Tikinti işlərinin
dayandırılması qaydası
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 22 may tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1.
Ümumi müddəalar
1.1. Bu qayda Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
(bundan sonra - Məcəllə) 92.10-cu maddəsinə uyğun
olaraq hazırlanmışdır və Azərbaycan
Respublikasının ərazisində həyata keçirilən
tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri
(bundan sonra - tikinti işləri) zamanı pozuntuların
qarşısının vaxtında alınması, aradan
qaldırılması və Məcəllədə nəzərdə
tutulmuş hallarda tikinti işlərinin
dayandırılması ilə bağlı prosedurları və
mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan
sonra - Nazirlik) səlahiyyətlərini müəyyən edir.
1.2. Bu
qaydanın əsas məqsədi tikinti işləri zamanı
sifarişçi və podratçı tərəfindən
qanunvericiliyin, şəhərsalma və tikintiyə dair
normativ sənədlərin (bundan sonra - normativ sənədlər)
tələblərinə riayət olunmasını təmin etməkdən,
insanların həyatı, sağlamlığı və əmlakı
üçün potensial təhlükə yarada biləcək
pozuntuların qarşısının vaxtında
alınması və aradan qaldırılması
üçün müvafiq tədbirləri həyata keçirməkdən
ibarətdir.
1.3. Bu
qayda Azərbaycan Respublikasının ərazisində
mülkiyyət formasından və təyinatından
asılı olmayaraq bütün tikinti obyektlərinə
şamil olunur. Bu qayda Məcəllənin 79-cu
maddəsinə əsasən tikintisinə icazə tələb
olunmayan tikinti obyektlərinə şamil olunmur.
1.4. Bu
qaydaya uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Baş Dövlət
Tikinti Müfəttişliyi (bundan sonra - Müfəttişlik)
vasitəsilə həyata keçirir.
1.5. “Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun 10-cu maddəsinə uyğun olaraq, bu qaydaların
müddəaları Məcəllənin qüvvəyə minməsindən
əvvəl tikintisi başlanılmış və başa
çatdırılmamış tikinti obyektlərinə də
şamil edilir.
2. Tikinti
işləri dayandırılmadan aşkar olunmuş pozuntuların
aradan qaldırılması qaydası
2.1. Məcəllənin
92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata
keçirilməsi zamanı aşağıdakı pozuntu
halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir
olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini
dayandırmadan onların aradan qaldırılması barədə
sifarişçiyə (podratçıya) icrası məcburi
olan yazılı göstəriş (bundan sonra - Göstəriş)
təqdim edilir:
2.1.1. tikinti işlərinin
tikintiyə dair icazəyə, məlumatlandırma
icraatının tətbiq olunduğu hallarda isə tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsinə uyğun
aparılmadığı müəyyən edildikdə;
2.1.2. tikinti obyektinin
təhlükəsizliyinə və etibarlılığına
təhlükə yaradan qüsurlar müəyyən edildikdə
və həmin qüsurları digər tikinti işlərini
dayandırmadan aradan qaldırmaq mümkün olduqda;
2.1.3. şəhərsalma
və tikinti qanunvericiliyinin tələblərinə zidd olaraq,
uyğunluq sertifikatı olmayan tikinti materiallarından və məmulatlarından
istifadə edildikdə;
2.1.4. Məcəllənin 51-ci maddəsində
nəzərdə tutulmuş peşə sahələri üzrə
müvafiq ixtisası və ya sertifikatı olmayan şəxslər
tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə
işlərinə cəlb edildikdə.
2.2.
