Açıq havada ən
böyük arena
Veloparkda 346 idmançı 7 medal dəsti uğrunda 7 gün mübarizə aparacaq
BMX adlanan start xəttindən istifadə edərək maneəli cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növünün əsası ötən əsrin 70-ci illərində qoyulub və indi bütün dünyada məşhurdur. 1981-ci ildə Beynəlxalq BMX Federasiyasının təsis olunması, bir il sonra dünya çempionatının keçirilməsi ilə bu idman növünün şöhrəti daha da artıb və hazırda Beynəlxalq Velosipedçilər İttifaqının tərkib hissəsinə çevrilib. 2003-cü ildən BMX Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilib və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bu növdə yarışlar keçirilib.
Azərbaycanda isə irimiqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərinin əvvəllərinə təsadüf edir. 1980-ci ildə ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində Bakıda dünya standartlarına uyğun və bir çox ümumittifaq yarışlarının keçirildiyi Respublika Velotreki tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində idmanın bir çox növləri ilə yanaşı, velosiped idmanı da inkişaf etdirilir. Bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının qarşısına ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsi və velosipedçi idmançıların olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlanması ilə bağlı vəzifələr qoyulub. Artıq Azərbaycanda velosiped idmanı ilə məşğul olan məktəblər, klublar fəaliyyət göstərir. Ölkəmizdə keçirilən velosiped yarışları isə bu prosesin uğurla inkişaf etdiyini və kifayət qədər maraq doğurduğunu bir daha təsdiqləyir.
Azərbaycanın 3 ildir fəaliyyət göstərən “Synergy Baku Cycling Project” velosiped komandası 2013-cü ildən Beynəlxalq Velosipedçilər İttifaqının təşkil etdiyi Avropa və Asiya turlarında iştirak edir. Komandanın 12 nəfərdən ibarət üzvü Xorvatiyada, Fransada və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda uğurlu çıxışlar edib. Onlar bu il mayın 6-10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Tour d`Azerbaidjan” veloyürüşündə də fərqləniblər. Paytaxt da daxil olmaqla, ölkəmizin 7 bölgəsini əhatə edən və uğurla başa çatan bu yarışda Aleksandr Surutkoviç “Dağ kralı” köynəyini qazanıb, Matey Müqerli üçüncü yeri tutub. Ölkəmizin ən məşhur velosipedçilərindən olan Maksim Averin isə uğurlu çıxışı ilə Rio Olimpiadasına daha 22 reytinq xalı qazanıb.
Artıq ölkəmizdə velosiped idmanının inkişafı, eləcə də beynəlxalq tədbirlərin keçirilməsi üçün də modern veloparklar yaradılıb. Prezident İlham Əliyevin və “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın iştirakı ilə bu ayın 13-də veloparkın açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan velosiped komandasının üzvləri ilə görüşən Prezident İlham Əliyev deyib: “Tour d`Azerbaidjan” artıq beynəlxalq idman yarışı kimi dünyada tanınır. Mən bazar günü “Eurosport” kanalı ilə bu yarışları izləmişəm, çox böyük zövq almışam. İlk növbədə ona görə ki, indi bu yarışlar çox maraqlıdır. Eyni zamanda Bakının gözəlliyini bir daha bütün dünyaya göstərir. Siz də çox böyük uğur qazanmısınız, komanda hesabında birinci yerə layiq görülmüsünüz. Əlbəttə, mötəbər yarışda qələbə qazanmaq çox böyük uğurdur. Əminəm ki, siz gələcəkdə də Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edəcəksiniz...”
Velopark üzrə baş menecer Umar İkram obyekt və I Avropa Oyunlarında burada keçiriləcək yarışlar, eləcə də BMX idman növü barədə bizə ətraflı məlumat verdi. Bildirdi ki, velopark tam müasir formatda inşa edilib. Ümumi sahəsi 30 hektardan çox olan ərazidə I Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. BMX Azərbaycan üçün yeni, eyni zamanda qeyri-adi bir idman növüdür.
“Bakı-2015”də BMX üzrə yarışlar iyunun 26-28-də keçiriləcək. Ümumilikdə 20 ölkədən 48 idmançı 3 yarış günü ərzində qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparacaq. Veloparkda 2 medal dəsti təltifetmə mərasimi keçiriləcək, burada yarışları 990 tamaşaçı izləyə biləcək.
I Avropa Oyunları ərzində Veloparkda 221 idmançının iştirakı ilə 3 gün “Şose velosipedi” yarışları da keçiriləcək. Bu yarışlar iyunun 18-də başlayacaq.
Qeyd edək ki, “Dağ velosipedi” yarışları da I Avropa Oyunlarının tərkibinə daxildir. Bu yarışlar üzrə müxtəlif ölkələrdən 77 idmançı mübarizə aparacaq. Yarış iyunun 13-də müvəqqəti Dağ Velosipedi Veloparkında reallaşacaq.
Velosiped yarışları üçün nəzərdə tutulan ərazidə gil topaqdan istifadə olunub. Bu torpaq təbəqə müxtəlif dərəcələrdə olan çala-çuxurlardan ibarətdir. Buradakı maksimal hündürlük 8, ümumi dairənin uzunluğu 350 metrdir. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub, sahəsi 6700 kvadratmetrdir. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Burada həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı elə ilk baxışdan diqqət çəkir. BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri var.
Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinqə nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar var. Ofis binasının damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb. Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr üçün avtodayanacaq, qeydiyyat və digər xidmət sahələri üçün də ayrıca yerlər nəzərdə tutulub.
Bir sözlə, hər birinin 2000 tamaşaçı tutumu olan daimi BMX Veloparkı və müvəqqəti Dağ Velosiped Veloparkı, BMX Avropa Oyunlarına böyük məsuliyyətlə hazırlaşır. Onu da qeyd edək ki, adıçəkilən idman növləri üzrə ümumilikdə 346 idmançı 7 medal dəsti uğrunda 7 gün açıq havada mübarizə aparacaq. Daha bir xarakterik cəhət: iştirakçılar “2016-Rio-de-Janeyro” Yay Olimpiya Oyunları üçün də 4 idman növü üzrə yüksək xallar uğrunda mübarizə aparacaqlar.
Onu da xatırladaq ki, hazırda veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən yararsız hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunub. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş verib. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilib. Federasiyada 40 hektar ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2015.- 24 may.- S. 1-2.