Tikinti obyektlərinin sökülməsi
qaydaları
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 22 may tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1.
Ümumi müddəalar
1.1. Bu
qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin (bundan sonra - Məcəllə)
95.7-ci maddəsinə uyğun olaraq
hazırlanmışdır və Məcəllədə nəzərdə
tutulmuş hallarda tikintisi başa çatmış və ya
çatmamış tikinti obyektinin və ya onun hissəsinin
sökülməsi mexanizmini tənzimləyir və bununla
bağlı Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) səlahiyyətlərini
müəyyən edir.
1.2. Bu
qaydaların məqsədi Məcəllənin 75-ci və 80-ci
maddələrinin tələbləri pozulmaqla aparılan
tikinti işlərinin qarşısını almaqdan, şəhərsalma
və tikinti qanunvericiliyinin, şəhərsalma və tikintiyə
dair normativ sənədlərin (bundan sonra - normativ sənədlər)
tələblərinə riayət olunmasını təmin etməkdən,
insanların həyatı, sağlamlığı və əmlakı
üçün potensial təhlükə yarada biləcək
pozuntuları aradan qaldırmaqdan ibarətdir.
1.3.
Nazirlik bu qaydalara uyğun olaraq öz səlahiyyətlərini
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Baş Dövlət
Tikinti Müfəttişliyi (bundan sonra - Müfəttişlik)
vasitəsilə həyata keçirir.
1.4. Bu
qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərində nəzərdə
tutulmuş və Məcəllənin 95.2-ci maddəsinə əsasən
yan divarlarının və dam örtüyünün tikintisi
başa çatdırılmamış tikilən obyektin
sökülməsi barədə qərarı Agentlik qəbul
edir.
1.5. Məcəllənin
95.5-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin
sökülməsi (bu qaydaların 5-ci hissəsində və
6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna
olmaqla) obyektin sifarişçisi tərəfindən icra
olunmadığı halda, bu işi Agentlik həyata
keçirir.
1.6. “Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun 10-cu maddəsinə uyğun olaraq, bu qaydaların
müddəaları Məcəllənin qüvvəyə minməsindən
əvvəl tikintisi başlanılmış və başa
çatdırılmamış tikinti obyektlərinə də
şamil edilir.
2. Tikinti
obyektlərinin sökülməsi üçün əsaslar
2.1. Məcəllənin 95.1-ci maddəsinə
əsasən, tikintisi başa çatmış və ya
çatmamış tikinti obyekti və ya onun hissəsi
aşağıdakı hallarda sökülür:
2.1.1. tikintisinə Məcəllə
qüvvəyə mindikdən sonra başlanılmış və
tikinti mərhələsində olan tikinti obyekti və ya onun
hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə
tərəfindən tikinti məqsədləri
üçün ayrılmamış dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;
2.1.2. tikintiyə icazənin
tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə
alınmadan tikildikdə və həmin tikinti işlərinin
dayandırılması barədə Məcəllənin
92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi
gündən 1 (bir) il ərzində tikintiyə icazə
alınmadıqda;
2.1.3. tikinti obyektinin
təhlükəsizliyinə və etibarlılığına
təhlükə yaradan qüsurlar müəyyən edildikdə
və həmin qüsurları digər tikinti işlərini
dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin
tikinti işlərinin dayandırılması barədə Məcəllənin
92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda
nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində
aradan qaldırılmadıqda;
2.1.4. tikinti işlərinin
tikintiyə icazəyə, məlumatlandırma
icraatının tətbiq olunduğu hallarda isə layihənin
memarlıq-planlaşdırma bölməsinə uyğun
aparılmadığı müəyyən edildikdə, həmin
tikinti işlərinin dayandırılması barədə Məcəllənin
92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda
nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində
aradan qaldırılmadıqda;
2.1.5. tikinti obyektinin təhlükəsizliyinə
və etibarlılığına təhlükə yaradan
qüsurlar müəyyən edildikdə və həmin
qüsurları digər tikinti işlərini dayandırmadan
aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən
olunmuş müddətdə aşkarlanmış
pozuntuların aradan qaldırılması təmin edilmədikdə
və həmin tikinti işlərinin dayandırılması
barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən
qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular
2 (iki) il müddətində aradan qaldırılmadıqda;
2.1.6. sifarişçinin
(tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.