Tikinti işləri həyata keçirildiyi zaman bu qaydanın
2.1-ci bəndində göstərilən hər hansı bir
pozuntu halı aşkar edildikdə, bununla bağlı Müfəttişliyin
ərazi nümayəndəsi tikinti obyektinə dair iki nüsxədən
ibarət texniki baxış aktı tərtib edir. Texniki
baxış aktında aşağıdakılar göstərilir:
2.2.1. texniki
baxış aktını tərtib edən şəxsin
adı, soyadı, atasının adı, vəzifəsi;
2.2.2. tikinti obyektinin
ünvanı və təyinatı;
2.2.3. texniki
baxış aktı tərtib olunan tikinti obyektinin
sifarişçisinin, layihəçinin və
podratçının (olduqda) adı, soyadı,
atasının adı, hüquqi şəxs olduqda isə - onun
tam adı;
2.2.4. texniki baxış
aktının tərtib olunduğu tarix və vaxt;
2.2.5. icazə sənədi
(tələb olunduqda) barədə məlumat;
2.2.6. müvafiq
lisenziyalar barədə məlumat;
2.2.7. tikinti layihəsinə
dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb
olunduğu hallarda);
2.2.8. aparılmış
tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;
2.2.9. obyektin
mövcud vəziyyəti barədə məlumat;
2.2.10. tikinti obyektində aşkar olunmuş hər bir
pozuntunun ayrıca təsviri.
2.3. Bu
qaydanın 2.2-ci bəndinə uyğun olaraq tərtib
olunmuş texniki baxış aktı dövlət nəzarətini
həyata keçirən vəzifəli şəxs tərəfindən
imzalanır, bir nüsxəsi vəzifəli şəxs tərəfindən
sifarişçiyə (podratçıya) və ya onun məsul
şəxsinə təqdim edilir, sifarişçi
(podratçı) və ya onun məsul şəxsi isə digər
nüsxədə adı, soyadı və tarix göstərilməklə,
texniki baxış aktını qəbul etməsi barədə
imza edir. Tikinti obyektinin sifarişçisi
(podratçısı) və ya onun məsul şəxsi
texniki baxış aktının nüsxəsini qəbul etməkdən
imtina etdikdə, həmin aktı tərtib edən vəzifəli
şəxs aktda bu barədə müvafiq qeyd edir.
2.4. Bu
qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş
texniki baxış aktı tərtib edildiyi gündən 4
(dörd) iş günü müddətində Müfəttişlik
tərəfindən Göstəriş tərtib olunur.
2.5.
Göstərişdə tikinti işlərində aşkar
olunmuş hər bir pozuntunun ayrıca təsviri qeyd olunmaqla, həmin
pozuntuların sifarişçi (podratçı) tərəfindən
aradan qaldırılması üçün, müvafiq işlərin
həcmindən asılı olaraq, ağlabatan müddət
müəyyən edilir. Göstəriş
Agentliyin rəhbərliyi tərəfindən imzalanır və
möhürlə təsdiq edilir. Göstərişdə
işin mahiyyətinə dair hallarla yanaşı,
aşağıdakılar göstərilir:
2.5.1. Göstərişi imzalayan şəxsin
adı, soyadı, atasının adı, vəzifəsi;
2.5.2. Göstərişin tərtib
olunduğu tarix və vaxt;
2.5.3. tikinti obyektinin
ünvanı və təyinatı;
2.5.4. tikinti obyektinin
sifarişçisinin, layihəçinin və
podratçının (olduqda) adı, soyadı,
atasının adı, hüquqi şəxs olduqda isə - onun
tam adı;
2.5.5. icazə sənədi
(tələb olunduqda) barədə məlumat;
2.5.6. müvafiq
lisenziyalar barədə məlumat;
2.5.7. tikinti layihəsinə
dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb
olunduğu hallarda);
2.5.8. aparılmış
tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;
2.5.9. obyektin
mövcud vəziyyəti barədə məlumat;
2.5.10. bu qaydanın 2.2-ci bəndində nəzərdə
tutulmuş akt barədə məlumat;
2.5.11. tikinti obyektində aşkar olunmuş hər bir
pozuntunun ayrıca təsviri;
2.5.12. tikinti obyektində aşkar olunmuş hər bir
pozuntunun sifarişçi (podratçı) tərəfindən
aradan qaldırılması üçün müəyyən
edilmiş müddət;
2.5.13.
