallara da diqqətlə yanaşılmışdır. Dövlətin qayğısı və güclü dəstəyi ilə şəhərdə saysız-hesabsız işlər görülüb, hər tərəfdə səliqə-sahman yaradılmışdır. Üç ay əvvəl Mingəçevirə səfər edən respublika Prezidenti cənab İlham Əliyev görülən işlərlə tanış olmaqla yanaşı, dəyərli tapşırıq və tövsiyələrini də verdi. Biz bütün qüvvələri səfərbər edərək dövlət başçısının tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışmışıq. Bu gün tam məsuliyyətimlə deyə bilərəm ki, şəhərimiz I Avropa Oyunlarının iştirakçılarını yüksək səviyyədə, xalqımızın milli adət-ənənələrinə uyğun qonaqpərvərliklə qəbul etməyə hazırdır. Onu da yaxşı bilirik ki, bu gün dünyanın nəzərləri Azərbaycana yönəlib. Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək hər bir dövlət üçün böyük şərəfdir. Avropanın inkişaf etmiş, müstəqillik tarixi əsrlərlə ölçülən dövlətləri arasında bu mötəbər tədbirə ev sahibliyi etimadını məhz bizə qazandıran birmənalı şəkildə ölkə rəhbəri cənab İlham Əliyevin uzaqgörən, məqsədli, düşünülmüş siyasətinin nəticəsidir. Hər bir ölkə vətəndaşı kimi mingəçevirlilər də bu missiyanın uğurla reallaşmasına öz töhfələrini vermək əzmindədirlər.
...Şəhərin yaraşıqlı prospekt və küçələri sevincə qərq olub. Məşəl estafeti Heydər Əliyev prospektindən 20 Yanvar küçəsinə keçir. Oradan Nəriman Nərimanov prospektinə burulub Səməd Vurğun küçəsinə adlayırlar. Məşəlin keçdiyi bütün ərazilərdə yolun hər iki tərəfində əllərində bayraqlarımızı, ətirli bahar güllərini tutan şəhər sakinləri sıx cərgələrlə düzülmüşlər. Estafet iştirakçıları məşəli bir-birinə ötürürlər. İbrahim İbrahimov, Telman Bəkirov, Polad Məmmədov, Aslan Saadov, Əlağa Səfərov, İlqar Hüseynov, Samir Məmmədov və Namiq Bəkirov bir-birini əvəz edir. Beləcə, şəhərin bayramsayağı bəzədilmiş küçələrini dolanan məşəl şəhərin mərkəzinə, Heydər Əliyev meydanına gətirilir. Estafet 3 kilometrlik yolu alqışlar altında qət edir. Məşəli başı üzərinə qaldıran Xəqani Mikayılov inamlı addımlarla meydanda qurulmuş səhnəyə qalxır. Həmyerliləri yaxşı tanıdıqları bu cəsur idmançını alqışlara qərq edirlər. İdman ustalığına namizəd Xəqani Mikayılov Kür Olimpiya tədris idman mərkəzində keçirilən avarçəkmə üzrə respublika yarışlarında iki dəfə çempion adını qazanmış, həmyerlilərinə sevincli anlar yaşatmışdır. Nəhayət, Xəqani ara verməyən alqış sədaları altında səhnədəki məşəli alovlandırır. Meydan dalğalanır, təbəssüm süzülən çöhrələrə gülüş qonur. I Avropa Oyunlarının sonunadək Mingəçevirdə şölələnəcək çıraq da yandırılır. Beləcə, bütün ölkəyə nur, işıq paylayan Mingəçevirin sinəsində Avropa Oyunlarının məşəli alovlanır. Bu müqəddəs məşəlin işığından gözlərə nur payı, könüllərə hərarət axır. Şəhərin salnaməsinə yeni və heç zaman unudulmayacaq parlaq bir səhifə yazılır.
Onu da qeyd edək ki, Mingəçevir sakinlərində idmana böyük maraq var və bu maraq gənc və yeniyetmələrin həyatında təsirsiz ötüşmür. Burada çox sayda elə idmançılar yetişib ki, onların qazandıqları uğurlar doğulub boya-başa çatdıqları şəhərin hüdudlarına sığmır. Mingəçevirin yetirməsi olan Vüqar Ələkbər Sidney Olimpiadasında boks üzrə bürünc medal qazanıb. Pərviz Bağırov gənclər arasında boks üzrə bürünc mükafatçı və Avropa çempionudur. Ruslan Rüstəmov sambo üzrə dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionudur. Sambo üzrə gənclər arasında MDB dövlətləri idmançıları arasında keçirilmiş turnirin gümüş mükafatçısı Əlağa Səfərovun, boks üzrə yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı Elşad Quliyevin, cüdoçu Elşən İsmayılovun doğma şəhərdə həmişə xoş sorağı eşidilir. Boks üzrə milli komandanın üzvü olan Mingəçevirin yetirmələri Pərviz Bağırovun və İbrahim İbrahimovun isə I Avropa Oyunlarında iştirakı gözlənilir.
Bir sözlə, gözəlliyi ilə gözoxşayan Mingəçevirdə idmanın inkişafı üçün güclü maddi-texniki baza var. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə tamamilə yenidən qurulan Kür Olimpiya tədris idman mərkəzi bütün parametrlər üzrə dünya standartlarına tam cavab verən, Şərqi Avropada ən modern avarçəkmə bazasıdır. İlk dəfə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək avarçəkənlər öz güclərini məhz bu məkanda sınayacaqlar.
Günəş yavaş-yavaş qüruba çəkilir. Xoş ovqatlı nur şəhərinə axşam düşür. Mirvari kimi şəhərin boynuna dolanan gecə işıqları Mingəçevirin gözəllik tablosuna yeni çalarlar verir. Ulu öndərin adını daşıyan meydan isə insan selinə darlıq edir. Bir azdan alov festivalı başlayır. Respublikanın tanınmış incəsənət ustaları, şəhər mədəniyyət evinin özfəaliyyət ansamblının üzvləri əlamətdar günə musiqinin sirli-sehirli dili ilə yeni naxışlar vurur, ifa etdikləri şirin nəğmələrlə könüllərin xoş ovqatına yeni ruh qatırlar. Beləcə, nur şəhəri sevinclə, fərəhlə, nəğməylə bol, unudulmaz bir gün yaşayır.
Lazım
QULİYEV,
Azərbaycan.-2015.- 23 may.- S. 9.