3. Tikinti
məqsədləri üçün ayrılmamış
dövlət və ya bələdiyyə mülkiyyətində
olan torpaq sahəsində inşa edilən obyektin və ya onun
hissəsinin sökülməsi qaydası
3.1.
Tikinti obyektində bu qaydaların
2.1.1-ci yarımbəndində göstərilən hallar
mövcud olduqda, tikintiyə dövlət nəzarətini həyata
keçirən vəzifəli şəxs dərhal həmin
ana olan vəziyyəti əks etdirən və texniki
baxış aktının tərkib hissəsi olan müvafiq
fotoşəkillər çəkərək, iki nüsxədən
ibarət texniki baxış aktı tərtib edir və həmin
fotoşəkilləri texniki baxış aktına əlavə
edir. Texniki baxış aktının bir nüsxəsi onu
tərtib edən vəzifəli şəxs tərəfindən
imzalanmaqla sifarişçiyə (sahibə) və ya onun
nümayəndəsinə təqdim edilir, sifarişçi
(sahib) və ya onun nümayəndəsi isə onun ikinci
nüsxəsində adı, soyadı və tarix göstərilməklə
texniki baxış aktını qəbul etməsi barədə
imza edir.
3.2.
Tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi
aşkar olunmadıqda və onun aşkarlanması
mümkün olmadıqda, habelə sifarişçi (sahib) və
ya onun nümayəndəsi texniki baxış aktının
nüsxəsini qəbul etməkdən imtina etdikdə, həmin
aktı tərtib edən vəzifəli şəxs aktda bu barədə
müvafiq qeyd edir. Texniki baxış aktı tərtib
olunduqdan sonra tikinti işləri dərhal dayandırılaraq,
həmin sahə lentlə bağlanılır və
möhürlənir. Tikinti obyektinin sifarişçisinin
(sahibinin) və ya onun nümayəndəsinin aşkar
olunmaması və ya sifarişçinin (sahibin) və ya onun
nümayəndəsinin texniki baxış aktının
nüsxəsini qəbul etməkdən imtina etməsi obyektdə
aparılan tikinti işlərinin dərhal
dayandırılmamasına səbəb ola
bilməz.
3.3.
Texniki baxış aktında aşağıdakılar barədə
məlumat göstərilməlidir:
3.3.1. texniki
baxış aktını tərtib edən şəxsin
adı, soyadı, atasının adı, vəzifəsi;
3.3.2. texniki
baxış aktı tərtib olunan tikinti obyektinin
sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin
(aşkar olunduğu halda) adı, soyadı, atasının
adı, hüquqi şəxs olduqda isə - onun tam adı,
habelə tikinti obyektinin ünvanı;
3.3.3. texniki
baxış aktının tərtib olunduğu tarix və vaxt;
3.3.4. tikinti obyektinin
yan divarlarının və dam örtüyünün
inşasının başa
çatıb-çatmadığı;
3.3.5. aparılmış
tikinti-quraşdırma işlərinin həcmi;
3.3.6. obyektin
mövcud vəziyyəti;
3.3.7. sifarişçi (sahib) və ya
onun nümayəndəsi 5 (beş) gün müddətində
tikintisinə icazə tələb olunan obyektin icazəsi, məlumatlandırma
icraatının tətbiq edildiyi tikinti obyektlərinə
münasibətdə isə Məcəllənin 80-ci maddəsinə
uyğun olaraq tikinti obyektinin memarlıq planlaşdırma
bölməsinə iradların olmadığının təsdiqini
təqdim etməyəcəyi halda Məcəllənin 95.1.1-ci
maddəsinə əsasən tikinti obyektinin söküləcəyi
barədə qərar qəbul olunacağı.
3.4. Bu
qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş
fotoşəkillər tikinti obyektinin yan divarlarının və
dam örtüyünün inşasının başa
çatıb-çatmamasını müəyyənləşdirməyə,
aparılmış tikinti-quraşdırma işlərinin həcminin
və obyektin mövcud vəziyyətinin, habelə onun yerləşdiyi
yerin müəyyən edilməsinə imkan verməsi şərtilə
çəkilməlidir.