Göstərişdən şikayət verilməsi qaydası.
2.6.
Göstəriş verildiyi gündən 3 (üç) iş
günü müddətində vəzifəli şəxs tərəfindən
sifarişçiyə (podratçıya) və ya onun məsul
şəxsinə təqdim edilir, sifarişçi
(podratçı) və ya onun məsul şəxsi isə
Göstərişin surətində adı, soyadı və
tarix göstərilməklə onu qəbul etməsi barədə
imza edir. Tikinti obyektinin sifarişçisi
(podratçısı) və ya onun məsul şəxsi
Göstərişi qəbul etməkdən imtina etdikdə,
dövlət nəzarətini həyata keçirən vəzifəli
şəxs Göstərişin surətində bu barədə
müvafiq qeyd edir. Bu halda Göstəriş
sifarişli poçt göndərişi ilə onun
ünvanına göndərilir. Göstəriş
sifarişli poçt göndərişi ilə
sifarişçiyə (podratçıya)
çatdırıldığı gün həmin Göstəriş
rəsmi qaydada verilmiş hesab edilir.
2.7.
Sifarişçi (podratçı) ona bu qaydanın 2.6-cı bəndinə
uyğun olaraq təqdim edilmiş Göstərişdə qeyd
olunan pozuntuları müəyyən olunan müddətdə
aradan qaldırmalı və bu barədə Müfəttişliyə
yazılı məlumat verməlidir.
2.8.
Müfəttişlik, bu qaydanın 2.7-ci bəndində nəzərdə
tutulmuş məlumatın verildiyi gündən, belə məlumat
verilmədiyi hallarda isə, pozuntuların aradan
qaldırılması üçün Göstərişdə
müəyyən edilmiş müddətin başa
çatdığı gündən ən geci 3 iş
günü ərzində sifarişçinin və
podratçının iştirakı ilə həmin
pozuntuların aradan
qaldırılıb-qaldırılmadığını
yoxlayır.
2.9. Bu
qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş
qaydada aparılmış yoxlama nəticəsində
pozuntuların aradan qaldırılmadığı və ya tam
aradan qaldırılmadığı müəyyən edildikdə,
yoxlama aparıldığı gündən 2 (iki) iş
günü müddətində Müfəttişlik
sifarişçiyə (podratçıya) icrası
yoxlanılmış Göstərişin icra olunmayan hissəsi
ilə bağlı yenidən yazılı göstəriş
(bundan sonra - Təkrar Göstəriş), pozuntuların aradan
qaldırıldığı müəyyən edildikdə isə
həmin müddətdə sifarişçiyə
(podratçıya) bu barədə yazılı məlumat
verir. Bu qaydanın 2.8-ci bəndinə uyğun olaraq məlumatın
təqdim edildiyi gündən 5 (beş)
iş günü ərzində Müfəttişlik
sifarişçiyə (podratçıya) Təkrar Göstəriş
və ya Göstərişdə nəzərdə tutulmuş
pozuntuların aradan qaldırıldığı barədə
yazılı məlumat vermədikdə, həmin pozuntular
aradan qaldırılmış hesab olunur.
2.10. Təkrar
Göstərişdə bu qaydanın 2.5.1-2.5.9-cu və
2.5.13-cü yarımbəndlərində nəzərdə
tutulanlarla yanaşı, icrası yoxlanılmış Göstərişin
rekvizitləri, həmin Göstəriş üzrə aradan
qaldırılmamış hər bir pozuntunun ayrıca təsviri
verilməli, habelə hər bir pozuntunun sifarişçi
(podratçı) tərəfindən aradan
qaldırılması üçün, müvafiq işlərin
həcmindən asılı olaraq, ağlabatan müddət
müəyyən edilməlidir. Təkrar
Göstərişin tərtibi ilə bağlı əlavə
tələblərə, habelə onun sifarişçiyə
(podratçıya) və ya onun məsul şəxsinə təqdim
olunması, pozuntuların aradan
qaldırılıb-qaldırılmadığının
yoxlanılması proseduruna bu qaydanın 2.5-2.8-ci bəndlərinin
müddəaları tətbiq olunur.