3.5. Bu
qaydaların 2.1.1-ci yarımbəndində göstərilən
halların mövcudluğuna görə barəsində texniki
baxış aktı tərtib olunmuş tikinti obyektinin
sifarişçisi (sahibi) və ya onun nümayəndəsi
aşkar olunmadıqda və onu aşkarlamaq mümkün
olmadıqda, Agentlik həmin texniki baxış aktı və
onun hüquqi nəticəsi olaraq tikinti obyektinin sökülməsi
haqqında qərar qəbul ediləcəyi barədə
kütləvi informasiya vasitələrində elan verir.
3.6. Elan
verildikdən sonra 10 (on) gün müddətində tikinti
obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi
tikinti obyekti barəsində tərtib olunmuş texniki
baxış aktında qeyd edilən və bu qaydaların
3.3.7-ci yarımbəndində nəzərdə tutulan sənədləri
təqdim etmədikdə, Agentlik, yerli icra hakimiyyəti
orqanının, şəhər (kənd, qəsəbə) və
ya sahə inzibati ərazi dairəsi üzrə yerli icra
hakimiyyəti başçısının nümayəndəliyinin,
aidiyyəti bələdiyyənin nümayəndələrinin
iştirakı ilə, bu qaydaların 3.3.7-ci yarımbəndində
nəzərdə tutulan sənədlərin təqdim
olunmadığı, habelə tikinti obyektinin yerləşdiyi
torpaq sahəsinin tikinti üçün
ayrılmadığı barədə müvafiq akt tərtib
edir.
3.7.
Texniki baxış aktının sifarişçiyə (sahibə)
və ya onun nümayəndəsinə təqdim edildiyi tarixdən
5 (beş) gün, sifarişçi (sahib) və ya onun nümayəndəsi
aşkar olunmadıqda və onun aşkarlanması
mümkün olmadıqda isə bu Qaydaların 3.6-cı bəndində
nəzərdə tutulmuş 10 gün müddəti bitənədək
bu qaydaların 3.3.7-ci yarımbəndində göstərilən
sənədlər təqdim edilməzsə, Agentlik yan
divarlarının və dam örtüyünün tikintisi
başa çatmamış tikinti obyektinin bu qaydalara uyğun
olaraq sökülməsi barədə qərar qəbul edir.
3.8. Bu
qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş
sökülmə barədə qərarda işin mahiyyətinə
dair hallarla yanaşı, aşağıdakılar göstərilir:
3.8.1. qərarı qəbul
edən şəxsin adı, soyadı, atasının adı;
3.8.2. qərarın tərtib
olunduğu tarix və vaxt;
3.8.3. tikinti obyektinin ünvanı;
3.8.4. tikinti obyektinin
sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin
adı, soyadı, atasının adı (məlum olduqda);
3.8.5. bu qaydaların
3.5-ci və 3.6-cı bəndlərində nəzərdə
tutulmuş elan və akt barədə məlumat;
3.8.6. tikinti obyektinin
yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü və
ondan istifadə barədə sənədin rekvizitləri;
3.8.7. tikinti obyektinin
yerləşdiyi torpaq sahəsinin tikinti üçün
ayrılmadığı barədə sənədlərin
rekvizitləri;
3.8.8. qərardan
şikayət verilməsi qaydası.
3.9.
Agentliyin qərarı qəbul edildiyi gündən 3
(üç) iş günü müddətində onun surəti
aidiyyəti üzrə sifarişçiyə (sahibə) və
ya onun nümayəndəsinə (məlum olduqda) təqdim
edilir, habelə yerli icra hakimiyyəti orqanına, şəhər
(kənd, qəsəbə) və ya sahə inzibati ərazi
dairəsi üzrə yerli icra hakimiyyəti
başçısının nümayəndəliyinə və
aidiyyəti bələdiyyəyə göndərilir. Sifarişçinin (sahibin) və ya onun nümayəndəsinin
aşkar olunmadığı və onun aşkarlanması
mümkün olmadığı hallarda isə həmçinin
kütləvi informasiya vasitələrində qərar barədə
elan verilir.
3.10. Sifarişçi (sahib) və ya
onun nümayəndəsi qərarın surətini qəbul
edib, qərarın digər surətində adı, soyadı və
tarix göstərilməklə onu qəbul etməsi barədə
imza edir. Sifarişçi (sahib) və ya onun
nümayəndəsi qərarın surətini qəbul etməkdən
imtina etdikdə, dövlət nəzarətini həyata
keçirən vəzifəli şəxs qərarın surətində
bu barədə müvafiq qeydlər aparır.
3.11. Sökülməsi barədə qərar
qəbul edilmiş tikinti obyektinin sifarişçisinin
(sahibinin) və ya onun nümayəndəsinin ünvanı məlum
olduqda, həmin qərar sifarişli poçt göndərişi
ilə onun ünvanına da göndərilir. Sifarişli
poçt göndərişi ilə qərarın surəti
sifarişçiyə çatdırıldığı
gün həmin qərar rəsmi qaydada verilmiş hesab edilir.
3.12. Sifarişçi (sahib) və ya
onun nümayəndəsi sökülməsi barədə qərar
qəbul edilmiş tikinti obyektinin sökülməsini bir ay
müddətində təmin etməlidir. Sifarişçi
(sahib) və ya onun nümayəndəsi sökülməsi barədə
qərar qəbul edilmiş tikinti obyektinin sökülməsini
bir ay müddətində təmin etmədikdə, habelə
tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi
aşkar olunmadıqda və onun aşkarlanması
mümkün olmadıqda, həmin tikinti obyekti Agentlik tərəfindən
sökülür.
3.13. Sökülməsi barədə qərar
qəbul edilmiş tikinti obyektinin sökülməsini həyata
keçirən şəxs onun mühəndis-kommunikasiya təminatı
sistemlərindən və xətlərindən ayrılması
barədə təchizat müəssisələrinə
müraciət etməlidir. Təchizat müəssisələri
mühəndis-kommunikasiya təminatı sistemləri və xətlərindən
ayrılmanı 3 (üç) iş günü müddətində
təmin etməlidirlər.
3.14. Sökülməsi nəzərdə
tutulan tikinti obyekti və ya onun hissəsi hər hansı bir
mühəndis-kommunikasiya təminatı sisteminin və ya xəttinin
üzərində, altında və ya mühafizə
zonasında inşa edilmişdirsə, sökülməni həyata
keçirən şəxs onun sökülməsi zamanı
müvafiq təhlükəsizlik tədbirlərinin həyata
keçirilməsini təmin etməlidir.
3.15. Mühafizə zonasında inşa
edilmiş tikinti obyektinin sökülməsi, bu qaydaların tələblərinə
uyğun olaraq, müvafiq mühəndis-kommunikasiya təminatı
sistem və xətlərini təmin edən təchizat müəssisələrinin,
habelə nəqliyyat və digər aidiyyəti qurumların
iştirakı ilə həyata keçirilir.
3.16. Söküntü işlərinin
həyata keçirilməsi və söküntü
materiallarının daşınması zamanı təhlükəsizlik
tədbirlərinə əməl olunmalıdır.
3.17. Söküntü işlərinin
aparılması faktı yerində Agentlik tərəfindən
aktlaşdırılır və aktın bir nüsxəsi
sökülən tikinti obyektinin sifarişçisinə (sahibinə)
və ya onun nümayəndəsinə verilir.
3.18. Söküntü işləri
Agentlik tərəfindən həyata keçirildikdə, bu
qaydaların 3.13-3.16-cı bəndlərində göstərilənlərdən
əlavə aşağıdakı tədbirlərin yerinə
yetirilməsi təmin olunmalıdır:
3.18.1. sifarişçinin (sahibin) iştirakı ilə tikinti obyektində ona məxsus olan daşınar əmlakın, o cümlədən maşın və mexanizmlərin, materialların və s. zədələnmədən həmin ərazidən çıxarılması;
3.18.2. təkrar istifadəyə yararlı tikinti materialları və məmulatlarının həcminin müəyyən edilməsi barədə Agentliyin məsul şəxsləri tərəfindən aktın tərtib edilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 469-cu maddəsinin tələbləri nəzərə alınmaqla bu materialların müvəqqəti saxlanmaq üçün xüsusi ayrılmış əraziyə aparılması;
3.18.3. söküntü işlərinin və bu qaydaların 3.14-cü bəndində nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün tələb olunan vəsaitin ödənilməsi;
3.18.4. söküntü işləri aparılan zaman söküntü işlərinin aparılmasına maneə törədilərsə, ictimai asayişin təmin edilməsi üçün ərazi polis orqanına tikinti obyektinin sökülməsi barədə qərarı göndərməklə müraciət edilməsi.