2.11. Təkrar
Göstərişlə bağlı bu qaydanın
2.8-ci bəndində
nəzərdə tutulan qaydada aparılmış yoxlama nəticəsində
pozuntuların aradan qaldırılmadığı və ya tam
aradan qaldırılmadığı müəyyən edildikdə,
dövlət nəzarətini həyata keçirən vəzifəli
şəxs bu qaydanın
3.1.3-3.1.5-ci yarımbəndlərində göstərilən
müddətləri nəzərə almadan, bu qaydanın
3.1-ci bəndinə uyğun olaraq texniki baxış aktı tərtib
edərək sifarişçiyə (podratçıya) təqdim
edir, pozuntuların aradan qaldırıldığı müəyyən
edildikdə isə yoxlamanın aparıldığı
gündən 2 (iki) iş günü müddətində
Müfəttişlik sifarişçiyə
(podratçıya) bu barədə yazılı məlumat
verir. Təkrar Göstərişlə bağlı
yoxlamanın nəticələrinə görə texniki
baxış aktı təqdim edilmədikdə, yaxud yoxlama ilə
bağlı bu qaydanın 2.8-ci bəndinə uyğun olaraq məlumatın
təqdim edildiyi gündən 5 (beş)
iş günü ərzində Müfəttişlik
sifarişçiyə (podratçıya) Təkrar Göstərişdə
nəzərdə tutulmuş pozuntuların aradan
qaldırıldığı barədə yazılı məlumat
vermədikdə, həmin pozuntular aradan
qaldırılmış hesab olunur.
2.12. Bu qaydanın 2.4-cü və 2.9-cu
bəndlərində nəzərdə tutulmuş göstərişin
formasını Nazirlik müəyyən edir.
3. Tikinti
işlərinin dayandırılması və tikinti işləri
dayandırılmaqla, aşkar olunmuş pozuntuların aradan
qaldırılması qaydası
3.1.
Tikinti işləri həyata keçirilərkən
aşağıdakı pozuntular aşkar olunduqda, texniki
baxış aktı tərtib edilir və onun əsasında
Agentlik tikinti işlərinin dayandırılması barədə
qərar qəbul edir:
3.1.1. tikintiyə icazənin
tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə
alınmadan tikildikdə;
3.1.2. tikinti obyektinin
təhlükəsizliyinə və etibarlılığına
təhlükə yaradan qüsurlar müəyyən edildikdə
və həmin qüsurları digər tikinti işlərini
dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda;
3.1.3. bu qaydanın
2.1.1-ci yarımbəndində müəyyən edilən
pozuntularla bağlı təqdim edilmiş ilk yazılı
Göstərişdə nəzərdə tutulan pozuntular ən
geci 4 (dörd) ay müddətində aradan
qaldırılmadıqda;
3.1.4. bu qaydanın
2.1.2-ci yarımbəndində müəyyən edilən pozuntularla
bağlı təqdim edilmiş ilk yazılı Göstərişdə
nəzərdə tutulan pozuntular ən geci 1 (bir) il müddətində
aradan qaldırılmadıqda;
3.1.5. bu qaydanın
2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində
müəyyən edilən pozuntularla bağlı təqdim
edilmiş ilk yazılı Göstərişdə nəzərdə
tutulan pozuntular ən geci 1 (bir) ay müddətində aradan
qaldırılmadıqda.
3.2.