3.19. Bu qaydaların 3.18.3-cü yarımbəndinə əsasən ödənilən vəsait, habelə söküntü işlərinin aparılması ilə bağlı xərclənən vəsait sonradan sifarişçi (sahib) tərəfindən Agentliyin hesablaşma hesabına ödənilməlidir. Sifarişçi söküntü işlərinin aparılması üçün nəzərdə tutulan vəsaiti könüllü olaraq ödəmədikdə, Agentlik həmin vəsaitin məcburi qaydada tutulması məqsədi ilə məhkəməyə müraciət edir.
3.20. Agentlik bu qaydaların 3.12-ci bəndinə uyğun olaraq tikinti obyektinin sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin aşkar olunmadığı və onun aşkarlanmasının mümkün olmadığı əsasa görə söküntü işlərini həyata keçirdiyi zaman çıxan tikinti materialları və məmulatları təkrar istifadəyə yararlı olduqda, söküntü işlərinə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə sərf olunan xərclərin ödənilməsi məqsədi ilə həmin tikinti materiallarını və məmulatları açıq bazarda satır və əldə olunan vəsait Agentlik tərəfindən açılan xüsusi bank hesabına köçürülür. Söküntüdən çıxan tikinti materialları və məmulatları təkrar istifadəyə yararlı olmadıqda, bu barədə tərtib edilən aktda müvafiq qeydlər aparılır. Bu halda söküntü işlərinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir.
4. Tikintisinə icazə alınmadan inşa olunan obyektin və ya onun hissəsinin sökülməsi qaydası
4.1. Bu qaydaların 2.1.2-ci yarımbəndinə əsasən tikintisinə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan tikilmiş və barəsində tikinti işlərinin dayandırılmasına dair Məcəllənin 92-ci maddəsinə müvafiq qaydada qərar qəbul edildiyi gündən 1 (bir) il müddətində Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tikintisinə icazə alınmayan, yan divarlarının və dam örtüyünün tikintisi başa çatmamış obyektin sökülməsi barədə Agentlik müvafiq qərar qəbul edir.
4.2. Bu qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş sökülmə barədə qərarda işin mahiyyətinə dair hallarla yanaşı, aşağıdakılar göstərilir:
4.2.1. qərarı tərtib edən şəxsin adı, soyadı, atasının adı, vəzifəsi;
4.2.2. qərarın tərtib olunduğu tarix və vaxt barədə məlumat;
4.2.3. tikinti obyektinin ünvanı;
4.2.4. tikinti obyektinin sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin adı, soyadı, atasının adı (məlum olduqda);
4.2.5. tikinti obyektində tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın rekvizitləri;
4.2.6. sökülmə tikinti obyektinin hissəsinə aid olduqda - həmin hissə barədə məlumat;
4.2.7. tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü barədə sənədin rekvizitləri;
4.2.8. tikinti obyektinin tikintisinə icazə verilməməsi barədə aidiyyəti yerli icra hakimiyyəti orqanının məktubunun rekvizitləri;
4.2.9. qərardan şikayət verilməsi qaydası.
4.3. Bu qaydaların 4.1-ci bəndində göstərilən qərarın sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilməsi, müvafiq orqanlara göndərilməsi, kütləvi informasiya vasitələrində elan edilməsi, habelə bu qərarın icrası məqsədi ilə tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi və ya Agentlik tərəfindən sökülməsi məsələlərinə bu qaydaların 3.9-3.20-ci bəndləri şamil olunur.
5. Məhkəmə qaydasında sökülən tikinti obyektləri ilə bağlı Agentliyin vəzifələri
Bu qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir.
6. Yekun müddəalar
6.1. Maraqlı şəxslər tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə Agentliyin qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərlər.
6.2. Məcəllənin
74.2-ci maddəsinə əsasən tikintisinə icazə
verilmiş bina və qurğuların sökülməsi
müvafiq qaydada hazırlanmış və təsdiq
edilmiş tikinti layihəsi əsasında aparılır.
Azərbaycan.-2015.- 23 may.- S.11.