Tikinti işləri həyata keçirildiyi zaman bu qaydanın
3.1-ci bəndində göstərilən hər hansı bir
pozuntu aşkar edildikdə, bununla bağlı dövlət nəzarətini
həyata keçirən vəzifəli şəxs bu
qaydanın
2.2-ci və 2.3-cü yarımbəndlərinə
uyğun olaraq texniki baxış aktı tərtib edərək
sifarişçiyə (podratçıya) və ya onun məsul
şəxsinə təqdim edir. Bu qaydanın 3.1.3-3.1.5-ci yarımbəndlərində
göstərilən hər hansı bir pozuntu aşkar edildikdə,
texniki baxış aktında bu qaydanın 2.2.1-2.2.10-cu
yarımbəndlərində nəzərdə tutulanlarla
yanaşı, icrası yoxlanılmış Təkrar Göstərişin
rekvizitləri, həmin Təkrar Göstəriş üzrə
aradan qaldırılmamış hər bir pozuntunun ayrıca təsviri
göstərilməlidir.
3.3.
Müfəttişlik, bu qaydaların 3.1-ci bəndində nəzərdə
tutulmuş pozuntularla bağlı texniki baxış aktı əsasında,
onun tərtib edildiyi gündən 4 (dörd) iş günü
müddətində tərəfindən tikinti işlərinin
dayandırılması barədə qərar (bundan sonra - Qərar)
tərtib edir.
3.4. Qərar Agentliyin rəhbərliyi tərəfindən
imzalanır və möhürlə təsdiq edilir. Qərarda işin mahiyyətinə
dair hallarla yanaşı, aşağıdakılar göstərilir:
3.4.1. Qərarı qəbul edən şəxsin
adı, soyadı, atasının adı, vəzifəsi;
3.4.2. Qərarın qəbul olunduğu
tarix və vaxt;
3.4.3. tikinti obyektinin
ünvanı və təyinatı;
3.4.4. tikinti obyektinin
sifarişçisinin, layihəçinin və
podratçının (olduqda) adı, soyadı,
atasının adı, hüquqi şəxs olduqda isə - onun
tam adı;
3.4.5. icazə sənədi
(tələb olunduqda) barədə məlumat;
3.4.6. müvafiq
lisenziyalar barədə məlumat;
3.4.7. tikinti layihəsinə
dair ekspertiza rəyinin rekvizitləri (ekspertiza tələb
olunduğu hallarda);
3.4.8. aparılmış
tikinti-quraşdırma işlərinin həcmi barədə məlumat;
3.4.9. obyektin
mövcud vəziyyəti barədə məlumat;
3.4.10. bu qaydanın 3.1-ci bəndində nəzərdə
tutulmuş akt barədə məlumat;
3.4.11. tikinti obyektində aşkar olunmuş pozuntu ilə
bağlı verilmiş Göstərişin və Təkrar
Göstərişin rekvizitləri, habelə Təkrar Göstəriş
üzrə aradan qaldırılmamış hər bir pozuntunun
ayrıca təsviri (Qərar bu qaydanın 3.1.3-3.1.5-ci bəndləri
əsasında qəbul edildiyi halda);
3.4.12. tikinti obyektində aşkar olunmuş və Qərarın
qəbulunu şərtləndirən hər bir pozuntunun, bu
pozuntuların faktiki və hüquqi hallarının ayrıca
təsviri;
3.4.13. Qərarın
qəbulunu şərtləndirən hər bir pozuntunun aradan
qaldırılması ilə bağlı izahlı göstəriş,
həmin pozuntuların aradan qaldırılması
üçün müvafiq işlərin həcmindən
asılı olaraq müəyyən edilmiş ağlabatan
müddət;
3.4.14. Qərardan
şikayət verilməsi qaydası.
3.5. Qərar
qəbul edildiyi gündən 3 (üç) iş günü
müddətində vəzifəli şəxs tərəfindən
sifarişçiyə (podratçıya) və ya onun məsul
şəxsinə təqdim edilir, sifarişçi
(podratçı) və ya onun məsul şəxsi Qərarın
surətində adı, soyadı və tarix göstərilməklə,
onu qəbul etməsi barədə imza edir. Tikinti
obyektinin sifarişçisi (podratçısı) və ya
onun məsul şəxsi Qərarı qəbul etməkdən
imtina etdikdə, dövlət nəzarətini həyata
keçirən vəzifəli şəxs Qərarın surətində
bu barədə müvafiq qeyd edir. Bu halda Qərar
sifarişli poçt göndərişi ilə onun
ünvanına göndərilir. Göstəriş
sifarişli poçt göndərişi ilə
sifarişçiyə (podratçıya)
çatdırıldığı gün həmin Qərar rəsmi
qaydada verilmiş hesab edilir.
3.6. Qərar
əsasında tikinti işləri
dayandırıldığı müddətdə tikintinin
podratçısı (podratçısı
olmadığı hallarda sifarişçisi)
üçüncü şəxslərin həyatının və
əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini
təmin etmək məqsədi ilə tikinti
meydançasında mühafizə tədbirləri görməlidir.
3.7.
Tikinti işləri bu qaydanın 3.1.2-ci, 3.1.3-cü və
3.1.4-cü yarımbəndlərinə əsasən
dayandırıldığı hallarda sifarişçinin (podratçının)
yalnız Qərarda müəyyən edilən pozuntuların
aradan qaldırılması ilə bağlı işləri
yerinə yetirməsinə yol verilir.
3.8.
Sifarişçi (podratçı) Qərarda nəzərdə
tutulmuş göstərişləri yerinə yetirməli və
tikinti işlərinin dayandırılmasına əsas
olmuş pozuntuları aradan qaldırmalıdır. Həmin pozuntular aradan qaldırıldıqda,
sifarişçi (podratçı) bu barədə Agentliyə
yazılı məlumat təqdim etməlidir.
3.9. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs bu qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 3 (üç) iş günü müddətində sifarişçinin və podratçının iştirakı ilə pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlamalıdır.
3.10. Bu qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda, bu barədə, hər bir pozuntu ayrıca təsvir edilməklə, bu qaydanın 2.2-ci və 2.3-cü yarımbəndlərinə uyğun olaraq texniki baxış aktı tərtib edilir və sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim olunur. Belə halda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və Agentlik 2 (iki) iş günü müddətində sifarişçiyə (podratçıya) bu barədə yazılı məlumat verir. Yoxlama nəticəsində tikinti işlərinin dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda, Agentlik tikinti işlərinin davam etdirilməsinə 2 (iki) iş günü müddətində yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir.
3.11. Bu qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində Agentlik sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması barədə yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq vermədikdə, tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab olunur.
3.12. Bu qaydanın 3.10-cu bəndinə uyğun olaraq qüvvədə qalan Qərarda nəzərdə tutulmuş göstərişlərin yerinə yetirilməsinin yoxlanılmasına və tikinti işlərinin dayandırılması üçün əsas olmuş pozuntuların aradan qaldırılıb-qaldırılmadığının yoxlanılmasına, habelə yoxlamanın nəticələrinə bu qaydanın 3.8-3.10-cu bəndlərinin tələbləri tətbiq edilir.
4. Mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti işlərinin dayandırılması qaydası
4.1.Tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti işləri dərhal dayandırılır və bu barədə yerli icra hakimiyyəti orqanına məlumat verilir.
4.2.Yerli icra hakimiyyəti orqanı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində aparılan tikinti işləri ilə bağlı isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edir.
4.3. Tikinti işlərinin davam etdirilməsi barədə qərar Agentlik tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində aparılan tikinti işləri ilə bağlı isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırmaqla qəbul edilir.
5. Yekun müddəalar
Tikinti işlərinin dayandırılması barədə qərar icra olunmadıqda, həmin tikinti obyektlərinə dair Qanunla müəyyən edilmiş tədbirlər tətbiq edilir.
Azərbaycan.-2015.- 23 may.- S.11.